post-title

Çarles Bukovskinin gündəliklərindən parçalar

Çarles Bukovskinin “Kapitan nahara getdi, matroslar gəmini ələ keçirdi” kitabından parçalar

 
 
“Heç kimlə yarışmıram. Ölümsüzlüyə dair düşüncələrim belə yoxdur. Bu kimi şeylər vecimə də deyil. Mühm olan həyatda ikən yoluna davam edə bilməkdir. Ölüm deyilən şey boş şeydir. Əsas bugündür. Bugün. Hə, bugün.”  
 
Bu sözlər Bukovskinin “Kapitan nahara getdi, matroslar gəmini ələ keçirdi”  kitabındandır.  Kitab, Bukovskinin 1991-1993-cü illərdə qələmə aldığı gündəlik qeydlərindən ibarət bir topludur. “Kapitan nahara getdi, matroslar gəmini ələ keçirdi”  kitabı Bukovskinin “mədəmdə ləzzətli bifşteks, əlimdə bahalı bir viski olsa, hər kəsdən yaxşı yazaram”  iddiasını sübut etdiyi bir kitabdır. Yazıçının həyatının son illərində gördüyü ən adi, gündəlik işləri belə özündə əks etdirən bu kitab, eyni zamanda onun  həyat fəlsəfəsini anlamaqda oxucu üçün əvəzsiz bir mənbədir. Qeyd edək ki, gündəliklər yazarın vəfatından sonra yığılıb nəşr edilmişdi. Ümumiyyətlə, kitab Bukovskinin vida öpüşü hesab olunur. 
 
Aşağıda sizə bu kitabdan yazarın üç gününü əks edirən qeydləri təqdim edirik: 
 
28 avqust, 1991 
Saat 23:28 
 
 
At yarışı üçün çox gözəl bir gün idi. Demək olar ki,  bütün mərcləri udurdum. Amma qalib gəlsəm belə, gün çox sıxıcı gəlirdi. Yarışlar arası bir neçə dəqiqəlik fasilə verildi, gözləmək olduqca çətin idi. 
 
Ətrafda gəzişən insanlar solğun və sıxıcı görünürdülər. Mən də orada, onların arasındaydım. Axı, başqa hara gedə bilərdim ki?!  Bəlkə İncəsənət Muzeyinə? Təsəvvür edin, bütün günü evdə oturub nələrsə yazmağa, yazıçı rolunu oynamağa çalışırsan. Çölə çıxanda kiçik bir şərf taxmaq qərarına gəldim. Əvvəllər tez-tez burada avaralanan bir şairi xatırladım. Onun həmişə köynəyinin düyməsi açıq, şalvarının üstündə qusmaq ləkəsi, saçları dağınıq, ayaqqabısının ipləri isə bağlanmamış olurdu. Amma boynunda hər zaman çox təmiz saxladığı bir şərf olurdu. Bu şərf onun şair olduğundan xəbər verirdi. Bəs yazdıqları necə idi? Nə isə, unudun... 
Evə gəlib, bir az hovuzda üzüb, sonra saunaya girdim. Ruhum böyük bir qorxu içərisində idi. Hər zaman olduğu kimi...
Divanda Linda ilə oturmuşdum. Yavaş-yavaş hava qaralırdı.  Birdən qapı döyüldü. Linda gedib qapını açdı.
 
- Hank, səni istəyirlər.
 
Əynimdə hamam xələti, ayaqyalın qapıya tərəf yaxınlaşdım. Qapıda sarışın bir cavan oğlan, dolu bədənli gənc qız və bir də ortaboylu başqa bir qız dayanmışdı. 
 
- Səndən avtoqraf istəyirlər.
- Heç kimi qəbul etmirəm,- onlara dedim. 
- Biz sadəcə sizdən avtoqraf istəyirik,- deyə sarışın oğlan dilləndi. Söz veririk bir də gəlməyəcəyik. 
 
Bu sözlərdən sonra oğlan başını qaşıyaraq irişdi. Qızlar isə heç nə demədən gözlərini zilləyib mənə baxırdılar.
 
- Amma  heç birinizdə qələm, hətta bir kağız parçası belə yoxdur,- dedim.
- Ay da, - deyə sarışın oğlan əlini başından çəkib dilləndi. Oldu, onda başqa zaman daha münasib bir vaxtda kitabınızla birgə gələrik. 
 
Hamam xələti, yalın ayaq. Bəlkə də, uşaq mənim çox qəribə biri olduğumu düşündü. Bəlkə, doğurdan da, eləydim. 
 
- Amma səhər tezdən gəlməyin,- dedim. 
 
Onların evdən uzaqlaşmalarına baxıb, qapını örtdüm... İndi yuxarı çıxıb onlar barədə bütün bunları yazıram. Ümumiyyətlə, insanlarla bir az kobud olmaq lazımdır, yoxsa ətrafınıza toplaşarlar.  Qapını insanların üzünə bağlamağımla bağlı heç də xoş olmayan xatirələrim var. Bəziləri düşünür ki, siz onları evə dəvət edib, hələ üstəlik gecə boyu onlarla içməlisiniz də. Mən tək içməyə üstünlük verirəm. Yazar öz yazılarından başqa heç nəyə sahib deyil. Oxucusuna isə çap edilmiş vərəqlərdən başqa heç nə borclu deyil. Və ən pisi odur ki, qapını döyənlərin əksəriyyəti heç oxucu da deyillər. Onlar sadəcə nələrsə eşidənlərdir. Ən yaxşı oxucu, ümumiyyətlə, ən gözəl insan mənə öz yoxluğunu bəxş edənlərdir. 
 
29 avqust, 1991 
Saat 22:55 
 
Bu gün at yarışında vaxt keçmək bilmirdi.  Lənətə gəlmiş həyatım elə bil qarmağın ucunda sallanıb qalıb. At yarışlarına hər gün gəlirəm. Əslində, işçilərdən savayı bura hər gün gələn başqa kimisə tanımıram. Yəqin bunun özü də bir xəstəlikdir. Saroyan bütün pullarını at yarışlarında uduzdu. Fante pokerdə. Dostoyevski isə qumarda.  Və əgər sən son qəpiyinə qədər oynamırsansa, demək ki, burada əsas məsələ pul deyil. Qubarmaz bir dostum bir dəfə demişdi, “Udub-uduzmağımın mənim üçün heç bir fərqi yoxdur. Mən sadəcə qumar oynamaq istəyirəm.” Dostumdan fərqli olaraq həyatımın əksər hissəsini yoxsulluq içində yaşadığımdan mən pulun qədrini daha çox bilirəm. Parkdakı skamyalara, evi sahibinin pul üçün qapı döyməsinə çox yaxşı bələdəm. Əslində, pul ancaq iki halda problem yarada bilər: həddindən çox, ya da həddindən az olduğunda.  
 
Zənnimcə, hər zaman özümüzə əzab vermək üçün nə isə tapırıq. At yarışlarında başqa insanlarının hisslərini,  o ümidsiz qaranlığı, təslim olub imtina etməyin asanlığını duymaq olar. Bəhsçilərin dünyası özü əslində həyatın ölümlə məğlubiyyət arasında fırlandığı kiçik bir dünyadır. Sonunda isə heç kim qalib gəlmir. Biz sadəcə bu gözqamaşdırıcı işıqdan bir anlıq belə olsa qurtulmaq üçün möhlət axtarırıq. (Lənət şeytana, burada məqsədsizliklə bağlı düşüncələrə dalmışam, əlimdəki siqaret  barmağımı yandırdı. Bu isə  məni qəfil oyadıb, Sartrsayağı fikirlərdən ayırdı!) Bizə mütləq gülüş, yumor lazımdır. Mən bir vaxtlar çox gülürdüm, ümumiyyətlə bir vaxtlar çox şeylər edirdim, yazmaqdan başqa. İndi isə yazıram, sadəcə yazıram, yazıram, dayanmadan yazıram. Yaşlandıqca daha çox yazıram, ölümlə rəqs edər kimi, çox gözəl bir tamaşadır. Həm də yaxşı yazdığımı düşünürəm. Bir gün insanlar, “Bukovski öldü”, deyəcək  və  bu xəbəri paslı işıq dirəklərindən asacaqlar. Və mən o an həqiqətən kəşf edilmiş olacam. Hə, nə olsun? Ümumiyyətlə, ölümsüzlük həyatdakı ən axmaq ixtiradır. At yarışlarının funksiyasını anlayırsınızmı? Yarışlar, yazıdakı sətirlərin bir-birinin ardınca gəlməsinə kömək edirlər. Həmin an sanki sonuncu tale quşunuz cəh-cəh vurur.  Ağzımdan çıxan hər söz mükəmməldir çünki mən yazarkən qumar oynayıram. Əksər yazarlar çox diqqətli yazırlar. Oxuyurlar, öyrədirlər, sonunda isə müvəfəqiyyətsiz olurlar. Hamının qəbul edib yeritdiyi adətlər onların içlərindəki atəşi söndürür. 
 
İndi  burada ikinci mərtəbədə dostum Makintoşla birgə özümü daha yaxşı hiss edirəm. Bəli, dostumla...
 
Radioda isə Maler ifa edir, asanlıqla insanın içinə yayılan, böyük risklərə belə gedən bir musiqi. Əslində bəzən insana risklər etmək lazımdır. Təşəkkürlər, Maler. Səndən heç vaxt ödəyə bilməyəcəyim bir borc alıram. 
 
Həddindən çox siqaret çəkir, həddindən çox içirəm. Amma elə də çox yaza bilmirəm. Yazmaq üçün beynimə dayanmadan fikirlər gəlir, doya bilmirəm və sonra hər şey Malerin ifasına qarışır. Bəzən ümidsizcəsinə özümü saxlayıram. Bir anlıq düşünürəm: get evə bir az yat, ya da evdəki doqquz pişiyinə bax, və ya həyat yoldaşınla divanda otur. Sənsə bütün günü ya cıdırda, ya da Makintoş kompyuterinin başındasan. Əyləci basaraq dayanıb lənətə gəlmiş avtomobili kənara verib saxlayıram. Bəzi insanlar yazılarımın onlara həyatlarına davam etməkdə çox  kömək olduğunu deyirlər. Yazılar, atlar, doqquz pişik. 
 
Burada kiçik bir eyvan var. Qapı açıqdır və mən Harbor Frivey şosesində şütüyən maşınların işıqların görürəm. Sonu gəlməyən bir işıq axını.  Bütün bu insanlar. Onlar nə edirlər axı? Nə barədə düşünürlər? Biz hamımız bir gün öləcəyik, hamımız! Elə təkcə bu həqiqətin özü bizim bir-birimizi sevməyimizə səbəb olmalıdır. Amma olmur. Əhəmiyyətsiz şeylər bizi məhv edir, yeyib-bitirir. 
 
Hə, davam elə, Maler! Sən bu gecəyə rəng qatdın. Dayanma, it oğlu! Dayanma! 
 
 
11 sentyabr, 1991
Saat 01:20 
 
Ayaq dırnaqlarımı tutmalıyam. Neçə həftədir ki, ayaqlarım ağrıyır. Bilirəm ki, bu ağrının səbəbi dırnaqlardır. Amma yenə də onları tutmaq üçün vaxt tapa bilmirəm.  Hər dəqiqənin qədrini bilib, onun üçün savaşsam da, heç nəyə vaxt tapa bilmirəm. Təbii ki, at yarışlarından uzaq dursam, kifayət qədər boş vaxtım olar. Bütün həyatımı özümə ayırabiləcəyim bircə saat üçün savaşaraq keçirmişəm. Hə zaman özümlə baş-başa qalmağıma əngəl olan nə isə bir şey olub. 
 
Bu gecə ayaq dırnaqlarımı tutmaq üçün böyük səy göstərməliyəm. Bilirəm, xərçəngdən ölənlər, küçədə yatanlar var. Mənsə burda durub ayaq dırnaqlarımı tutmaqdan danışıram. Hər halda, reallığa ildə 162 beyzbol oyununa baxanlardan daha çox yaxınam. Cəhənnəm kimi bir həyat yaşamışam, hələ də yaşayıram. Heç vaxt özümü üstün biri kimi hiss etməmişəm. Mənə görə, 71 yaşında hələ də həyatda olub ayaq dırnaqlarımı tutmaqdan şikayət etmək özü elə böyük bir möcüzədir. 
 
Son zamanlar filosofların əsərlərini çox mütailə edirəm. Onlar, həqiqətən də, çox qəribə, çılğın, qumarbaz adamlar olublar. Deskartes çıxıb hər kəsin boş-boş danışdığını, mütləq həqiqətin tək modelinin riyaziyyat olduğunu söyləmişdir. Sonra Devid Yum gəlib elmi əsaslı biliyin nə qədər həqiqətə yaxın olub-olmadığını araşdırmışdır. Və sonra Kyerkeqor gəlib: “Barmağını varoluşa toxundururam. Heç bir qoxu hiss etmirəm. Mən hardayam axı?” deyə sual vermişdi. Və bu anda Sartr çıxıb varoluşun cəfəngiyyat olduğunu iddia etmişdir. Sevirəm də, bu filosofları. Onlar sözün əsl mənasında dünyanı lərzəyə gətirməyi bacarıblar.Görəsən, bu düşüncələr heç onların başını ağrıtmayıb? Bu adamları hər gün küçədə qarşılaşdığımız, kafedə birlikdə yemək yediyimiz, televizorda gördüyümüz adamlarla müqayisə edəndə o qədər böyük fərq görürəm ki ki, elə bil içimdə nə isə burulur, bağırsaqlarım düyünlənir. Güman ki, bu axşam da dırnaqlarımı tutmayacam. Xeyr, mən dəli deyiləm, amma ağlımın başında olduğunu da deyə bilmərəm. Yox, bəlkə də, dəliyəm. Nə isə, günorta ikidə Del Mar cıdırında son mövsümün ilk yarışı olacaq.  Bu mövsümün bütün yarışlarında iştirak etmişəm. Nə isə, gedim yatım. Ülgüc kimi dırnaqlarım gözəl mələfəni cıracaqdır. Gecəniz xeyrə. 
 
İngilis dilindən tərcümə etdi: Nuranə Bəşirzadə
 
Kultura.az
Yuxarı