post-title

Arçil Sulakauri: "Qar"

Kultura.az-ın oxucularına tanınmış gürcü yazıçı Arçil Sulakaurinin (1927-1997) "Qar" hekayəsini təqdim edirik. 

Hekayə

Həyətdə qar yağır...

Pəncərədən qar dənələrinin göydən ələnib, ağacları, damları, küçələri və insanları ağ libasa bürüdüyünü görürəm. Təzəcə qarlamağa başlayıb. Bir növ gözlənilmədən, qəflətən yağdı. Elə bil küçədə hava çatmırdı. Saysız-hesabsız, kəpənək qanadları kimi zərif qar dənələri havanı hər yerdən qovub çıxarmış, indi isə ara vermədən fırlanır və ətrafdakı hər şeyin üstünü örtüb görünməz edir.

- Qar yağır, - o biri otaqdan arvadım səsləndi – bir bax.
Arvadımın səsindən sevincini sezib, səsinə səs verdim:
- Hə, yağır.
- Nə vaxtır belə qar görməmişdim.
- Elə mən də.

Əlli-ayaqlı qar dənəcikləri pəncərənin şüşəsinə yapışır və o saatca əriyib gedirdilər. Şüşəmiz bayırdan nəmli, ərimiş qarın ləkələri ilə doluydu. Yoldan ötənlər körpünü bürümüş qarı ayaqlayıb keçirdilər. Xır-xırı qulağıma gəlib çatmasa da, təzə qarın ayaqlar altında necə əzildiyini hiss edə bilirdim. Məhəllələrdən küçələrə xizəkli, isti geyimli, pomidoryanaqlı uşaqlar axışır, qar lopalarının girdabına atılıb gözdən itirdilər.

- Uşaqları gördünmü? – arvadım soruşur. 
- Hə gördüm, - cavab verirəm.

Otağımız istidir. Pəncərənin qabağında oturub dirsəyimlə yazı masasına söykənmişəm. Sobada nəsə aram-aram, sakitcə, saqqaşaq yanır. Yaxşı ki, bayırda qar yağsa da otaq istiydi: indi adam üçün dünyanın ən əziz şeyi istilikdir. 

Qarsa yağırdı...

Küçə rəssam fırçasından çıxmış kimi görünür və saysız-hesabsız qar dənələri bu gözəlliyə ayrıca sehr qatırdı... Nə bilim, mənə belə gəlir.

Çiynimdə bir toxunuş peyda olduğunu hiss etdim, əvvəlcə bir əlin, sonra isə o əlin bağlı olduğu bütöv bədənin toxunuşu.

- Bir gün bizim uşaqlarımız da qarın altında beləcə qaçışacaqlar – arvadım dedi.
- Əlbəttə, - mən dilləndim – onlar da beləcə qaçacaqlar.

Arvadımın barmaqları saçlarımda gəzişir. Mənə nəsə demək istədiyini sezirəm. - Bilirəm – deyərək,  göz qapaqlarını yarıya qədər qapadıb, başını aşağı dikib ağ libasa bürünmüş küçəyə göz gəzdirdi. 

- Qəribədir, -  arvadım dedi, - indi ilk görüşümüzü xatırlayıram. Belə qar yox idi, amma keçən qış da builkindən kəm deyildi... Hə, qış yaman idi... – o nəyəsə işarə vurumuş kimi təkrarladı. – Yadımdadır, Besiki küçəsiylə düşürdüm. Sürüşkən idi, qorxurdum yıxılam. O dəmdə eyni bunlara oxşayan bir dəstə cavan gördüm, döngədə dayanıb qızlara qartopu atırdılar. Narın qara bürünmüş oğlanlar küçəmizin döngəsində durub səsləri çıxdıqca bağırışır, ovuclarında yeyin-yeyin qar yapır, körpüdən aşağı atırdılar. Kimi nişan aldıqlarını görməsəm də, çığırtı dolu gülüş sədalarından belə anlayırdım ki, qızlardır, özü də bu qızlar bir yandan qorxsalar da, bir yandan şənlənir, uçan qartopulardan cəld hərəkətlərlə yayınaraq bizim pəncərəmizin önünə tərəf qaçırdılar.

Image result for snow in tbilisi

- Mənim qartopundan qorxum yox idi – arvadım danışır – bircə ondan qorxurdum ki, qartopunun zərbəsiylə karıxıb yıxılam, camaatın içində gülməli vəziyyətə düşəm... Elə o dəmdə sən qarşıma çıxdın, məni ötürməyini rica etdim. Əlbəttə, heç tanımadığım adamdan belə xahiş etmək mənə çətin gəlirdi... Amma sən elə nəzakətli... Elə xoşrəftar davrandın ki...

Bir yandan arvadıma qulaq verərkən, o biri yandan küçəyə göz gəzdirməklə məşğuldum. Məhləmizdə hələ də külək vıyıldayır. Qar alçaq kirəmit damlara qədər çatırdı. Klubun hissdən qaralmış bacasından boz tüstü pardaqlanır, aşağıya doğru süzülür, şəffaflaşır və qar dənələri arasında görünməz olurdu. 

- Sonra məni Rustaveli prospektinə qədər ötürdün, - arvadım xatırlamağa davam edirdi, - biz orda çox nəzakətlə vidalaşdıq... Heç onda ağlıma gələrdimi, ya da bircə anlıq da olsa fikrimdən keçərdimi ki...

Nədənsə Bakuriyanidə başıma gələnlər yadıma düşdü... İndi dəqiq yadımda deyil, bəlkə iki, bəlkə də üç il əvvəl, ola bilər hətta dörd il əvvəlin hadisəsiydi... 

Bakuriyanidə, bir parkdakı təpəlikdə bir dəstə oğlan və qızla qarşılaşdım. Onlar da mənim kimi tələbə idilər, demək olar hamısını az-çox tanıyırdım. Onlar da elə Libaniyə qədər xizəklə getməyi planlamışdılar. Onlara qoşuldum və hamı birdən təpəlikdən aşağı endik. Tələsirdik. Elə o axşam geri qayıda bilmək üçün Libanidən keçən qatara yetişməliydik. Aramızda bir kimsə hətta xizəyin üzərində dayana bilənimiz də yox idi. Budur artıq xizək yoluna çatmışdıq, yol insan ayağı dəyməmiş qarın arasıyla keçən dəmir yolunu andırırdı. Orda xizəklərimiz öz-özünə sürüşüb gedirdi, bizdən nə elə böyük çeviklik, nə də də ustalıq tələb olunurdu.

Biz, bir-birinin arxasınca düzülümüş xizəkçilər qara bürünmüş şam meşəsinin ortasıyla irəliləməkdəydik. Qarın əks etdirdiyi günəş şüaları adamın gözünü deşir, budaqları lopa-lopa qar yükü altında əyilmiş şam ağacları bizi qarşılayıb yola salır, ardımızda gözdən itirdi.  

Hərdənbir dayanıb meşənin sükutuna qulaq kəsilirdik. Hardasa yaxınlarda ağacdələnin bir budaqda oturub aləmə yaydığı tıqqıltı qüsursuz qar sükutunu pozmaqda idi. Biz ovcumuzu qarla doldurub yanaqlarımıza bulaşmış toz-torpağı təmizləyir, sonra üzümüzü günəşə tutub yanaqlarımızın qızışmasını gözləyirdik. Ardıyca yenidən ağacların arasıyla və əyilmiş budaqların altıyla sürüşərək irəliləyirdik. 

Günəş meşənin arxasında batmağa gedirdi. Bənövşəyi kölgələr qarın üstüylə sürünür, yavaş-yavaş böyüyür, ara vermədən uzanır və bir-birinə pərçimlənirdi. 

Birdən paravoz fitinin səsi eşidildi. O hardansa lap yaxından ötürdü. Biz hamımız bir anda dayanıb qulaqlarımızı şəkləyərək səs gələn tərəfə boylandıq. Ardınca paravoz sanki lap bir addımlığımızda fit verdi. Yoldaşlardan bəziləri hətta qatar təkərlərinin taqqıltısını eşitdiyini iddia etdi. Mən təkər səsi eşitmədiyim üçün sakitcə dayanıb baxırdım. İlk dəfədir ki, xizəklə belə uzağa getmişdim deyə qəfil qorxu məni bürüdü. Qatara geciksəydik Allah bilir, gecə harda qalacaqdıq.

Biz Libaniyə getmək fikrindən daşınıb yönümüzü Sakoçaviyə tərəf çevirdik. Düşündük ki, bəlkə ordan keçən qatara vaxtında yetişə bilək.

Cəmi altı nəfər idik. Mən sırayla addımlayan insan qatarında beşinci yerdə gedirdim. Paravozun hər fiti ürəyimə bir od salırdı, o gah uzaqdan, gah da qulağımın dibindəymiş kimi səslənirdi, gah elə bilərdin Bakuriyanidədir, gah da deyərdin Libanidədir. Mən qorxmuş və karıxmış halda dabanıma tüpürüb irəliləyirdim.

Bizi qovub yollarda yorğun salan axşam alatoranlığı axır ki üstümüzü almışdı. O da bizim kimi meşə boyu sürüşürdü. Bu gözəgörünməz nəsnə, ağaclar arasındakı bütün işığı hiss olunmadan oğurlayıb amansızcasına üzərimizə şığımaqdaydı, biz nə qədər qan-tərə batsaq da o yüyürüb bizə çatırdı.

Arxamca kimsə heylədi. Çevrilib ayaq saxladım: sən demə qatarımızın beşinci üzvü büdrəyib məndən imdad diləməkdəydi. Altıncı üzvümüzün kim olduğu ağlıma gəlmirdi, bircə qaranlıqda yerə uzanmış bir kölgənin ayağa qalxma səylərini görməkdəydim. Səsindən qız olduğu açıq sezilirdi, amma bunun bir fərqi yox idi, gərək ona kömək əlimi uzadaydım.
Arxaya çətinliklə fırlandım, xizəyimin hər tayı bir tərəfə sürüşdü. Az qaldı əlli-ayaqlı gedəm. Müvazinətimi toplayıb xizəyimin üstündə tarac oldum və cəld özümü qıza yetirdim. Sən demə altıncı adam bizim universitetin tələbəsi Lelaymış, onu uzaqdan, elə-belə tanıyrdım. O həmişə mənlə mehribancasına salamlaşar, mən də hər dəfə bu qızla daha yaxından tanış olmağa can atardım. Bir yandan da bu qarabuğdayı, arıq-uruq qızda məni nəsə çəkirdi.

- Elə bilirdim irəlidəsən, bura necə düşübsən? – mən heyrətlə soruşdum. Lela naqolayca yerə yıxılmışdı. Ayaqları və xizəkləri bir-birinə dolaşıb yerdə qalmışdı. O əliylə qarla örtülmüş yerə dirsəklənib ayağa qalxmaq istəyir, amma alınmır, qolları çiyin bərabərinə qədər sürüşüb gedirdi.

Lela gülümsəməyə çalışır, mənsə təbəssümündəki acılığı sezirdim. Onu ayağa qaldırmaq üçün xeyli əlləşdim. Əlcəyimlə onun qarda sürüşmə kostyumuna yapışmış qarları çırpdım. Qızı xizəyin üstünə qaldırıb, irəliyə doğru itələdim. Di gəl ki, Lela bir addım getməmiş yenidən aşağı çöməldi, əlləri topuqlarının yanına düşdü və ağrıdan üz ifadələri dəyişdi. 

Çəkmələrini xizəkdən çıxartmadan ayağından soyundurdum. Corablarını da soyundurdum. Əvvəlcə ayaqlarını uzadıb cütlədim, sonra əlimə alıb ovxalamağa başladım. Yazıq qız ağrıdan inildəyir, ayağını əlimdən dartıb çıxarmağa çalışırdı. Yenidən corabını geyindirdim, ardınca çəkmələrini də geyindirdim və qaytanlarını yaxşıca bağladım.
 
Biz ehtiyatla dikaşağı sürüşməkdəydik. Bir ara tamam susduq. Əvvəl elə bildim irəli gedənlərin arxasınca çatacağam, ancaq yolayrıcında çoxlu xizək izlərinin kəsişməsini və hərəsinin bir yana üz tutub getməsini görəndə çaşıb qaldım, təşviş içində Lelaya baxdım. 

Hansı yönə gedəcəyimizi bilmirdim. Lelada isə təşvişdən əsər-əlamət yox idi, durub sakit bir maraqla ətrafına göz gəzdirirdi. O mənə bel bağlayırdı. Elə bilirdi bu yolları Tbilisinin yolları kimi əzbərdən bilirəm...

- Sonra biz küçədə qarşılaşdıq, - arvadımın məni fikrimdən ayırdı – təsadüfən qarşılaşıb hal-əhval tutduq.

Onu küçədə saxlayıb söhbətə tutduğum haqda danışmağa davam etdi. Arvadımın yumuşaq və bir az da kədərli səsi qulağımda cingildədi. Özü kədərli deyildi, sadəcə səsi beləydi və onun bu səsiylə söhbət etməsini sevirdim, xüsusilə əhvalatları keçmişə aid olanda... İndi məhəlləni qar basmışdı və mən pəncərədən qara tamaşa edirdim. Yenidən fikrim məni Bakuriyaniyə, bir zaman Lelayla dayandığımız həmin yolayrıcına apardı. O vaxt hansı yolla getdiyimiz xatirimdə deyil, bircə o yadıma düşür ki, biz tezliklə gedib dəmir yoluna çatmışdıq. Lela orda da bir dəfə yıxıldı, ayaqlarının ağrıdığını etiraf elədi və bu vəziyyətdə sürüşmək ona çətin idi. Ətrafıma boylandım, yoldaşlarımızdan heç kim gözə dəymirdi, görünür başqa yolla getmişdilər.

Aşağıdan paravozun fitinin səsi gəlirdi.

- Məncə çatacağıq, - Lela dilləndi, - stansiya buralarda bir yerdə olmalıdır.

Lelanın xizəklərini açdım, özümünkünü də çıxardım, çiynimdə iki cüt xizəklə dəmir yolu boyunca addımlamağa başladım. Lela, axsaya-axsaya arxamca gəlirdi. Hava qaraldığı üçün Lelanı tələsdirirdim. İstəyirdim dəmir yolu stansiyasına vaxtında çata bilək.

Lela “bir az yavaş” getməyi xahiş edirdi,  - mənsə gecəni bayırda keçirməkdən qorxduğum üçün az qala yüyürməkdəydim. 

Çiynimdəki xizəyin metaldan düzəldilmiş ayağa bərkitmə hissəsi aradabir buxağıma dəyir, üzümdə sanki qızdırılmış şiş hiss edirdim. 

- Dayan, - Lela arxadan qışqırdı, - daha bacarmıram.
- Mənimsə gözləməyə vaxtım yoxdur: Lelaya acıqla qışqırdım və o yüngülcə büdrəyib itaətlə arxamca addımlamağa davam etdi. Bir dəqiqə keçməmiş yenidən zarıdı:
- Dayan, azca dincələk.
- Bir qırıq yol qalıb, paravozun fısıltısını eşitmirsən?
- Deməli sən belə insansanmış!
- Gördüyün kimi beləyəm. Bir az tələs!
- İstəyirsən çıx get, mən daha gəlmirəm.
- Necə yəni, bəlkə burda qalmaq istəyirsən?
- Hə, burda qalacam!
- Bir az əlli tərpən!
- Getmirəm, bax getmirəm!.. Bax bu relslərə uzanıb qalacam!.. Gedə bilmirəm – sözünü başa düşürsən ya yox?

Lela arxamca gəlməyə davam edirdi. Yıxılıb, durur yenə də addımlayırdı. Gecənin ortasında özümü irəli atmışdım. Relslər parıldayır, mənsə bu soyuq parıltının arxasınca uçunurdum. Hərdənbir dayanıb yubanan Lelanı gözləyirdim, hərdənbir ona qışqırır, hərdənbir də ruh yüksəkliyi yaratmağa çalışırdım. Özümü mətin və iradəli hesab edirdim. İstəyirdim bu iradəmlə arxamca gələn axsaq və sızıldayan insana təsir göstərim.

Lela sızlayır, üsyan edirdi. Onun ağlamağı məni özümdən çıxardırdı. Sızıltıları birbaşa əsəblərimə işləyirdi. Növbəti dəfə onun üstünə qışqırdım, hələ daha irəli getdim, dərhal ağlamağı kəsməsini əmr etdim. Lela səsini kəsdi, ağlamağa son verdi...

Image result for snow in bakuriani

O gedir, yıxılır, durur və yenidən yola davam edirdi...

Arvadım nəsə deyirdi. Eşidə bilmədim, lütfən təkrar elə və o təkrarladı: 

- Bilirsən, mənə elə gəlir qar başqaları üçün yağır...

Mən heyrət içində ona tamaşa etdim.

- Qəribədir, elə deyilmi? – arvadım dedi.

Mən gülümsədim, razılıq əlaməti olaraq başımı yellədim:

- Bəli... Mənə içməyə bir şey gətir...

Arvadım stəkana şərab süzüb gətirdi.

- Özün içmirsən?
- Yox.
- Bircə qurtum da sən al...
- Yox, mənə olmaz.
- Hə, düzdür, sənə olmaz.

Ətirli kəhraba rəngli mayeni astaca başıma çəkib, siqaretimi odladım.

...Axır ki, stansiya uzaqdan görünməyə başladı, indi ürəkdən nəfəs ala bilərdim, köksümün ortasından sevinc dolu qışqırıq qopdu:

- Gəla – stansiyaya çatdıq!

Qatar perronda dayanmışdı, paravoz tüstülənir, bacasından qığılcım və qatı duman buraxırdı.

Səsimi içimə atıb stansiya binasına üz qoydum. İçəri isti idi, soba vam xodda yanırdı. Canımı qızdırdım, hələ tərlədim də, yenə də istidən doymadım. Həzzdən silkinib özümə gəldim. Bakuriyaniyə iki bilet alıb bir anın içində özümü vaqonun girişinə, məni gözləməkdə olan yorğun və üzgün Lelanın yanına çatdırdım. 

Qatara minəndə vaqonların birində yoldaşlarımızı tapdıq və onların kupesinə yerləşdik. Bizi yarı yolda qoyub gözdən itdikləri üçün yoldaşları danladım, onlar isə bığaltı gülməkdən başqa bir qarşılıq vermədilər. Onların belə şübhəcil təbəssümlərini və qara bələnmiş Lelaya çəpəki nəzərlərini onda anlamlandıra bilməmişdim. Bizim çevrədən olan ikinci qız (onun adını indi xatırlamıram), nədənsə incimiş kimi, hamıdan kənarda oturub heç Lela tərəfə belə baxmırdı. Mənimsə kefim kök idi, hamımız qatara vaxtında yetişmiş və hər şey xoş sonluqla bitmişdi.

Kiçik vaqon ağzına kimi xizəkçilərlə dolu idi. Yerimizi rahatlayan kimi başımıza gələnlər haqda ucu-bucağı görünməyən söhbətlər başladı, hər kəs o birindən qabaq təəssüratlarını bölüşmək istəyirdi. Vaqonun o biri başında yoldaşlarımızın bəziləri mahnı oxuyurdu. Paravoz iki dəfə fit verdi, fışıltı və xarıltı ilə Bakuriyaniyə doğru yerindən götürüldü. Mən Lelaya tərəf əyilib, bir az da ikimənalı şəkildə xısınladım:

- Görürsən tələsməyin axırı nə yaxşı olurmuş?!

Lela susub pəncərədən bayıra baxırdı. Ölgün işıqla işıqlandırılmış, qarın içində görünməz olan perron, stansiyanın xırdaca binası, səmadakı ulduzların parıltısı fonunda sezilən tüstü bacası arxamızda qalmaqdaydı. 

Lelanın şalvarının, qara yun koftasının üstünə yapışmış qarlar əriyirdi, açıq-aydın yaş ləkələr nəzərə çarpırdı, onun üşüdüyü şübhəsiz idi. O bir küncə büzüşüb gözlərini yummuşdu. Kirpiklərinin kölgəsi solğun, arıq üzünə düşürdü. Saçlarına yapışmış qarlar da əriyir, işıq şüaları kiçik damcıları inci kimi parıldadırdı. 

Paravoz fit verə-verə yoxuşu çıxmaqdaydı. Dartıb apardığı qatarları dikə çıxartmaq zamanla ona çətin gəldiyi hiss olunurdu, bir anlığa hətta dayandı, sanki nəfəsini dərib irəli atılmaq üçün güc topladı. Sonra tam güclə iləliləməyə başladı, qar örtmüş meşəyə doğru nəsə çığırıb bizi yaxşıca silkələdi və yoluna davam etdi.

“Görürsən tələsməyin axırı nə yaxşı olurmuş?!” – mən dəqiqəbaşı öz-özümə təkrarlayır, sanki yaxşı bildiyim mahnını zümzümə edirdim. Bir anlıq öz-özümə düşündüm: - Guya yaxşı nə oldu ki? Əgər mən tələsməsəydim, qatar bizsiz çıxıb getsəydi pis nə olasıydı ki? Lelanın yanıyla asta-asta, ehtiyatla gedib, zədələnmiş ayağını incitməmək üçün ona yeriməyə kömək etsəydim. Bu vəziyyətdə də stansiyaya gəlib çıxsaydıq... Elə stansiyada da gecələyə bilərdik, axı orda soba yanırdı və isti idi...”

Lelanın ayağının möhkəm ağrıdığı və onun ağrıya çətinlikcə tap gətirdiyi üzündən sezilirdi. Hələ onu da hiss edirdim ki, qızın boğazı düyünlənmişdi, gözünü açan kimi hönkür-hönkür ağlayasıydı. Elə buna görə də özünü yuxululuğa vurmuşdu. Bu yuxu bir növ ağrını gizlədən maska idi.

Daha vaqonda dayana bilməyib özümü dəhlizə vurdum. Dəhlizdə şaxta məni kəsdi və çıxmağıma peşman oldum. Kupemə qayıtmaq istəyirdim, amma Lelanın qarşısında utanıb yerə girirdim... Hələ də başa düşə bilmirəm qatarın çıxıb gedəcəyi məni niyə qorxudurdu ki... Axı, niyə heç kişiyə yaraşmayan şəkildə qaranlığın düşəcəyindən qorxub başılovlu qaçmağa üz qoymuşdum. 

Paravoz qara bürünmüş Bakuriyani meşəliyinə nəsə çığıraraq keçirdi, mən dəhlizdə dayanıb gecə qaranlığına tamaşa edirdim. Birdən mənə elə gəldi ki, kimsə qatarın yanınca qaçır. Sanki, kiminsə hərəkətdə olan kölgəsi gözümə dəyirdi və bu kölgə axsaya-axsaya qatara çatmağa çalışırdı. Özümü pis hiss etdim və kupeyə geri qayıtdım.

Vaqonda hələ də yoldaşlarım mahnı oxumaqdaydı. Qulağım mahnıları daha aydın seçməyə başlamışdı, çünki söhbətlər kəsilmiş, hərə bir yanda özünü mürgüyə vermişdi.

- Sən nəzakətli və qorxusuz idin... Qartopu atan cavanların qarşısında tükünü belə tərpətməmişdin... – arvadım o biri otaqdan dillənirdi.

Ev istiydi, soba yanırdı. Pəncərə şüşəsinin önündə dayanıb, eynilə akvariumdan baxan bir balıq kimi bayıra baxırdım. Yağan qara tamaşa edib öz-özümə deyirəm: - Budur böyük qış gəldi çıxdı!

Arvadım evin içində o yan-bu yana qaçır, qarın yağmasına sevinirdi, qar ona bizim ilk qarşılaşmamızı xatırladırdı... Arvadım hər şeyi dəqiqliyiylə xatırlayır...

Beləcə həyətimizdə qar yağır...

Çevirdi: Namiq Hüseynli

Kultura.az
Yuxarı