post-title

Rasim Qaraca: "Ədəbiyyat prosesi get-gedə cılızlaşmaqda və yararsız bir cırtdana çevrilməkdədir"

Azərbaycanda 2000-ci illərdə Azad Yazarlar Ocağının yaradıcılarından biri Rasim Qaraca Oxu Zalına indi ölkədəki ədəbi mühitin vəziyyətindən. Yaşlı nəsil yazarlarla gənc nəsil yazarlar arasında münasibətlərdən, Azərbaycanlı milli kimliyinin formalaşmasından danışır.

– Rasim bəy, sizin adınız çəkiləndə ilk olaraq Azad Yazarlar Ocağı yada düşür. Ona görə istərdim ki, müsahibəni də elə AYO ilə başlayaq. AYO-nun hazırdakı fəaliyyəti nə yerdədir? Hansı işlər görülür?

– Hər hansı bir ölkədə demokratiyanın, insan azadlığının necəliyini oradakı ədəbiyyat dərnəklərinin varlığıyla ölçmək mümkündür. Əgər bir ədəbiyyat dərnəyi, bir ədəbi-bədii jurnal öz varlığını sürdürə bilmirsə demək o ölkədə demokratiya yoxdur. Azad Yazarlar Ocağının durumu da ölkəmizdəki ictimai-siyasi durumla bağlantılıdır. AYO-nun indi sadəcə adı var, üzvlərimiz sağdır, yazıb-yaradırlar. Ancaq təşkilati fəaliyyət yox dərəcəsindədir. Alatoran jurnalı çıxmır və saytlarımız aktiv deyil.

– AYO-nun aktiv olduğu illərdə ədəbi proses daha maraqlı idi, elə deyilmi?

– 5 il bundan əvvələ qədər ədəbi prosesin mərkəzi AYO idi və ümumən ədəbi prosesdə bir canlılıq vardı. İndisə şəxsən mən böyük bir bozluq müşahidə edirəm. Düzdür çox sayda yeni imzalar var, fərdi planda qığılcımlar görünür, lakin onların boy artımına yardımçı olacaq peşəkar ədəbiyyat təşkilatlanması yoxdur. Bu fikrimi örnəklərlə belə ifadə edə bilərəm, gənc yazarlar, misalçün, Aqşin Evrən, Ayxan Ayvaz, Feyziyyə, Şəhriyar Del Gerani, Seymur Su, Xan Abdulla, İsmaEl Memmedov, Fəridə Məmmədova və Ömər Xəyyam özlərini bəyan ediblər, əsərlərini yazıb, kitablarını buraxıblar, böyük ədəbiyyat yolundakı üzərlərinə düşən ilkin vəzifəni yerinə yetiriblər. Necə edək ki, bu qığılcımlar sönməsin, ədəbiyyat intriqası içində məhv olmasın, və ya hakimiyyət onları satın almasın. Çünki bu ölkədəki həqiqətləri yazmaq da həmin gənclərin haqqıdır, təkcə həsrət şeirləri yazmaq kimi dar bir koridor buraxılmamalıdır onlara. Peşəkar ədəbiyyatın yaşaması üçün bütün şərtlər olmalıdır. Və bu şərtlər də demokratik olmalıdır. Ədəbiyyat siyasi aparatın təkərciyi və vintciyi olmamalıdır. Ancaq biz bütün bunların tərsini görürük, siyasi hakimiyyətə bağlı olan ədəbiyyat prosesi get-gedə cılızlaşmaqda, mövzu və janr dairəsi daralmaqda və yararsız bir cırtdana çevrilməkdədir.

– Adətən belə söhbətlərdə deyirlər ki, yazıçılıq hər kəsin fərdi işidir, təşkilat sənin əlindən tutub əsər yazdırmır...

- Bir şeyi nəzərə almalıyıq ki, biz orta əsrlərdə yaşamırıq, bu işlərə “allaha təvəkkül”, “canı varsa yaşayacaq”, “istedad gec-tez özünə yol açacaq” prinsipiylə yanaşmamalıyıq. Məgər gözümüzün önündə sönüb gedən istedadları görmürsünüzmü? Gəlir, varlığını bəyan edir, haqqında tərifli sözlər deyilir və bir müddətdən sonra yoxa çıxır. Çox sayda belə gənc yazarın adını çəkə bilərəm. Çünki, onun boyartımına səbəb olacaq ədəbiyyat təşkilatlanması, peşəkar ədəbiyyat mühiti, demokratik şərait yoxdur. Bəziləri daha yaxşı zamanlar üçün öz istedadını dondurmaq qərarına gəlir, sonra istəsə belə bu don açılmır. Lakin sonra deyil, istedadlar bizə bu gün lazımdır. Çünki dünyadan, qonşularımızdan dala qalırıq. Xalqların mədəni yarışmasında birinciliyimiz alt sıralara düşür. Zaman itiririk. Gənc gürcü yazarlar parta-part dünya dillərinə tərcümə olunur. Bizimsə israrla sovet prinsiplərini qoruyub saxlamağa davam edən Yazıçılar Birliyimiz var. “Bir zamanlar bizdə də olub” nostaljisilə təsəlli tapırııq. Dolayısıyla, bu gün ədəbiyyat işi, yazıçılıq sənəti fərdi olmaqdan çıxıb. Mədəni dövlətlərdə bu prioritet məsələsidir. Əslində, müqayisə etibarilə, ədəbiyyat çox kiçik sərmayə ilə böyük nəticələr ələ edəcəyimiz bir sahədir.

– Alatoran jurnalının və AYO-nun ortaya çıxardığı yazarlar haqında da bu sözü deyirsizmi? Yəni, parladılar, söndülər söhbəti...

– Parlamaq, sönmək də nisbi məsələdir. Geniş mənada hər kəs sönüb. Özünü klassik hesab edənlər də, yeni çıxanlar da. Nisbi mənada nələrləsə öyünə bilərik, amma ümumən mənzərə ürəkaçan deyil. Əsas məsələlərdən biri, yazıçılıq ənənəsinin, vərdişlərinin, yazı texnikasının yaşlı yazıçılardan gənclərə ötürülməsidir. Belə bir nəsillərarası qopuqluq var bizdə. Yaşlılar öyrətmək istəmir, gənclər də öyrənmək. Heç görmüsüzmü hansısa yazıçının master-klasları təşkil olunsun bizdə. Bir Rafiq Tağının qazandığı təcrübə, yazıçı mətbəxinin sirləri özüylə bərabər əbədiyyətə qarışdı.

Və ya bir Sabir Əhmədli, İsi Məlikzadə, Sara Nəzirli. Bu yazarlar həyat materialıyla necə işləyiblər, artıq biz bunu bilə bilmirik. Yaşlı yazıçıyla gənc yazıçının canlı dialoqu hər ikisinin inkişafı baxımından çox önəmlidir. Və ya Çingiz Hüseynovun, Əkrəm Əylislinin, Mövlud Süleymanlının, Afaq Məsudun, Rəhim Əliyevin, Kamal Abdullanın və ya Ramiz Rövşənin master-klaslarını siz hardasa görmüsüzmü? Orta nəsil yazıçılardan Həmid Herçinin, Murad Köhnəqalanın, Nicat Məmmədovun, daha gənc nəsildən olan Seymur Baycanın, Nərmin Kamalın, Qismətin, Qan Turalının, Şərif Ağayarın, Əli Əkbərin gənc yazarlara öyrədəcək nə qədər çox şeyi var. Niyə onların ustalıq dərsi təşkil olunmur və ya olunmadı? Bütün bunlar həmin o yanıb sönmə məsələsinin kiçik parçalarıdır. Bir çox istər yaşlı, istərsə gənc yazıçını quru lovğalıq məhv edir, nəsillərarası dialoq olmayınca, nəticədə hər kəs sönür. İtirən ümumilikdə Azərbaycan ədəbiyyatı olur. Hər kəs öz aləmində dahi ola bilər, lakin kollektiv proses olmadan kimsə heç bir yerə vara bilməz. Bugünkü mənzərə buna sübutdur.

– Mən bu dediyim şeylərin fərqində olmuşam hər zaman, ədəbi prosesin hərəkətlənməsi üçün yetəri qədər can yandırmışam, təşkilatçılıq fəaliyyətimi də biliriniz. Ancaq, prosesin ümumi olduğunu anlayan yazıçılar azdır. Əvəzində hər kəs yazıçılıq işi fərdidir deyir, sənin icitimai davanı şəxsi-qərəzlik kimi yozurlar. Təşkilati işin maddi tərəfi bir yana qalsın, mənəvi dəstək belə görməyincə nəticədə insan yorulur və həvəsdən düşür. Nəhayətində, mən də ağ qarğa olmaq istəmirəm. Bu yaşdan sonra artıq öz yaradıcılığıma yönəlmək istəyirəm...Hazırda nə üzərində çalışıram? Hal-hazırda “Alatoranda yazılanlar” adlı məqalə və esselərimdən ibarət bir kitabımı çapa hazırlayıram, yəqin ki il sonuna qədər çapdan çıxar.

– Siz daha çox türkçülüyə meyilli biri kimi tanınırsınız. Ancaq bu yaxınlarda iştirak etdiyim konfranslardan birində bildirdiniz ki, Azərbaycan xalqı ənənələrdən qopmuş, yeni bir xalqdır. İstərdim bu konsepsiyanızı daha ətraflı izah edərdiniz. Həqiqətənmi danışığında da türk sözlərindən istifadə edən Rasim Qaraca Azərbaycanın türkçülük ənənəsindən qopmalı olduğunu düşünür?

– Mən yaradıcı bir insan, bir vətəndaş kimi milli kimlik məsələsində düşüncələrimi ümumiləşdirib manifest xarakterli bir yazı yazmışam. Azadlıq Radisounun saytında yayınlanıb, istəyənlər oradan oxuya bilər. Türkçülük ənənəsindən qopmalı olduğumuzu deməmişəm. Yalnız mövcud durumun fotosunu çəkmişəm. Bizim arzu və istəklərimizdən asılı olmayaraq tablo başqa cürədir. Təəssüf ki, siyasi ideoloqlar, peşəkar ictimai fikir adamları, bizim sosial mühəndislərimiz milli kimlik məsələsində tutarlı bir konsepsiya işləyib hazırlamayıblar. Var olan konsepsiyalarsa, mənim fikrimcə, bizim millət olaraq real durumumuzu ifadə etmir. Mən bir ziyalı kimi cəmiyyətimizin düşünən insanlarına öz məsajımı vermişəm. İdeyamın məğzi bundan ibarətir ki, biz millət olaraq tarixdən sıyrılmışıq, ənənələrdən qopmuş “Yeni bir millət”ik. Sovetlər dönəmində zorla öz tarixi köklərimizdən qoparılmışıq. Əlifbamız, milli adımız, dəyişdirilib, ədəbi dilimiz rus sintaksisi və ruscadan tərcümə əsasında formalaşıb, orfoqrafiya islahatı aparılıb, din yasaq olunub, qadınlar çadrasını atıb, bir neçə nəsil marksist ideologiya ilə tərbiyə olunub, çox sayda sovet tipi insanlar yetişib, tarixi coğrafiyadan qoparılaraq sovet coğrafiyası içərisində qapalı olaraq 70 illik bir müddət var, tarixi kimliyə bağlı olan ziyalılar kütləvi şəkildə repressiyaya uğradılıb və s. Bir sözlə, tarixdən qoparılmağımız üçün mümkün olan hər şey edilib. Və, bizim iradəmizdən asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində yeni bir xalq formalaşıb. Bir çox siyasilər, elm adamlarımız və ziyalılar bunu faciəli bir durum kimi dəyərləndirir və konsepsiya olaraq ənənəyə, tarixi kimliyə qayıtmağı, əski dəyərləri bərpa etməyi irəli sürürlər. Mənim konsepsiyamın məğzi bundan ibarətdir ki, biz bu dəyişdirilmiş kimliyi avantaj kimi qəbul etməliyik və tarixi dəyər dediyimiz şeyləri bu baxımdan sərf-nəzər etməliyik. Mənə görə, biz tarix səhnəsində Yeni Millətik və dünyadakı az sayda yeni millətdən biriyik. Dolayısıyla, keçmişdən qoparıldığımız üçün biz daha çox gələcəyə aidik, millət olaraq qarşımızdakı üfiqlər, başqa millətlərlə müqayisədə daha genişdir. Tarix bizi, özümüz də istəmədən, ənənəvi toplumdan modern topluma çevirib və biz bunu şans olaraq qəbul etməliyik.

–Ümumilikdə bu konspesiya Azərbaycana nə verəcək və ya nə verə bilər? Deyək ki, fikirləriniz həyata keçdi, bunun xalımız üçün nə faydası olacaq?

– Mən sadəcə olaraq, milli kimlik məsələsinə fərqli bir yanaşma sərgiləmişəm. Hələlik buna bir düşüncə materialı kimi baxaq. Bu məsələdə deməyə sözüm çoxdur, əks arqumentləri də eşitmək istərdim. Əsl həqiqət mübahisələrdə ortaya çıxacaq.

–Sizin fikirlərinizə əsasən deyə bilərikmi, Əbülfəz Elçibəyin Azərbaycan dili dərsliklərinin “Türk dili” dərsliyi adlandırılmağı ilə bağlı verdiyi fərman səhv idi.

- Əbülfəz Elçibəy Azərbaycan Respublikasının polietnik yapısını nəzərə almamışdı. Bizim üçün dövlətçilik prioritet məsələdir, millətçilik ikinci dərəcəlidir. Özəlliklə yeni qazanılmış müstəqillik illərində millətçilik məsələsinin önə çıxarılması, əlbəttə yanlış idi. Millət deyil, dövlət təhlükədəydi, onu qorumaq lazım idi, və bu ideya uğrunda səfərbərlik olmalıydı. Bu bir. İkincisi, ad məsələi son dərəcə şərtidir. Bu cür xırda məsələlərə taxılmamaq gərəkdir. O ki qaldı türklük məsələsinə, Almaniyada qarşılaşdığım bir türkün sözlərini burada xatırlamaq istəyirəm, adam deyirdi ki, biz, Almaniyada yaşayan 3 milyon türk nüfuzu olaraq, nə türkük nə alman, biz yeni millətik, türk geni daşıyan və alman zəkasıyla yaşayan yeni bir millət. Bu mənada, mən də özümüzü türk və müsəlaman şərqinin avanqardı kimi görürəm. Bəli, biz Azərbaycan millətiyik, qanla, zorakılıqla, cəhalətlə dolu tarixdən qopmağı bacarmış, çox nadir futurist bir millət. Gənclərimiz həyata, yaradıcılığa, inkişafa, öyrənməyə və kəşflər etməyə meyillidir. Bu gənclik materialından çox işıqlı və möhtəşəm gələcək qurmaq mümkündür. Biz və bizi yönətənlər bunun fərqində olmalıdır. Bizi təkrar keçmişə qaytarmaq istəyənlərə, orta əsrlərin dəyərlərinə bağlamaq istəyənlərə yox deməyi bacarmalıyıq. Bunlar, “biz kimik” sualına mənim cavabımdır.

Azadliq.org
Yuxarı