post-title

Milyonlarla insanın sevimlisi gerçək həyatda "kim" idi...



Vinni-Pux adlı ayı balasının bu il 90 yaşı tamam olur

Azərbaycanda uşaqlığı 2000-ci illərdən əvvələ düşmüş elə bir adam tapılmaz ki, "Vinni-Pux"u tanımasın. Nəinki 2000-lər, hələ Sovet uşaqlarının da çoxusu bu cizgi filmi sevə-sevə izləyiblər. Bircə fərq var ki, sovet uşaqlarıyla, müstəqillik dövrünün uşaqları "Vinni-Pux"un ayrı-arı versiyalarına baxaraq seviblər. Ancaq çox az adam bu cizgi film obrazının əslindən hardan gəldiyini və bu il düz 90 yaşının tamam olduğunu bilir.

Yazıçı A. A. Milne oğlu Christopher Robin Milne və onun ayısı Pooh, 1926-cı ildə.
Yazıçı A. A. Milne oğlu Christopher Robin Milne və onun ayısı Pooh, 1926-cı ildə.

Alan Alexander Milnin yazdığı “Vinni-Pux” kitabı bundan düz 90 il öncə 14 oktyabr 1926-cı ildə çapdan çıxıb. Kitabdakı Pooh obrazı gerçək həyatda London zooparkında yaşayan Winnipeg adlı qara Kanada ayısının prototipidir. Dörd yaşlı Krostofer Robin isə ingilis yazıçısı Milnin doğma oğludur, yazıçı oğlunun saatlarla London zooparkında qara ayı Winnipegin qəfəsi qarşısında durub ona tamaşa etdiyini görüncə bu haqda yazmağa qərar verir. Ayı balası Winnipeg Kanada hərbi veterinar korpusunun sevimlisi olub, ancaq birinci dünya müharibəsi ərəfəsində Kanadanı tərk edən Böyük Britaniya əsgərləri tərəfindən Britaniyaya gətirilərək zooparka verilib. Onda Winnipeg hələ balaca ayı balası idi. 1924-cü ildə Alan Miln ilk dəfə olaraq oğlunu bu zooparka gətirir. Oğlan ayı balasına o qədər bağlanır ki, öz oyuncaq ayısına zooparkadakı ayının adını verir. Yazıçı isə oğlunun ayıya sevgisindən ilhamlanaraq dünya ədəbiyyatının ən məşhur uşaq kitablarından birini yazır. Vinni-Pux povestində təkcə ayı Winnipeg deyil, Krisofer Robinsin oyuncaq kolleksiyasında olan digər heyvanlar həmişə kədərli eşşək İa-İa və sədaqətli donuz balası Pitaçok (povestdə onun adı Pigletdir - red), Kanga, balaca Ru və Aslan obrazları da var. İki personajı bayquşla dovşanı yazıçının öz təxəyyülünün məhsuludur.

İngilis zabiti Harry Colebourne və ayı balası Winnie, 1914-cü il. Sonradan bu ayı "Vinni-Pux" povestinin qəhərəmanına çevriləcəkdi.
İngilis zabiti Harry Colebourne və ayı balası Winnie, 1914-cü il. 
Sonradan bu ayı "Vinni-Pux" povestinin qəhərəmanına çevriləcəkdi.

Sovet uşaqlarının sevimli cizgi filmi

Vinni-Pux – pinti, kök, unutqan və nə olursa olsun nikbiniliyini qoruyan, həmişə hər şeyin yaxşı olacağına inanan bir obrazdır. Onun sevimli məşğuliyyəti bal yeməkdir. Elə əsər boyu ayının başına gələn çətinliklər də məhz bala olan həvəsindən qaynaqlanır. Sovet İttifaqının son illərində yaşamış uşaqların əksəriyyəti Vinni-Pux və dostlaırnı yaxından tanıyır. Onun Sovet uşaqlarına tanıdılması isə qəribə bir təsadüf nəticəsində olub. Belə ki, rus uşaq yazıçısı Boris Zaxoder özü Vinni-Pux haqda kitabı dəfələrlə oxuyub bəyəndiyi üçün kitabı ruscaya tərcümə edir. Kitab 1960-cı ildə çapdan çıxır və qısa müddətdə bütün Sovet İttifaqında məşhurlaşır. Kitabın uğuru sovet cizgi film sənayesi tərəfindən diqqətsiz qalmır və 1968-cı ildə “Soyuzmultfilm” tərəfindən “Vinni-Pux və hamı-hamı-hamı” adlı cizgi film çəkilir. Cizgi filmdə ayı Vinnini məşhur sovet aktyoru Yevgeni Leonov səsləndirir.

Boris Zaxoder isə Alan Milnin kitabındakı çoxsaylı deyimləri elə mahir tərcümə edir ki, cizgi filmindəki deyimlər tezliklə təkcə uşaqların deyil, böyüklərin də dillər əzbəri olur.

Məsələ ondadır ki, Alan Milnin Vinni-Puxu Sovet İttifaqına gələnə qədər artıq böyük uğurlar qazanmışdı. 1926-cı ildə ilk dəfə İngiltərədə çapdan çıxan kitab artıq bir il sonra milyon tirajla satılır. Bundan iki il sonra 1928-ci ildə yazıçı tərəfindən Vinni-Puxun “Xəz balışın içindəki ev” adlı yeni cildi çıxır. Burda ilk dəfə Aslan obrazı ortaya çıxır və Kristofer Robin artıq məktəbə getməyə başlayır, buna görə tez-tez heyvan dostlarını tərk edir.

Gərəksiz şöhrət

“Vinni-Pux” əhvalatı Kristofer Robinin şəxsi həyatını əks etdirir və həmişə belə qalacaq, orda balaca Kristoferin sevincləri və kədərləri əks olunub. Atasının yazdığı kitabın qəhrəmanı olmaq yəqin ki, qəribə və maraqlı haldır.


Christopher Robinin gerçək həyatda sahib olduğu oyuncaqlar. 1987-ci il Nyu-York kitabxanası muzeyində sərgilənərkən.
Christopher Robinin gerçək həyatda sahib olduğu oyuncaqlar. 
1987-ci il Nyu-York kitabxanası muzeyində sərgilənərkən.


Ancaq nəzərə alanda ki, Kristofer Robin həmişə uşaq qalmayacaq, böyüyəcək, özünü həyatda təsdiqləməyə çalışacaq onda bu şöhrət sadəcə gərəksiz bir yükə çevrilir. Elə böyümüş Kristofer Robinin yazdığı bioqrafik kitablar da bu haqdadır. O Vinni-Pux hekayələrinin qəhramanı olmağın onun həyatında yaratdığı problemlər haqda bioqrafik kitablar yazıb. 1974-cü ildə “Ovsunlanmış yer” adlı kitablarının birində Kristofer Robin yazırdı: “Düşünürəm ki, atam arzuladığını əldə etdi. O mənim uşaq çiyinlərimə çıxaraq, sakit həyatımı oğurladı və mənə onun oğlu olmaq kimi gərəksiz şöhrətdən başqa heç nə qoymadı”.

Disneyin sayəsində gələn dünyəvi şöhrət

Vinni-Pux Sovet İttifaqından da öncə məşhur cizgi filmlərin yaradıcısı Walt Disneyin diqqətini çəkmişdi. O bu olduqca uğurlu kitabla 1950-ci ildən başlayaraq maraqlanmışdı və kitabın müəllifi Alan Miln özü də kitabının böyük ekrana çıxmasını çox istəyirdi. Ancaq nədənsə Milnlə Disney arasında görüş baş tutmur və kitabın hüquqları ancaq yazıçının ölümündən beş il sonra 1956-cı ildə arvadının səyləri ilə Disneyə satılır. Disney tərəfindən “Vinni-Pux” haqda cizgi filmin çəkilişinə düz on il vaxt sərf olunur və 1966-cı ildə ABŞ-da ilk dəfə “Vinni-Pux” haqda ilk cizgi-film ekranlara çıxır. Cizgi filmin görünməmiş uğuru rejissoru 1968-ci ildə “Vinni-Pux” seriyasından ikinci cizgi filmi çəkməyə məcbur edir və bu cizgi film “Oscar” mükafatına layiq görülür. “Vinni-Pux”un 80-illik yubileyinə Hollywoodakı “Şöhrətlilər xiyabanı”nda ulduz qoyulur.

2016-cı ildə Vinni-Puxun 90 illik yubileyi münasibətilə yeni kitab “Dünyanın ən yaxşı ayı balası” adlı yeni cild buraxılacaq. Yazıçı Alan Milnin yazdığı əhvalatların davamı olan kitab bu dəfə başqa müəllif tərəfindən yazılacaq.

Azadliq.org
Yuxarı