post-title

Müasirləşmə prosesi – inkişaf yoxsa qadağalar toplusu?

Bu yazı 19-cu əsrdən başlayaraq Dünyada gedən müasirləşmə prosesini və onun xüsusiyyətlərini ola bildiyincə qısa və əhatəli şəkildə təsvir etmək məqsədi daşıyır. Təməlində Avropadakı dəyişiklikləri əks etdirən Müasirləşmə prosesi çox əhatəli və geniş araşıdırma platformasıdır. Təsadüfi deyil ki, bu sahə sosiologiyada mütamadiyyən araşıdırılıb və üzərinə yeniliklər əlavə edilərək, bu prosesin incəlikləri daha da dərindən və sistemli şəkildə öyrənilməyə çalışılıb. Biz bu və gələcəkdəki yazılarda bu prosesin cəmiyyətdəki təsirlərini ümümi şəkildə təsvir etdikdən sonra, Müasirləşmə prosesinin öyrənilməsinə öz nəzəriyyələri ilə töhvə verən Maks Veber (rasionallıq), Norbert Elias(sivilizasiya) və Mişel Fukonun (intizam) cığır açan fikirlərinə nəzər salacağıq. Bu yazının əsasında yazılacaq gələcək məqalələrdə hər bir fikir adamının nəzəriyyəsi Azərbaycanın indiki həyatı ilə əlaqləndirilib oxuculara təqdim ediləcək.

 
 
Giriş
 
Müasirləşmə və prosesin hərəkət verici qüvvəsi şübhəsiz ki, sənaye inqilabı oldu. Məhz sənaye inqilabının təsiri ilə baş verən  dəyişikliklər 19-cu əsrdən başlayaraq ənənəvi cəmiyyətdən müasir cəmiyyətə, aqrar cəmiyyətdən  sənayeləşmiş cəmiyyətə keçidi sürətləndirdi. Təbii ki, bu dəyişikliyin müqabilində iqtisadi, siyasi, sosial, elmi yeniliklər artıq gündəlik həyatın istiqamətini müəyyən etməyə başladı. Elmdə, incəsənətdə, dini baxışlardakı dəyişikliklər də göz ardı edilməməlidir. Qeyd etdiyimiz sahələr çox kiçik detalları ilə birlikdə araşdırma mövzusu olsa da, bəzi nüanslara toxunmaq da məqsədə uyğundur.
 
Əmək və peşə bölgüsü şübhəsiz ki, Müasirləşmə dövrünün ən vacib cəhətlərinin önündə gəlir. Bu da öz növbəsində ixtsaslaşmanı sürətləndirdi. İnsanların gündəlik həyatı məhz bu insanların bir-birləri ilə qarşılıqlı əlaqəsindən keçməyə başladı. O vaxta qədər evinə çörək qazanan fərd eyni zamanda həyətyanı sahəsində işləyib bəzi ehtiyaclarını təbiətdən qarşılaya bilir, avadanlığın işlək vəziyyətdə olmasına diqqət yetirib, övladının təlim-tərbiyyəsi ilə məşğul olurdusa, yeni cəmiyyətdə bütün bu tələbləri qarşılayan insanlar, peşələr var idi. Buna görə də artan ixtisaslaşma insanların qarşılıqlı əlaqələrini gücləndirdi; bir birindən aslılığını artırmağa başladı.
 
Elmi texniki tərəqqi və məhsuldarlığın artımı demoqrafik vəziyyətin artımına səbəb oldu. Təkcə 19-cu əsrdə insanların sayındakı artım son altı əsrdən on dörd dəfə çox olmuşdu. Qida artımı, səhiyyədəki uğurların nəticəsində sürətli artım və ortalama yaşın yüksəlməsi şəhərlərdə insanların çoxalmasına səbəb oldu. Milyonluq şəhərlərın sayı artmağa başladı. İnsanların şəhərə can atması, həyatına burda davam etməsi şəhərlərdəki həyatın mükəmməl olduğuna dəlalət etmir. Şəhərlərdə hələ də çirkli yollar, təhlükəli məhəllələrdən bol idi. Yoluxucu xəsətəliklərin sürətlə yayıldığı sallaqxanalalar, bərbad kanalizasiya sistemi ətrafı üfunətdən keçilməz edirdi. Bununla belə, şəhər həyatı artıq sosial yaxınlığa yeni çalarlar qatmaqdaydı. Şəxsi və ictimai həyatın ayrılması da məhz şəhər cəmiyyətinə xas cəhətlərdən biri idi. Şəhərdə yaşayan  insanların hərəkətinə nəzarət etmək məqsədi ilə yeni şəhərsalma üsulları təkmilləşdirildi. Bunların içində ən diqqət çəkəni şübhəsiz Baron Hausmaan tərəfindən Parisin yenidən qurulması idi ki, onun arxitekturası sonralar bütün Avropada tətbiq edilməyə başlandı.
Oxuma-yazmanın artımı sadəcə elmi texniki tərəqqiyə təsir etmir, eyni zamanda ənənəvi dini düşüncələrin öz yerini tədricən daha sekulyar fikirlərə dövr etməsinə səbəb olurdu. Din, əxlaq, vicdan kimi məsələlər daha çox fərdin öhdəliyinə buraxılırdı. İnsan həyata baxışını ənənəvi cəmiyyətdəki kimi ona yeridilən fikirlərlə deyil, özünün inandığı və ona  rahat olan kontekstdə formalaşdırmağa meyillənirdi. 
 
Və ən nəhayət Müasirləşmə prosesi bürokratik dövlətin formalaşması, dövlətin insan həyatının bütün mərhələlərinə birbaşa təsiri ilə əks olunur. Dövlət artıq maksimum səviyyədə  insan həyatının idarə olunması və nəzarət edilməsinə çalışırdı. Bunun üçün də bürokratiya sisteminin incəliklərinə qədər tətbiq edilməsi və təkmilləşdirilməsi diqqətdən kənarda qoyulmayacaq mövzular sırasına daxildir.
 
Qeyd etdiyimiz bu yeniliklər Müasirləşmə prosesi zamanı baş verən dəyişikliklərin bəziləridir. Yazının bundan sonrakı hissəsi yuxarıda qeyd etdiyimiz kimi Maks Veber və Norbert Elias ortaya atdığı fikirlərin qısa xülasəsindən ibarət olacaq.
 
Rasionallıq Müasirləşmənin bir parçası kimi. Maks Veber
 
Maks Veberin (1864-1920) sosiologiya elminə töhvəsinin təməlində yatan əsas səbəblərdən biri onun məsələlərə fərqli prizmadan yanaşması idi. Müasirlərinin araşdırdığı məsələ onun da diqqətindən yayınmamışdı. Ortaya çıxan sual belə idi: necə olur ki, birdən-birə Avropada daha əvvəl görülməyən yeni mədəniyyət, incəsənət, texnologiya ortaya çıxdı? Burada institutların, elmin rolu nədir? Bu prosesin hərəkətverici qüvvəsi nədir? Veber bu suallara cavabı digərlərindən fərqli olaraq, dinin cəmiyyət həyatına təsirində axtarmağa başladı. O, protestantizmin müasir kapitalizmin inkişafının hərəkətverici qüvvəsi olduğunu və bu inkişafın öz növbəsində yeni Qərb mədəniyyətini formalaşdırdığını əsaslandırmağa başladı.
 
Veberə görə, Qərb cəmiyyətində bütün sahələrin özünəməxsus məntiqlə idarə edilməyə başlanmasının təməlində həmin sahələrin effektivliyinin artırılması dayanır. Hər sahənin öz məntiqi ilə idarə edilməsi rasionallaşma prosesinin nəticəsidir (Giddens 1971). Veber hər sahəyə uyğun yazılmış və ya yazılmamış qanunları və o sahənin öz növbəsində cəmiyyətin yeni mərhələyə qədəm qoymasını göstərməyə çalışırdı. Xüsüsən də, hüquq, bürokratiya sistemində, siyasət və iqtisadiyyatda baş verən dəyişikliklər məhz bu məntiqin məhsuludur. Onlar zaman- zaman bir – birləri ilə toqquşsa da, nəticədə rasionallaşma prosesini formalaşdırdı. 
 
Rasionallaşma öz növbəsində iki yerə bölünür: Məqsədyönlü rasionallaşma reallaşdırmağa çalışdığın işin maksimum şəkildə əldə edilməsi üçün sahib olduğun vasitələrin səfərbər edilməsidir. Yəni insan hədəfini bilir və buna uyğun hansı addımlar atacağını müəyyən edir. Bura aid olan ən sadə misal kapitalist təfəkkür və kapitalistin maksimum şəkildə qazanc əldə etmək üçün etdiyi işlərdir. Veberin təsnifatındakı ikinci kateqoriya dəyərlərin rasionallaşmasıdır (Weber, Baehr et al. 2002). Burda diqqət çəkən nüans insanın hər hansı işi maddi məqsədlər üçün deyil, daha çox mənəvi dəyərlərin gerçəkləşməsinə görə  etməsidir. Və məntiqi olaraq burada ön plana dinə bağlılıq çıxır. İnsan  Allahın nəzərində layaqətli, namuslu və zəhmətkeş biri kimi tanınmaq üçün fəalliyyət göstərir və həyatını bunun əsasında qurur.
 
Burada, Veberin  öz nəzəriyyəsini dinlə əlaqəndirdiyini görürük. Veberə məşhurluq gətirən “Die protestantische Ethik und der Geist des Kapitalismus” (Protestant etikası və Kapitalizimin ruhu) əsəri 1904 – cü ildə dərc olunur. Əsər göstərir ki, kapitalist öz planlı, proqramlı həyat və iş fəaliyyətini protestantizmdən, xüsusi ilə də kalvinizmdən götürüb.
 
16-cı əsrdə Protestanizmin Avropada meydana çıxdığı  bir vaxtda islahat tərəfdarlarından olan Con Kalvin öz moizələrində bəyan etməyə başladı ki, insanın bu dünyada və ölümdən sonrakı mövqeyi eynidir. Hər şeyə qadir, hər şeydən xəbardar olan Allah bu dünyada kimin cənnətə gedəcəyini, kiminsə bundan məhrum olacağını artıq müəyyən edib. Bu seçilmişlər Allahın nəzərində bütün yad fikirlərdən arınmış, şeytani şübhələri özündən uzaqlaşdırmış və vəsvəsələrə qarşı mübarizədən qalib çıxmış bəndələrdir. Kalvinin fikirlərinin təməlində yatan məhfum da bundan ibarət idi: İnanc bütün şübhələrə qalib gəlir. “Hər bir insan özünü seçilmiş biri olaraq görmək üçün şeytani vəsvəsə və şübhələrinə qalib gəlməlidir. Özünə güvəni olmayanlar əslində inancı zəif olan şəxslərdir və onlar şeytanın oxlarının açıq hədəfindədir. İnanclı insan qeyri-şərtsiz Allahın xidmətində durmalıdır. İnsan bu zaman Allahın nəzərində seçilmişlərdən olacaq və onun inancı heç bir zaman sarsılmayacaq".
 
Bütün bunlara görə Kalvinizm reformasiya prosesində fanatizmə meylli ən birinci cərayan hesab edilirdi. Bəs insan Kalvinizmə görə Allahın nəzərində necə dəyərli görünməli idi? Kalvinizm insanların günaha batmasının ilk səbəbi kimi vaxtın gərəksiz yerə itirilməsi, digər tərəfdən də düzənsiz həyatla əlaqələndirir. Vaxtın qədrini bilməyən və həyatını plansız şəkildə davam etdirən insan artıq günaha batıb və o, Allahın seçilmişləri sırasında deyil. Buna görə də insan Allahın nəzərində daha yüksək pillədə durmaq üçün planlı bir həyat sürməli, gördüyü bütün işləri Allahın əzəmətini yüksəltmək üçün etməlidir. Biz əmək prosesinin kalvinizm tərəfindən ön plana çıxarıldığını və bunun da Allaha yaxın olmaq üçün tək vasitə olaraq göstərildiyini görürük. İnsanın yuxarıda qeyd etdiyimiz günahlardan və şeytanın oxlarından güvəndə olması da, məhz onun planlı əmək prosesindən asılıdır. Allaha nəzərən edilən bütün işlər (hansı ki, əmək prosesinin işidir) hesablanmalı, analiz edilməli və doğru addımlar atılaraq icra edilməlidir. Yəni, sadəcə işləmək və vaxt itirməmək kifayət etmir. Kalvinist o qədər planlı proqramlı işləməlidir ki, əmək prosesində heç bir şey onun diqqətindən yayınmasın. Əgər insan öz zəhmətinin qarşılığını əldə edə bilirsə, demək o bütün bunları planlı, proqramlı şəkildə edib. Eyni zamanda da bu insan Allahın nəzərində seçilmişlər sırasına daxil olub və Allahın qüdrətinin yüksəlməsinə töhvə verib. Bundan başqa, o əldə etdiyi uğuru öz rahatlığı üçün sərf etməməlidir: “İnsan Allah üçün işləyib, onun üçün zəngin olmalıdır, mədəsi və günah üçün deyil”. Çünki o əslində Allahın işini icra edir.
 
Kalvinist əxlaqı Veberə görə, “kapitalizmin ruhunu” formalaşdıran əsas həyat tərzidir. Əgər kalvinist bütün həyatını əmək prosesinin tələbləri əsasında qurursa, əslində bu həyat tərzi kapitalist iqtisadiyyatının tələblərinə cavab verir. Kalvinistin əmək prosesində davam edən planlı həyatı, kapitalistin rasional şəkildə davamlı olaraq qazanc əldə etmək prosesindən fərqlənmir. Çünki kapitalist də öz fəaliyyətini planlı, proqramlı şəkildə dəqiq hesablamalar apararaq, əldəki vasitələri düzgün səfərbər edərək davam etdirir. Veber “protestant etikasının” kapitalist həyat tərzini formalaşdırdığını iddia etməsə də, inanclı bir insanın kapitalist təfəkküründən fərqli olmadığını da öz əsərində vurğulayır (Swedberg and Agevall 2005). O, həm də qeyd edir ki, əgər kapitalist iqtisadiyyatı tam şəkildə bərqarar olsa, protestant etikasına artıq ehtiyac qalmayacaq. Çünki dinin rasional həyat qanunları, öz yerini kapitalist cəmiyyətinin qanunlarına buraxacaq. Bu zaman kalvinistlərin ənənəvi “Allah üçün işləmək prinsipi, Kapitalizim üçün işləməklə” əvəz olunacaq (Weber, Baehr et al. 2002).
 
Veberin bu əsəri sosial elmlər tarixinin ən əhəmiyyətli əsərlərindən biri olmaqla bərabər, özündən sonraki fikir adamlarının da əsas müzakirə mövzularından birinə çevrilib. Bu əsərə gələn tənqidlərdən ikisi tutarlıdır. Tənqidçilərin fikirincə, Veber bu əsəri yazarkan katolik ölkələrində baş verən kapitalizmin  yüksəlişini gözardı edib. Burada 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində böyük iqtisadi sıçrayış edən Cənubi Amerika ölkələri ön plana çıxarılır. Digər bir tənqid də, bu nəzəriyyəyə təktərəfli və idealistik mövqedən yanaşılmasıdır. Hər iki tənqid bu və ya digər şəkildə Veberin araşdırmasının kifayətsizliyini göstərir və eyni zamanda nə qədər az konstruktiv olduğunu nümayiş etdirir. Veber zamanında bu tənqidlərin əsaslılığını qəbul etməklə bərabər, sonrakı məqalələrində bu əsərin yazılma səbəbinin Qərb rasionaliziminin başa düşülməsi və aydınlaşdırılmasından ibarət olduğunu vurğulamışdı. Bununla belə, qeyd etdiyimiz kimi, bu əsər özündən sonra gələn fikir adamlarının fundamental araşdırmalarına işıq tutmuşdur. Bu araşdırmaçıların başında gələn də, istisnasız Norbert Eliasdır.
 
Norbert Elias və Sivilizasiya tezisi 
 
Sosiologiya elmində öncül olan iki məktəbdən biri olan Alman məktəbinin (digəri Fransız məktəbidir) görkəmli isimlərindən olan Norbert Elias (1897-1990) öz nəzəriyyəsinin Veberin fikirlərinin  davamı kimi təkmilləşdirdi. Bir çox hallarda Veberə istinad etsə də, o, köklü dəyişikliklərin cavabını dinin təsirində deyil, sosial quruluşun formalaşamasında axtarırdı. Bununla belə, hər iki yanaşma bir-birinə uyğundur. Çünki Eliasın “sivilizasiya prosesi”  Veberin rasionallaşma nəzəriyyəsinin başlanğıc nöqtəsi kimi oxunmalıdır. Baxmayaraq ki, Elias öz fikirlərini Veberdən sonra qələmə almışdı, bunun əvəzində o, Qərb dünyasında gedən müasirləşmə prosesinin köklərini daha əvvəlki əsrlərdə axtarmağa başladı. Əgər Veber müasirləşməni özünü idarə etmə, planlı həyatın bir parçası olaraq görürdüsə, Elias bunu əsrlərlə davam edən sivilizasiya prosesinin nəticəsində ortaya çıxdığını əsaslandırmağa çalışırdı.
 
1939-cu ildə Elias “Uber den Preozess der Zivilisation” (Sivilizasiya prosesi) əsərini dərc etdirir. Bu əsər adından da göründüyü kimi sivilizasiya prosesini araşdırır, amma bu araşdırma birbaşa müasirləşməyə qədər olan uzun yola işıq tutur. Əsərin iki çıxış nöqtəsi var: Birincisi, insanların öz davranışlarına, öz hərəkətlərinə diqqət yetirərək, həyatlarını çəki düzənə salmaqdan ibarətdir. Biz burada Veberlə əlaqəni görə bilərik. Amma Veber bunu əmək prosesində tətbiq edirdisə, Elias bunu təlim-tərbiyədə, etiket qaydalarında, hisslərin və emosiyaların nizamlanmasında görürdü. İkincisi isə, insanların şiddətə yönəlik meyillərinin məhdudlaşdırılması, şiddətin dövlət tərəfində monopoliyaya alınmasından ibarətdir.  Nəticə olaraq Elias tezisini belə əsaslandırır: “İnsanların şəxsiyyət strukturundakı inkişaf onların sosial strukturundakı inkişafla paralel gedir.”(Elias 1978)
 
Norbert Eliasın sivilizasiya nəzəriyyəsinin ilk tezisi bundan ibarətdir ki, insanlar heç də hər zaman indiki kimi davranmayıblar. Yəni insanların davranışları heç də hər zaman mədəni olmayıb. Elias deyirdi, “əgər biz geriyə dönüb insanları müşahidə etsəydik, keçmiş zamanlarda yaşayanlaın nə qədər “mədəniyyətsiz” olduğunu görərdik. Gigiyenadan, səliqəli həyat tərzindən məhrum həmin insanların davranışı bizim nəzərimizdə barbarlıqdan başqa bir şey olmazdı”.  Bu fikirlərlə yola çıxan Elias keçmişdəki proseslərin mərhələ-mərhələ nəcə dəyişib günümüzə qədər gəlib çıxması sualına fokuslandı. Burdan görürük ki, o da Veber kimi, cəmiyyətin təməlinə enib sualı keçmişdəki proseslərlə əlqaləndirir. Bəs bu barbar cəmiyyətdən müasir cəmiyyətə keçid necə baş verdi və onun səbəbləri nələr idi?
 
12-ci əsrdən başlayaraq ortaya çıxan etiket qaydaları haqqında yazılan kitablar Eliasın diqqətindən yayınmadı. Bu kitablarda yemək, içmək, süfrə mədəniyyəti, gigiyena qaydaları, tərbiyyə məsələləri və bu kimi bir çox təməl davranış qaydaları yenidən yazılıb insanlara təqdim edilirdi. Başlarda əsilzadə və kübar ailələr tərəfindən istifadə olunan bu kitablar tədricən cəmiyyətin bütün təbəqələrinə yayıldı. Etiket kitabları hansı vəziyyətdə nəyin necə ediləcəyini söyləmirdi. Bu kitablar sadəcə olaraq nələr edildiyi halda daha düzənli həyat qurula biləcəyini göstərirdi. Elias məlum əsərindən müxtəlif zamanlarda istifadə edilən etiket qaydalarınıdan bol –bol misallar gətirir.  Bu əsər eyni zamanda artan sivilizasiya prosesi ilə paralel formalaşan iki ana xətti ehtiva edir.
 
Birincisi, istək və tələbatların davamlı olaraq idarə olunmasdır. Orta Əsrlərdə yaşayan insan bir şeyi edərkən düşünmədən, anında yerinə yetirən fərd idi. O, tualetə gedərkən, yemək yeyərkən, burnunu təmizləyərkən düşünmədən nəcə gəldi edirdi. Və ya bədəni qaşınırdısa, ictimai yerdə əlini paltarının altına salıb qaşıya bilərdi və bu davranış digərləri üçün də normal hal idi. Digər bir misal ictimai tualetlərin açıq olması və insanların yanaşı oturaraq gündəlik məsələlərdən danışaraq ehtiyaclarını qarşılamaları idi. Bütün bunlar təbii ki, günümüz üçün yol verilməzdir və belə davranışlar insanlarda ikrah hissi yaradır. Etiket kitablarında bunların edilməməli olduğu, əvəzində gündəlik ehtiyacların necə qarşılanmalı olduğu, evin havalandırılması, təmizlik qaydaları, uşaqların necə yuyuzdurulması və bu kimi şeylər izah edilirdi.  Burada haşiyədən kənara çıxaraq vurğulamaq istərdim ki, uşaqların təlim tərbiyəsi, ev həyatının yenidən qurulması haqqında önəmli araşdırmalara imza atan müəlliflərdən biri də, “école des annales” məktəbinin görkəmli nümayəndəsi Flipp Ariesdir. Gələcəkdə bu müəllifin uşaq və təlim-tərbiyyə mövzusunda apardığı araşdırmalara nəzər yetirəcəyik.
 
İkincisi, hiss və düşüncələrin tədricən qəlibləşdirilməsidir. Orta Əsr insanı öz hisslərini ifadə edərkən düşünmədən, içindən gəldiyi kimi ifadə edirdi. Əgər o hirsli idisə, azğınlaşaraq qarşındakına öz nifrətini göstərirdi. Və yaxud o nəşəli idisə, qəhqəhə çəkərək bərkdən gülürdü. İnsanların başqalarına qarşı yanaşması da çox primitiv idi: “Bu dostdur, o düşmən; bu əxlaqlıdır, o pozğun; bu yaxşıdır, o pis.” İnsanlar etiket kitablarından öyrəndikləri tövsiyyələr ilə gündəlik həyatlarını dəyişməklə, həm də hiss və düşüncələrini fərqli şəkildə dilə gətirməyi öyrəndilər (Elias, Dunning et al. 2000).
 
Bura qədər olan hissədə iki əsas tezisdən birincisini, yəni sivilizasiya prosesinin etiket kitabları əsasından formalaşmasına göz gəzdirdik. İkinci tezis isə dövlətin şiddətin monopoliyasına nəzarəti ələ keçirməsindən ibarətdir. Eliasa görə bu, bütün prosesin mərkəzində durur. Bunu izah etmək üçün Elias ilk öncə sosial strukturla şəxsiyyət strukturu arasındakı əlaqəni açıqlayır (Loyal and Quilley 2004). Şiddətin monopoliyası dövlət tərəfində ələ keçirilməsinin səbəbi cəmiyyətdə yüksələn peşə müxtəlifliydir.  Fərqli - fərqli peşələrə yiyələnən insanların bir-birindən “asılılığı” artdıqca, onların təhlükələrə qarşı reaksiyası zəifləyir.  Orta əsrlərdə insanların şiddətə meylliliyi kifayət qədər yüksək idi. Mövcud təhlükəni hiss edən insanın ilk həmlə etməsi və rəqibini zərərsizləşdirməsi normal qarşılanırdı. Xüsusən də əmək prosesində hər şeyi özü və öz ailəsi üçün edən orta əsr insanının ailəsini saxlamaq üçün əlində olan az sayda məhdud vasitələri qorumaq üçün şiddət işlətməsi, zor tətbiq etməsi da başa düşülən idi.  Cəmiyyətdə artan peşə müxtəlifliyi ilə insanların əvvəlki kimi öz ailəsini saxlamaq üçün eyni anda fərqli işləri icra etməsi çətinləşirdi. Bu eyni zamanda cəmiyyətinin strukturunda daşların yerinə oturmasına təkan verdi. Ortaya nizami ordular, keşikçi dəstələri çıxdı. Şiddətə, özbaşınalığa qarşı müdaxilə fərdlərdən peşakar qruplara, ardınca da dövlətin nəzarətinə keçdi.  Bunun nəticəsində şiddətin tamamən aradan qalxdığı regionlar meydana çıxdı. Bu regionlarda mürəkkəb peşə müxtəlifliyi də yaranmağa başladı. Artan peşə müxtəlifliyi, şiddətin sıradan çıxarılması insanlarda davamlı olaraq özlərini təkmilləşdirməyə, ticarətin artmasına və cəmiyyətin strukturunun formalaşmasını yekunlaşdırdı. Beləliklə, cəmiyyətin sürətli inkişafı şiddəti nəzarət altına almadan mümkünsüzdür. İnsanların şiddətə meylliyi qarşılıqlı əlaqələrin pozulmasına və cəmiyyətin harmoniyasının itməsinə səbəb olar.
 
Nəticə
 
Yuxarıda izah etməyə çalışdığımız iki nəzəriyyə özlüyündə məhdudiyyətləri ehtiva etsə də, sosiologiya elmində yeni səhifə açan fikirlərdir. Veber və Elias fərqli prizmadan tarixi proseslərə cavab axtarmağa çalışıb və araşdırmaları günümüzə qədər müzakirə mövzusudur. Müasirləşmə prosesi hər nə qədər də inkişaf kimi görünsə də, zaman-zaman böyük məhdudiyyətlər və qadağalar, həyata müdaxilələrlə reallaşdırıla bilinib. “Dəmir  yumruqla” yaradılan bu proses Qərbin uğuru olaraq görünməklə yanaşı, zaman – zaman  “biz” və  “onlar” təsnifatının aparıldığı nəzəriyyə olaraq görülüb. Təbii ki, sadəcə Veber və Eliasla kifayətlənməyərək gələcəkdə Fukonun “intizamlaşma” nəzəriyyəsinə də nəzər yetirəcəyik. Amma buna baxmayaraq, Müasirləşmə prosesi tarixin dönüş nöqtələrində biri olaraq, insanlığı daha da irəliyə aparan bir proses olaraq görünür. Eləysə, bu inkişafdırsa, bəs, inkişafa kim qarşıdır? Bu sual son əsrin və günümüzdə sosisal elmlərlə məşğul olan mütəxəssislərin gündəliyində ilk sıralarda durur. Bizim də bu fikirləri Azərbaycan oxucusunun diqqətinə çatdırmaq məqsədimizin əsas səbəbi bu nəzəriyyələri dəstəkləyən və ya qəbul etməyən tezislərin yazılmasına töhvə verməkdir. Unutmayaq ki, elm üzərinə qoyularaq təkmilləşir və inkişaf edir.
 
Ədəbiyyat:
 
Elias, N. (1978). The Civilizing Process: The history of manners, Urizen Books.
 
Elias, N., et al. (2000). The Civilizing Process: Sociogenetic and Psychogenetic Investigations, Wiley.
 
Giddens, A. (1971). Capitalism and Modern Social Theory: An Analysis of the Writings of Marx, Durkheim and Max Weber, Cambridge University Press.
 
Loyal, S. and S. Quilley (2004). The Sociology of Norbert Elias, Cambridge University Press.
 
Swedberg, R. and O. Agevall (2005). The Max Weber Dictionary: Key Words and Central Concepts, Stanford Social Sciences.
 
Weber, M., et al. (2002). The Protestant Ethic and the Spirit of Capitalism: and Other Writings, Penguin Group US.
 
 
Tural Amin
 
Antwerpen Universiteti 
 
Sosial Elmlər Fakültəsi                                                                                     
 
23.06.2014
 
Kultura.az
Yuxarı