post-title

Seymur Baycan - Zəifdir, on aydır, fikirləşmək lazımdır...

Bütün atalar özlərinin edə bilmədiklərini övladlarının etməyini istəyirlər. 

Höte. 


İnsan bir yerdən başqa yerə gedəndə düşüncələrində, həyata, hadisələrə baxışında, həyat ritmində, məişətində dəyişiklik etməyə məhkumdur. Əks halda getdiyi yerdə yaşamaq onun üçün çətin olacaq.  

Ara-sıra mətbuatda belə xəbərlərə rast gəlirik. Azərbaycanlı uşaq Avropada keçirilən filan yarışmada, filan müsabiqədə qalib oldu, tamaşaçıları heyran etdi, alqışlar qazandı, adamları, kövrəltdi, ağlatdı və sairə və ilaxır. İlk baxışdan sevindirici xəbərdir. Ki, uşaq boş qalmayıb, gedib orda idmanın, incəsənətin  hansısa bir növüylə məşğul olub, yarışda, müsabiqədə iştirak edib, hətta fərqlənməyə, yer  tutmağa da  nail olub. Bu, çox yaxşıdır... Lakin sonra uşağın valideynini danışdırırlar və valideyn, xüsusən ata jurnalistə deyir ki, biz bu yarışda həm də Azərbaycanı təmsil edirdik, kənarda yaşasaq da, başqa ölkənin vətəndaşı olsaq da, öz ölkəmizi sevirik, ürəyimiz vətənlə döyünür, ermənilərə nifrət edirik, qoy onlar paxıllıqlarından partlasınlar, ölsünlər, gəbərsinlər və bir gün gələcək biz üçrəngli Azərbaycan bayrağını mütləq Şuşada dalğalandıracağıq... Atanın yanında uşaq dayanıb. Yuxarı qaldırdığı sağ əlində ya kubok tutub, ya da diplom. Özü dəAzərbaycan bayrağına bürünüb. Uşaq da təxminən atasının dediklərini aşağı-yuxarı təkrar edir. 

İndi biz sadə və adamın qanını qaraldan bir  suala  səmimi surətdə cavab   tapmalıyıq. Görəsən, bu uşaq Azərbaycanda yaşasaydı və hansısa səbəbdən valideynləri ilə birgə ölkəni tərk etməsəydi,  özünü ifadə etmək, hər hansı sahədə  istedadını üzə çıxarmaq üçün orda tapdığı şəraiti Azərbaycanda tapa  biləcəkdimi? Çətin. Axı bu danılmaz faktdır ki, Azərbaycan adlı ölkədə nə qədər uşaqlar özlərini ifadə etmədən, istedadlarını üzə çıxarmadan “böyüməkdədirlər”. Bir yaxın tanışım var. Uşağı gələn il məktəbə getməlidir. Belə baxanda insan övladının çiynində çanta məktəbə getməyinə, məktəbli forması geyinməyinə, məktəb partası arxasında oturmasına normalda  sevinməlidir. Əslində belə olmalıdır, amma bu sevinmir, çünki sevinə bilmir. Adam deyir ki, inan, indidən qarnıma dərd dolub, bilmirəm, uşağı hansı məktəbə göndərəm.  Deyir, axı mən uşağımın tərbiyəsini seçki qutularına saxta bülletenlər daşıyan müəllimlərə necə tapşırım? Adamı qınamalı deyil. Onu başa düşmək lazımdır. Azərbaycanda məktəblərin və bağçaların hansı səviyyədə, vəziyyətdə  olduğu bəllidir və övladının yaxşı tərbiyə, yaxşı təhsil alması haqqında düşünən hər bir şüurlu  insan övladına yaxşı məktəb, yaxşı bağça tapmaqda çətinlik çəkməlidir. Şüurlu  insan ifadəsini təsadüfən işlətmədik. Belələri azdır. Həqiqi azərbaycanlının övladına elə seçki qutularına saxta bülletenlər daşıyan müəllimlər dərs deməlidir. Onlar daha praktik, Azərbaycan reallıqları üçün zəruri dərslər verirlər. Elə dərslər ki, o dərsləri vaxtında öyrənməsən, mənimsəməsən, sonradan Azərbaycanda yaşamaq, “Günəş altında yer tapmaq”, camaata  qaynayıb-qarışmaq çətin olur.   

Hələ orta məktəb dərslikləri. Bu, ayrıca, bitib-tükənməyən mövzudur. İllər əvvəl bir evə qonaq çağrılmışdım. Evin uşağı dərs hazırlayırdı. Əlim dinc durmadı, götürüb uşağın ədəbiyyat kitabını vərəqlədim. Deyən lazım, ay adam, qonaq çağrılmısan, niyə gedib arağını içib, yeməyini yeyib, boş-boş danışmırsan?  Kitab oxumağa gəlmisən bura? Ədəbiyyat kitabını vərəqlədikcə dəhşətə gəlirdim. Orda elə şeirlərə, elə mətnlərə, elə suallara rast gəlirdim ki, hətta bu şeirləri, bu mətnləri, bu sualları zarafat kimi qəbul etmək çətin idi. Belə bir atalar məsəli var. Deyir, sürü arxaya dönəndə axsaq qoyun qabağa düşər. Tam ciddi deyirəm, o kitabdakı şeirləri, mətnləri, sualları  normal bir xalqın dilinə çevirib və həmin xalqın ədəbiyyatla ciddi  məşğul olan  bir nümayəndəsinə  versən, üstəlik kitab haqqında rəyini soruşsan, qayıdıb deyər ki, bu kitab yəqin futuristlər, absurdistlər, fantasmaqonistlər, dadaistlər üçün  ilkin dərslikdir. Desən, bu, bizim orta məktəbimizdə tutaq ki, altıncı sinfin şagirdləri üçün hazırlanmış dərslikdir, ömründə inanmaz. İnandıra bilməzsən.  

Deməli, bu cür mövqelərdən çıxış etsək, Avropanın hansısa ölkəsində keçirilən yarışda, müsabiqədə qalib gəlmiş uşağın valideyni hər şeydən əvvəl uşağının istedadını üzə çıxarmış, inkişaf etdirmiş  müəllimlərə, sistemə, məktəbə, ölkəyə minnətdarlığını bildirməli və uşağını nahaq yerə Azərbaycan mövzuları ilə yükləməməlidir. Ümumiyyətlə, övladının yaxşı təhsil, tərbiyə almasını, normal insan kimi yetişməsini istəyən valideyn övladını Azərbaycan mövzularından uzaq tutmalı, onun təhsil və tərbiyəsini birdəfəlik sivil insanlara tapşırmalıdır. 

Müəllifi yadımdan çıxıb, məşhur yazıçılardan biri demişdi ki,  niyə mən vətənimə  qurban olmalıyam, qoy vətənim mənə qurban olsun.  Övladını istəyən valideyn elə etməlidir ki, uşaq azərbaycanlı görəndə, Azərbaycan adı eşidəndə vahimələnməlidir. Bir dostum uşaqlarını belə böyütməkdədir. Deyir, uşaqlar özlərini evdə yaxşı aparmayanda deyirəm ki, sizi qaytaracam Azərbaycana, uşaqlar qorxurlar. Təəssüf ki, hamı bu  metoddan istifadə etmir.  Almaniyada bir dostum yaşayır. O, məni zaman-zaman  çox əsəbiləşdirib. Uşağı Almaniyada doğulub. Deyir, uşağa Azərbaycan dili öyrədirəm. Deyirəm, a bəy, kimə lazımdır Azərbaycan dili? Niyə boş yerə uşağı yorursan? Doqquz milyonluq ölkədə maksimum kitab oxuyan adamın sayı üç yüz olar, üç yüzdən artıq olmaz. Şişirtmirəm və vəziyyəti dramatikləşdirmirəm. Kitabla şəkil çəkdirənləri, kitabın bir əvvəlini, bir də axırını oxuyanları, kitab təqdimatında iştirak edənləri nəzərdə tutmuram. Həqiqətən kitab oxuyanları, oxuduğu kitab haqqında düşünənləri, oxuduqlarının heç olmasa, iyirmi faizini başa düşənləri nəzərdə tuturam. Doqquz milyon adamın yaşadığı ölkədə kitab oxuyanların sayı maksimum üç yüzdürsə, bu camaatın dili kimə lazımdır? Guya bu uşaq Almaniyada yaşaya-yaşaya, orda böyüyə-böyüyə Azərbaycan dilini bilsə, Azərbaycan tarixini öyrənsə, bu dilin, bu cılız tarixin ona nə faydası dəyəcək? Azərbaycan dilini, Azərbaycan tarixini bilmək qlobal mənada adama nə fayda verə bilər? Heç nə. Belə də ki, azərbaycanlıların dilini başa düşmək üçün maksimum əlli sözün mənasını bilmək kifayətdir. Toy, nişan, xınayaxdı, cehiz, şadlıq evi, gəlin paltarı, gəlin, bəy kostyumu, gözəllik salonu, gəlin karvanı, yengə, yas mağarı, ehsan, qəbirdaşı, oynamaq, özünü tutdu, kimi s...k qabağa düşək, yemək, yatmaq, tikmək, sökmək və bunun kimi maksimum əlli söz. Vəssalam, azərbaycanlıların bütün həyatı və həyat fəlsəfələri maksimum bunun kimi əlli sözün üzərində bərqərar olub. 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 azərbaycanlı gənc Azərbaycana gətirilib. Bilmirəm, bu gənclər kimdir, nə işlə məşğul olurlar, onları necə, hansı yollarla, hansı əlamətlərinə, xüsusiyyətlərinə görə seçiblər, Azərbaycana gəlməkdə həqiqi məqsədləri nədir, amma danılmaz fakt ondan ibarətdir ki,  bu gəncləri müxtəlif məkanlarda gəzdirib, müxtəlif adamlarla görüşdürürlər, Azərbaycan tarixi, mətbəxi, mədəniyyəti ilə tanış edirlər ki, harda yaşamalarından asılı olmayaraq ürəkləri daima Azərbaycanla döyünsün, vətəni unutmasınlar-zad... Əslində həqiqi Azərbaycanı tanıtmaq üçün bu gəncləri Kürdəxanıya, Qobustana və bu qəbildən olan digər yerlərə aparmaq daha yaxşı, daha məqsədəuyğun olardı. 

Bir neçə il əvvəl səhv etmirəmsə, dekabr ayında bir dəstə gənci iki maşına doldurub apardım Qobustana. Uzaqdan həbsxananı göstərib dedim ki, diqqətlə baxın, özünüzü yaxşı aparmasanız, sizi bura gətirəcəklər və ardınca yaxın tarixdə baş verən hadisələrdən danışdım. Sözümü zarafata saldılar.  Hətta biri dedi ki, bəy, yəqin bu səfər üçün hökumətdən kiçik qrant almısan. Sonra gəncləri apardım kafeyə, qonaqlıq verdim. İndi həmin gənclərdən biri (Ülvi Həsənli) hərbi xidmətdə, biri də (Mehman Hüseynov) həbsxanadadır. Digərlərindən xəbərim yoxdur. 

Etibar Məmmədov adında bir siyasətçi vardı. Bir zamanlar camaatı başına yığıb azadlıqdan, demokratiyadan, xalqın iradəsindən, qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaqdan  filandan dəm vururdu. İşini görüb, camaatı bir xeyli barmağına dolayıb sonra siyasət aləmindən çəkildi kənara. Deyilənlərə inansaq, siyasətdən kənara çəkilib  siqaret ticarətinə girişdi.  Etibar Məmmədov həm də axmaq bir sözün müəllifi idi. Demişdi, öz xalqımın diktatoru, mənim üçün başqa xalqın demokratından qiymətlidir.  Bu yaxınlarda məlum oldu ki, Etibar Məmmədovun oğlu Amerikada, Corc Vaşinqton Universitetində siyasi menecment ixtisası üzrə təhsilini başa vuraraq magistr dərəcəsi alıb. Bununla  işimiz yoxdur. Kim harda oxuyur, özü bilər. Allah hamının balasını xoşbəxt eləsin, Etibar Məmmədovun balası da onların içində. Deyəsən, bu cür deməliyik.  Amma ortaya kiçik bir ziddiyyət çıxır. Öz xalqımın diktatoru mənim üçün başqa xalqın demokratından qiymətlidir deyən adam  məntiqlə övladının Azərbaycan Dövlət Pedaqoqji Universitetinin Ağcabədi filialında oxumasını Corc Vaşinqton Universitetində oxumasından üstün tutmalı idi. 



Diqqətli oxucular əvvəlki yazılardan bir dəstə itlə dostluq münasibətində olduğumu bilirlər. İtləri müxtəlif vəziyyətlərdə  müşahidə etmək hədsiz dərəcədə maraqlıdır. Onları yemləyəndə həzz alıram. Heç güman etməzdim  ki, itlərin də arasında təmizkarı-pintisi, acgözü-toxgözü, yaltağı-qürurlusu, ədalətlisi-ədalətsizi ola bilərmiş. Dəstənin başçısı ədalətli, alicənab, gözütox, sarı rəngli bir itdi. Bu itə böyük hörmətim var. Xətrini çox istəyirəm.  Onu görməyəndə darıxıram.  Dəfələrlə onu sınamışam. Dəfələrlə əvvəlcə zəif itlərə sümük atmışam, o isə dayanıb öz növbəsin gözləyib. Ta gücündən istifadə edib başqalarının sümüyün əlindən almayıb. Elə ki, bu it dəstənin başçısı olmur, itləri yemləyəndə ara qarışır.  Acgöz və yaltaq bir it var, həmişə aranı o qarışdırır. İtləri yemləyəndə bu acgöz və yaltaq it  özündən zəiflərin sümüyünü əzələsinin gücü hesabına onların əlindən  almaq istəyir. İstəyir bütün sümükləri bu yesin başqaları da oturub bunun necə yeməyinə baxsınlar. Neçə dəfə qəsdən ona sümük verməmişəm ki, bəlkə düzgün hərəkət etmədiyini başa düşər. Hətta itləri yemləyəndə etdiyi hərəkətlərə görə bir neçə dəfə əsəbləşib onu kənara qovmuşam. Bir gun yenə əsəbləşib bu yaltaq və acgöz iti kənara qovanda  öz–özümə dedim; Seymur bəy, Seymur müəllim, on ildən artıqdır  Yazıçılar Birliyinin necə ziyanlı bir təşkilat olmasından, Anar Rzayevin, Elçin Əfəndiyevin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin necə dayaz, şişirdilmiş adamlar olmasından yazılar yazırsan, müsahibələr verirsən, münasibətlər bildirirsən, mübahisələr edirsən, nə demək istədiyini neçə adama başa sala bilmisən? Bu on ildə neçə adam nə demək istədiyini başa düşüb? On? On beş? Bəlkə iyirmi? Əgər on ildən artıq bir mövzuda yazılar yazıb, müsahibələr verib, münasibətlər bildirib, mübahisələr edib, heç olmasa əlli adama nə demək istədiyini başa sala bilməmisənsə, əgər “tarixçi-professor” 37 repressiyalarından danışa-danışa, 37 repressiyaları ilə bu gün aparılan repressiyalar arasında paralellər apara-apara Stalinin yaratdığı bir təşkilatın üzvüdürsə,  Stalinin yaratdığı, tarixi başdan-başa ləkəli bir təşkilatın rəhbərini dostum adlandırırsa, o zaman Allahın bu dilsiz-ağızssız heyvanından nə istəyirsən? Nə dirəşmisən bu dilsiz–ağızsız heyvanla? Ayıb deyil?..

Gecələr, ya da səhər ertədən itlərlə gəzməyə çıxıram. Bəzən çox uzaqlara gedirik. Bir neçə gün əvvəl səhər ertədən itlərlə gəzməyə çıxdım. Xeyli gəzdik. Çox yoruldum. Gördüm ki, piyada geri qayıtmağa gücüm çatmayacaq, ona görə də geriyə metroyla qayıtmaq qərarına gəldim, amma bu qərara gəlmək asan olmadı. Beynimdə bu barədə çox götür-qoy etdim. Bir növ metroyla geri qayıtmağı özümə sığışdırmırdım. Düşünürdüm ki, əgər yola bir yerdə çıxmışıqsa geriyə də bir yerdə qayıtmalıyıq, amma doğurdan da piyada yeriməyə məndə daha hey qalmamışdı. Buna görə də Rustaveli stansiyasına girməyə məcbur oldum. İtlər stansiyanın girişinə qədər mənimlə gəldilər. Onlardan bir-ikisi qapıdan içəri də girdi. Polis itləri görüb onları geri qaytardı. Eskalatordan düşəndə, platformada qatar gözləyəndə ciddi vicdan əzabı çəkirdim. Hətta geriyə qayıtmaq istədim. İtlərin stansiyanın  giriş qapısı ağzında dayanıb, ardımca baxmaqları gözümün önündən getmirdi. Çox qəribə baxırdılar. Elə bil onlara qarşı belə hərəkət edəcəyimi gözləmirdilər. Sanki bu baxışlarla demək istəyirdilər; Sən niyə belə etdin? Evə gəlib çatanacan beynimdən yüz fikir gelib keçdi. Hamısı da bir-birindən ağır. Neçə- neçə insanı xatırladım. Neçə- neçə hadisələr  yadıma düşdü. Evdə nə etdimsə heç xeyiri olmadı, itlərqarşı etdiyim alçaq hərəkət beynimdən çıxmırdı. Qəti qərara gəldim ki, əgər itlər küçəyə qayıda bilməsələr, bütün Tiflisi alt-üst edib onları tapacam. Tapıb geri qaytaracam. İncəvara hər şey yaxşı qurtardı. İki–üç saatdan sonra küçəyə çıxanda itləri küçədə gördüm. Qorxdum ki, məni görəndə etdiyim hərəkətə görə üstümə qaçmazlar, amma sağ olsunlar qaçdılar. Hamısı üstümə qaçdı. Buna necə, nə qədər sevindiyimi təsvir edə bilməyəcəm. İtlərin hamısının bir-bir başın sığalladım, qulaqlarının dibin qaşıdım. Həmin anda beynimdə bir fikir dolaşırdı; İnsanları şüarlarla, çıxışlarla küçələrə, meydanlara çıxardıb, sonra da aradan cırıb, demokratiya, azadlıq, firavan həyat vəd etdiyin adamları başsız, avara  qoyub, onları gülüş, rişxənd, kinayə hədəfinə çevirib və heç nə olmamış kimi həyatını yaşamaqa davam etmək üçun gör nə qədər, nə yekəliyində vicdansız olmalısan...

Nəsə, uzun həngamədir. Siz ən yaxşısı aşağıdakı videoya diqqətlə baxın, bəlkə nələrsə başa düşdünüz. Əlbəttə, bu videoda böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər:

https://www.youtube.com/watch?v=WLR96qiOMos

Kultura.az
Yuxarı