post-title

TOMAS MANNA MƏKTUB

Çox hörmətli Cənab Mann!

 
 
Alman mühacirlərinin - Hitler düşmənlərinin birləşməsinə nail olmaq üçün atılan addımların mənim üçün nə qədər dəyərli olduğunu bilirsiniz. Axı Hitlerin hakimiyyəti ələ keçirməyinə səbəb, məhz iki böyük işçi partiyasının arasındakı narazılıqlar oldu. Sizin birləşmə yolunda verə biləcəyiniz töhfələrin nə qədər vacib olduğunu bildiyim üçün, mən özümü Sizə bunları deməyə borclu bilirəm. 
 
Hitler rejimi, onun həndəvəri və Almaniyadakı demokratik qüvvələrin arasında ciddi bir fərq görmədiyinizi vurğulamağınızdan sonra söhbət elədiyim insanların necə bərk məyus olduqlarını gördüm. Keçmiş işçi partiyalarının nümayəndələri də, çox güman ki, dərin dini hisslərinə görə Paul Tillix də alman xalqına qarşı qurulan məhkəmə masası arxasında oturmağı nə özlərinin borcu bilirlər, nə də buna haqları çatdığını düşünürlər. Onlar öz yerlərinin müttəhimlər kürsüsü olduğunu hiss edirlər.
 
Hitler Almaniyasının cinayətləri aydındır. Biz - qovulmuşlar isə bu cinayətləri ifşa edən, sülhə çağıran ilk insanlar idik. Uzun müddət insanlar ya bizə inanmadı, ya da laqeyd qaldılar. Amma biz həm də bu vəhşilərin öz xalqlarına qarşı cinayələrindən, xalqın isə onlara qarşı müqavimətindən də xəbərdarıq. Müharibə aparmanın almansayağı dəhşətli yolları göstərdi ki, bu rejimin apardığı fiziki terror, ixtiyarında olan insanlara ağlasığmaz dərəcədə faciəvi mənəvi və əxlaqi zədələr vurub. 
Bununla belə, təkcə 1942-ci ilə qədər Almaniyada rejimə qarşı aparılan gözəgörünməz savaşda üç yüz mindən çox insan öz həyatından keçmişdi. İki yüz minə yaxın Hitler düşməni müharibənin əvvəlində toplama düşərgələrinə atılmışdı. Günü bu gün də Hitlerin düşmənləri seçmə adamlardan ibarət əlli diviziyanın - SS adlanan Hitler ordusunun təqiblərinə məruz qalır. Bu, Hitlerin üzərində çalınacaq qələbə üçün az şey deyil. 
 
Biz, qat-qat daha az şey edə bilmiş insanlar bu mübariz adamların qarşısında ağır bir məsuliyyət daşıyırıq. Mənə belə gəlir. Buna görə də, bütün dostlarımızın bir qorxusu var. Qorxuruq ki, siz çox hörməli cənab Mann, Amerikanın hamımızdan daha çox və ehtiramla dinlədiyi cənab Mann, Almaniyadakı demokratik qüvvələrin var olduğuna şübhələri artıra bilərsiniz. Axı indi təkcə Almaniyanın deyil, bütün Avropanın gələcəyi bu qüvvələrə ediləcək köməkdən asılıdır. 
Bü məktubu ona görə yazıram ki, bu vacib məsələdə tutduğunuz mövqe ilə bağlı yoldaşlarımızı arxayın edəcəyinizə inanıram. 
 
Sizin Bertold Brext 
 
1 dekabr, 1943
 
Tərcümə: Günel Mövlud
 
Kultura.az
 
Yuxarı