post-title

Klimancaro qarları

Heminqueyin bu kitabını İstiqlaliyyət küçəsində Sabir bagı ilə üzbəüz yeni açılan “Zero” kitab magazasından almışdım. Kitab magazası zirzəmidə yerləşir və reklamı da səkinin düz kənarına vurulub. Buna görə də magaza yerləşən tərəfdən səki ilə gedərkən bu kitab magazasını görməyə bilərsiniz. Bunu ona görə yazdim ki, mənim kimi bu kitab magazasını tapmaq üçün küçəni iki dəfə fırlanmayasınız.

 
Klimancaro Afrikanın ən yüksək nöqtəsidir. Əfsanəyə görə bu zirvədə soyuqdan donub qaxaca dönmüş bəbir cəsədi var. Nə idi bəbiri bu yüksəkliyə çəkib gətirən? Bunu heç kəs izah edə bilmir. 
 
“Klimancaro qarları” hekayəsində yaradıcılıqla məşğul olan Harrinin həyatının son günləri təsvir olunub. O, varlı arvadı ilə Afrikaya ov etməyə gəlib və burada yaralanıb. Ayağı qanqrena verərək bədəninə də sirayət edir. Gəldikləri dağlıq ərazidə maşınları xarab olub, yolda qalıblar.
 
Harri yazıçıdır. Lakin öz istedadını məhv edərək , yaza biləcəklərini daima sonraya saxlayıb. Son isə gözlənilmədən gəldi. Bəlkə də gözlənilən idi. Bəlkə də Harri yazmaq istədiyini heç zaman qələmə ala bilməyəcəyini dərk edərək indi qaxaca dönmüş bəbir kimi insan ayağı dəyməyən bu yerlərə ölməyə gəlib.
 
“İndi o əvvəllər günü günə satıb vaxtını uzatdığı, necə lazımdırsa məhz o cür yazmaqdan ötrü tam öyrənincəyə qədər həmişə gələcək üçün qoruyub saxladığı həmin şeylər barədə daha heç zaman yazmayacaqdı. Neynək, belədə ən azından məğlubiyyətə ugramaz. Həm də kim bilir, bəlkə də yazsaydı, heç nə alınmayacaqdı. Və bəlkə elə bu səbəbdən vaxtı uzadaraq yazmağa heç cür girişmir, öz niyyətini sonraya saxlayırdı. İndi əsl həqiqəti bilmək heç zaman mümkün olmayacaqdı”.
 
“Pis olan orası deyildi ki, o yalan danışırdi, yox, pis orasıydı ki, həqiqətin yerində boşluq qalmışdı. O öz ömrünü sürmüşdü. Bu ömür çoxdan başa çatmışdı. O, isə hələ də yaşamaqda, amma indi başqa adamlar arasında yaşamaqda idi... sən də özünü aldadırdın ki, guya əvvəllər məşğul olduğun iş heç vecinə də gəlmir... Özünə isə deyirdin ki, haçansa bu adamlar haqqında yazacaqsan; bu zəngin insanlardan mütləq yazacaqsan; deyirdin ki, sən onlardan deyilsən – sən bu düşərgədə bir cəsussan; deyirdin ki, bu düşərgədən çıxacaq və onun barəsində yazacaqsan, özü də bu nə haqda yazdığını bilən birisi tərəfindən həyatda ilk dəfə yazılmış bir yazı olasıdır. Di gəl ki, həmin işdən yapışmağa özünü heç cür məcbur edə bilmədi. Çünki, iyrənə-iyrənə yaşadığı, tam rahatlıq və eyş-işrət içində keçirdiyi günlərin hər biri onun yazmaq səriştəsini kütləşdirir, işləmək meylini zəiflədirdi. Axırda da yazmağın daşını birdəfəlik atdı.” 
 
Əqidəsini pula dəyişənləri, əziyyətli, lakin şərəfli həyatı rahat, firəvan, şərəfsiz yaşamaga dəyişənləri biz də gördük. Tanınmış yazarların, yazıçıların, alimlərin, mügənnilərin, xalq artistlərinin, bəstəkarların, aktyorların, bir sözlə müxtəlif peşə sahibi olan tanınmışların pul qarşısında davam gətirə bilmədiklərinin şahidi olduq. Bəziləri bunu açıq şəkildə bəyan edərək birdəfəlik səfini bəlli etdi, bəziləri isə hələ də oyun oynayır. Maddiyyata görə yolunu dəyişdirib qarşı cəbhəyə keçən bəzi istedadlı insanlarımızın da get-gedə kütləşdiklərinin, əvvəlki kimi yaza bilməməklərinin, “yoxa cıxmalarının” səbəbi budur. Heminquey bunu çox gözəl şəkildə izah edir. Istedadlı qələm sahibi içində bir rahatlıq, könül xoşluğu yoxdursa, yaşadığı mühitdən, ətrafında olan adamlardan iyrənə-iyrənə yaşayırsa yaza bilməz. Yazsa da onun yazdıqları əvvəlki kimi səmimi ola bilməz. O yazılanlar, küt bir bıçağın kəsilən heyvana verdiyi əzab kimi onu oxuyan insanlara da əzab verəcək. Axi bu insanlar həmin yaradıcı insanların saf, səmimi qəlblə yazdığı yazıların, şeirlərin, yaratdığı əsərlərin oxucusu olmuşlar. İnsana ruh verən, ləyaqət aşılayan, mübarizəyə səsləyən kəsərli əsərlərini oxumuşlar. 
 
İndi isə onlar “öz talantını özünə, öz əqidəsinə xəyanət etməklə məhv etmışlər; bütün hissiyyatı korşaldan sərxoşluqla, tənbəllik və avaraçılıqla, nazpərvərdəlik və snobizmlə, şöhrətpərəstlik və təkəbbürlə, hər cür həqiqət və hər cür yalanla onun axırına çıxmışlar”. Onlar da bu əsərin qəhrəmanı Harri kimi ömürlərinin sonunda, ölüm kabusu başlarının üstünü kəsdirəndə bunu dərk edəcək. Itirdikləri ömrə, vaxta təssüflənəcək, yaza bilmədikləri ən yaxşı əsərlərini yazmaq üçün cəhd edəcək, amma kütləşdiklərinin fərqinə vararaq ruh düşkünlüyünə düşəcək, həyatın zərbələrinə davam gətirə bilməyib bir vaxtlar əqidələrini cox ucuza satdıqlarınl dərk edəcək, bunun acı iztirabları altında əzab çəkəcək, gecələr goreşənlərin, kaftarların ulartısı altında ömürlərini yalan içində yaşadıqlarının fərqinə varacaqlar. 
 
Halbuki, onlar ömür boyu zirvəyə, ən yüksək nöqtəyə, Klimancaro zirvəsinə dogru can atırdılar.
 
Məhəmməd Nuray
Kultura.az
 
Yuxarı