post-title

Günahkarlar

Bəhslə Həccə gedən, yollarda sərgərdan olar”
(Azərbaycan atalar sözü)


Günahkarlarımız vardır. Xüsusən də son iki yüz ildə. Birinci olaraq Mirzə Şəfi Vazehdən başlamaq lazımdır. 
A kişi, sənin nəyinə gərəkdir kim gedib mollalıq edəcək, riyakar olacaq, nə bilim nə zad olacaqdır? Sənə uşaq tapşırıblar, zəhmət çək, repetitorluğunu elə, pulunu al. Yox, əşi, bu gərək camaatın uşağına yol göstərsin...

İkinci günahkar elə həmin yolunu azmış uşaqdır ki, böyüyüb Mirzə Fətəli Axundov olaraq tanınıbdır. Bu da götürüb teatrı olmayan xalq üçün tamaşa yazıbdır. Tamaşa cəhənnəmə e, təsəvvür elə, bayırda camaat it boğuşdurub, xoruz dalaşdırmaqla gününü yola verir, bu isə fəlsəfi traktat yazıbdır! Ağlasığmazdır. Bu cür biabırçı adam imiş. Bəlkə də “günahlarımızın atası” adlandırsaq, yanılmarıq.

Sonra gəlir Həsən bəy Zərdabi adında bir kişi ki, ixtisasına uyğun olaraq aran rayonlarımızda pambıq əkib qoyun saxlamaq yerinə qəzet çıxardıbdır. Tamaşa səhnəyə qoyubdur. Kitab yazıbdır. Nə bilim, daha nə pis işlər görübdür. Heç dəxli var? Bunun yol göstərəni Axundov olmasa bəlkə də Mətbuat Şurası yaradıb bəy kefində yaşayardı. Adamı pozan pozmasın e...

Mirzə Cəlil adında da biri olub. Satirik jurnal buraxıb, millətin əyər-əskiyini göstəribdir. O vaxt jurnalda karikaturalar çıxırmış, bir nəfər, deyəsən, Əbdürrəhim bəy Haqverdiyev xatirələrində yazır ki, çox adam “Molla Nəsrəddin” jurnalındakı karikaturaların şişirtmə obrazlar, rəssamın komik fantaziyalarının məhsulu olduğunu zənn edir, əslində isə həmin şəkillər küçədən keçən real adamların şəkliydi! Necə gözəl zamana imiş! İndi adamları da üzdən tanımaq olmur. 

Dörd arvad alıb şəbeh çıxartmaq yerinə gör nə çirkin işlər tutubdur. Öz yurduna “Danabaş kəndi” deyən vətən xainindən nə gözləyəsən? Tərbiyəmizi pozub əməllicə. Biz elə bu Mirzədən sonra başlamışıq hər yerdə nöqsan aramağa. Halbuki müsbət şeyləri görməliyik. Həyat ağ-qara rəng deyil, boz da var. Bunlar yeyib doyublar. Əsas can sağlığıdır.

Üzeyir Hacıbəyovunu, Mirzə Ələkbər Sabirini, canım sənə desin, bir neçə nəfər də belənçik ədəbi-bədii günah yiyələrimizi sıralaya bilərik. Ancaq bəsdir, keçək siyasi günahkarlara.

Bunların da başında gəlir Məhəmməd Əmin Rəsulzadə. Deyən gərək, sənin nəyinə lazım müstəqil dövlət?! Rusa tabe olmaq pis idimi? Yenə arada Nataşanı qucaqlayırdıq, indi acından ölürük. Stalin kimi adam bunu yanına aparıb, deyib, gəl, bir qismət çörək verim, yaşa, ancaq fors atıb, qaçıb gedib xaricə. Deyib, mənim ailəm bütün Azərbaycandır. Hökumət də ailəsini sürgündə qırıbdır, əcəb eləyibdir. Adama arvad-uşaq qalır, milləti neynirsən? El üçün ağlayan gözlər oftalmologiyamıza müraciət edirlər.

Hələ bu Məhəmməd Əminin bir baş naziri olub, Nəsib bəy Yusifbəyli adında, təsəvvür elə, atası buna yazırmış ki, ailəni dolandırmağa pul göndər, baş nazirsən. Rəhmətliyin oğlu, kim olsa basıb yeyərdi kabineti. Hətta qışda təzə xiyar da yeyərdi Artur müəllimin acığına. Bunlar isə bizə təzə dəb öyrədiblər. Xalqı fikirləşiblər.

Nə qədər hesablasan, belə adamların sayı tariximizdə beş-on min nəfəri keçməz. Ancaq günahları, ziyanları 10 milyona bəs edir. Hər dəfə yadımıza düşürlər, ürəyimizi bulandırırlar, yaşamağa qoymurlar. Yoxsa ki, buranın tipik müsəlman şərq dövləti olmasını hamımız bilirik. Burda dövlət quruluşunun təbii halının demokratiya yox, monarxiya olması hamımıza aydındır. Bizə uyğunu budur. Burda yaşamağın yolu əyilməkdən, yaltaqlıqdan, yalandan, zülmdən keçməlidir.

Adını çəkdiklərim tipində beş-on adam isə bizi azdırır. Günah onlardadır. Kaş siz olmazdınız, elə rahat yaşayardıq...

Zamin Hacı

Musavat.com
Yuxarı