post-title

Yusif Vəzir Çəmənzəminli - “Üç gecə” (hekayə)

Kultura.az Azərbaycanın görkəmli ədibi Yusif Vəzir Çəmənzəminlinin "Üç gecə" adlı hekayəsini oxucularına təqdim edir...

 
 
Mir Qasım papağını qarmağa keçirib başladı:
 
- Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söyləyim. Səndən bir il sonra mən Moskva darülfünuna girdim. (Sənin onda Tomskdan xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb Rusiyada qaldım. O biri yay bir qədər pulla evə getdim. Əlbəttə, mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: “Bala, dost var, düşmən var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən...”
 
Anamın dediklərini duydum.Güldüm. Bir tərəfdən arvada yazığım gəldi, o biri tərəfdən özümün də gördüm meylim var. Düzünü deyim, o dəqiqələr başıma əsla “ideya” girmirdi; yeyib yatmış kələ kimi cismaniyyətim özünü şiddətli bir halda biruzə verirdi. Dedim: “Ana, mənə kimin qızını almaq istəyirsən?”
 
Anam şad bir halda boynumu qucaqladı: “Anan kor olsun, - dedi, - bizim Matanı sənə ad eləmişəm. Qardaşım balası, özümün ciyər-guşəm...”
 
Anamın yaşlı gözlərinə baxdım, həm gülməyim tutdu, həm heyfsiləndim. Baxdım gördüm, onun aləmində bu dəqiqələrdən səadətli dəqiqələr olmaz. Müsəlman arvadını tanıyırsan: cəmi fikir və zikri oğul evləndirib, qız ərə verməkdir. Doğrusu, yox demək istəmədim: anamın xətrinə toxunmağı naguvara gördüm. Razılıq verdim. Bir də, Matan da pis qız deyil idi. Doğrudur, oxumamışdı, amma on beş yaşında totuq bir qız idi. Cavan, bakirə, gözəl bir qızcığaza malik olmaq meyli fövrən cəmi bədənimi ağzına aldı. Əqidəm, məsləkim bir dəqiqədə qüvvətdən düşüb, fövt oldu...
 
Mir Qasım bir papiros yandırıb, yanğı ilə çəkdi və nəşəsini bir qədər yatırıb, sözündə davam elədi: “Olan-qalan yüz əlli manatı toya xərc elədim...”
 
Gəlin gələn axşamı mənə tapşırdılar ki, qaçım gizlənim. İstəmədim. Məni məzəmmət elədilər. Atam və qohumlarım məndən dilgir oldular. 
 
“Ruslaşıbdır” dedilər. Əlacım kəsildi, el adətinə tabe oldum: sağdış və soldış məni taxtapuşa çıxardılar. Oturdum, qoyun kimi gözlərimi döyməyə başladım. Bir vaxt məşəlin işığı göründü, salavat səsi eşidildi (təfsilatı özün bilirsən). Gəlin gəldi. Yarım saat çəkdi. Doğrusu bu yarım saat yarım ilcə çəkdi. Ekə güman eləmə ki, Matanın yanına getməyə can atırdım. Xeyr, toyda fırlanmaqdan it kimi yorulmuşdum. Yatıb dincəlmək fikrində idim.
Camaat yavaş-yavaş dağıldı. Məni aşağı endirdilər. Otağa girdim. Ortalıqda palazın üstə yatacaq döşənmişdi və döşək sorusunun lap ortasına iri bir ağ parçası tikilmişdi. İki çıraq qoyulub, Matan da üzü örtülü küncə qısılıb. Dayandım. Duruxdum. Əxlaqım təhqir olunmuşdu. Acığım tutdu. Çırağın birini keçirdim. İstədim soruya tikilmiş ağ parçasını söküb atam, anam özünü içəri salıb məni qucaqladı: “Qasım, - dedi, - sənə gözlərim qurban! El qaydasından çəkilmə, qurbanın olum, adət var... Hərənin özünə görə adəti var”.
 
Bir az hirsim yatdı, amma uzun sürmədi, yenə hirsləndim, dedim: “Hər gah yengələr qapıdan uzaqlaşmasalar , çıraq da keçməsə, bu otaqda yatmayacağam. Belə həyasızlığı mən götürməyəcəyəm”.
 
Anam yenə başladı məni göz yaşları ilə qandırmağa, yenə el adət və qaydalarını ortalığa çəkdi: “Bala, - dedi, - elin ağzını bağlamaq olmaz; min söz danışar. Allah bilir Matan necə təmiz qızdır. Bəs ona söz desələr necə olar?..”
Anam başladı zar-zar ağlamağa. Məni tamam hövsələdən çıxartdı.
 
İki aləm – köhnə və təzə - bir-birilə qabaq-qarşı gəlib, bir-birini əsla anlamaq istəmirdilər. Anam el adətlərini tamamilə yerinə yetirmək istəyirdi, mən isə bu adətlərə nifrət nəzərilə baxırdım.
 
Hiddətləndim: “Ana, - dedim, - Matan nə cür olsa, qəbulumdur. Qoy el nə deyir, desin!”
 
Anam sakit olmadı. İlan kimi yalmandı: “Qurbanın olum, - dedi, - məni başına çöyür, el arasında biabır eləmə. Mən də bir kişinin qızı, bir kişinin əyalıyam. Qoy dədə-baba qaydamız ilə gedək!..”
 
Anamı özümdən geri itələdim. Paltarımı hirslə soyunub girdim yatacağıma və başımı çəkdim yorğanın altına. Yuxu gözlərimdən yağırdı...
 
Bir də gördüm anam başımın üstə göz yaşı tökür. Yengələr də qızın yanına toplanıblar. Matan da, deyəsən ağlayırdı.
“Allah əkbər” dedim. Qalxdım, oturdum. Tutduğum işə peşman olmağa başladım. Anama baxdım, rəngini qaçmış gördüm. Matana baxdım, hönkürtüsünü eşitdim. Ürəyim nazildi. Bunların aləmini düşünməyə başladım. Xalqı öldür, adətini əlindən alma... – Ana, - dedim, - Matanı mənə almısan, qəbul. Qoy soyunsun, yatsın. 
 
Arvad gülümsündü. Xoşuna gəldi. Yengələr də, deyəsən, məndən razı qaldılar: Matanı sakit edib otaqdan çıxdılar. Matanı çağırdım. Soyunmağını təklif elədim, çırağı söndürdüm... Qaranlıqda Matan zar-zar ağlayırdı...
Sağ çiynimdən tutub, bir adam məni tərpətdi. “Qoy yatım” deyə gözümü dik açıb,  yenə yumdum, çöndüm o biri üzümə. 
 
“Qasım! Qasım! Sənə qurban olum!”
 
Yenə gözlərimi naçdım. Əvvəl bir şey dərk edə bilmədim. Sonra çırağın işığı gözümə düşdükdə ayıldım...
Rəngi qaçmış anam başımın üstünü kəsdirmişdi. Yalvarırdı, yaxarırdı.
“Nə deyirsən, - dedim, - niyə qoymursan yatam?”
 
Anam ağladı: “Qurbanın olumŞ el töhməti pis olar.Matan da özgəsi deyil; öz balamız, öz uşağımız. Yazıqdır...”
Yenə acığım tutdu: “Balan olanda nə eyb edər, - dedim, - balanı öldürmürəm. Yatıb, qoy yatsın!”
Anam başladı məni işarə ilə qandırmağa. Yenə el gəldi ortalığa: “Bala, - dedi, - axır yengələr də intizardırlar; bu günün işini sabaha qoyma!”
 
Diqqət ilə anamın üzünə baxdım: mənim üçün əxlaqsəz görünən bir nöqtə anam üçün nə müqəddəs imiş. Bu halda nəzərim böyrümdə uzanmış Matana düşdü. Dərin bir yuxuda idi. Allıq və kirşan ilə bəzənmiş üzü tərdən xırda muncuqlar atmışdı. Zərif dodaqları aralı idi. Yorğun düşmüşdü. Ağ, körpə məməsinin kənarı nəfəs aldıqca həzin-həzin enib-qalxırdı...
 
İkinci gün özümü köhnə şövqdən düşmüş gördüm; Matandan bilmərrə soyumuşdum. O uşaq, mən böyük; o savadsız və avam, mən oxumuş; həyatımız əlbəttə bir-birilə övc eləməzdi. Bizi yavıqlaşdıran bir nəfsi-heyvaniyyə idi – o da itiliyini itirmişdi. Bir dişilikdən ibarət arvad mənəvi aləmimə qida verə bilmirdi. Dişiliyin özünə də dürüst qulluq edə bilmirdi; Matanda naz və işvə əsla yox idi. On beş yaşlı qızcığazdan bu sifətləri gözləmək də olmazdı...
Başını nə ağrıdım, axşam çıxıb şəhər bağına getdim; Matan qaldı evdə, bağda tanış rus qızlarına rast gəldim. Deyib danışdıq; gülüşdük. Bir parça ləzzət apardım. Gecənin bir yarısı evə qayıtdım. 
 
Qardaş, biz rus məclislərinə öyrəşmiş adamlarıq. Orada gözəl geyimli, nazlı yerişli, xoş hərəkətli qızlar görmüşük. Onlardan sonra məgər avam qızlar ilə yoldaşlıq etmək olar? Oxumuş qızların hər sözündə bir işarə var, hər işarədə min dad və ləzzət var. Onlardan sonra lal, dünyadan bixəbər qızlar məgər xoş gələrlər?! Odur ki, evlənməkdən bilmərrə məyus oldum. Matandan bilmərrə soyudum. Onun cavanlığı, gözəlliyi gözümdən düşdü. Səni inandırıram ki, üç gündən sonra belə dilxor oldum ki, evdən baş götürüb getməli oldum. Səhvimi düşündüm, düşündüm də, tutduğum işdən incidim. Evimiz mənim üçün zindanxanaya döndü...
 
Mir Qasım kiridi. Dərin bir ah çəkdi:
 
- Bir gün şeylərimi topladım, - dedi. – Anamı çağırdım yanıma, əhvalatdan xəbərdar elədim... Arvad ağladı, boynumu qucaqladı. Cavabında “gedirəm” deyə israr etdim... Baş götürüb getdim.
 
* * *
 
Mir Qasım sakit oldu. Sanki sözlərindən mütəəssir, rəngi qaçmışdı, dodaqları titrəyirdi.
 
1913
 
Yuxarı