post-title

Yazı yazmaqla yemək bişirməyin oxşarlıqları haqqında – Seymur Baycan

 
Bir tədbirdə iştirak etdim. Tədbirin təşkilatçıları iştirakçılara üstündə çəngəl-bıçaq rəsmi olan çeklər payladılar. Bu çeklərlə tədbir iştirakçıları axşam saat dörddən yeddiyə qədər vaxt arasında X. adlı restoranda yemək yeyə bilərdilər. Burda kiçik və o qədər də zəruri olmayan bir haşiyə çıxıb bildirmək istəyirəm ki, çəngəl-bıçaq rəsmi dünyada ən sevdiyim rəsmlərdən biridi. Çəngəl-bıçaq rəsmi tanıdığım və mənasını başa düşdüyüm yeganə yol hərəkəti nişanıdır. Maşınla yol gedirsən, gözünə çəngəl-bıçaq rəsmi sataşır. Bilirsən ki, 50 metr, 70 metr, 100 metr qabaqda yemək var. Həmin məkanda ayaq saxlamasan belə bunu bilməyin özü balaca lütf deyil. Həmin çəngəl-bıçaq rəsminin yerində kəllə-sümük rəsmi də ola bilər. Altından da “diqqət, diqqət, ərazi minalıdır” sözləri yazılar. Ümumiyyətlə, çəngəl-bıçaq rəsmi gözümə həmişə sabitliyin, sakitliyin, sülhün və əmin-amanlığın, bolluğun rəmzi kimi görünüb. Son illərdə restoran və kafelərin sayı artsa da təəssüf ki, çəngəl-bıçaq rəsmi xeyli azalıb. İndi daha çox lövhələrin üstünə restoranın adı yazılır və zahirən bizim aşpazlara oxşamayan aşpazların rəsmi çəkilir. İndi isə bu kiçik və zəruri olmayan haşiyədən sonra qayıdaq mövzumuza.
 
Saat beşə işləmiş üstündə çəngəl-bıçaq rəsmi olan çeklə gəldim X. adlı restorana. Restoran uca ağacların arasında, sakit bir yerdə yerləşir. Restoranın ofisiantları bəndənizi gülər üzlə qarşıladılar. Bu çox xoşuma gəldi. Əyləşmək üçün yaxşı bir yer göstərdilər. Bu da çox xoşuma gəldi. Qarşıma qalın bir menyu qoyuldu. Qaydaya görə bir salat, bir yemək, bir stəkan mineral su və bir qədəh şərab seçə bilərdim. Rus dilində menyu yox idi. Menyu ingilis dilində yazılmışdı. Menyunu vərəqlədim, orasına-burasına baxdım, bir şey başa düşmədim. Dirəniş göstərməyin, əbəs yerə əziyyət çəkməyin, vaxt itirməyin mənası yox idi. Ofisiantdan yemək seçməkdə yardım etməsini xahiş etdim. O, barmağını bir salatın və bir yeməyin üstünə qoydu. Dedi ki, bu çox dadlı salat və çox dadlı bir yeməkdi. Həmin yeməyin və salatın adının qarşısında mötərizə içində yeməyin və salatın tərkibi yazılmışdı. Çoxusunu başa düşməsəm də mötərizə içində yazılmış sözlərin sayı xeyli çox idi. Düşündüm ki, əgər yeməyin və salatın hazırlanmasında bu qədər şey istifadə olunubsa yəqin dadlı, maraqlı bir şey olmalıdır. Həm də ofisianta inandım və bunu açıq ifadə etdim. Dedim ki, sizin seçiminizə inanıram. Ofisiant təşəkkürün bildirib masadan aralaşdı. Bir azdan sifariş olunan yeməyi, salatı, bir stəkan suyu, bir qədəh şərabı təntənəylə gətirib masanın üstünə düzdü, nuş olsun deyib getdi. Suyu içdim. Əvvəlcə salatla məşğul olmağa başladım. Nə qədər axtarsam da salatın içində yeməyə bir şey tapmadım. Bir az təəssüfləndim. Şərabı içib yeməyə keçdim. Yeməkdən də rəsmən heç nə başa düşmədim. Ətrafa baxdım. Tərslikdən restoranda adam az idi. Ən yaxın masada yaşları ötmüş iki fransız qadın oturmuşdu. Onlar heç nə yemirdilər. Qırmızı şərab içə-içə söhbət edirdilər. Bir daha yeməkdən dadım. Yox, o yeməyi yemək mümkün deyildi. Nəsə tapmaq umudu ilə salatı bir daha qurdaladım. Heç nə alınmadı. Beynimə yüz fikir girdi. Qiymətlərin kifayət qədər yüksək olduğu bir restoranda təamlar niyə bu qədər dadsızdır. Bəlkə mənlə məzələnirlər. Doğurdan da bir an mənə elə gəldi ki, şit, əsla gülməli olmayan bir verilişə çəkilirəm və ayağa qalxanda kameraya əl etməliyəm. Oturmağın mənası yox idi. Qanım qaralmışdı. Acanda itə dönürəm, əlim-ayağım əsir. Qapmağa, hirsimi üstünə tökməyə adam axtarıram. Ayağa qalxdım. Restoranı tərk etdim. İki küçə aralıda yerləşən, çoxdan tanıdığım kafeyə getmək qərarına gəldim.  
 
Səhəri gün restorana bir az gec getdim. Yenə qaydaya uyğun olaraq bir salat və bir yemək seçdim. Bu dəfə də özümü nə qədər məcbur etsəm də heç nə yeyə bilmədim. Ətrafıma göz gəzdirdim. Restoranda oturmuş adamlar sifariş etdikləri yemək və salatları həvəslə yeyirdilər. Qayğısız, şən, razı görünürdülər. Böyük bir dəstə uzununa düzülmüş masaların arxasında oturmuşdu. Nəsə əlamətdar bir günü, hadisəni qeyd edirdilər. Öz-özümə düşündüm; əgər onlar bu yemək və salatları həvəslə və iştahla yeyə bilirlərsə mən niyə yiyə bilmirəm? Acmışam? Bəli acmışam? Bəs problem nədədi? Problem yeməklərdədi, yoxsa məndədi? Əgər problem yeməklərdədirsə bəs bu ətrafdakı insanlar o yeməkləri necə yeyə bilirlər?
 
Xülasəyi-kəlam düz beş gün həmin restorana getdim. Hər dəfə də yeməyə heç nə tapmadım. Elə bil restoranın aşpazı özünə söz vermişdi, ən ağır söyüş qoymuşdu ki, burda heç bir yemək dadlı alınmayacaq. Sanki yeməklərin dadsızlığı bir növ restoranın səviyyəsinin yüksəkliyinə xidmət edirdi. Düz beş gün həmin bahalı restorandan ac çıxdım və gedib başqa məkanda toqqanın altın bərkitməyə məcbur oldum. Sual oluna bilər, əgər yeməyə bir şey tapa bilmirdinsə niyə, nəyə görə, hansı səbəbdən X. adlı restorana gedirdin? İşin – gücün yoxdurmu, dəlisən, yoxsa təşkilatçıların verdiyi, üstündə çəngəl-bıçaq rəsmi olan çekləri mütləq istifadə etməli idin?
 
Yazını oxuyanlarda bu kimi xeyli suallar yarana bilər. Verilmiş çekləri mütləq istifadə etmək barədə heç bir öhdəçilik götürməmişdim. Vaxtımın da qədrini bilməyə çalışıram. Bahalı restoranlara da xüsusi bir marağım yoxdu. Həmişə dada, rahatlığa üstünlük vermişəm. Necə deyərlər arağı nəylə yox, kimlə içmək şərtdi. Sadəcə məsələnin mahiyyətin öyrənmək istəyirdim. Öyrənmək istəyirdim ki, dadsız yeməklərin verildiyi, qiymətləri kifayət qədər yüksək olan X. restoranına adamlar niyə gedirlər? Onları ora aparan nədir? Restorandakı adamları müşahidə edirdim və onların dadsız yeməkləri iştahla yemələri mənə səmimi görünmürdü. O yeməklərdən ləzzət almalarına heç cürə inana bilmirdim. Mənə elə gəlirdi ki, onlar sadəcə yüksək hesab ödəməklə öz şəxiyyətlərin təsdiq edirlər. Əgər bahalıdırsa deməli yaxşıdı. Nə bilim, bəlkə də bütün bunlar onların gözü ilə çox təbii və zəruri görünür. 
Bu mövzuda bir dostumla söhbət edərkən o kiçik, maraqlı bir əhvalat danışdı. Dedi ki, mənim tələbə yoldaşımın atası musiqiçidi. Axşamlar restoranda ifa eləyir. Restoran da çox bahalı, amma mənasız restorandı. Sual verdim: niyə? Dedi ki, orda adamlarla məzələnirlər. Aşpaz əndirabadi yeməklər hazırlayır, qiymətlər də yüksək olduğuna görə adamlar bu yeməkləri iştahla yeyirlər. Restoranın işçiləri də adamlara gülürlər… 
 
Ucuz ətin şorbası olmaz deyiblər. Doğrudur. Kefiyyətli mal bahalı olur. Amma qiymətin yüksək olması da hər zaman keyfiyyətin göstəricisi sayıla bilmız. Beş gün X. adlı restorana gedib-gəlməklə bunu tam və əyani olaraq başa düşdüm.
 
***
 
Harda yaradıcılıq varsa orda bir az sirlilik də var. Əslində şəxsən bəndəniz yaradıcılıq prosesində sirliliyin əlehinədir. İstəmirəm sirlilik olsun. İstəyirəm hər şeyi zəhmət, məsuliyyət, səbir, davamiyyət, humanist və fədakar əcdadlara pərəstiş həll etsin. Amma nə edəsən, bəzən fakt qarşısında qalırsan. Adam var ifrat dərəcədə, xəstəlik dərəcəsində təmizkardır, lakin bişirdiyi yeməklər dadlı alınmır. Adam var o qədər də təmizkar sayılmaz, lakin bişirdiyi yeməklər dadlı alınır. Adam var həm təmizkardı, həm də dadlı yeməklər bişirir. Adam da var həm pintidi, həm də dadsız yeməklər bişirir. Ümumiyyətlə heç nə bacarmayan adamlar da var. Onlar haqqında danışmasaq yaxşıdı.   
 
Hal-hazırda yazı yazmaqdan daha çox yemək bişirməkdən rahatlıq tapıram. Maraqlı prosesdi. Əslində elə yemək bişirmək də bir növ yazı yazmaq kimi bir şeydi. Məsələn, mövzunun zamana görə seçimi publisistikada çox vacib şərtlərdən biridi. Gərək mövzu seçərkən zamanı nəzərə alarsan. Yaxşı bir mövzuda kifayət qədər yaxşı yazılmış yazı sırf zaman uyğunsuzluğuna görə pis qəbul edilə bilər. Eləcə də yaxşı bişirilmiş yay yeməyi qışda, yaxşı bişirilmiş qış yeməyi yayda istənilən nəticəni almaya bilər.
 
Yazı yazmaqla yemək bişirməyin oxşarlığı haqqında daha bir misal gətirək. Məsələn, hekayə yazmaq ilk baxışdan asan görünür. Əslində hekayə ədəbiyyatda ən ağır janrdı. Elə yeməklər də var ki, hazırlamaq ilk baxışdan asan görünür, amma əslində o qədər də asan deyil. Bəzi yerlərdə pomidor-yumurta, bəzi yerlərdə pomidor çığırtması adlanan yeməyi götürək. Belə baxanda çox asan yeməkdi, amma incəlikləri çoxdu. Hər adamda alınmır. Bu vaxta qədər yüzlərlə pomidor çığırtması yemişəm. Onlardan cəmisi beş-altısı yadımda qalıb.
 
Yazı masasında olduğu kimi mətbəxdə də nəyə qadir olduğunu, öz gücünü dəqiq müəyyən etməyi bacarmaq vacib şərtlərdən biridi. Adam var ağına-bozuna baxmır, gücü çatdı-çatmadı istənilən yeməyə girişir. Məsuliyyət hiss etmir. Heç vecinə də deyil, alınacaq-alınmayacaq. Şəxsən mən heç vaxt aşa girişə bilmərəm. Aş mənə epopeya kimi görünür. Özü də hamısı. Fərqi yoxdur istər şüyüdlü aş olsun, istər lobyalı, istərsə də qaralı. Demeli, taktiki baxımdan kamil qızardılmış kartof, yarımçıq dəmlənmiş aşdan yaxşıdır.  
 
Davam edək. Adam var ətrafı mövzuyla doludu, amma deyir yazmağa mövzu tapmıram. Mətbəxdə də belədi. Adam var evindəki soyuducu doludu, amma bir şey düzəldib, bir şey hazırlayıb masanın üstünə qoya bilmir. Adam da var heç nədən bir şey düzəldib masanın üstünə qoyur. Adam var bir kilo ətlə beş qonağı yola salır. Adam da var bir qoyunla iki qonağı yola verə bilmir.
 
Kimin üçün yazmaq əhəmiyyətli olduğu kimi, kimin üçün bişirmək də əhəmiyyətlidi. Elə gönüqalın adamlar var ki, nə və necə bişirirsən bişir onun üçün fərqi yoxdu. Qabağına silos da töksən yeyəcək. Belə oxucular da var. Hansı mövzuda və necə yazırsan yaz, onlar üçün fərqi yoxdu. Ən gözəl, peşəkarcasına yazılmış cümlənin üstündən şappıltıyla adlayıb keçirlər. 
 
Əsərin harda, hansı şəraitdə oxunmasından çox şey asılıdı. Həbsxanada, təyyarədə, qatarda, kurortda oxunan eyni əsərin fərqli-fərqli təsir göstərməsi münkündür. Yemək də belədi. Meşədə, dağda, əsgərlikdə, mərmərli restoranda yeyilən eyni yemək fərqli –fərqli təsir göstərə, fərqli-fərqli təəssüratlar oyada bilər. Nəsə, yemək və yazı, mətbəx və yazı masası arasında oxşarlıqlar barədə çox paralellər aparmaq olar. Birində yazım yazını bitirək. Heç bilmirəm bunu, indi yazacağım söhbəti də “oxşarlıqlar”a aid etmək olarmı. 
 
Bir dəfə bir xanım özündən çıxıb, həvəsə gəlib kükü bişirdi. Kükü heç bir qram da alınmamışdı. İt yesəydi qarnı ağrıyardı. Amma çox üstünə getmədim. Sadəcə yüngülvarı tənqidi fikirlərimi dedim. Mısmırığın salladı. Söz deməyimə peşman oldum. Dedim nə mısmırığını sallamısan. İndi gör biz nələr çəkirik. Əzab-əziyyətlə yazı yazırıq, kitab yazırıq üzümüzə itin sözün deyirlər.   
Yuxarı