post-title

Erix Fromm kitablarından 20 seçmə sitat


Erix From iyirminci əsrin ən tanınmış sosioloq, filosof və psixoloqlarından biri olub. O neofreydizm və freydmarksizimin öndə gələnlərindən biri kimi, ömrünü demək olar yalnız alt şüurun araşdırmasına həsr edib. Onun psixoanalizə həsr etdiyi kitabları artıq neçənci on illikdir ki, dünyada oxunmaqdadır. “Sevmə sənəti”, “Sahib olmaq ya mövcud olmaq”, “Azadlıqdan qaçış”, “İnsan özü üçün”, “İnsani dağıdıcılığın anatomiyası” kimi kitablar ən məşhurlarıdır. 

 
Erix Fromun iyirmi ən məşhur deyimi: 

 Biliyə sahib olub amma bunu nümayiş etdirməyən insan hər kəsdən yüksəkdir. Biliyə sahib olmayıb amma sanki biliyi varmış kimi bunu nümayiş etdirən isə xəstədir. (“Sevmə sənəti”)

Müasir insan düşünür ki, əgər sürətli hərəkət etməsə vaxt itirəcək, amma bunu etdikdən sonra qazandığı vaxtla nə edəcəyini bilmədiyindən onu öldürməklə məşğuldur. (“Sevmə sənəti”) 

Yetkinləşməmiş sevgi deyir: “Mən səni sevirəm, çünki sənə ehtiyacım var”. Yetkin sevgi isə deyir: “Mənim sənə ehtiyacım var, çünki səni sevirəm”. (“Sevmə sənəti”)

Sevgi – həyatla aktiv maraqlanmaq və sevdiyimiz şeyin inkişafında maraqlı olmağımızdı. Aktiv marağın olmadığı yerdə sevgi də yoxdur. (“Sevmə sənəti”) 

Eqoizm insanın özünü lazımınca sevməməsindən yaranır. Kim ki özünü sevmir, kim ki özünü təqdir etmir, həmin adam daima öz taleyi ilə bağlı tədirgin vəziyyətdə olur. Həqiqi sevgi və özünü qəbullanmanın baş verməsi üçün lazım olan özünə daxili inam bu tip insanlarda heç vaxt olmayacaq. Eqoist yalnız özü ilə məşğul olur, bütün enerjisini isə başqalarında olan şeylərin özündə də olması üçün xərcləyir. Çünki o daxili məmnuniyyətə nail ola bilməyib, daxili inamı olmadığı üçün o daima həm özünə, həm də ətrafına onlardan zəif olmadığını sübut etməyə çalışır. (“Azadlıqdan qaçış”)

Nə qədər qəribə olsa da, tənha qala bilmək sevmə bacarığı üçün əsas şərtdir. (“Sevmə sənəti”)

İnsan həyatın dramatizminə və ağrı-acıya ehtiyac duyur; və əgər o ən böyük uğurlarında məmnuniyyət tapmırsa, o zaman özü üçün dağıdıcı faciə yaradır (“İnsani dağıdıcılığın anatomiyası”) 

Müasir insan realistidir – hər bir avtomobil növü üçün ayrıca adlar uydurub amma ruhi-mənəvi sarsıntılarını ifadə etmək üçün cəmi bir sözdən, “sevgi”-dən istifadə edir. (“Sahib olmaq ya mövcud olmaq”) 

Hər bir yeni addımın uğursuzluqla nəticələnəcəyindən qorxduğu üçün insanlar azadlıqdan qaçır (“Sahib olmaq ya mövcud olmaq”)

Sevginin bəzi paradoksu da var: iki canlı bir olur amma eyni anda iki olaraq qalırlar. (“Sevmə sənəti”)

Biz bunu dərk edirik ya yox, amma biz özümüz özümüzdən imtina edərkən heç vaxt olmadığı qədər utanc hissi keçirdirik. Ən böyük qüruru, ən böyük xoşbəxtliyi isə tam azad və səmimi şəkildə hiss etdiyimiz və düşündüyümüzü ifadə etdikdə keçirdirik. (“Azadlıqdan qaçış”).

İnsan bir çox rola girə bilər və səmimi şəkildə bu rollardan hər birinin məhz onun özü olduğuna inana bilər. Əslində isə hər bir insan ətrafın ondan nə istədiyini özü özlüyündə düşünərək, rollara girir. Bir çox insanda, demək olar böyük əksəriyyətdə, həqiqi şəxsiyyət saxta şəxsiyyətlər tərəfindən boğulub, basdırılıb. (“Azadlıqdan qaçış”)

Qayğı və məsuliyyət sevginin əsas üzvləridir. Amma əgər sevdiyin insana hörmət etmirsənsə, və onu tanımırsansa o zaman sevgi hökmranlığa və sahiblənməyə çevriləcək. “(İnsan özü üçün”) 

Həyat və ölüm arasında seçim real olmaqdan daha çox xəyalidir; real insani seçim isə yaxşı və pis olan arasındakı seçimdir. (“İnsan özü üçün”)

Həqiqi istəklərimizi bilmək bir çoxlarının düşündüyünün əksinə elə də asan deyil; bu insanların qarşılaşdığı ən ciddi problemlərdən biridir. Biz ümumi standart məqsədləri şəxsi qəbul edərək, qızğın şəkildə bu problemdən yayınmağa can atırıq. (“Azadlıqdan qaçış”)

Öz şəxsi fikirlərimizi ifadə etmək hüququmuz o zaman mənalı olacaq ki, biz doğurdan da şəxsi fikirlərə sahib olmaq bacarığına sahib olacağıq. (“Azadlqdan qaçış”) 

Biz sevdiyimiz insanı öz şəxsi məqsədlərimiz üçün istifadə edə bilməyəcəyimiz anda sevgi yaranır. (“Sevmə sənəti”) 

Bizim cəmiyyət - xroniki bədbəxt olan insanlardan ibarətdir. Onlar tənhalıqdan, qorxulardan əzab çəkir, özlərini asılı və alçaldılmış hiss edir, dağıdıcılığa meyllidir, qazandığı zamanı “öldürə bildiyi üçün” məmnunluq duyur. (“Sahib olmaq ya mövcud olmaq”)

Boş söhbətlərdən uzaq olmaq nə qədər faydalıdırsa, eləcə də pis cəmiyyətdən qaçmaq o qədər xeyirlidir. “Pis cəmiyyət” dedikdə, mən yalnız pozğun insanların topluluğun nəzərdə tutmuram – onlarla ünsiyyətdən ona görə qaçmaq lazımdır ki, onların təsiri öldürücü və zərərlidir. Mən həm də “zombi” cəmiyyətləri nəzərdə tuturam. Bu topluluq fiziki olaraq mövcud olsa da, ruhən ölüdür. Onlar nə danışdıqlarını dərk etməyən, boş-boş danışan, başqalarını dayanmadan yamsılayan adamlardır. (“Sevmə sənəti”) 

 Həyatın mənası insanın ona hansı mənanı yükləməsindən asılıdır, başqa bir mənası yoxdur. (“İnsan özü üçün”)

Tərcümə: Emin Aslan
Eksmo.ru
Yuxarı