post-title

Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsəri barədə

Müsabiqə üçün yazı

 
 
 
Azərbaycanın bu gününü yaradan, quran öndərlərdən biri də şübhəsiz ki Cəfər Cabbarlıdır. Bu gün belə deməyə çəkindiyimiz bir çox sözləri O bizim üçün XX əsrin əvvələrində deyib. Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli kimi yazarları oxuduqda saf həqiqətlə qarşılaşırıq. Yüz il öncə azərbaycanlılar üçün aktual olan mövzular bu gün də aktualdır. Sanki aradan yüz il keçməsinə baxmayaraq heç bir şey dəyişməyib. Dəyişənlər sadəcə olaraq dövrün tələbləri, dəblə bağlı geyim tərzi, maşınlar, telefonlar və s. kimi müəyyən şeylərdir. “Oqtay Eloğlunun” dili ilə desək “...dəyişən başınız yox, papağınızdır”.  Cəfər Cabbarlının, Y.Vəzirin arzuladığı Azərbaycan hələ formalaşmayıb. Nisbətən daha münbit şərait olsa da eyni beyinlərin məhsulu olan streotiplər, anlayış hələ də cəmiyyətimizə hakimdir.  Bu gün Y.Vəzirin “Rüstəmbəy”i həbs olunur, C.Cabbarlının “Yaxşı”sı  isə hələ də qorxu içində yaşayır. Azərbaycan hələ də “Balaş”, “Mirzə Səməndər”, “Fatmansa”, “Dilbər” kimilərin cəmiyyətidir.   
 
Atom bombası ilə məhv edilən yüz minlərlə insanın faciəsi, təbii fəlakətlər və terror qurbanı olan insanların həyatı mənim üçün sadəcə bir xəbər başlığı, tarixi bir hadisə və ya insanoğlunun təbii yaşayışının bir parçası  olduğundan bu kimi hadisələr məndə heç bir hiss oyatmır, kədərlənə bilmirəm. Kədərlənsəm də bir neçə gün sonra unudulub gedir. 
 
Hüseyn Ərəblinskinin səhnələşdirildiyi “Sənətkarın Taleyi” adlı teatr tamaşasını izləmək üçün gözləmə salonunda gözləyərkən artıq göz yaşlarımı tutmaqda çətinlik çəkirdim. Daha öncədən Ərəblinskinin yaşadığı çətinlikləri xatırlayıb dəfələrlə “tonlarla” göz yaşı tökmüşdüm. Tamaşa əsnasında sonda Ərəblinskinin öldürüləcəyini xatırlayıb, tamaşanın sonuna qədər mütəmadi olaraq ağladım. Teatrımızın, ədəbiyyatımızın necə çətin sınaqlardan keçdiyini, Ərəblinskinin yaşadığı çətinlikləri düşündüm, keçirtdiyi hissləri keçirtdim və günlərlə özümə gələ bilmədim. 
 
Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesinin ilk səhvələrində bu hal yenə təkrarlandı. Çox çətinliklə də olsa bu əsəri bir neçə günə bitirə bildim.  
 
Oqtay özünü sənətə, Azərbaycanda teatrın inkişafına həsr etmiş bir aktyordur. Cəmiyyətin təzyiqinə və imkansızlıqlara baxmayaraq əlində olan imkanlarla Azərbaycanda teatrı sevdirməyə, teatr vasitəsiylə xalqın qəlbinə və düşüncəsinə yol tabıb onları dəyişdirməyə, yeniləşdirməyə çalışır, dövrünün gerisində qalmış olan xalqını maariflənmək üçün fədakarcasına xidmət edir: 
 
“Xalq və “mən”- bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu seçdim. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O böyük bir vahidin kiçik bir parçasıdır.”
 
Əsərin elə ilk hissəsindəcə Cəfər Cabbarlının əsas əsərlərinin hər birində qabarıq şəkildə önə çıxın “azad qadın” problemi özünü göstərir. Teatr kollektivi Tamaradan başqa qadın aktrisaları olmadığından onun hər nazına və eqosuna baş əymək məcburiyyətində qalırlar. Tamaranın səhnəyə çıxmaq istəmədiyi bir gün tamaşaçılar etiraz edirlər. Oqtay üzünü tamaşaçıları bu sözlərlə susdurur: 
 
“Səfil xalq, nə bağırırsan! Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan, öl!”
 
Savadlı, azad müsəlman qızı problemi bu əsərin əsas sujet xəttiylə paralel olaraq ortaya qoyulur.  Əsərin başlarında tamaşaçı problemindən şikayətlənən Şahqulu, bizim tamaşaçıları rus teatrının tamaşaçıları ilə müqayisə edir : 
 
“ ...Bizdə hey baxırsan bir nəfər qız yox, 30-40 nəfər uzunburun, yekəqarın kişi Həştərxan pişiyi kimi gözlərinə baxır. Fındıq, fısqırıq, söyüş. Onlarda gözəl-gözəl qızlar adamın başına çiçək səpirlər”.
 
Ailəsindən gizli şəkildə qardaşı ilə tamaşanı izləməyə gələn Firəngiz obrazı teatr səhnəsinin “Sevili”-dir. Cəmiyyətə, ailəsinə baş qaldırmaq istəyi bu əsərdə “aktrisa” olmaq istəyi kimi təsvir olunur, Firəngizin tamaşaçılar arasından “Mən bu rolu oynaram!” deyib ayağa qalxdığı səhnə Sevilin çadrasını çıxarıb atdığı səhnəni xatırladır. 
 
Firəngizlə yaşadığı məhəbbət Oqtayın faciəsinə çevrilir. Oqtay səhnədən ayrılaraq səfil həyatı sürməyə başlayır. Firəngizə olan inamını itirdikdən sonra Oqtay intiqamını xalqdan, dünyadan almaq istəyir.  Oqtay Eloğlunun monoloqları o qədər dolğun və təsirlidir ki, sanki onları oxuyarkən Oqtayın səsini, dünyaya, cəmiyyətə üsyanını, teatr səhnəsindən hayqırışını eşidirsən. Cəfər Cabbarlı bu monoloqlar ilə Oqtay Eloğlunu ölümsüz bir qəhrəmana çevirib. 
 
Oqtay özünü “səfillər padşahı” elan etidkdən sonra onun sənətə, dünyaya və insanalara baxışı dəyişir. Sünilik pərdəsi ona əzab verir, o əsl, saf həqiqətə qovuşmaq, ona çatmaq istəyir. Teatr səhnəsindən çıxmaq, reallığı, əsl həyatı yaşamaq istəyir. Onun gözündə hər kəs aktyor, hər kəs saxtadır. Yaşadığı həyat bir serial, o isə bu serialın qəhrəmanıdır. Ətrafındakı insanlar hər gün rollarını ifa edib gecə yatmağa gedir, onu bu həyatın real olduğuna hər gün yenidən inandırmağa çalışırlar. 
 
Oqtay Eloğlu və Firəngizin teatr səhnəsində qarşılaşdıqları səhnə əsərin ən uc nöqtəsidir. Əsl həyat, əsl insan axtarışında olan, həyat tamaşasından xilas olmaq istəyən Oqtay kiçik teatr səhnəsində ilk müsəlman aktrisası olan Firəngizi bıçaqla öldürür. Oxucunun qanı donur, Cəfər Cabbarlı “azad qadını” ilk dəfə öldürür. Amma bu dəfə onu cəmiyyət yox, sənət öldürür. 
 
Yazımı Firəngizin səhnəyə çıxışına sevinən tamaşaçıların nidaları ilə bitirirəm:
 
Yaşasın ilk qaranquş! Ura!
Yaşasın azad Azərbaycan sənəti! Ura!
Yaşasın azad Azərbaycan qızı, Ura!
 
Sürəkli alqışlar.
 
Elvir Nizamoğlu
 
Kultura.az
 
  
Yuxarı