post-title

Üç əhvalat


Seymur Baycan

(Birinci əhvalat) 

Günlərin bir günü Türkiyədə təhsil alan gənc dostlardan birindən zəng gəldi. Salamlaşdıqdan, hal-əhval tutduqdan sonra gənc dostumuz dedi ki, Bakıdayam. İmkan varsa, vaxt varsa, həvəs varsa, görüşək, çörək yeyək, söhbət edək. Bakıya bundan əvvəlki gəlişində görüşə bilməmişdik. Onda rayonda idim. Bakıya qayıdanda, o artıq Türkiyəyə getmişdi. Dostumuz telefonda dedi ki, başqa uşaqlar da var, onlar da görüşmək istəyirlər, problem yoxdu?

Münasib uşaqlardılarsa heç bir problem yoxdur - dedim. Həmin günlər çox gərgin idim. Bu təklifə çox sevindim. Ünsiyyətə ciddi ehtiyacım vardı. Razılaşdıq. Vaxt və yer təyin etdik. Tanıdığım, həm müdürünün, həm də ofisiantlarının bəndeyi-həqirinizə yaxşı münasibəti olan, qiymətləri münasib, yeməkləri dadlı, rahat söhbət edə biləcəyimiz kafeyə yığışdıq.

Gecikən olmamışdı. Yemək sifariş verdik. Uşaqlar araq içdi. Dedilər ki, araq üçün darıxıblar. Mən çaxır içdim. Gənc dostumun vasitəsi ilə tanış olduğum tələbə-gənclər də mərifətli, qanacaqlı, bir çox məsələlərdən aşağı-yuxarı artıq hali olmuş gənclər idi. Elə gənclər ki, belələrini görəndə adamın gələcəyə bir az ümidi artır.

Biz görüşdüyümüz gündən bir gün əvvəl Ərdoğan nəsə yenə növbəti bir şousunu göstərmişdi. Ordan-burdan söhbət etdik. Söhbət hərləndi-fırlandı, Erdoğanın üstünə gəldi. Daha çox gənclər danışırdı. Mən söhbətə müdaxilə etmirdim. Kimisi Ərdoğanı bir siyasətçi kimi tərifləyir, başqası onunla razılaşmır, Ərdoğanı pisləyirdi. Mübahisə yaranmışdı və getdikcə qızışırdı. Gənclər coşmuşdular. Artıq hisslərinə çətinliklə hakim olurdular.

Ola bilsin, içki də öz təsirini göstərməyə başlamışdı. Onların bu mövzuda daha məlumatlı olmaları açıq-aşkar görünürdü. Burda zəruri bir haşiyə çıxmalıyam. Gənc olanda, özümdən yaşlılarla görüşürdüm. Onlardan öyrənirdim. Özümdən yaşlılarla iştirak etdiyim məclislərden çox şeylər öyrəndim. Özümə qalsaydı, prosess uzun çəkəcəkdi. Hazır həyat təcrübələri ilə tanış olmaqda idim. Sadəcə, gənclik romantikası həyatın bəzi acı həqiqətlərini qəbul etməyə imkan vermirdi.

Bu acı həqiqətləri görmək istəmirdim, həyatın bu cürə olması ilə razılaşa bilmirdim. Yaşım otuz beşi keçəndən sonra başladım daha çox özümdən yaşda balacalarla görüşməyə. Bu dəfə özümdən yaşda balacalardan öyrənməyə başladım. Onların sayəsində gənclər dünyasında nələrin baş verdiyindən, gənclərin nə düşündüklərindən, mövzularından xəbərdar oluram. Onların söhbətlərindən mövzular çıxarıram, faydalı, lazımlı mənbələrlə tanış oluram. Əgər gənclərlə görüşməsəm, bir çox söhbətlərdən kənarda qalaram, sürətlə qocalaram.

Burda zərrə qədər də olsun, sui-istifadə, istismar əlaməti yoxdu. Gənclərlə söhbət və mübahisə etmək fikrin, düşüncənin, başın qocalmasını ləngidir. Adekvat gəncliklə ünsiyyət fikirdə qocalmağın müəyyən qədər qarşısını alır. Bunları bəlkə də yazmamalıyam. Sadəcə, hər bir yaxşı təcrübənin paylaşılmasının qatı tərəfdarıyam. Mənə görə, insanın bilib başqalarını öyrətməməsi, təmənnasız olaraq təcrübəsini paylaşmaması bağışlanılmaz cinayətdir.

Didaktikamızı yekunlaşdıraq, qayıdaq yığışdığımız kafeyə. O kafeyə ki, müdirinin və ofisiantlarının bəndeyi-həqirinzə yaxşı münasibəti var. Yemekler dadlı, qiymətlər münasibdir. Yemək sifariş vermişik. Uşaqlar araq, mən çaxır içirəm. Söhbət də hərlənib-fırlanıb, Ərdoğanın üstünə gəlib. Gənclər mübahisə edirlər. Yazının müəllifi söhbətə müdaxilə etmir. Davam edək.

Birdən dedim ki, Ərdoğan prezident olacaq. Söhbətə qəfil müdaxilə etməyim və belə qəti hökm verməyim gəncləri çaşdırdı. Araya sükut çökdü. Onlar maraqla üzümə baxdılar. Sonra bayaqdan mübahisə edən adamlar asanlıqla birləşib, üstümə düşdülər. Onlara durduqları yerdə pas vermişdim. Əllərinə fürsət düşmüşdü. Bəndənizi babat çilədilər. Türk müğənniləri demişkən: “Hiç aff etmediler”. Dediklərinin də əsas məğzi bundan ibarət idi: bəy, sən get yeməkdən, kababdan-zaddan yaz, siyasət sən girən kol deyil. Bilmədiyin mövzudan danışma. 

Onları başa düşmək olar. Yazılarında ona-buna ağıl verən adam quş buraxmışdı. Sevinirdilər. Kef edirdilər. Performans göstərirdilər. Onlara sual verdim:

- Siz Əziz Nesinin, Suat Dərvişin, Səbahəddin Əlinin əsərlərini oxumusunuz?

Bu yazıçıların əsərlərini oxumadıqları, ümumiyyətlə, türk ədəbiyyatından çox səthi məlumatlı olduqları ortaya çıxdı. Aralarından ikisi Orxan Pamukun romanlarını oxumuşdu. Belə başa düşdüm ki, bu onun öz seçimi deyil, dəbin təsiridir. Biri də hansısa türk yazıçısının adını çəkdi. Doğrusu, tanımadım. Adını birinci dəfə idi, eşidirdim. Türkiyənin siyasi həyatını ciddi izləməklərinə baxmayaraq bu gənclərin təhsil aldığı ölkəni tanımadıqları aydın oldu. Niyə bu qənaətə gəldim? Elə düşünməyin, tələm-tələsik nəticə çıxarmışam.

Bu haqda bir az sonra danışarıq. Vaxtımız var. Ozan dili yüyrək olar. Günlər, həftələr, aylar ötdü. Günlərin bir günü Ərdoğan cumhurbaşqanı oldu. İndi istəyirəm, bu gəncləri təzədən yığam bir yerə. Onlara qonaqlıq verəm . Axırda da topasına kinayəylə "gördünüz?" deyəm. Deyəm ki, o siyasi bilimlər-miyasi bilimlər, uluslararası ilişkilər-muluslararası ilişkilər fakultəsində oxuyub, aldığınız diplomları gedin, üzüsulu öz əlinizlə yandırın. O diplom heç kimə lazım deyil. Hamıdan əvvəl elə sizin özünüzə.

Sadəcə, qarşımı kəsən, bu məkrli planımı həyata keçirməyə mane olan bir problem var. Bizim müxalifət liderlərinin sayəsində kinayəylə deyilmiş bu “gördün?” sözünü onun-bunun dilindən o qədər eşitmişəm ki, bu “gördün?” sözünün bir az abırı olan adama necə pis təsir göstərdiyini anlamaqdayam. Gəncdirlər, həyatları qarşıdadı. İndi özünüz vəziyyəti təsəvvür edin.

Türkiyədə təhsil alan, özünü savadlı, biləndər hesab edən gəncləri yığırsan bir yerə. Onlara yuxarıda təsvir olunan məclisi, orda gedən söhbəti kiçik detallarına qədər xatırladırsan. Hər bir sözü xatırladasan. Hamınız birləşib deyirdiniz ki, bəy, siyasət sən bildiyin mövzu deyil, get arvadlardan yazılar yaz. Deyirdiniz ki, CHP elə getdi, MHP belə getdi, Hürriyyət elə getdi, Milliyyət belə getdi, Tarafdar onu yazdı, Radikal bunu yazdı. Amerkanın yaxın şərq siyasəti....Dərin dövlət... Cəlal Şəntürk onu dedi, Məlal Kalınkaş bunu dedi... Sonra da dayanırsan. Bir qurtum çaxır içirsən və ara verib, qəfildən sual verirsən. Bəylər, bəs sizin aldığınız təhsil nəyə yarayır? Hanı sizin siyasi bilimləriniz? Niyə burnunuzun ucunda baş verən hadisələri görmürsünüz? Yox, bu qədər qəddarlıq olmaz. Mərifətli gənclərdi, onlara pis təsir edər. 

(İkinci əhvalat)

Tiflisdə bir oxucum vardı. Ona görə vardı yazıram ki, indi adamın harda olduğunu bilmirəm. Gürcüstan vətəndaşı deyildi. Azərbaycan vətəndaşı idi. Tiflisdə bir şirkətdə çalışırdı. Bir dəfə görüşdük. Yemək yeyirdik. Ordan-burdan danışırdıq. Adam dedi ki, bəy, bu gürcülərdən heç baş aça bilmirəm, heç dil tapa bilmirəm onlarla.

Hmmmm.... Vəziyyət tanış idi. Problemin həlli yolunu da bilirdim. Ən məşhur gürcü yazıçılarının ən məşhur əsərlərinin, ən məşhur gürcü rejissorlarının ən məşhur filmlərinin adlarını yazıb, adama verdim. Dedim bunları oxu, bunlara bax, gürcüləri tanıyacaqsan. O əsərlər ki, orda gürcülərin bir xalq kimi mahiyyəti açılıb. O əsərlər ki, gürcülərin çox həssas yeridi. Gürcülər tərifə çox meyllidirlər. Başqalarının dilindən tənqid eşitməyi də heç xoşlamırlar.

Bu yazdıqlarım illərin müşahidəsidir. Ən müxtəlif təbəqələrdən olan gürcülərlə ünsiyyətim olub. Kəndli, şəhərli, varlı, kasıb, məmur, jurnalist, yazıçı, şair, sürücü, satıcı, ofisiant, aktyor, rejissor, rəssam....qoca, cavan, qadın, kişi... 
Bir dəfə bir məclisdə gürcülər haqqında danışırdım. Bəzi məsələlər haqqında tənqid tonunda fikirlərimi deyirdim. Gördüm, deyəsən bir az dərinə getmişəm. Tez İlya Cavcavadzedən mövzuya uyğun gələn bir sitat gətirib, tənqidimi legitimləşdirdim. Yəni, “beni ... edin, Dadaloğlu söylemiş”. Vəziyyət çox asanlıqla düzəldi. İlya Cavcavadzenin adını çəkməyim onlara çox yaxşı təsir göstərdi. Sözlərimə haqq qazandırdılar. Dedilər, düz deyirsən. Biri də qayıdıb dedi ki, yazıq Cavcavadze nə qədər əlləşdi, bizi düzəldə bilmədi.

Gürcülərin ədəbiyyatlarından, kinolarından az-çox xəbərdar olmağım işimə çox yarayıb. Bunun sayəsində bir çox məkanlarda müxtəlif adamlar tərəfindən diqqət görmüşəm. Bu barədə xeyli əhvalatlar yaza bilərəm. Sadəcə, uzunçuluq eləməyə lüzum yoxdu. Qanan adamlar bildilər, nə demək istəyirəm. Qanmayanlar üçün isə nə yazırsan yaz, yenə də xeyri yoxdu. Bu mövzuda yaxşı bir söz var: "Necədir, qanmayam, qalasan yana-yana".

Hə, gürcülərin ədəbiyyatları haqqında danışanda çox sevinirlər və bu da normal hissdir. Deyə bilmərəm, bu fənd hər zaman keçərli olub. Hər zaman keçərli olmaması da normal haldır. Söhbət bir ölkəni, bir xalqı tanımaqdan və bir ölkəni, bir xalqı tanımaq üçün ədəbiyyatın çox gözəl bir vasitə olmasından gedir. Gürcüləri qoyaq kənara. Avropa xalqlarının nümayəndələri ilə də onların ədəbiyyatlarından danışanda canlı ünsiyyət yaranır.

Bir norveçli ilə Knut Hamusunun yaradıcılığı haqqında xeyli söhbət etdim. Hamsunun yaradıcılığından geniş tanış olmağım adama xoş gəlmişdi. Amma axırda qanını qaraltdım. Daha doğrusu, kədərləndirdim. Danışdım, danışdım, təriflədim, təriflədim.... "Misteriyalar"dan, "Torpağın bərəkəti"ndən girib, "Aclıq"dan, Hamsunun qəddar, hətta dəhşətli dərəcədə qəddar "Cənub ulduzunun kapitanı" hekayəsindən çıxdım. Hamsunu bir yazıçı kimi qaldırıb, qoydum dağın başına.

Sonra da kədərlə dedim: "Heyif ki, bu cür dahi yazıçı faşizm kimi zəhərli bir ideologiyanın təsiri altına düşmüşdü..." .

Bir dəfə də bir polyakla Vitold Qambroviç haqqında söhbət edirdim. Ümumiyyətlə, Qambroviç çox mistik yazıçıdı. Nə vaxt bu yazıçı haqqında bir yazı oxuyuramsa, sabahısı, ya da birisi günü qarşıma polyak çıxır. Bu da heç. Olan şeydi. Ən maraqlısı odur ki, Qambroviçi oxuyandan sonra qarşılaşdığım polyaklar ədəbiyyat oxuyan, ədəbiyyat sevən polyaklar olurlar. Dəfələrlə bu hal təkrarlanıb. Dəfələrlə...

Qambroviçin “Kosmos” romanını oxumuşdum. Elə sabahı günü bir polyakla tanış oldum. Qambroviç haqqında çoxlu söhbət elədik. Şərqi Avropa xalqlarının nümayəndələri Qərbi Avropa xalqlarının nümayəndələri ilə müqayisədə bu kimi söhbətlərə daha həssasdırlar. Söhbət zamanı dedim ki, polyaklar zamanında bu yazıçını başa düşmədilər. Adam bunun cavabında çox təsirli bir cümlə dedi. Dedi ki, mən buna görə xəcalət çəkirəm. Bu sözdən çox təsirləndim. Çünki o, həqiqətən də bu sözü deyərkən çox səmimi görünürdü. Keçək üçüncü əhvalata. 

(Üçüncü əhvalat)

Dörd-beş ay bundan əvvəl bir gənc siyasətçi ilə söhbət edirdim. Onun adını çəkməyəcəm. Yaxşı deyil. Uzaqbaşı bir-iki əlamətini yaza bilərəm. Bu adamın seminarlarda, konfranslarda üzünə müdrik ifadə verib sözləri uzadıb ağıllı-ağıllı danışmağı var. Arada yazılar da yazır. Yazılarında tolerantlığı təbliq edir. O elə bilir ki, yazının yumşaq yazılması müəllifin tolerantlığının göstəricisidi. Yazı nə qədər yumşaq yazılsa, yazının mövzusu reallıqdan nə qədər uzaq olsa, müəllif bir o qədər tolerant, ağıllı, mərifətli, intellektual görünəcək.

Bizdə belə adamlar çoxdu. Belə oxucular da çoxdu. Həqiqətən, özlərinə qəşəng bəhanə tapıblar. Afərin. Yaxşı qurub-quraşdırıblar. Əjdahadılar, vallah. Belə söhbətlərdə başları əla işləyir. Ciddi surətdə öz heyranlığımı bildirirəm. Çox güclüdürlər. Bu gənc siyasətçi siyasi mezmunlu gelecek planlarından həvəslə, iştahla danışırdı. Onun danışdıqları mənə absurd görünməyə başladı. Çünki adam danışdıqca görürdüm ki, bu adam yaşadığı ölkədən, mənsub olduğu xalqdan xəbərsizdir.

Adam öz gələcək siyasətlərindən, planlarından danışdığı zaman, araya salıb: "Bunların hamısı çox gözəl arzulardı, amma biz gərək meymunu yada salmayaq" cümləsini işlətdim. Adam dayandı və dedi: "bu nə deməkdir? Bunun məsələyə nə dəxli var?" Başa düşdüm ki, nə demək istədiyim, bu sözün hardan gəldiyi adama məlum olmadı. Əgər bu gənc siyasətçi trenajor zalında əzələlərini şişirtmək əvəzinə, gedib zəhmət çəkib Axundovun pyeslərini oxusaydı, sözün hardan gəldiyini bilərdi. Daha mat-məəttəl üzümə baxmazdı. Pası tutardı. Sual oluna bilər, bəyəm Axundovun pyeslərini oxumaq vacibdirmi? Bəli, bir gənc siyasətçi üçün vacibdi. İndi isə bu üç əhvalatdan çıxara biləcəyimiz nəticələri yekunlaşdıraq.

(nəticə)

Ədəbiyyat niyə lazımdı? Bədii ədəbiyyatın verdiyi xeyir nədir? Biz niyə ədəbiyyat oxumalıyıq? Əslində, yuxarıda yazılan əhvalatlarda bu suallara cavablar verilib. Nədənsə, ədəbiyyatın lazımlılığı haqqında söhbət gedərkən ədəbiyyat əleyhdarları tez kainatın genişliyini, texnologiyanın inkişafını xatırlayırlar və bunlardan əks arqument kimi istifadə etməyə çalışırlar. Kainatın genişliyini heç kim inkar etmir. Lakin kainatın genişliyi, qalaktikalar, planetlər (bu mövzuda məlumatsızam, səhv buraxsam üzrlü hesab edin) bizim ən adi məişət qayğılarımızı unutdura bilmir.

Planetlər çoxdu, orda həyat var, yoxdur, gec-tez məlum olacaq. Amma yaz gəlir və mən yaz ayaqqabısı almağa məcburam. Kainatın genişliyindən iştahla danışanlar öz məişət qayğılarını da unutsalar, o zaman onların səmimiyyətinə inanmaq olar. Yaxınlara bir dostumuzla bu mövzuda yüngülvari mübahisə etdik. Kompüteri qoydu qabağıma. Bir video göstərdi. Dedi ki, bəy, bura bax, bu Yer planetidi. Gör, bizdən savayı nə qədər planetlər var. Sən də oturub, hekayə yazırsan. Doğurdan da, ekran göy cismləri ilə doluydu. Getdikcə də sayları artırdı.

Dedim, axı bunun məsələyə nə dəxli var? Niyə adama durduğu yerdə şər artırsınız? Kainat genişdir, başa düşdük, mənim ədəbiyyat söhbəti eləməyim, hekayə yazmağım bu genişliyin qarşısında çox lazımsız, əhəmiyyətsiz görünə bilər. Kainat genişdir, milyonlarla qalaktika var, onda sən də uşağına “pampers” alma. Axı, almaya bilməzsən? Uşağa denən ki, mənim balam, bilirsən kainat çox genişdi, biz çox balaca görünürük, ona görə də, sənə “pampers” almayacam. 

Bəzən insanlar izmlərlə silahlanırlar, siyasətə, sosiologiyaya, psixologiyaya və digər logiyalara aid akademik mətnlər oxuyurlar. Biz bu mətnlərin lazımlılığını heç də şübhə altına salmırıq. Xahiş edirəm, əsla belə başa düşülməsin. Sadəcə problem ondadır ki, adamlar oxuduqları akademik mətnlərlə həyat arasında, reallıqla körpü yarada bilmirlər. Burunlarının ucunda baş verən hadisələri görmürlər. Ona görə yox ki, bu hadisələr görünmür və yaxud onlar bu hadisələri görmək istəmirlər. Əsla. Ona görə ki, sadəcə görə bilmirlər. Hadisələrin həqiqi mahiyyətini dərk etmirlər.

Yaşadıqları ölkədən, mənsub olduqları xalqdan xəbərləri yoxdu. Bu səbəbdən hadisələrə, proseslərə yanaşma tərzləri səhvlərlə dolu olur. Fikirləri reallığı özündə əks etdirmir. Bəzən ağıllı başlı hesab elədiyin adamdan elə reallıqdan uzaq, elə absurd fikirlər eşidirsən ki, adamın matı-qutu quruyur. Düşünürsən axı yaşadığın ölkədən, mənsub olduğun xalqdan necə bu qədər xəbərsiz olmaq olar? Elə başa düşülməsin ki, burda məşğul olduğum sahənin vacibliyini, əhəmiyyətini sübut etmək istəyirəm. Ədəbiyyatın bu sübuta ehtiyacı yoxdu. Ən azı, o öz tarixi missiyasını şərəflə yerinə yetirib və yetirməkdədir. Sadəcə, ağıllı-başlı adamların çaşdığını görəndə adam pis olur.

Niyə çaşdıqlarını, hadisələrin həqiqi mahiyyətini niyə görə bilmədiklərinin səbəbini onlara deyəndə ədəbiyyatın rolunu qəbul etmək istəmirlər. Sanki onların qüruruna toxunurlar. Çox elə ədəbiyatın vecinədi. İtirən sənsən, ədəbiyyat deyil. Yaxşı bir atalar sözü var. Deyir, dalından küsən şalvarını batırar. Bu atalar sözü orjinalda daha konkretdir. Xeyli yumşaltdım və bununla da təsir gücü də xeyli azalmış oldu. 

Ədəbiyyatsız tarix, tarix deyil, rəqəmlərdən ibarət emosiyasız hadisələr yığnağıdı. Biz İkinci Dünya Müharibəsinə aid nə qədər tarixi kitablar oxusaq da, nə qədər sənədli filmlərə baxsaq da, ədəbiyyatsız bu müharibənin həqiqi dəhşətini təsəvvür edə bilmərik. Adamların taleləri, qorxuları, göz yaşları, ayrılıqları, vəhşilikləri, xeyirxahlıqları ilə tanış olmaq vacibdir. Bir insan rus ədəbiyyatını oxumasa, rus kəndlisinin inqilabdan əvvəl necə yaşadığını hardan biləcək? Bir insan rus ədəbiyyatını oxumasa, inqilabdan əvvəl rus fəhləsinin necə yaşadığını hardan öyrənəcək?

Düzdü, siz xeyli alternativ mənbələr göstərə bilərsiniz. Mənbələrin adını çəkib deyə bilərsiniz ki, bax, burda hər şey yazılıb. Filan ağanın filan qədər kəndlisi vardı. Bəs hisslər, bəs emosiya? Siz Çexovun “Mujiklər” hekayəsini oxumasanız o kəndlilərin həyatını necə hiss edəcəksiniz? Ədəbiyyat bizə müxtəlif dövrlərdə yaşamış insanların məişəti, arzuları, kədərləri, qorxuları, hətta yuxuları ilə tanış olmaq fürsəti tanıyır. Ədəbiyyat bizə bir dövrdə yaşayıb, tarixin bütün dövrlərinə aid olmaq, tarixin bir parçasına çevrilmək, tarixi hiss etmək, nəhayət, tarixdə ərimək (deyilənə görə fövqəladə bir hissdi) şansı verir.

Meydan.tv
Yuxarı