post-title

Cəfər Cabbarlı: Qara Qənbər

Kultura.az saytı görkəmli Azərbaycan klassik yazıçısı Cəfər Cabbarlının "Qara Qənbər" hekayəsini oxucularına təqdim edir.

 
 
Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət "trestlərinin" birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində "fələ sinfinə mənsubam" yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qara Qənbəri gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.
 
Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.
 
Qənbər görürdü ki, qulluq heç çətin şey deyildir. Xülasə, səhər bir neçə saat kabinetdə əyləşmək, həftədə də iki-üç dəfə idarə və komisyələr iclasında olmaq lazımdır. Başqa vəqtlərini də tiyatroda, qonaqlıqda xoşluqla keçirərdi.
 
Qara Qənbəri hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi.
 
Qara Qənbərin tanış və dostları da az degildi, özü də adlı-sanlı adamlar idi: hamı da bunu ora-bura qonaqlığa dartardı, böylə ki, Qara Qənbərin heç vaxtı çatmazdı. Hər evdə xanımlar buna söyləyərdi: Biz vallah hər şəxslə aşna, dostluq etmərik, amma nədənsə hər kəs bizimlə tanış olursa, heç qiyamətədək tanışlığı pozulmaz. Bu neçə ildə bizim evdə cürbəcür böyük qonaqlar olubdur. İngilis, türk zabitləri, hamısı bizdən razı gediblər. Siz də bizim əziz qonağımızsınız, elə degilmi?..
 
Qara Qənbərə o qədər qulluq göstərirdilər ki, o axırda bu işlərdən sərxoş kimi olurdu. Az qalırdı əqli uça. Qara Qənbərin əqli də az deyildi: hər kəs onunla bir neçə kəlmə qonuşurdu, onun təbii əql və zəkasına təəccüblük göstərirdi.
 
Bu gün Qara Qənbər aynaya baxıb, öz-özünə söylənirdi: böylə yaramaz bığları gərək qırxdıram, modnı edəm. Paltarı da gərək dəyişəm, fasonlaşdıram. Daha "NEP" zamanıdır. Bir neçə gündən sonra Qara Qənbəri kim görsəydi, tanımazdı. Bundan sonra Qara Qənbər tanışlarının yanına getdikdə daha utanmazdı. Amma bir şey onu çox sıxardı: böylə ki, hamu qonaqlar gəldikdə məclisdə olan xanımların əlini öpərdi, ancaq Qara Qənbər bilməzdi ki, nə etsin. Çünki ömründə böylə şeyə rast gəlməmişdi. Əvvəllər çox sıxılırdı, bəlkə bərk də qızarırdı. Amma sonra gördü ki, hamu böylə edir, bu adi bir işdir, həm də gözəl işdir. O da axırda qonaq gəldikdə xanımların yumşaq əllərini qalın dodaqlarına aparırdı. Amma Qara Qənbər yalnız əvvəllərdə böylə edərdi, dışarıda ehtiyat edərdi. İçki kampaniyasında Qara Qənbər həmişə tost söylərdi və deyərdi ki, Azərbaycanda üzümçülük və şərabçılıq təsərrüfatımızın artmasına böyük səbəbdir. Daha artıq kəndlə şəhərin yaxınlaşmasına vasitədir.
 
Köhnə yoldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyordular. Bədəni dolmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyordu və onu çox təşəxxüslü edirdi.
 
Qara Qənbər hərdən bir tanış fəhləyə rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. "Vəzifəm çox ağırdır. Yoldaş, yorulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyorlar... Fəhlələrlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışardı. Qara Qənbər böylə məsələlərdə böyük diplomat olmuşdu. Bununla da işi xod idi. Güzəranı da xoş keçirdi. Qara Qənbər paxıl degildi, öz qohumlarını da unutmazdı.
 
- "NEP"dir hər kəs öz canının fikrindədir. Bən niyə başqalarından dala qalım? Bən də gərək özümə bir gün qazanam, ancaq inandığım adam lazım... Bu fikir eyləyib Qara Qənbər qardaşlarını və başqa qohumlarını bir yadına saldı. Onlar elə Qara Qənbərin kölgəsində yaşayırdılar. İndi ona daha yaxın oldular və Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul olurdular. Axırda mənfəətli qulluqlara da girərdilər. Qara Qənbərin bir fikrinə əməl olduqda tazədən onun başını başqa fikirlər çulğalayordu.
 
 Bən böyük mərtəbəyə sahibəm, qanacağım var, inteligent adamlarla günüm keçir, ancaq... bu arvad ilə bilmirəm nə edim.
 
Doğrusu, Qara Qənbər öz halından şikayətçi degildi, yalnız arvatdan narazı idi. Qara Qənbərin arvadı çox sadə idi. Türkəsayaydı: gələn qonaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi... Bu haldan da Qənbər çox utanardı, çəkinərdi. Nə etməli, Qara Qənbər arvatdan sıxıntı çəkir. Arvad yadına düşəndə sir-sifətini turşudur. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum artırdı. Axırda Qənbər tab gətirməyib, arvatla tək qaldıqda dedi: - Böylə olmaz, bu nə dirilikdir, biz gərək ayrılaq, daha bizim fikrimiz və ürəyimiz bir-birini tutmur, doğrusu, sən bəni xəcalət eyləyorsən. Biçarə arvadın az qaldı ki, ürəyi çatlasın, nitqi tutuldu. O, bu sözləri çoxdan gözləyirdi. Çünki Qara Qənbərin axır hərəkətləri bunu göstərirdi. Qənbərin arvadı mübarizəni əbəs bildi. Çünki Qara Qənbərin gücünə güc çatmazdı. Qonşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kor eləmiş...
 
Uzun müddət keçdi, Qara Qənbər evi də, arvadı da təzələdi, keçmişini unudub təzə ömür sürürdü. Onun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qonaqlarla yaxşı rəftar edirdi. Geyimi Avropa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bozbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi modiska parixmaxer qulluğunda hazir idilər...
 
Qara Qənbər baxıb yağ kimi əriyirdi. Avtomobil, fayton, skaçkalar, tiyatorlar, qonaqlar, bağlar... Qara Qənbər fikir edirdi ki, daha rahət günə çatdı, bundan sonra daha insan kimi yaşayacaqdır.
 
Həyat yaxşılaşdıqca şirinləşirdi, şirinləşdikcə də Qara Qənbərin fikirlərini və ürəyini duman kimi çulğayordı.
 
Qara Qənbər guya bir şirin uyğuya baxırdı... Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtomobili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına o halda dolanmağa başladı.
 
Sabahı günü hamı deyordu ki, daha qudurqanlıq bitdi...
 
Cəfər Cabbarlı
Yuxarı