post-title

Özünəqapalı insanların gücü

Son zamanlar oxuduğum ən gözəl kitablardan biri olan Susan Keynin “Sakitlik – İntrovertlərin gücü” (Susan Cain – “Quiet – The power of introverts in a world that can’t stop talking”) əsəri Roza Parkla bağlı məşhur hekayətlə başlayır.

 
 
40 yaşlarındakı Roza evə qayıtmaq üçün avtobusa minir. Çox yorğundu, işdə bütün günü ayaq üstə durmaqdan ayaqları şişib, bədənində ağrılar var. Dalğın-dalğın avtobusa minən adamlara baxır. Bu zaman sürücü ağ dərili sərnişinə yer verməsi üçün ona əmr edir. 50-ci illərin ABŞ-ında ictimai nəqliyyatda qaradərililər ağlara mütləq yer verməliydilər, Roza da buna məcbur idi, rəsmi qanun bunu tələb edirdi. Roza Park isə ağzından çıxardığı bircə kəlməylə həm ABŞ, həm də bütün dünya tarixini dəyişdirdi. Aydın səmada ildırım effekti verən o söz belə idi: “Yox!”
 
Təbii ki, Roza Park həbs olundu. Bu isə ABŞ-da qaradərililərin öz hüquqlarını əldə etmək üçün çarpışdığı hərəkatın daha da genişlənməsinə rəvac verdi. Roza Parkın “yox” deməsindən ilhamlanan on minlərlə qaradərili meydanlara axışdı. Martin Lüter Kingin tribunalardakı nitqləri alov saçırdı... 
 
Və sonda ABŞ-da qaradərililər istəklərinə nail oldular. Ən azından, indi ABŞ prezidenti Barak Obama və ölkənin Birinci Xanımı qaradərilidir...   
 
Susan Keynin introvertlərin gücündən (özünəqapalı, içədönük, özüylə tək qalmağı sevən introvertlər Az vikipediada  - cəmiyyətdən qaçan, adamlar arasında uzun müddət qaldıqda bundan yorğunluq keçirən, tək, müstəqil fəaliyyət göstərməyi xoşlayan insanlar - kimi xarakterizə edilib) bəhs edən kitabını Roza Parkın həyat hekayəsiylə başlaması təsadüfi deyil. Bu hekayətdən xəbəri olan insanların əksəriyyəti hər zaman Roza Parkı yüksək temperamentli, dilli-dilavər, cəngavər bir qadın kimi təsəvvür ediblər. Əslində isə, o çox utancaq, ürkək bir introvert idi. Bəs necə oldu ki, belə ürəkliyi ilə o, böyük dəyişikliklərə nail oldu? Kitabda da söhbət də elə bundan gedir: İntrovertlərin gücündən...
 
Psixoloqlar “Bu dünya ekstravertlərin dünyasıdır” cümləsini təkrarlamağı sevirlər. Çünki bu dünya həqiqətən də onların dünyasıdır (Ekstravertlər başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir – Az vikipedia). Məktəblərdə, universitetlərdə, ofislərdə, dövlət idarələrində, təlimlərdə ambisiyalı, istiqanlı, ünsiyyətcil, tez fikirləşib tez qərar verən (çox zaman səhv olsa da), təkliflərlə çıxış edən insanlar qiymətləndirilir. Onlar üçün irəli getmək asandır. İntrovert olmaq isə az qala ayıb bir şey kimi qəbul edilir. 
 
Xüsusən Azərbaycan kimi ölkədə introvertsənsə, sən batdın! Sənə ailədə deyəcəklər ki, axı sən niyə qonşunun oğlu Namiq kimi qohumcanlı deyilsən, niyə bu qədər özünə qapanmısan, niyə gedib bir işin qulpundan yapışmırsan?! Sinifdə müəllimə digər uşaqları öyəndə, sənə üzünü turşudub, təəssüf hissiylə baxacaq, universitetdə gənclər sənlə dostluq etmək istəməyəcək, qızlar sənlə maraqlanmayacaq. İşə girəndə də başqa problemlər yaranacaq, daima qorxu içində olacaqsan. Çünki bilirsən ki, çox vaxt “mal kimi” dinməz oturan adamı nəinki müdirlər, heç kim sevmir. Problemlər yığılacaq, yığılacaq, yığılacaq və sən bir gün özünü əmin edəcəksən ki, səndə nəsə problem var, sən dünyaya gələndə nəsə xəta baş verib. Qonşunun oğlu Namiqə həsəd aparacaqsan, o hamının sevimlisidir, yaxşı işi, gözəl xanımı var, hələ altdan-altdan min hoqqadan çıxır. 
 
Özünü dəyişdirmək, başqaları kimi olmaq istəyəcəksən, amma alınmayacaq, çünki sən busan, xəmirin belə yoğrulub. Özünlə mübarizə aparmaqdan bezəcəksən, yorulacaqsan. Sonda intihar da edə bilərsən, çıxılmaz depressiyaya da düşə bilərsən, özünü “luzer” olduğuna inandırıb həyatını zəhərə də döndərə bilərsən. Hər şey mümkündü. 
 
Halbuki introvert olmaq bəlkə də böyük bir üstünlükdür. Çünki introvert “düşünən” insandı (“thinker”). Digərləri kafelərdə, zallarda, konfranslarda, cəmiyyət içərisində dili ağıza qoymadan üdüləyəndə, özünəqapalı insanlar hardasa gözlərdən uzaq bir yerdə düşünür, götür-qoy edir, nəyisə kəşf edir, yazır, yaradıcılıqla məşğuldur. Onlar həssas təbiətləri sayəsində ətrafda baş verənləri daha yaxşı duyur, izah edir, analizdən keçirirlər, halbuki ekstravertlər çox zaman belə şeylərin üstündən ötüb keçirlər. Saysız-hesabsız elmi kəşflərin, incəsənət, ədəbi aləmdəki və digər sahələrdəki şedevrlərin əhəmiyyətli bir hissəsinə introvertlər imza atıb: cazibə qanunu, nisbilik nəzəriyyəsi, Şopenin noktürnləri, Prustun “İtirilmiş zamanın axtarışında”, Corc Oruelin “Heyvanıstan”, “1984” kimi ədəbi şedevrləri, “Şindlerin siyahısı” “Google” bunlardan yalnız bir neçəsidir. Dünyanın ən varlı ikinci adamı, 50 milyard dollardan çox sərvəti olan Bill Qeyts introvertdir. 
 
İntroversiya qüsur yox, normal insan xarakteridir. İntroversiyanı çox zaman utancaqlıq, özünəinamsızlıqla səhv salırlar, introversiya mizantropiya, zahidlik, inziva həyatı da deyil. İntrovert sadəcə daha çox təkliyə üstünlük verən, hansısa stimul olmayanda susqun qalan insandır, stimul varsa, o kifayət qədər ünsiyyətcil, istiqanlı ola bilər. İntrovert utancaq olmaya, özünəinamlı da ola bilər. Həmçinin utancaq, özünəinamsız ekstravertlər də saysız-hesabsızdır, xüsusən bizim kimi ölkələrdə. 
 
Başa düşürəm, ilin günün bu vaxtında hansısa introversiyadan, ekstraversiyadan yazmaq biraz qəribə görünür. Ancaq ölkədə baş alıb gedən kriminalizm, intiharlar, gərginlik həm də ən adi psixoloji detalları bilməməzlikdən qaynaqlanır. Evdən çölə çıxanda ətrafdakı insanlara diqqət edin, əksəriyyətinin psixoloji problemləri var. Ətraf aləm hissləri, duyğuları basdırılmış, travmalı, kompleksli, sarsıntı keçirmiş insanlar cəngəlliyidir. Bu insanlar ömürlərinin sonuna kimi özlərinin kim olduğunu başa düşmürlər. Onlar potensial təhlükə mənbəyidirlər. Onlar dünyaya saf insan kimi gəlir, ailədə, məktəbdə, cəmiyyət içərisində təzyiqə məruz qalır, deformasiyaya uğrayırlar. Şəhərdə çəkiliş aparmaq istəyən televiziya müxbirləri həmişə danışdırmağa adam tapmamaqdan gileylənirlər, danışa bilən adam yoxdu, insanlar özlərini ifadə edə bilmirlər. 
 
Azərbaycanda nəinki sıravi insanlar, hətta ictimai, mədəni xadimlər, yazıçılar, ziyalılar danışdıqlarında, yazdıqlarında özlərinin ən adi psixoloji travmalarını, istəklərini asanlıqla biruzə verirlər. Onların bəsit zəiflikləri, primitiv istəkləri, bastırılmış arzuları adamın üstünə qışqırır. Bu insanlara kömək edəcək yerli psixoloqların isə əksəriyyəti qalınqafa, mühafizəkar, köhnəfikirli adamlardı. Onların özlərinin yaxşı psixoloqa ehtiyacı var...
 
Sonda balaca bir müşahidəmi paylaşmaq istəyirəm. Səhərlər işə gələndə, çox vaxt yolun qırağındakı qəssabxanada təzəcə kəsilmiş cöngəni qarmaqdan asılmış vəziyyətdə görürəm. Onun kəsilmiş başı, ayaqları cəmdəyin yaxınlığında yerə qoyulub.  
İki qoyun da özlərinin kəsilmək növbəsini gözləyir. Qoyunlar gözlərini kəsilmiş buğanın sallanan leşinə zilləyiblər. Nədənsə mənə həmişə elə gəlir ki, bu qoyunlar hər şeyin fərqindədirlər, hər şeyi bilirlər, tezliklə boğazlarının kəsilib, leşlərinin qarmaqdan asılacağını hiss edirlər. Ətrafda isə  maşınlar ora-bura keçir, uşaqlar çörək almaq üçün dükana girir, kimlərsə işə tələsir. Toz-duman ətrafı bürüyüb, kəsilmiş heyvanın qanı küçəylə kanalizasiyaya doğru axır. Qəssabxananın üstündəki lövhədə isə böyük həflərlə yazılıb: TƏZƏ ƏT
 
Birazdan küçənin ortasında, camaatın gözünün qarşısında qoyunların başını kəsəcəklər, onların da qanı axıb kanalizasiyaya töküləcək... 
 
Bəlkə də elə birinci heyvan hüquqlarından başlamaq lazımdı, bəlkə onda nəsə düzəldi...
 
Cavid Ramazanlı
 
ANN.Az
Yuxarı