post-title

Mario Vargas Lyosa: “Yazıçıların siyasətə qarışması vacibdir” (Müsahibə, 2-ci hissə)


Memorialist Pedro Navar qəhrəmanlarının üz cizgilərini, saçlarını, geyimlərini təsvir edəcək qədər uzağa getmişdi. Siz nə vaxtsa belə bir şey etmisinizmi?

Yox, ancaq müəyyən vəziyyətlərdə səhifələrlə bioqrafiya düzüb-qoşuram. O qəhrəmanı necə hiss elədiyimdən asılıdır. Bəzən onlar mənə visual olaraq görünsə də, mən həm də onları özlərini necə ifadə etdiklərinə və ya onları əhatə edən hadisələrə münasibətlərinə görə müəyyənləşdirirəm. Bəzən isə qəhrəman fiziki xüsusiyyətləri ilə müəyyənləşir ki, oturub kağıza qeydlər eləməli olursan. Ancaq roman üçün götürdüyün bütün qeydlərə baxmayaraq, fikirləşirəm ki, sonda işə yarayanlar yaddaşın seçib saxladığı şeylər olur. Sona nə qalırsa, ən vacibi də odur. Buna görə heç vaxt təhqiqat ekspedisiyalarına özümlə kamera götürmürəm.


Deməli, müəyyən müddətə sizin qəhrəmanlarınız bir-biri ilə əlaqəli olmur? Hər birinin öz şəxsi tarixçəsi olur?

Başlanğıcda hər şey elə soyuq, elə suni və ölüdür ki. Hər bir qəhrəman ünsiyyət və münasibətlərə başladığı vaxt, tədricən hər şey canlı olmağa başlayır. Artıq hekayədə təbii şəkildə mövcud olmağa başlamış o canlı xəttləri kəşf elədiyin o məqam: bu çox gözəl və heyrətamizdir. Ancaq o ana qədər bu işləmək, işləmək və daha çox işləməkdən başqa bir şey deyil. Görünür, gündəlik həyatda boşluq dolduran və ya ehtiyacı qarşılayan müəyyən adamlar, müəyyən hadisələr var. Birdən sən üstündə işlədiyin iş üçün nəyə ehtiyacın olduğunu başa düşürsən. Real adamın təqdimatı heç vaxt həqiqi deyil, o həmişə dəyişdirilir və saxtalaşdırılır. Ancaq bu cür qarşılaşma hər şeyin onu daha da qidalandırdığı, hekayənin daha təkmilləşmiş formaya çatdığı mərhələdə baş verir. Bəzən bu tanıma kimi bir şeydir: hə bax mən bu üzü axtarırdım, bu intanasiya, bu cür danışıq…

Digər tərəfdən də bəzən sən qəhrəmanlarına nəzarəti itirirsən. Mənim qəhrəmanlarım sırf rasional mülahizədən doğulmadığı üçün bu məndə daima baş verir. Onlar daha çox iş prosesindəki instinktiv təsirlərin ifadəsidir. Ona görə də, onlardan bəziləri dərhal daha çox əhəmiyyət qazanır və ya görünür öz özündən inkişaf edir. Digərləri isə hətta onlarla başlamaq nəzərdə tutulmamışdısa da, arxa plana göndərilir. İşin ən maraqlı yeri bəzi qəhrəmanların onlara daha çox yer verilməsini tələb etdiyi, hekayəninsə sənin poza bilmədiyin öz qanuna ilə idarə olunduğunu hiss elədiyin vaxtdır. Məlum olur ki, müəllif qəhrəmanları qəlibə sala bilməz, çünki artıq onların müəyyən özünüidarə azadlığı var. Ən heyrətamiz məqam, yazdıqlarında həyatı, varlığı ilə barışmalı olduğun canlılığı kəşf elədiyin andır.


İşlərinizin çoxu könüllü mühacirət dediyimiz müddətdə, Perudan kənarda yazılıb. Siz bir dəfə demişdiniz ki, Viktor Hüqonun öz ölkəsindən kənarda yazması faktı "Səfillər" romanını daha möhtəşəm edib. Reallığın baş gicəlləndirməsindən kənarda olmaq həmin reallığı yazmaqda müəyyən mənada bir üstünlükdü. Siz reallığı başgicəllənmənin səbəbi hesab edirsiniz?

Bəli, o mənada ki, heç vaxt mənə yaxın olan şey haqqında yaza bilməmişəm. Yaxınlıq mənə azad şəkildə işləməyə imkan vermədiyi üçün mane olur. Reallığı transformasiya etməyə, qəhrəmanları dəyişməyə, onları başqa cür hərəkət etdirməyə yaxud hekayəyə şəxsi element, tamam sərbəst şeylər əlavə etməyə özünə icazə verməkdən ötəri lazımı qədər azad işləmək bacarığı çox vacibdir. Bu çox zəruridir. Yaradıcılıq dediyimiz şey də budur. Mənə elə gəlir ki, reallığın sənin qarşında olması müəyyən mənada əngəldir. Mənim həmişə məsafə və zamana ehtiyacım var. Bu mənada mühacirət çox faydalı oldu. Ona görə mən özümü dissiplinə öyrətdim. Başa düşdüm ki, yazmaq iş və daha çox öhdəlikdir. Məsafə həm də ona görə faydalı oldu ki, mən nostalgiyanın yazıçı üçün lazımlı olduğuna inanmışam. Ümumiləşdirsək, mövzunun yoxluğu yazıçının yaddaşını gübrələndirir. Məsələn “Yaşıl ev”dəki Peru təkcə reallığın təsviri deyil, ondan mərhum olmuş, həm də eyni zamanda onu dəhşətli dərəcədə arzulayan adam üçün nostalgiya mövzusudur. Eyni zamanda fikirləşirəm ki, məsafə faydalı perspektiv də açır. Bu bizi dolaşdıran, qarışıq reallığı saflaşdırır. Əhəmiyyətli və ikinci dərəcəli olan arasında seçim etmək və fərqləndirmək həqiqətən də çox çətindir. Məsafə fərqləndirməni mümkün edir. O əsas olanla keçici olan arasında lazımı iyerarxiyanı yaradır.


Bir neçə il qabaq yazdığınız bir yazıda qeyd edirsiniz ki,ədəbiyyat bir ehtirasdır və bu ehtiras müstənsa bir şeydir, o səndən qurban verməyini tələb edir, özü isə heç bir qurban vermir. “Başlıca vəzifə yaşamaq yox, yazmaqdır” fikri mənə portuqal şair Fernando Pessoa-nın yazdığı “Vacib olan yaşamaq deyil, yol göstərmək, arxanca aparmaqdı” fikrini xatırladır.

Vacib olan yaşamaq deyil, yazmaqdı da deyə bilərsiniz… İnsanların məni daha yaxşı başa düşməsi üçün haqqımda bəzi şeylər danışmağıma ehtiyac var. Ədəbiyyat mənim üçün lap uşaqlıqdan çox vacib olub. Məktəb illərində çoxlu oxumağıma və yazmağıma baxmayaraq bir gün özümü tamamilə ədəbiyyata həsr edəcəyimi heç vaxt ağlıma gətirməmişdim, çünki bu o dövr Latın amerikalısı, xüsusilə bir perulu üçün olduqca təmtəraqlı bir şey idi. Özümə başqa yol seçmişdim. Hüquq oxuyub sonra professor və ya jurnalist olmağı planlayırdım. Qəbul etmişdim ki, mənim üçün vacib olan şey sonradan da olsa reallaşacaqdı. Ancaq universiteti bitirib təqaüdlə Avropaya gedəndən sonra başa düşdüm ki, əgər mən belə fikirləşməyə davam eləsəm heç vaxt yazıçı ola bilməyəcəm, çıxış yolu ədəbiyyatın mənim üçün həvəs yox peşə olacağını rəsmi şəkildə qərarlaşdırmaq olmalıdır. Bununla da mən özümü tamamilə ədəbiyyata həsr etməyə qərar verdim. Bunun üçün maddi durumum yaxşı olmadığından, yazmağa mənə vaxt verəcək, həm də heç vaxt prioritetə çevrilməyəcək iş axtarmağa başladım. Başqa sözlə yazıçılıq sənətimə uyğun iş axtarırdım. Fikirləşirəm ki, o qərar həyatımda dönüş nöqtəsidir, çünki həmin andan mən özümdə yazmaq üçün güc tapdım. Psixoloji dəyişiklik baş vermişdi. Buna görə də ədəbiyyat mənim üçün sənət olmaqdan daha çox, ehtiras və şövqdür. Sözsüz, bu sənətdir, yəni mənim dolanışığım bundan çıxır. Ancaq bu belə olmasaydı da, yazmağa davam edəcəkdim. Ədəbiyyat “modis vivendi”-dən (yaşam tərzi) daha artıq bir şeydir. Mən yazıçının özünü tamamilə öz işinə həsr etməsinin, başqa mülahizələri nəzərə almaqdansa hər şeyi ədəbiyyatın xidmətinə vermə seçiminin vacibliyinə inanıram. Bəzi insanlar bunu məcburi və ya dekorativ fəaliyyət, başqa şeylərə həsr olunmuş həyat kimi bir şey hesab edir və ya ona güc və prestij qazanmaq yolu kimi baxır. Belə hallarda bloklanma baş verir, ədəbiyyat sənə azad, cəsarətli və original yazmağa imkan verməyərək öz intiqamını alır. Məhz buna görə, hesab edirəm ki, özünü ədəbiyyata tamamilə həsr etmə çox vacibdir. Mənim məsələmdə qəribə olan o idi ki, əvvəldə bu qərarı verdiyimdə mən elə bilirdim ki, özümə ağır həyat seçirəm, çünki heç vaxt düşünməzdim ki, ədəbiyyat məni kifayət qədər, özü də yaxşı yaşadacaq. Bu sanki bir möcüzədi. Mən hələ də tam olaraq bunu aşa bilməmişəm. Yazmaq üçün özümü vacib olan heçnədən mərhum etməli deyildim. Avropaya getməmişdən əvvəl Peruda yaza bilmədiyim, əsəbi və özümü bədbəxt hiss etdiyim vaxtları xatırlayıram. Çox gənc yaşda evlənməli olmuşdum və ona görə də hər nə iş olursa olsun işləmək məcburiyyətində idim. Əlbəttə ki, praktik cəhətəndən yazmağım mümkün deyildi. Bazar və bayram günləri yazırdım, qalan vaxtım isə ədəbiyyatla heç bir əlaqəsi olmayan cansıxıcı işlərə həsr olunurdu və bu da məni çox məyus edirdi. Bu gün yuxudan oyanıb həyatımı mənə ən çox ləzzət verən şeyə həsr edə bildiyimə və daha yaxşı yaşadığıma görə məmnunluq duyuram.


Ədəbiyyat sizi varlandırdı?

Yox, mən varlı biri deyiləm. Əgər siz yazıçının gəlirini hansısa şirkət rəhbərinin, hansısa sahədə özünə ad qazanmış şəxsin yaxud da Peruda teodorun və ya hansısa atletin qazancı ilə müqayisə etsəniz görərsiniz ki, ədəbiyyat hələ də az gəlirli iş olaraq qalır.


Bir dəfə xatırlayırdınız ki, Heminquey yeni kitabı bitirəndən sonra özünü boş, kədərli və eyni zamanda xoşbəxt hiss edib. Bəs sizdə necə olur?

Tamamilə eyni şeylər. Romanı bitirəndə bir boşluq, halsızlıq hiss edirəm, çünki o mənim bir parçama çevrilmiş olur. Alkaqolikin içkini tərgitdiyi kimi, özümü ondan mərhum edilmiş hiss edirəm. Bu təkcə yardımçı bir şey deyil, həyatın özü qəfildən əlimdən qoparılır. Çıxış yolu dərhal özümü yeni işə həsr etməkdir ki, bu da elə də çətin deyil, çünki həmişə etməli olduğum yüzlərlə iş var. Ən kiçik fasilə vermədən yenidən işə qayıtmalıyam ki, bitmiş kitabla sonra gələn kitab arasındakı boşluğun daha da dərinləşməsinə imkan verməyim.


Əsərlərini bəyəndiyiniz yazıçıların adını çəkdik. İndisə gəlin sizin əsərləriniz haqqında danışaq. Dəfələrlə demisiniz ki, “Dünyanın sonu müharibəsi” sizin ən yaxşı kitabınızdır. Hələ də belə fikirləşirsiniz?

Bu əsər ən çox əmək sərf etdiyim, özümü ən çox həsr etdiyim kitabımdır. Onu yazıb qurtamağa 4 il sərf eləmişəm. İlk dəfə öz ölkəmdən tamamilə fərqli bir ölkə, aid olmadığım dövr haqqında yazdığıma və kitabın yazıldığı dildə danışmayan qəhrəmanlarla işlədiyimə görə çox böyük araşdırmalar etməli, olduqca çox oxumalı və böyük çətinliklərdən keçməli oldum. Ancaq bu hekayə qədər məni həyəcanlandıran hekayə olmayıb. Hekayə haqqında oxuduqlarımdan başlayaraq Şimal Şərqə olan səfərimə qədər hər şey məni valeh edib. Buna görə o kitaba qarşı müstəsna hisslərim var. Bu mövzu həm də mənə həmişə yazmaq istədiyim macəra romanı yazmağa imkan verirdi: yalnız uydurma macəra deyil, həm də tarixi və sosial problemlərlə əlaqəli olan bir roman. Ona görə mən Müharibənin sonu romanımı ən yaxşı romanım hesab edirəm. Əlbəttəki, bu cür qiymətləndirmə çox subyektivdir. Müəllif bu cür qiymətləndirmə etmək üçün, romanlarını kifayət qədər obyektiv görə bilmir. Bu roman öhdəsindən gəlmək istədiyim dəhşətli çətinlik idi. Başlanğıcda mən çox əndişəli idim. Nəhəng araşdırma materialı başımı gicəlləndirmişdi. İlk qaralamam çox böyük idi, romandan iki dəfə böyük. Öz-özümə soruşurdum ki, bu qədər səhnəni, minlərlə kiçik hekayəni necə əlaqələndirəcəm. İki il nigarançılıq içində oldum. Sonra mən Şimal Şərqə, Sertao boyunca səyahət elədim və bu dönüş nöqtəsi oldu. Artıq ümumi planı qurdum. Əvvəlcə araşdırma materialları əsasında hekayəni təsəvvür etmək sonra isə səyahət etmək istəyirdim. Səyahət bir çox şeyi təsdiqlədi və başqa şeylər haqqında ideyalar verdi. Xeyli sayda insan da mənə kömək etdi.

Əslində mövzu kitab üçün yox, film rejissoru Ruy Guerra üçün nəzərdə tutulmuşdu. O vaxt Paramaount şirkəti Parisdə mən tanıdığım bir nəfər tərəfindən idarə olunurdu. Bir gün məni çağırıb Guerra üçün çəkdikləri filmə ssnerari yazmağımı təklif elədilər. Onun “Zərif döyüşcülər” adlı filminə baxmışdım və o filmi bəyənirdim. Beləliklə Parisə gedib onunla görüşdüm. O nə eləmək istədiyini mənə izah elədi. O Kanudusdakı müharibə ilə bağlı fikrində olan hekayəni danışdı. Mövzu çox geniş olduğundan biz Kanudus haqqında yox, ancaq onunla əlaqəli bir şey haqqında film çəkdik. Kanudus müharibəsi haqqında heçnə bilmirdim, heç vaxt heçnə eşitməmişdim. Araşdırmağa, onun haqqında oxumağa başladım və ilk oxuduğum əsər portuqal dilində Euclides da Cunha-nın “OS Sertoes” əsəri oldu. Bu bir oxucu kimi həyatımda uşaqlıq dönəmində oxuduğum “Üç müşketyor” yaxud yeniyetməlikdə oxuduğum “Hərb və sülh, “Madam Bovari” “Mobi Dik” kimi ən böyük sehrlənmələrdən biri idi. Həqiqətən möhtəşəm bir kitab, vacib təcrübə idi. Mən valeh olmuşdum. O Latın Amerikanın yaratdığı ən gözəl əsərlərdən biri idi. Kitab bir çox səbəblərə görə, ancaq ən əsası “Latın Amerikanism” üçün dərslik rolu oynadığı üçün çox dəyərlidir. Sən ilk dəfə Latın Amerikasının nə olmadığını başa düşürsən. O özünün idxal cəmi deyi. O Avropa, Afrika, İspaniyadan əvvəlki Amerika yaxud yerli cəmiyyət deyil, ancaq eyni zamanda bütün bu elementlərin kəskin və bəzən zorakı formada birgə mövcud olduğu qarışıqdır. Bütün bunların yaratdığı dünyanı OS Sorteos kimi yalnız bir neçə əsər kifayət qədər intellekt və ədəbi cəlbediciliklə verə bilib. Başqa sözlə Dünyanın sonu müharibəsi kitabının mövcudluğunu həqiqətən də Euclides da Cunha borcluyam.

Fikirləşirəm ki, ona qədər Kanudus müharibəsi haqqında dərc olunmuş hər şeyi oxumuşdum. Əvvəlcə mən film sənayesinə xas problemlər səbəbindən çəkilməyən filmə ssenari yazdım. Layihə artıq ən son mərhələyə çatmış, çəkilişlər başlamışdı, ancaq bir gün Paramount qərar verdi ki, film çəkilməyəcək və o çəkilmədi. Ruy Guerra məyus idi, mənsə neçə vaxtdı məni özünə çəkmiş mövzu üzərində işləyə bilərdim. Beləliklə mən təzədən oxumağa və araşdırmalar eləməyə başladım və bir neçə kitabın yaratdığı entuziazm pik həddinə çatdı. Hər gün 10-12 saat onun üzərində işləyirdim. Hələ də Braziliyanın reaksiyasından narahat idim. Düşünürdüm ki, bu özəl işlərə qarışmaq hesab olunar, xüsusilə klassik braziliya yazıçısı mövzunu işləmiş olduqdan sonra. Kitaba bir neçə neqativ rəy var idi, ancaq ümumilikdə ictimaiyyət tərəfindən də alicənablıq və entuziazm ilə qarşılandı ki, bu da mənə xoş təsir etdi. Özümü əziyyətlərimə görə mükafatlandırılmış kimi hiss edirdim.


Kanudusla bağlı anlaşılmazlıq silsiləsi haqqında nə düşünürsünüz? Üsyançılar şeytanla mübarizə apardıqlarını düşündükləri halda, Respublikaçı partizanlar onlarda monarxiya və Britaniya imperializminin dirçəlişini görürlər. Bu ideologiya növlərinin metaforası adlandırıla bilər?

Əlbəttə, elə Kanudusu da Latın Amerikası üçün əhəmiyyətli edən budur, çünki reallığın fanatik vizionunun yaratdığı qarşılıqlı korluq bizə reallıq və theorik vizion arasındakı fərqi görməyə mane olur. Latın Amerikasının faciəsi ondadır ki, tarixin bir çox mərhələlərində bizim ölkələrimiz bölünmüş, vətəndaş müharibəsi içində olmuş, kütləvi repressiya və qarşılıqlı korluq nəticəsində Kanudusdakı qırğınlar kimi qırğına məruz qalmışdır. Kanudusun məni təəccübləndirmə səbəblərindən biri də, bu fenomenin burda olduğu kimi miniaturdə, kitabxanada da olmasıdır. Ancaq sözsüz ki, bu ümumi fenomendir: tariximizə son dərəcə ağır təsir etmiş dözümsüzlük və fanatizm. Məsih, sosialist və ya utopik inqilab yoxsa konservativlərlə liberallar arasında mübarizə olmasından asılı olmayaraq. Əgər iş başında ingilislər deyilsə o zaman Yanki imperialistləri, Masonlar və ya şeytandır. Tariximizə fərqli fikirləri qəbul etmə bacarıqsızlığımız öz damğasını vurub.


Bir dəfə yazmışdınız ki, bu roman qədər heç bir işiniz özünü romanın xəyali idealına təslim etməyib. Bununla nəyi nəzərdə tutursunuz?

Fikirləşirəm ki, roman bir janr kimi artığa, ifrata meyillidir. O genişlənməyə çox həvəslidi, süjet xərçəng kimi böyüyür. Əgər yazıçı romanın hər gedişini izləsə, onda o cəngəlliyə dönər. Bütün hekayəni danışmaq iddiası janrın xüsusiyyətidir. Həmişə inanmışam ki, hekayənin sonsuzluğa qədər davam etməməsi üçün onun kəsilməli olduğu məqam var, həmçinin fikirləşirəm ki, hekayəçilik həmin o ideal bütöv romanı yaza bilməkdir. Bu mənada ən uzağa getdiyim roman şübhəsiz Dünyanın sonu müharibəsi romanıdır.


”Mayta” və “Dünyanın sonu müharibəsi”ndə həqiqət haqqında bütün bacarığınızla yalan danışmaq istədiyinizi demişdiniz. Aydınlaşdıra bilərsiniz bunu ?

Nəyisə uydurmaq üçün həmişə hansısa konkret real faktdan başlamalıyam. Başqalarında necə olduğunu bilmirəm, ancaq mənə tramplin rolunu oynayacaq real fakt lazımdı. Ona görə də, mən reallığı yenidən olduğu kimi yazmamaq üçün araşdırır, hadisələrin baş verdiyi yerlərə səyahət edirəm. Bunun mümkünsüz olduğunu başa düşürəm. Lap mən istəsəydim də, bu o qədər yaxşı alınmaz, nəticə tamamilə fərqli bir şey olardı.


Maytanın sonunda hekayəçi bizə deyir ki, indi bar sahibi olan baş qəhrəman hekayəçi üçün çox vacib olan hadisələri xatırlamaqda çətinlik çəkir. Bu həqiqətən baş verib? O adam həqiqi obrazdı?

Bəli o, tam kitabın ortaya qoyduğu kimi olmasa da real obrazdı. Mən çox şeyi dəyişdirib əlavə etmişəm. Ancaq o əsasən bir vaxtlar Trotskiçi hərbçi olmuş və dəfələrlə həbs olunmuş bir nəfərdən bəhs edir. Axırıncı hissə haqqında bu ideyaya onunla danışdığım zaman gəldim. Ömrünün çox vacib hesab etdiyim dövrünün, rəgnarəng həyatındakı digər baş verənlər içində onun üçün ikinci dərəcəli hadisəyə dönüşməsi məni çox təəccübləndirdi. Söhbətimiz zamanı hadisə haqqında ondan çox şey bildiyimi görmək qəribə idi. O müəyyən faktları artıq unutmuşdu və bəzi şeylərdən ümumiyyətlə xəbəri yox idi. Fikirləşirəm ki, sonuncu hissə çox vacibdir, çünki o kitabın bütün mənasını dəyişir.


“Julia xala və “Ssenaristdə” radio üçün seriallar yazan və bəzən öz süjetlərini qarışdıran Pedro Camacho haqqında danışın.

Pedro heç vaxt mövcud olmayıb. 50-ci illərdə radioda işləməyə başladığımda, Limadakı Mərkəzi Radio üçün seriallar yazan bir nəfəri tanıyırdım. O yazı makinası kimi funksionallaşmış real obraz idi: inanılmaz sərbəstliklə çətinki təkrar oxumağa vaxt tapdığı saysız hesabsız əhvalatlar yazırdı. O mənim çox xoşuma gəlmişdi, bəlkə də ona görə ki, o mənim tanıdığım ilk peşəkar yazıçı idi. Ancaq məni ən çox heyrətləndirən ondan burax kimi çıxan ucsuz-bucaqsız söz yığını idi. Onun kitabdakı Camachonun etdiyinin eynisi elədiyini görəndə mən ovsunlanmışdım. Bir gün onun yazdığı hekayələr üst-üstə düşməyə və bir-birinə qarışmağa başladı. Sonra radio stansiya qəhrəmanların bir hekayədən digər hekayəyə keçdiyi və s nizamsızlıqlar barədə xəbərdarlıq məktubları almağa başladı. Mənə Julia xala və ssenarist-in ideyasını verən məhz bu idi. Ancaq romandakı qəhrəman bir çox dəyişikliklərdən keçir. Onunla heç vaxt dəli olmayan real obraz arasında çox az oxşarlıq var. Məncə o radionu tərk elədi və istirahətə getdi… Sonluq romanda olduğundan daha az dramatik idi.


Romanda Camachonun serial qəhrəmanları sayaq gülməli həyat yaşayan, sizin personajınız olan Varguitas var. Bu mənada romanın meta-dili var deyə bilərikmi?

Bu hardasa düzdü. Julia xala-nı yazanda fikirləşirdim ki, Pedro Camachonun hekayəsini yazacam. Romanı yazmaqdaykən bir də baxdım ki, bu fikir oyunu kimi bir şeyə dönüşür və belə getsə o inandırıcı olmayacaq. Dediyim kimi, mənim bir realıq maniyam var. Beləliklə Pedro Camachonun absurd hekayəsinin əksinə qərara aldım ki, romanı reallığa bağlayan daha realist sujet yaradım. O dövrkü evliliyim özü bir növ serial olduğuna görə daha çox şəxsi həyatı ehtiva etməklə onu digər mövzularla qarışdıraraq fantaziya dünyası ilə hardasa dokumentalın qarşılığını yaratmağa ümid edirdim. İşi alındırmağa çalışma ərəfəsində onun mümkünsüz olduğuna, ədəbi əsər yazarkən qeyri-reallığın müəllifin iradəsinin ziddinə necəsə əsərə sızmasını başa düşdüm. Şəxsi hekayə də digərləri kimi qarışıq bir şeyə çevrildi. Dilin özünün reallığı dəyişmə bacarığı var. Yəni Varguitasın hekayəsi, içində avtobioqrafik elementlərin olduğu, köklü şəkildə dəyişdirilmiş hekayədir.


Son illərdəki bir neçə məqalənizdəki mülahizələriniz çox pessimist görünür. Məsələn 1982-ci ildə yazırsınız ki, “Ədəbiyyat siyasətdən daha önəmlidi. Yazıçılar yalnız siyasətin təhlükəli mövzularına qarşı gəlmək üçün siyasətə qarışmalı və özlərini onların yerinə qoymalıdılar”. Bu siyasətin proqresə çatmaq üçün nələrə səbəb olacağı barədə pessimist düşüncə deyilmi?

Mən onu demək istəyirdim ki, ədəbiyyat qalıcı dəyərlərlə daha çox əlaqəlidir nəinki siyasət: yazıçı ədəbiyyat və siyasəti bir-birinə tay tuta bilməz, xüsusilə əgər o yazıçı və ya siyasətçi olaraq uğursuz deyilsə. Biz unutmamalıyıq ki, siyasi hərəkət qısa, ədəbiyyat isə uzun vadəlidir. Sən kitabı yalnız bu gün üçün yazmırsan: əsərin gələcək üzərində təsirini görmək üçün zaman öz rolunu oynamalıdır. Bu siyasətdə belə deyil. Ancaq bunları deyərkən belə, özümü siyasi mühit barədə mühakimələr etməkdən, yazdıqlarımla hərəkətlərimi qarşılaşdırmaqdan saxlaya bilmirəm. Fikirləşirəm ki, mənim ölkəm kimi, sosial və iqtisadi vəziyyətin dramatik hal aldığı, ağır problemlərin olduğu yerdə yazıçı siyasətdən uzaq dura bilməz. Bu və ya digər yolla yazıçıların tənqid və təkliflərlə çıxış etməsi, öz təxəyyüllərindən yararlanıb, problemlərin həllinə töhvə verməsi çox vacibdir. Düşünürəm ki, yazıçıların – bütün sənətçilər kimi, onlar bunu hamıdan daha güclü hiss edə bilirlər – cəmiyyət və fərdlər üçün azadlığın vacibliyini göstərməsi çox mühüm məsələdir. Hakim olmasını istədiyimiz ədalət heç vaxt azadlıqdan ayrı olmamalıdır. İfrat soldan totalitarlar və ifrat sağdan irticaçıların bizdən tələb etdiyi kimi, azadlığın sosial ədalət və milli təhlükəsizlik adına müəyyən dönəmlərdə qurban edilməsi fikrini heç vaxt qəbul etməməliyik. Yazıçılar bunu yaxşı bilirlər, çünki onlar yaradıcılıq və həyatın özü üçün azadlığın nə dərəcə zəruri olduğunu hər gün hiss edirlər. Yazıçılar öz azadlıqlarını qanuni maaş və ya işləmək azadlığı kimi qorumalıdılar.


Yazdığınızdan siyasətin nələr edə biləcəyi haqqında pessimist görüşünə görə sitat gətirirdim. Yazıçılar müxaliflərinə qarşı çıxış edərkən özlərini məhdudlaşdırmalıdırlarmı?

Mən fikirləşirəm ki, yazıçıların siyasətdə iştirak etməsi, mühakimələr yürütməsi və ona qarışması çox vacibdir, ancaq bununla belə siyasətin onların fəaliyyət sahəsi olan, ədəbi mühitə soxulmasına və onu dağıtmasına imkan verməsinlər. Bu baş verəndə yazıçını məhv edir, onu adi propaqandaçıya çevirir. Ona görə də yazıçının öz fikrini ifadə etmək borcundan çəkinmədən siyasi fəaliyyətini məhdudlaşdırması vacibdir.


Necə oldu ki, siyasətə inanmayan bir insan birdən-birə 1990-cı ildə Peruda prezidentliyə namizəd oldu?

Ölkə bəzən fövqəladə vəziyyətə düşə, heç bir alternativi olmayan müharibəyə sürüklənə bilər. Hazırda Peruda vəziyyət kritikdir. İqtisadiyyat batır. İnflasiya ən yüksək həddə çatıb. 1989-cu ilin on ayında əhalinin alıcılıq gücü yarıya qədər azalıb. Siyasi zorakılıq ifrat hal alıb. Paradoksal olaraq bu dəhşətli krizisin ortasında demokratiya və iqtisadi azadlığa doğru dəyişiklik etmək şansı yaranır. Biz dövlət üçün Peruda 1968-ci ildən istifadə olunmuş kollektivist, sosialist model haqqında yenidən düşünməliyik. Liberal islahatlar və həqiqi bazar iqtisadiyyatı yaratmaq kimi son illər uğrunda çalışdığımız şeyləri bərpa etmək şansını əldən qaçırmamalıyıq. Peru iqtisadiyyatını başına almış krizisə görə məsul olan siyasi mədəniyyəti yeniləmək də həmçinin. Bütün bu səbəblər tərəddüdlərimi aşmaqda mənə kömək oldu və nəhayətdə sadəlövh xülya olan siyasi mübarizəyə qoşulmağıma şərait yaratdı.


Sizcə bir yazıçı kimi ən yaxşı xasiyyətiniz və ən böyük qüsurunuz nələrdi?

Məncə ən yaxşı xüsusiyyətim dözümlülüyümdür: son dərəcə çox işləmək və özümdən düşündüyümdən daha çox şey çıxarmağa qadirəm. Ən böyük qüsurum isə çox əziyyət çəkdiyim özünə inamsızlığımdır. Bir romanı yazmaq üçün 3,4 ilim gedir, onun da xeyli hissəsini özümə şübhələnməyə sərf edirəm. Heç cürə bunun öhdəsindən gələ bilmirəm və əksinə, mənə elə gəlir ki, getdikcə özümə daha çox tənqidi yanaşır və daha inamsız oluram. Bəlkə də buna görə şöhrətpərəst deyiləm, idrakım çox güclüdür. Ancaq bilirəm ki, ölənə qədər yazacam. Yazmaq mənim təbiətimdir. Həyatı işimə görə yaşayıram. Əgər yazmasam heç şübhəsiz ağlım başımdan çıxar. Daha çox və daha yaxşı kitablar yazmaq istəyirəm. Indi olduğundan daha maraqlı və gözəl macəralar olsun istəyirəm. Yaxşı illərimin geridə qalması ehtimalını qəbul etmək istəmirəm və lap bu sübütla üzləşsəm belə qəbul etməyəcəm.


Niyə yazırsınız?

Xoşbəxt olmadığım üçün yazıram. Ona görə yazıram ki, bu uğursuzluqla mübarizənin bir yoludur.

Tərcümə: Abzas.net
Yuxarı