post-title

Qərbdə İslam, Şərqdə müsəlman

Belə bir söz var, “getdim qərbdə islam gördüm, müsəlman görmədim, şərqdə müsəlman gördüm, islam görmədim”. Bu söz indi söhbətlərdə, mübahisələrdə çox istifadə olunur. Bu sözü müxtəlif təbəqələrə mənsub adamların dilindən eşidirik. Bu mənada xalqın, müxalifətin və hakimiyyətin bir daha mövqeyinin bir olduğunu görürük. Ədalət naminə onu deyə bilərik ki, bu sözü daha çox vəziyyətlə barışmayan, reallığı həzm edə bilməyən adamlar istifadə edirlər. Deməli, onlar nizam-intizama, tərəqqiyə, təhsilə önəm verən adamlardır. Ən azı, fanatik deyillər. Sadəcə islam mədəniyyətinə mənsub olduqlarına görə, məğlubbiyyətlə barışmaq istəmirlər. Onlar şərq dünyasının bir zamanlar əldə etdikləri nailiyyətləri əzbərləyiblər. Hamısı təxminən bir valı fırladır. “Avropalılar yeməkdən əvvəl əl-üz yumağı səlib yürüşündən sonra öyrəniblər”, “şərqdə hamam olanda, nə bilim,  qərbdə adamlar çimmirdi” kimi əzbərlənmiş şüarlar səsləndirirlər. Bu şüarları işlədərkən onlar necə cığal və aciz göründüklərini hiss etmirlər.

Tam səmimi deyirəm, bu adamlara yazığım gəlir. Reallığı görməyən, reallığı hiss etməyən adamların halına acımaq lazımdır. İndisə, gəlin görək “qərbdə islam, şərqdə müsəlman” fikri hansı incəlikləri özündə əks etdirir. Deməli, adamlar bu sözü işlədərkən qərb sisteminin alternativsiz olduğunu etiraf edirlər. Bilirlər ki, Avropada əla bir intizam hökm sürür, Avropa mədəniyyəti güclüdür,  Avropada heyvana qoyulan hörmət şərqdə heç insana qoyulmur. Şərqdə insanın Avropanın bir pişiyi qədər hörməti yoxdur. Heyvanlar üçün keçidlər düzəldiblər. Şərqdə isə qara ciplər adamların üstündən o tərəf, bu tərəfə keçir. Adamın başın kəsib, futbol oynayırlar. Söz azadlığı yox, ifadə azadlığı yox, sərbəst toplaşmaq azadlığı yox, insanın bir qarışqa qədər hörməti və dəyəri yox…  Elə isə, bu adamlar niyə cığallıq edirlər? Avropanın texnologiyasından, maşınından, sabunundan, şampunundan, geyimindən istifadə etdikləri halda, bu məhsulları hazırlayan adamlara niyə şər və böhtan atırlar?

Bu yaxınlarda dostlar sosial şəbəkədə bir foto paylaşmışdılar. Blokun girəcəyində divara pul yapışdırılmışdı. Kimsə itirmişdi.  Tapan adam pulu divara yapışdırıb ki, yiyəsi görsə, götürsün. Hansı müsəlman ölkəsində o pul divarda qalardı? Adamlar məscidə girəndə ayaqqabılarını kuloka qoyub özləriylə gəzdirirlər, Allahın evində bir-birinə etibar etməyən adamlar, həyatın başqa sahələrində bir-birlərinə nə dərəcədə etibar edəcəklər? Niyə BMW, Mersedes sürdüyünüz halda, bu maşınları düzəldən adamlara şər atırsınız? Hə, tutaq ki, qərblilər hamamda çimməyi səlib yürüşündən sonra öyrəniblər. Nə dəxli var? Axı bu gün istifadə etdiyiniz ən keyfiyyətli məhsulların hamısı Avropa məhsullarıdır. Bu nə acizlikdir? İkincisi, “qərbdə islam, şərqdə müsəlman” ifadəsindən belə çıxır ki, nə vaxtsa tarixdə bu günkü Avropa tipində dövlətlər olub. Tarixi az-çox oxumuşam. Belə bir dövlətə rast gəlməmişəm. 

Ola bilsin ki, kimsə, hansısa şərq hökmdarı  ədalət nümayiş etdirsin, sadə həyat sürsün, dövlətin malına haram qatmasın, hər kəsin hüququnu qorusun. Amma daha oturuşmuş ədalətli sistem mövcud olmayıb. Adamlar öz arzularını tarix kimi danışırlar, keçmişlə yaşayırlar. Keçmişlə yaşayanın gələcəyi ola bilməz. Üçüncüsü, belə başa düşmək olar ki, islamın qanunlarına düzgün riayət olunsa, qərb kimi bir sistem qurmaq olar. Çünki özləri dedikləri kimi, “qərbdə islam var, müsəlman yoxdur”. Hamı bu sözü həvəslə işlədir. O zaman belə çıxır ki, müsəlmanların arasında sözü ilə əməli üst-üstə düşən adamların sayı azdır. Çünki  şərqdə müsəlman var, amma islam yoxdu.  Əgər müsəlmanların arasında sözü ilə əməli üst-üstə düşən adamların sayı çox olsaydı, şərqdə həm islam olardı, həm də müsəlman.

Lütfən, bu sözü işlətməzdən əvvəl düşünün. Bu söz sizin qarşınıza ən azı üç ciddi arqument çıxarır. Adamlar azadlıq yolunda inqilablar ediblər, qan töküblər, fırtınalar qopub, kilsəni ifşa edib, din xadimlərin yerində otuzdurublar, dini istismardan can qurtarıblar, ixtiralar ediblər, kəşflər ediblər, "Azadlıq, bərabərlik, qardaşlıq" qışqırıblar, azadlıq naminə qan su yerinə axıb… Adamlar bütün bunları ona görə etməyiblər ki, siz “qərbdə islam gördüm, müsəlman görmədim, şərqdə müsəlman gördüm islam görmədim” deyəsiniz. Ümumiyyətlə, başqasının zəhmətinə özünü şərik qoşmaq müsəlmanların qədim adətlərindəndir. İşləri gücləri ondan ibarətdir ki, oturub gözləsinlər, bir qərb alimi nəsə ixtira etsin, bunlar da desin ki bu ixtiraya, bu kəşfə hələ on dörd əsr əvvəl işarə vurulmuşdu. Əslində, isə problem müsəlman təqvimindədi. Bu təqvim həqiqi təqvimdi. Bu təqvim reallığı özündə əks etdirir.  Bu təqvimə görə hələ Volter, Russo anadan olmayıb, Böyük Fransa inqilabı baş verməyib, təyyarə, qatar, radio, televizor, komputer, mobil telefon kəşf olunmayıb. Ona görə müsəlmanlar çox vaxt bu kəşflərdən, tərəqqidən təyinatına uyğun istifadə etmirlər...   

Qərb haqqında asanlıqla danışan adamların qərb tarixindən, qərb ədəbiyyatından xəbərləri yoxdur. Avropa coğrafi məkan olmaqdan əlavə həm də  fikirdir, mədəniyyətdir. Bu mədəniyyətin alternativi yoxdur. Avropada yaşayıb, şərq mədəniyyəti üçün darıxanlar qərb mədəniyyətinin tarixindən, qərb ədəbiyyatından xəbərsiz adamlardır. Təkcə elə Fransa inqilabının tarixini bir balaca diqqətlə oxusalar, bir az ciddi olarlar, nə danışdıqlarına bir balaca fikir verərlər.

Adamlar özlərinə əziyyət verib dil öyrənmirlər, cəmiyyətə qarışmırlar və yolun asanınını gedərək milliliyə qaçırlar. Çünki Avropa həyatına qarışmaq böyük zəhmət tələb edir. Bunlar isə zəhmət çəkmək istəmirlər, ona görə ekzotikaya çevrilməyi daha üstün tuturlar. Muğam, dolma, xalça, meyxana, toyxana söhbəti edirlər.

Elbəyi Həsənli adında bir nəfər vardı,  İsveçrədə dini yönümlü bir davaya qalxmışdı.  Adama deyərlər ki, qardaş, sənə əgər azan lazım idisə, niyə Avropaya gedirdin, gedəydin Pakistana, İrana, Əfqanıstana, Suriyaya. Avropa Volter, Russo, Didro kimi nəhənglərin çiynində dayanıb. Servanteslə Füzulini muqayisə edin. Avropada fikir var, şərqdə isə söz oyunu, gül, bülbül, şam, pərvanə  hoqqabazlığı. Don Kixotun yanında Füzuli yaradıcılığı folklor, “hakışta, ay, hakışta”, yaxud, “oturmuşdum divanda, birdən qapı döyüldü” kimi görünür. “Don Kixot” əsərində mesajlar sonsuzdur. Bəşəriyyət inkişaf etdikcə, bu mesajlari daha aydın başa düşəcək. Füzulinin yaradıcılığı isə söz oyunundan savayı bir şey deyil. İspan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə çevrilmiş “Don Kixot” əsəri həssas oxucunu kədrləndirir, həyacanlandırır, düşündürür. Füzuli yaradıcılığı isə insana ümumiyyətlə yaxşı hec  nə vermir. Füzuli yaradıcılığı yalnız yarımqorxaq, yarımmüti, gücə boyun əyən, zəifə zülm edən, özündən bir pillə vəzifəlinin  qulluqunda dayanan, özündən balacaları basıb əzən adam yetişdirə bilər.  Adamlar üzə düşüblər. Təxminən beş il əvvəl  Füzuli haqında yazdığım məqalədən bərk əsəbləşən bir nəfər öz fikrini yolun ortasında mənə bildirdi. Gördüm adamın ümumiyyətlə Füzulidən xəbəri yoxdu. Dedim: “Bir qəzəl de Füzulidən”. Məlum oldu ki, adam Füzulinin heç bir misrasın da bilmir. Sadəcə eşidib ki, Füzuli dahidi, vəssalam. Daha araşdırmayıb ki, Füzuli niyə dahidi, niyə bu adama dahi deyirlər? Nəyə inandıqlarını, niyə inandıqlarını bilməyən adamların özünü dəyər sahibi kimi göstərməsi əsl karikaturadı. Qəzəblənmiş oxucuya Füzulidən bir iki qəzəl dedim. Dedim: “A kişi, mən Füzulidən heç olmasa bir iki qəzəl əzbərləmişəm, sən heç Füzulidən bir misra belə bilmirsən”.

Füzulinin “Leyli və Mecnun”u Şekspirin “Romeo və Culyetta”sının yanında  sadəcə “Yarpaq tökümü” serialı səviyyəsində bir poemadı. Məcnun Leyliyə: “get, sən o Leyli deyilsən!” dedi. Guya, sevgisini müqəddəsləşdirdi. Romeo isə öz sevgilisini görmək üçün balkona dırmaşdı. Bax, budu fərq. İndi bəzi insanlar əlini əlinə sürtərək deyəcək ki, müəllif Füzuli fəlsəfəsini başa düşməyib. Özləri özlərinə təsəlli verəcəklər. Mənə belə fəlsəfə lazım deyil. Şərq insanının beyni öz bakirəliyini itirməyib. Beyinin öz bakirəliyini itirməsi üçün kitablar, əsərlər, şəxslər tənqidə açıq olmalıdı. Daha yaziya gorə tutub adami krandan asmirlar, başın kəsmirlər,  vurub öldürmürlər. Əgər öz dəyərlərinə inanırlarsa, tənqidə icazə versinlər, görək bu tənqidlərdən sonra kim kimi sevecək. Yalnız ciddi tənqiddən sonra həqiqi sevgi ortaya çıxa bilər. Qorxu mühitində sevgi ola bilməz. Zorla sevgi olmur.   

Hələ ötən əsrin əvvəlində Taqor deyirdi ki, indi xalqların inkişaf dövrüdür. Yəni, utanmadan sivil xalqların mədəniyyətini bəşəriyyətin ortaq mədəniyyəti kimi öyrənmək, faydalanmaq, təyinatına uyğun istifadə etmək lazımdır. Bəzən deyirlər ki, yazarlar problemi göstərir, amma çıxış yolunu göstərmir. Yazarın işi problemi göstərməkdir. Lazım gələndə, dünya siyasətindən ekspert kimi danışırsınız, guya bilmirsiniz çıxış yolu nədir? Əgər şərq sizin üçün bu qədər qiymətlidirsə, əgər şərqi bu qədər sevirsinizsə, o zaman niyə müalicə olumaq üçün Avropaya gedirsiniz? Övladlarınızı təhsil almaq üçün Avropa məktəblərinə göndərirsiniz. Özünüzə lazım olanda nəyin düz, nəyin səhv olduğunu çox dəqiq müəyyən edirsiniz.  Çıxış yolunu tarix çoxdan göstərib. Mədəni xalqlardan yaşamağı, mədəniyyəti öyrənməlisiniz, oxumalısınız. Bu gün bir insanın özü özünü yetişdirməsi üçün hər bir şərait var. Adamlar iş yeri dedikləri yerlərdə, ofislərdə, mağazalarda saatlarla boş vaxt keçirirlər. Halbuki, öz səviyyələrini artırmaq üçün tarixi mövzuda sənədli filmlərə baxa bilərlər. Müharibələrin, inqilablarin  tarixi haqqinda hər cür filmlər var. Sadəcə internetdə axtarışa verib, baxmaq lazımdır. İsrafçılıq etmək lazım deyil. Bütün ölkə kreditin altında inləyir. Adamlar bir-birlərinin bəhsinə kredit götürərək mebel, maşın bər-bəzək alıblar. Çıxış yolu Volterin “Kandid” əsərində dəqiq göstərilib.

 

Ümumiyyətlə, Volter əjdahadır!

Seymur Baycan

Meydan.tv
Yuxarı