post-title

1514 - türkmənlərin faciəsi

Bir müddət əvvəl Ankarada oxşar mövzulu 3 kitab aldım: Reha Bilge`nin “1514”, İskender Pala`nın “Şah və Sultan” və Reha Çamuroğlu`nun “İsmail” kitabları. İskender Pala`nın romanı barədə Kultura.Az saytında yazmışam, qeyd edim ki, o müəllifin Şah İsmayıl obrazı anasının edamına fərman verir, qardaşı oğlunu xədim edərək hərəmxanasında qulluqçu edir və s.

Reha Bilge`nin “1514” kitabı isə konkret publisistik əsərdir. Obyektiv yazıldığı hiss olunur. Məndə çox böyük təsir buraxan bu kitabdan öyrəndiklərimi sizinlə paylaşmaq qərarına gəldim.

Əvvəla, müəllif barədə qısa məlumat. Araşdırmacı Reha Bilgə, 1953-cü ildə İstanbulda doğulub, Vyana Universitetinin Siyasi Bilgilər fakültəsini bitirib. Əsasən XV-XVI əsr Osmanlı tarixi üzərinə çalışır.

Əsas öyrəndiyim məsələlər:

1. I İsmayıl Səfəvi`nin qısa zaman ərzində Osmanlı İmperiyasını qorxudacaq və ona rəqib olacaq güc əldə etməsinin sirri.

2. Çaldıran savaşı ərəfəsində və savaş zamanı tərəflərin vəziyyəti, addımları.

3. Türkmənlərin faciəsi.

Bir haşiyə çıxım, orta əsrlərdə Orta Asiyadan Balkanlara qədər ərazidə yaşayan türkdilli xalqlar həm özləri, həm də başqaları tərəfindən türkmən adlandırırdılar. İndi onların arasından yalnız Anadolu kəndlərində yaşayanların bir qismi, İraqda yaşayan türkmənlər, bir də təbii ki, Türkmənistanda yaşayanlar özlərinə türkmən deyir. Azərbaycanda bu söz Tərəkəmə şəklində qalıb. “Tərakimə” ərəb sözüdür, “türkmənlər” deməkdir.

Müəllifin yazdığına görə Osmanlı sultanı II Bəyazid, hələ də ibtidai türkmən qayda-qanunu ilə idarə olunan Osmanlı dövlətində mərkəzləşdirmə siyasətinə başlamışdı. Mərkəzləşdirmə heç də dövlətin daxili ilə bitmirdi, bu yavaş-yavaş həm də Anadoluda yaşayan digər türkmən bəyliklərinə də aid olunmağa başlayırdı. Bu isə türkmən bəylərinin heç xoşuna gəlmirdi. Onlar bu torpaqlara osmanlıların aid olduqları Qayı boyu ilə eyni zamanda gəldiklərini və onlarla bərabərhüquqlu olduqlarını bildirirdilər. Zəruri bir qeyd edək, II Bəyazidin ulu babası İldırım Bəyazid zamanında da oxşar siyasət yürüdüləndə bu bəyliklər Əmir Teymura sığınmışdılar. Bu dəfə, nəticə Bəyazid zamanıda isə onlar (Ustaclu, Şamlu, Rumlu, Təkəlü, Zülqədir və s. türkmən tayfaları) şərqdə on üç yaşlı İsmayıl və onun tərəfdarların qurduğu birliyə qoşuldular . (Ya da bəlkə bu proyekti elə özləri qurdular.)

Kitabda Çaldıran döyüşü ərəfəsində vəziyyət barədə geniş söhbət açılır. Sultan I Səlimin İstanbuldan yola çıxaraq Çaldırana qədər getməsini izləsək, onun bu döyüşə necə məsuliyyətlə yanaşdığının şahidi olarıq. Osmanlı ordusu əsas iki qoldan ibarət idi: Anadolu (Asiya) və Rumeli (Avropa) qoşunlarından. İstanbuldan Anadolu ordusu ilə çıxan Sultan Səlim, Rumeli qoşununa Anadoluya İstanbul üzərindən deyil, Çanaqqala boğazından gəmilərlə keçərək gəlməyi tapşırır. Sultansız şəhərə böyük bir qoşunun girməsindən ehtiyat edirmiş. Oğlu – şahzadə (gələcəkdəki “Qanuni” sultan) Süleymana da Balkanlardan Ədirnəyə gəlməyi əmr edir. O, nə oğlunun İstanbula girməsini istəyirdi, nə də İstanbuldan uzaqda qalmasını. Birinci səbəb oğlunun birdən padşahlıq iddiasına düşməsi və bu zaman ən ideal məkanda – paytaxtda bulunmasıydısa, ikinci səbəb başına bir şey gələrsə oğlunun taxta tez yetişməsini istəməsiydi.

Sultan Səlim Yavuz İstanbuldan Səfəvilər üzərinə yaxın yolla deyil, uzaq yolla gedir. Yolüstü Konyada Mövlananın məqbərəsini ziyarət edərək ordusunda yüksək əhval-ruhiyyə yaradır, həm də Anadolu bəyliklərinin demək olar hamısı onun yüz iyirmi minlik ordusunu gözləri ilə görürlər.

Sivasda (o zamankı Osmanlı-Səfəvi sərhədində) qırx minlik ordu qoyur. Nə olar, nə olmaz. Birdən Şah İsmayıla məğlub olub geri qayıtsa, İstanbula ordu ilə daxil olsun deyə.
Bundan başqa o, İsmayıl üzərinə hücuma gedərkən bütün qonşuları ilə dostluq müqaviləsi bağlayır – macarlarla, Venesiyayla, Məmlüklərlə və s.

İsmayıl Səfəvi isə bambaşqa vəziyyətdə – bütün qonşuları ilə konfliktdə idi. Diplomatik səhvləri ucbatından Avropadan dəstək ala bilməmişdi. Ordusu isə qədim türkmən hərbi qaydalarına uyğun – demək olar, yalnız sürətli atlılardan ibarət idi.

Çaldıran ovalığına əvvəlcə Şah İsmayıl girir. Bu xəbəri yolda alan Sultan Səlim də qoşununu ora gətirir. Səlimin qoşunu meydana girən zaman Şah İsmayılın çadırında keçirilən müşavirədə Osmanlının o dövrdəki hərbi taktikasına, ordunun gücünə bələd olan, Anadolu türkmənlərindən Məhəmməd bəy Ustaclu rəqib düzülməmiş hücuma keçməyi təklif edir. Digər bəy, Suriya türkmənlərindən Durmuş bəy Şamlu etiraz edərək “biz karvanbasan quldur deyilik” deyir. Çox güman ki, bu fikir Şah İsmayılın qüruruna toxunduğundan o, M.Ustaclu ilə deyil, D.Şamlu ilə razılaşır.

Nəsə, döyüşün nəticəsini da özünüz bilirsiniz.

Osmanlı o dövrdə modernliyi təmsil edirdi. Maraqlı fakt bundan ibarətdir ki, əvvəllər türkmən tayfası kimi bilinən Qayı boyu yalnız Osmanlı dövləti güclənəndən, imperiya çevriləndən sonra türk kimi tanınmağa başladı. Yerdə qalan bütün tayfalar isə hələ də türkmən adlanırdı. Çaldıran savaşı yalnız türklərlə türkmənlərin deyil, həm də modernlik və ibtidailiyin savaşı idi. Təbii ki, sonda modernlik qələbə çaldı.

Osmanlı mərkəzləşməsi ilə razılaşmayıb Səfəvi proyektində iştirak etmiş türkmən tayfalarının sonu isə çox faciəli olur. Səfəvilərin mərkəzləşmiş dövlət və ordu yaratması Şah I Abbas zamanına təsadüf edir. Səfəvilər mərkəzləşirlər, amma farslaşaraq. Beləliklə, XI-XVI əsrlərdə, təxminən beş yüz il boyunca ardarda dövlətlər paradı (Səlcuqilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Qaramanlılar, Səfəvilər və s.) quran türkmən tayfaları modernləşə bilmədiklərindən (bu azmış kimi proqressivliklə savaşdıqlarından) sonda hakim mövqeyi əldən verirlər.

Amma bütün hallarda o əsrlərin köçəri türkmən tayfalarını təbrik etmək olar. İndi BMT-də üç səsləri var. Türkiyə, Azərbaycan, Türkmənistan. Əslində biz özümüzü çox rahatca bir millət – üç dövlət də adlandıra bilərik.

Türkiyə`yə gedib-gələn olsa xahiş edin, sizin üçün bu kitabı əldə etsin. Çox maraqlıdır. Oxuduqlarımın sadəcə 1 faizini yazdım burada...

Firudin Allahverdi
"Gündəlik Teleqraf"

Yuxarı