post-title

Elif Şafak: "Türkiyə zəif demokratiyanın ibrətamiz hekayəsidir"



«Bir zamanlar bu ölkə müsəlman mədəniyyəti, dünyəvilik və Qərb demokratiyasının birlikdə harmoniya təşkil edə biləcəyinin mümkünlüyünü göstərirdi. Ancaq artıq bu, belə deyil... Tarix göstərir ki, hakimiyyətin başdan-ayağa monopoliyalaşdırılması yalnız bədbəxtlik gətirə bilər. Bədbəxt dövlətlərdə isə sabitlik mümkün deyil», – tanınmış türk yazıçısı Elif Şafak «The WorldPost»a deyib.

«Ata və bic», «Ustam və mən», «Həvvanın üç qızı» kimi dünyada tanınan romanların müəllifi E.Şafak deyir ki, Türkiyədə bu yaz keçirilmiş referendumdan öncəki kampaniya «nə azad idi, nə də ədalətli». Onun sözlərinə görə, hökumət mediası gecə-gündüz «evet»çilərin mövqeyini təbliğ etdiyi halda, referendumda «yox» deyəcək insanlar bunu açıq deyəndə, sosial mediada trolların təzyiqlərinə məruz qalırdılar. Onlardan bəziləri hətta iş yerlərini itiriblər.

«HANSI AZAD REFERENDUMDAN SÖHBƏT GEDƏ BİLƏR?»

«Prezident Erdoğan-ın özü də daxil olmaqla, hakim AKP-nin rəhbər elitası dəfələrlə referendumda «yox» cavabı verənləri terrorçularla əməkdaşlıqda ittiham ediblər. Ona görə də, biz bu referenduma aparan qarışıq yolu anlamalıyıq. Türkiyə dünyada ən çox jurnalistin həbsə atıldığı ölkəyə çevrilib. Elm adamları sülh petisiyası imzaladıqlarına görə işdən qovulublar... Belə bir qorxu və təzyiq mühitində hansı azad, ədalətli və balanslı referendumdan söhbət gedə bilər?..

Bu referendumun Türkiyənin gələcək nəsillərinin həyatına nəhəng təsiri olacaq. Özü də Türkiyənin keçdiyi yol bütün regiona təsir edəcək. Belə bir irimiqyaslı qərarın yolu ədalətsiz, birtərəfli kampaniyadan keçib...

Referendum heç nəyi həll etməyib, olsa-olsa, mövcud mədəni və ideoloji parçalanmanı daha da dərinləşdirib. Heç bir milli konsensus, heç bir mədəni birgəyaşayış yoxdur. Təəssüf ki, müxalifətin arasında birlik də yoxdur. Türkiyə təkcə siyasi böhran yaşamır, həm də mövcudiyyət böhranı yaşayır. Bizim dövlətimiz ciddi kimlik böhranı keçirir», – yazıçı deyir.

KOLLEKTİV AMNEZİYA

E.Şafak Türkiyənin Avropa ilə münasibətlərinə də toxunub. «Unutmamalıyıq ki, Türkiyə həm də kollektiv amneziyadan əziyyət çəkən bir cəmiyyətdir. Ötən il Rusiya «düşmən» idisə, bu il «dostumuzdur». Cəmiyyətlər qeyri-sabit olanda, hisslərin və xarici siyasətin nə qədər sürətlə dəyişməsi insanı heyrətə gətirir. Erdoğan özünün qələbə nitqində ölüm hökmünün bərpasından söz açdı. Bu isə Avropa Birliyi ilə bağların qoparılması deməkdir. Bu gün Türkiyədə əsas diskursu islamçılıq, türk millətçiliyi və avroskeptisizm formalaşdırır», – o söyləyir.

Yazıçı Türkiyədə baş verənləri geriləmə və parlament demokratiyasının sonu hesab edir: «Bu həm də on illərlə davam etmiş qərbləşmə, dünyəvilik və modernləşmə ənənələrinin, Atatürk-ün müasir Türkiyəsinin sonu deməkdir. Prezident sistemini müdafiə edənlər məsələnin ciddiliyini azaltmaq üçün iddia edirlər ki, hər şey Fransa və Amerikadakı kimi olacaq. Ancaq olmayacaq. Çünki bizdə demokratiya mədəniyyəti yoxdur. Bizdə olan, sadəcə, demokratiyanın qəlibidir. Türkiyədə hakim elita anlamır ki, həqiqi, funksional və plüralist demokratiya üçün seçki qutusu kifayət deyil. Türkiyə ABŞ və Fransa ilə eyni nəzarət və tarazlıq sisteminə, hüququn aliliyinə, hakimiyyət bölgüsünə, azad və müxtəlif mediaya malik deyil».

«TÜRKİYƏ YAXIN ŞƏRQ ÖLKƏSİNƏ ÇEVRİLİR»

E.Şafak ötən ilin iyulunda Türkiyədə baş vermiş çevriliş cəhdini «demokratiyanın tabutuna sonuncu mismar» adlandırmışdı. «İndi biz Kafka dünyasına doğru gedirik», – o demişdi.

«Türkiyə sürətlə növbəti Yaxın Şərq ölkəsinə çevrilir və dünyəvi demokratiya yolundan uzaqlaşır», – yazıçı deyir.

«Ən çox narahatlıq doğuran odur ki, istər Şərqdə olsun, istərsə də Qərbdə demokratiya artıq prioritet deyil. Bizim bütün dünyada geriyə çevirməli olduğumuz trend budur. Biz necə edə bilərik ki, demokratiya yenidən prioritet olsun? İstəsək də, istəməsək də, on illərlə davam etmiş qloballaşmadan sonra indi hamımız bir-birimizə bağlıyıq. Məhz buna görə də, populist hərəkatların yükləndiyi «təcridçilik» realist yanaşma deyil. Sözsüz ki, populistlər bir-birinə baxıb daha da həvəslənirlər. Bir ölkədə demokratiyanın aşınması başqa bir ölkədə oxşar prosesə rəvac verir. Türkiyə dünyaya mühüm dərslər verməkdədir. Türkiyənin aqibəti bütün dünyaya demokratiyanın populist demaqogiya qarşısındakı zəifliyini göstərir», – E.Şafak deyir.

Azadliq.org
Yuxarı