post-title

Cəfər Cabbarlının çadra ilə mübarizəsi

“Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz axı!...”. Cəfər Cabbarlı “Sevil”i yazandan sonra xanımı Sona Cabbarlıya belə deyir.

 
Sonuncu isə deyilənə əməl edir.
 
İndi isə bir qədər əvvələ gedək.
 
1844-cü il. Qacarların və xanədanlığın sütunu olan İslam ideologiyasının əleyhinə ölkədə yeni dini-siyasi hərəkat başlayır: Babilik. 
 
Belə ki, Seyyid Əli Məhəmməd adlı biri özünə Bab (“Qapı”) ləqəbini götürərək insanların intizarında olduqları Mehdi olduğunu elan edir, ona inanan ilk 18 müridindən biri Quddusla birlikdə Məkkəyə gedərək özünün missiyasını elan edir, daha sonra əsasən aşağı və orta təbəqəyə siyasi və dini mesajlar verərək özünə tərəfdar toplayır. Babın aşağı və orta kütlələrə səslənməsi hakimiyyətə qarşı olan narazı kütlələrin onun bayrağı altında birləşməsinə səbəb olur. Buna görə də Bab həbs olunur, lakin o, Maku zindanında “Bəyan” adlı kitab yazaraq onu ilahi kitab elan edir. Hərəkatın gücləndiyini görən şah hakimiyyəti 1850-ci ildə Seyid Əli Məhəmmədi öldürür. Baba ilk iman gətirən və  “hürufi-həyy” adlanan 18 müridi arasında Zərrintac Tahirə adlı qəzvinli bir qadın da vardı. 
 
Əsl adı Fatimə olan, lakin Tahirə (“pak”, “təmiz”) Qürrətüleyn (“göz bəbəyi”) kimi tanınan qadın 1818-ci ildə Qəzvində, dövrün tanınmış müctəhidi Hacı Molla Məhəmmədsaleh Bərəğaninin ailəsində doğulub, yüksək təhsil alıb. Bu iki amil onun gələcəkdə Qacarlar dövlətini sarsacaq geniş bir dini-siyasi hərəkatın öncüllərindən birinə çevriləcəyini şərtləndirir. Zərrintac həmin dönəmin tanınmış şairəsinə çevrilir, həm də ki hicabdan imtina edən ilk tanınmış qadın olur. Belə ki, babilərin məşhur Bədəşt toplantısında Zərrintac Tahirə insanların arasına hicabsız çıxır. 
 
Nəbil Zərəndi “Dan yerinin şəfəqləri” adlı bəhailiyin tarixinə həsr olunmuş əsərində bu hadisəni belə anladır: “Birdən Həzrət Tahirə hicabsız, bəzənib-düzənmiş halda məclisə daxil oldu. Məclis iştirakçıları bunu görüb dəhşətə gəldilər. Hamı yerində donub qalmışdı, çünki gözləmədikləri bir şeylə qarşılaşmışdılar. Onlar elə düşünürdülər ki, Həzrət Tahirəni hicabsız görmək mümkün olmayan bir işdir, nəinki onun əndamına, heç kölgəsinə də baxmağa icazə yoxdur”.
 
Cənubda bu hadisələr yaşanarkən Azərbaycanın quzeyində qadınlar çadrada yaşayır, Axundov şəriət əleyhinə yazmağa davam edirdi...
 
***
 
Bu yaxınlarda rus internet forumlarının birində Bakının 1890-cı ilə aid fotoları yayımlandı. Fotolarda İçərişəhərdə yaşayan qadınların üzlərindəki qorxu, geyimlərinin nimdaşlığı, şəraitsizlik ilk andaca gözə çarpırdı. Bu tipli fotolar çoxdur. 
 
Bir də ayrı cür fotolar var. Yenə də qadınlar baş örtüyünü taxıb, lakin parta arxasında əyləşərək yeni tip məktəblərdə təhsil alırlar. Məsələn, 1902-ci ilə aid İrəvan şəhərində yerləşən müsəlman qız məktəbinin müəllim və şagird kollektivinin təsviri olan foto. 
 
Və cəmi 10-15 il sonra isə arxivlərdə fərqli fotolar qarşımıza çıxır. 
 
Yəni, Azərbaycanda çadradan imtinanın ilkin işartılar Cümhuriyyətə qədərki dönəmdə müəyyən qədər vardı, lakin SSRİ-nin qurulmasından sonra dinin bütün atributlarının əleyhinə başlayan kampaniya fonunda çadradan da imtina halları başladı. 
 
Amma necə?
 
“Bakinskiy raboçiy” qəzetinin 2 noyabr 1928-ci il tarixli nömrəsində Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin qadınlara müraciəti dərc olunur. Müraciətdə deyilirdi:
 
“Azərbaycan qadını tamamilə azadlığın astanasındadır. Ölkənin hər bucağından gələn və çadra gəzdirməyi qadağan edən dekretin verilməsi xahiş olunan nəhəng dalğa əsrlərin qaranlığının, şəriət fanatizminin və məişət ukladında qalan vəhşilik qalıqlarının köləyə çevirdiyi azəri qadınının qara çuvala  qarşı mübarizədə yüksək fəallığından xəbər verir. AKP Mərkəzi Komitəsi bütün yerli təşkilatlarına çağırış edərək partiya və komsomol üzvlərinin hamısının həyat yoldaşlarının, qızlarının və bacılarının çadralarını atmasını tələb edir... Bu hərəkatdan geridə qalan kommunistlər və komsomolçular inqilabın fərarilərinə tay tutulacaq və kommunizm uğrunda mübariz adlandırılmağa layiq sayılmayacaqlar”.
 
Bu kimi tədbirlər nəticəsində artıq 1928-ci ildə 12573 nəfər, 1929-cu ildə isə 20387 nəfər qadın çadradan imtina edir.
 
Lakin qadınların kütləvi çadra atması münaqişəsiz ötüşmür.
 
1933-cü ilin yanvarında Bakıda Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova çadradan imtinasına görə atası və qardaşı tərəfindən qətlə yetirilir. 
 
SSRİ din əleyhinə kampaniyanı rəsmi dövlət səviyyəsində aparırdı. Məsələn, 1924-cü ilin yanvarında Azərbaycan K(b)P Siyasi Bürosu "Din əleyhinə komissiya" yaradır. 1925-ci ildən isə Azərbaycanda da “Allahsızlar İttifaqı”nın özəkləri yaradılmağa başlayır. 1931-ci ildən “Allahsız” adında jurnal çap olunmağa başlanır. .
 
Və “Sevil” tamaşası
 
Dövlət var gücü ilə din əleyhinə kampaniyaya başlasa da, bu kifayət qədər effekt vermirdi. Çünki sonralar 1937-ci il yanvar ayının 6-da SSRİ üzrə əhalinin siyahıya alınması zamanı ortaya maraqlı faktlar çıxmışdı. Stalinin göstərişi ilə sorğu bülletenlərinə salınmış dini mənsubiyyət haqqında suala cavab verən savadsız vətəndaşların 84 %-i (təxminən 25 milyon), savadlı vətəndaşların isə 45 %-i (30 milyondan yuxarı) Allaha inandıqlarını yazmışdılar. 
 
Yəni zorakı şəkildə “Allahsızlar ittifaqı”nın və ya rəsmi qərarların, mətbuatın basqısının sonucu istənilən kimi deyildi. 
 
Amma Cəfər Cabbarlının “Sevil” əsəri bir çox qanunlardan daha ciddi effekt yaratmışdı. 
 
Belə ki, qısa ömür sürən, amma zəngin yaradıcılıq ortaya qoyan Cəfər Cabbarlının “Sevil”i çadra əleyhinə aparılan kampaniyada ciddi rol oynadı. 
 
Əsərdən bir hissəyə diqqət edək:
 
S e v i l. Əlbəttə, Allah onun kölgəsini mənim başımdan əskik eləməsin. 
G ü l ü ş. Onun kölgəsi bu qara çadradır, o sənin başında durduqca, sən yazıq olacaqsan. 
S e v i l. Bəs nə edim? 
G ü l ü ş. Çıxart, cır tulla! 
S e v i l. Bəs Balaş nə deyər? Heç razı olarmı? O heç sənin də başıaçıq gəzməyinə razı deyil.
 
 
S e v i l. Mən əvvəldən dəli idim. Bir il bundan əvvəl Gülüş mənim çadramı  açıb, məni ortalığa çıxartdı, qoç döyüşünə qoç dayanar dedi. Mən onda anlamadım. Ondan sonra mənə çox dedi, mən yenə də anlamadım. Yazıq, yeddi illik ömrümü onun heçliyinə qapanaraq, bu qara dustaq içində sürünmüşəm. Artıq, al! (Çarşabı atır). Daha bu mənə gərək deyil, sənə gərəkdir, mən isə gedirəm.
 
Lakin çadranı təkcə Sevil atmadı. Sona Cabbarlı yazır: “Teatra çadralı gələn çoxlu qadın tamaşadan sonra evə çadrasız getdi”. 
 
İctimai qınaq
 
Cəfər Cabbarlı bu pyesi 1927-ci ildə yazılıb. Hansı ki, yuxarıda yazdığımız kimi din əleyhinə kampaniyanın yüksələn xətlə inkişaf etdiyi, din xadimlərinin hədəf göstərildiyi bir məqam idi. Həmçinin çadra əleyhinə kampaniya aparanların özlərinin ailələrində bu işi aparmaması sərt şəkildə tənqid olunurdu. 
 
“Kommunist” qəzetinin 1929-cu il 24 yanvar tarixli sayında “Mənhus çadranın son günləri” adlı yazıda qeyd olunur:
“Bakı qəzası, Qala-Maştağı dairəsi Zirə kəndində çadra kampaniyası aparılmır. Ona görə qadınlar da çadra altında qalmaqdadırlar. Səbəbi də o deyil ki, Zirə qadınları çadranı çox sevirlər. Yaxud səbəb o deyil ki, Zirə kəndlilərinin hamısı çadrabazdır. Hayır, əsl səbəb odur ki, çadra kampaniyası aparmalı olan yoldaşların özləri çadraçıdırlar. Çünki kampaniyanı kim aparmalıdır? Birinci növbədə firqə özəyi: Fəqət özək katiblərinin öz arvadı çadralıdır. Kampaniyanı bir də şura sədri aparmalıdır. Lakin o da hələ öz arvadının çadrasını atdırmamışdır. Çadra kampaniyasını qadınlar nümayəndəsi aparar - fəqət Şirin bacı Quliyeva özü hələ çadrasını atmamışdır. Ona görə də nə kampaniya aparılır nə də çadra atılır”.
 
Və belə bir şəraitdə, pyesin yazılmasından və tamaşa edilməsindən sonra nə qədər qadının çadrasını atmasından sonra Cəfər Cabbarlı öz evində çadralı qadın saxlaya bilməzdi. 
 
Və belə də edir. Üstəlik daha kəskin şəkildə.
 
Cəfər Sonanın adından qəzetə çadra əleyhinə məqalə verir. Sona bundan əsəbləşsə də, Cəfər ona durumu izah edir: “Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz axı!...”.
 
Və beləcə Sona xanım çadranı atır: “Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq çadranı atmalı olduq”.
 
Dilqəm Əhməd
1937.Az
Yuxarı