post-title

Külli miqdarda narkotik maddə

Orhan Pamuk “Başqa rənglər” adlı esselər kitabının elə girişindəcə yazır ki, xoşbəxt ola bilməyim üçün hər gün müəyyən dozada ədəbiyyat qəbul etməliyəm. Bu mənada o özünü, yaşamaq üçün hər gün insulin qəbul etməyə məcbur olan şəkərli diabet xəstələri ilə müqayisə edir. Müqayisə şişirdilmiş görünə, yaxud Pamukun ədabazlığı kimi yozula bilər. Amma həqiqi "ədəbiyyata oturmuş adamlar" müqayisənin nə qədər yerində olduğunun fərqindədirlər.

 
 
Bəli, bədii mütaliə aludəçilik yaradır. Elmi ədəbiyyat həvəskarları var ki, onlar da mütəmadi mütaliə ilə məşğuldurlar və bu onlara çox ciddi fayda gətirir. Hətta oxuduqlarını mətnə çevirməyi bacaranlar üçün elmi ədəbiyyat əvəzsiz mənbədir. Lakin heç nə bədii ədəbiyyatın yaratdığı aludəçilik qədər səmimi, təmənnasız deyil. Başqa hansı kitabı oxusanız, oxumanızda aşkar və ya gizli bir təmənna var; nəyisə öyrənmək, nəyisə araşdırmaq, kiməsə və ya elə özünüzə nəyisə sübut etmək. 
 
Doğrudur, ola bilər ki, başlanğıcda hansısa romanı hansısa məqsədlə oxuyursan. Amma bu işi müntəzəmliyə bağladığında, bir də ayılırsan ki, artıq ədəbiyyat bağımlısı olmusan. Eyni effekt alkoqol və ya narkotik maddə aludəçiliyində də yaşanır. Başlanğıcda kimsə bunu maraqdan, kimsə acısını unutmaq, kimsə özünü kiməsə sübut etmək üçün, kimsə isə fərqində olmadan, anlaqsız vəziyyətdə qəbul edir. Amma iş müntəzəmliyə çevrildikdən sonra kimsə içməzdən öncə bunu nə səbəbə içdiyini fikirləşməz, ya da illərin narkomanı iynəni qoluna soxmazdan öncə “niyə bu narkotiki qəbul edirəm” deyə soruşmaz, soruşsa da cavab tapmaz. Çünki artıq onsuz yaşaya bilmədiyinin fərqində deyil hələ.
 
Əlbəttə ki, söhbət bir-iki kitab oxuduqdan sonra bunu aləmə car çəkənlərdən getmir. Amma bu da normaldır. Başlanğıcda anlaşılandır. Onsuz da məsələ səmimi aludəçiliyə çevrildikdən sonra belə şeylər öz-özünə itib gedir. Oğlanlar yeniyetmə yaşlarında siqareti nümayişkaranə çəkirlər, barmaqlarına xüsusi poza verib, kişi olduqlarını sübut etmək istəyirlər. Amma beş-on ildən sonra nümayiş üçün siqaret çəkən çox az adam tanıyıram. 
 
Bir romanı oxuyarkən nəsə öyrənmək fikri sizi davamlı narahat edirsə, o romandan zövq ala bilməyiniz bir az çətinləşəcək. Təbii ki, roman yaratdığı o möhtəşəm dünyası ilə bərabər bizə yeni informasiya ötürə, bizi maarifləndirə, bizi özümüzün və çevrəmizin xeyrinə dəyişə bilirsə, bu, romana daha da ölümsüzlük gətirəcək. Amma bağımlı oxucu daha romandan xüsusi bir şey gözləmir, özünü sadəcə romana təslim edir. Onun tək təmənnası dünən axşam ayrıldığı, üzlərini yalnız təsəvvüründə görə bildiyi insanların içinə yenidən qayıda bilməsidir. 
 
Daha çox “roman” sözünü istifadə edirəm. Çünki dediyim anlamda bağlılığı daha çox romanlar yaradır. Çünki roman qədər başqa heç bir ədəbi janr insanı içinə alıb tamam başqa bir dünyaya aparmaq gücündə deyil. Olsa belə, bunu etməyə vaxt çatmır. Bir atımlıq duyğu şeiri, ya da qısa bir hekayə bunu o qədər də yaxşı bacarmır. Avropanın bu gözəl kəşfi, biz hətta insanlarla davamlı təmasda olmasaq belə, bizdə empatiya hissini yaradır, yontalayır, gücləndirir. Bir dəfə romanların dünyasına girməyi bacardınsa, daha heç bir təklik səni qorxutmur. “İkicə qutu roman”ın varsa, ən azı, bir il tənhalıqdan, uzaqlıqdan qorxmaya bilərsən. 
 
Bu narkotik maddənin istifadəsinə qurşandınsa, əlindəki son pulun da böyük bir hissəsini ona verməkdən çəkinməyəcəksən. Və bu narkotik maddə o qədər çoxdur ki... Sən bir hissəsini tam qəbul edib qurtarmamış, başqaları sürətlə əkib-becərilir, açıq bazarda satılır. Səninsə gözlərin acgöz kimi doymaq bilmir. 
 
Rəşad Səfər
 
Kultura.az
Yuxarı