post-title

100 illik Cümhuriyyət - zərurət, yoxsa təsadüf?

I hissə

Bu il bəşər tarixində çox dərin izlər qoymuş hadisələrin yubileyləri ili oldu. I Dünya Müharibəsinin bitməsi, Paris və Praqa Baharları, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi, Çində "kültür inqilabının" bitməsinin 50 illiyi, dünya kommunist hərəkatını faktiki sona yetirmiş "Arxipelaq QULAQ" romanının bitirilməsi və onun müəllifinin 100 illiyi və s.

Amma bunların arasında bir toplum kimi bizim üçün ən vacibi, 1918-ci ildə yaradılmış Azərbaycan Cumhuriyyətinin 100 illik yubileyi idi. Üzərindən 100 il kimi böyük bir zaman keçmiş bu hadisə milli kimliyimizi ifadə edərək, Məhəmməd Hadinin məşhur ifadəsini əksinə çevirə bildi. O gündən bizlər artıq "Var millətimin imzası imzalar içində" — deyə bilərdik. 

Lakin bir çox suallar indiyə kimi qalmaqdadır. 100 il öncə dövlət yaratmaq kimi böyük bir nailiyyəti biz necə əldə etdik? Əgər Cümhuriyyətə qədərki dövrü, yəni Rus İmperiyasının XIX əsrdə Qafqaza son olaraq gəlib, burada möhkəmləndikləri, müstəqilliyimizə qədərki 100 illik dövrü nəzərdən keçirsək, bizim qonşularımıza nisbətdə yüksələn xəttlə deyil, əksinə, bir çox zəifliklərimizin şahidi olarıq. XIX əsrdə başlanmış böyük modernizasiya prosesi bizdə çox-çox ləng gedirdi. Böyük M.F.Axundovdan başlayaraq klassiklərimizin demək olar ki, hamısı bu haqda deyib, yazıb və həyəcan təbili çalıb. Misal gətirməyə ehtiyac da gərək deyil, klassikamızı vərəqləyin — hamısı bunu deyir.  

Əlbəttə ki, XIX əsrin 2-ci yarısında və xüsusən XX əsrin əvvəllərində dünyada baş vermiş energetik inqilabın böyük dalğası Azərbaycana gəlib çatmış, modernizasiya bu, və ya digər şəkildə istər-istəməz cəmiyyətə daxil olmağa başlamışdı. Məhz bu illər başlanmış böyük maarifçi hərəkatın(1) və tədrici siyasi formalaşmanın(2) paralel getməsi də bir çox məsələlərdən xəbər verirdi. Qafqazda siyasi-kültür tərəqqisinə can atan tək biz deyil, bu mövqelərdə bizdən öndə gedə bilən qonşularımızın da olması bu proesesə bir stimul və inad verir, bir çox məsələlərə isə yaxşı anlamda vadar edirdi.

Lakin həqiqətənmi Böyük Müharibəyə qədərki bu dövrdə biz müstəqil bir dövlət qura biləcəyimizə xəyal edir və ən başlıcası, buna hazırlaşırdıqmı? Ən böyük məsələlər ilk öncə xəyallarda qurulur axı. 

Desək ki, Böyük Müharibəyə(3) qədərki dövrdə buna hansısa sübut tapmaq mümkündür, doğru olmaz. Maraqlıdır ki, Rəsulzadə özü də bu haqda hələ 1908-ci ildə dərc etdiyi "Qafqaz barəsində" məqaləsində bir qədər istehza-rişxəndlə də olsa, eyhamla yazırdı: "Purişkeviçin fikrincə bütün Qafqaz millətləri hamısı Rusiyadan ayrılmaq üzrə olub özlərinə xüsusi idarələr hazırlamaq fikrindədirlərmiş. Ermənilərin mədəni ittifaqları, daşnaksutyun firqələrin hamısı bu fikir ilə işliyorlar. Və gürcülər də bu qəsddə olduqlarını ikrahrəsan öldürməkləri və qeyri inqilabcuyanə hərəkətləri ilə isbat etmişdirlərmiş. Qafqaz millətlərindən hökümətə və Rusiyaya sadiq, doğru qalan ancaq bir müsəlman milləti imiş ki, bunlar da qafqaz höküməti tərəfindən daima təqib olunmaqda imişlər.(4) 

Bu xüsusda Rəsulzadədən bir qədər öncə, 1905-ci ildə Əli bəy Hüseynzadə "Həyat" qəzetində yazımışdı: “Müsəlmanlar və rus təəbələri olaraq biz tərəqqiyə rus dövləti çərçivəsində can atırıq".(5) 

Aydındır ki, bu, o zamankı mövcud şərtlər altındakı maksima idi. Əslində isə iki əsrin qovşağında Qafqazda baş verən proseslərə hətta səthi nəzər salsaq belə, görərik ki, yeni zamanın bir çox çağırışlarına, tarixin ortaya çıxardığı suallara heç hazır deyildik. 

Bu fonda tarixin indiki yüksəkliyindən ortaya daha bir vacib sual çıxır — 1918-də qurduğumuz Cumhuriyyət bu proseslərin məntiqi yekunu idi, yoxsa ardıcıl təsadüflər dalğasının heç özümüzün də gözləmədiyimiz nəticəsi?

1918-ci ildə Böyük Müharibə bitdi. Dünyanın məhvərini titrətmiş və siyasi xəritəni tamamilə yeniləmiş bəşər tarixinin bu müstəsna hadisəsi nəticəsində Avropada dörd böyük imperiya — Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı — dağıldı. Müharibə nəticəsində tarixin ən böyük imperiyası, "dənizlər sultanı" Böyük Britaniya da iflasa uğradı — həm vacib bir hissəsini (İrlandiyanı), həm də öz əvvəlki əzəmətini itirdi. Mühribəyə qədərki dövrdə dünyanın kültür və bütün mənalarda aparıcı-elitar mərkəzi olan Fransa da öz çəkici cazibəsini əbədi qeyb etdi.(6)

Lakin bu proseslərin nəticəsində bir çox yeni dövlətlər yarandı. Çox maraqlıdır ki, proses əsasən Avropa qitəsinin şərqində baş versə də, ilk başlanğıc qərbdə oldu — hələ müharibənin gedişində, 1916-cı ildə İrlandiya, üsyan nəticəsində Britaniya İmperiyasından ayrıla bildi, hərçənd ki, bununla imperiya dağılmadı. 

Şərqdə isə bu proses daha intensiv getdi, Avstriya-Macarıstanın dağılması nəticəsində dörd yeni dövlət intişarını tapdı — Macarıstan çoxdan arzu etdiyi müstəqilliyini aldı,  Çexoslovakiya və Polşa yenidən yarandı, sonuncunun bir qismi (7) keçmiş imperiyadan götürüldü, Avstriya özü isə minillik Habsburg sülaləsini yenib Avropanın mərkəzində kiçik bir respublikaya çevrildi. Elə məhz bu zamanda Avropa və dünyada gələcək fəlakətlərin minası — Versal sülhü — qoyuldu.  

Osmanlınınsa lap çoxdan — artıq iki əsrə yaxın bir dövrdə gözlənilən süqutu və dağılması, Atatürk və onun silahdaşlarının dərin səyləri, milyonlarla qurbanların nəticəsində biabırçı Sevr sülhünün yenilməsi, hazırkı Türkiyə Cumhuriyyətinin və bir çox ərəb dövlətlərinin yaranmasına səbəb oldu. 

Rusiya da isə proseslər daha da ağır keçdi. Ölkə bütünlüklə kiçik hissələrə bölündü, 1918-də Avropada müharibə bitən və sülh bağlanan zaman, Rusiyada əksinə, müharibə daxilə yönəlib çox dəhşətli vətəndaş qarşıdurmasına çevrilmişdi və uzun illər davam edəcəkdi. Azərbaycanın — bizim ölkənin yaranma tarixi də məhz bu dövrə düşür. Lakin buna qədər çox uzun bir yol keçilmişdi.

Tarixi ardıcıllıq hamımıza yaxşı məlumdur. Çox da dərinə getmədən yeni tariximizə nəzər salaq. İlk öncə 205 il əvvəl, 1813-cü ildə rus-İran müharibəsinin sonucu kimi Gülüstan müqaviləsi bağlanır və biz ərazi olaraq İrandan birdəfəlik ayrılıb Rusiyaya birləşirik. 

Burada kiçib bir haşiyə gərəkdir. 

Doğrusu anlamaq çətindir, bu tarixi nədən bizim tarixçilərimiz hər zaman faciə kimi interpretasiya edir? Əgər bu faciədirsə, o zaman demək ki, İranın tərkibindəki cənublu soydaşlarımızın taleyini yaşamaq daha yaxşı olardı? Fərz edəlim, Rusiya o dövrdə İranı yenə bilməyəydi və biz yenə də bu, və ya başqa formada onun tərkib hissəsi kimi qalmaqda davam edəydik, indi də lap elə hazırkı molla rejiminin bir hissəsi olaydıq, bu daha yaxşı tale olacaqdımı? 

Kimsə deməsin ki, biz o zaman, XIX əsrdə "müstəqil xanlıqlar" idik və sonra birləşib ayrıca dövləti, yəni Azərbaycanı qurcaqdıq — bunlar əsassız boş söhbətlərdir. Əgər belə bir tarixi mümkünat olsaydı, o zaman XX əsrdə dörd inqilaba imza armış və siyasi təşkilatlanma anlamında biz şimallılardan daha passionar olan cənublu soydaşlarımız bunu hökmən edərdi, lakin edə bilmədi — demək ki, bu prinsipcə mümkün deyildi və bizi də fərqli tale gözləmirdi.

Qısası, ya zəlzələdən, ya vəlvələdən, bizim müstəqilliyə uzanan yolumuz rusların Qafqaza gəlişindən keçir, çünki buna qədər və hətta sonra da, az qala bütün XIX əsr boyu biz hazırkı "biz" deyildik, özümüzü yalnız böyük bir ümmətin, şiə kimliyinin, açıqca İranın bir hissəsi kimi görür və qəbul edirdik. Rusların Qafqaza gəlişi ilə bizim özümüzə baxışımız istər-istəməz dəyişdi, zamanla bilaixtiyar modernləşmə və milli identifikasiya axtarışlarımız başladı. Sonra, XX əsrdə Cənubda gedəcək milli özünüdərk prosesləri də şühbəhisiz ki, məhz bu kökdən qidalanırdı.  

Azərbaycan tarixinin məşhur tədqiqatçısı Tadeusz Świętochowski öz məşhur monoqrafiyasında(8) yazırdı ki, "Bu "de-iranizasiya", azərbaycanlıların özünü İranla identifikasiyasının zəifləməsini arzu edən rus iqtidarında müəyyən dəstək tapmışdı". Bu anlamda sırf ərazi kimi və eyni zamanda mental-mənəvi olaraq İran ərazisindən ayrılmamız bütün XIX əsr boyunca tədrici baş verirdi və toplum olaraq bu, bizim üçün şübhəsiz ki, taleyüklü bir məsələ idi.  

Əgər rusların Qafqaza gəlişi olmasaydı, bu yöndə çətin ki, nəsə dəyişəydi. Qısası, bizim tarixçilərin kədərlə andığı "xalqın iki yerə bölünməsi" konsepti, əslində İranin bütövlüyünə tutulan yasdır, işdə başqa bir şey deyil.  

1) İlk qəzet "Əkinçi" (1875), ilk jurnallar "Molla Nəsrəddin" və "Füyuzat" (1907), ilk opera "Leyli və Məcnun" (1908), ilk operetta "Arşın mal alan" (1913), və s. 

2) İlk öncə 1902-ci ildə gənc Rəsulzadə tərəfındən Bakıda "Müsəlman gənclər təşkilatı", sonra 1904-cü ildə müsəlman dünyasında ilk sosial-demokrat partiyası "Hümmət" yaranır. 1905-ci ildə hərbi-siyasi "Difai" təşkilatı, sonra isə 1911-ci ildə yaradılmış və tariximizdə müstəsna rol oynamış milli-demokratik "Müsavat" firqəsinin yaradılması, bunlardan başqa kiçik və müvəqqəti xarakter daşıyan birliklər də mövcud olub, məs., 1905-ci ildə Gəncədə "Qeyrət" təşkilatı və s. 

3) II Dünya Müharibəsinə kimi tarixi mənbələridə adı belə gedirdi.

4)  M.Ə.Rəsulzadə, “Tərəqqi” qəzeti, № 126, 14 dekabr 1908. 

5) "Həyat" qəzeti, 7 iyun, 1905. 

6) Böyük Müharibəyə qədərki dövrdə Fransa və xüsusən də Paris, Avropa və dünyanın kültür və geosiyasi mərkəzi idi, hər mənada elitar sayılırdı — kültür, təhsil, ticarət, aparıcı ideyalar və kəşflər, moda, dil və s. Bu mənada Paris heç bir zaman nə London, nə Berlin, nə New-York, nə də ki, Peterburqla müqaisə edilmirdi. Müharibədən sonra isə artıq heç bir zaman belə olmadı, ölkə tamamilə müflis oldu, eyni zamanda fransız dilinin də mövqeləri bu dövrdə tədricən itirildi, 1945-dən sonra isə ümumiyyətlə lingua franca, yəni dünya dili olmaqdan çıxıb, öz min illik yerini ingilis dilinə verməli oldu — bunun səbəbi Böyük Müharibə idi.

7) Mərkəzi Krakov və Lvov olmaqla cənub vilayətləri nəzərdə tutulur.

8) Tadeusz Swietochowski, "Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community" (1985)


100 illik Cümhuriyyət - zərurət, yoxsa təsadüf? (II Hissə)

Qayıdaq Azərbaycanın dövlət kimi yaranmasının qısa tarixinə. Böyük Müharibənin Rusiyaya dağıdıcı təsiri və davamlı ictimai böhran nəticəsində 1917-ci ildə ilk öncə fevral inqilabı, sonra oktyabr çevrilişi baş verir. Oktyabr çevrilişinin nəticəsində hakimiyyətə gəlmiş bolşeviklər Mərkəzi Dövlətlərlə sülh sazişi bağlamağa qərar verir, buna ilk cəhd hələ 1917-nin dekabrında edilir, amma nəticəsiz qalır, çünki xarici işlər komissarı Trotski almanlarla danışığa gələ bilmir. Lakin müharibənin davamı mümkünsüz olduğu üçün Leninin göstərişi ilə 1918-in martında nəhayət ki, Brest-Litovsk sülhü bağlanır. 

Mərkəzi Dövlətlərin aparıcı qüvvəsi Almaniya idi və bolşeviklər də başlıca danışıqları onun nümayəndələri ilə aparırdı. Amma təbii olaraq sülh imzalanan stolda müharibədən öncə almanlardan çox şirin vədlər almış müttəfiq Osmalı da qalib statusunda oturmuşdu və sazişdə öz maraqlarını tələb edirdi. İlk öncə bura Osmanlı üçün fəlakətli 1877-78 müharibəsindəki məğlubiyyətdə ruslara verilmiş Qars,Ərdahan və Batum vilayətlərinin geri alınması haqda danışılırdı, lakin Rusiyanın sarsıdıcı çöküşü və tamamilə sıradan çıxması kimi gözlənilmədən baş vermiş müstəsna uğur Osmanlıya yeni ümidlər verirdi. O zamankı situasiyada Osmanlının iddiası artıq böyümüşdü, bu və ya digər şəkildə bütün Qafqaza idi, real da görünməkdə idi.  

Osmanlı dövləti üçün bu revanş həddən artıq vacib idi - hər mənada. Bu, artıq XVIII əsrdən hamının əsassız olmayaraq, tezliklə məhvinə inandığı Osmanlının dirçəlməsi demək idi. 1908-ci ildə Osmanlıda hakimiyyətə yeni gəlmiş Gənc türklər (Jön Türkler) hərəkatı bütün sahələrdə, ilk öncə orduda total islahatlarla məşğul idi. Müstəsna iddiaları da Osmanlında reformalar və modernizasiya proseslərini işə salıb, son hədəfdə bu kos-kocaman imperiyanın yenidən böyük çağlarına gətirmək idi.(1) Bu iddialar olmasaydı, əlbəttə ki, türklər heç bir zaman dünyanın məhvərini titrədəcək Böyük Müharibəyə girməzdilər. Çünki 1911-ci ildə İtaliya ilə edilən savaşdan və o zaman hələ yenicə bitmiş Balkan müharibələrindən çox mənfi təcrübə ilə çıxmışdılar. Bu səbəblərdən Osmanlı iqtidarı 1914-cü ildə müharibə mövzusunda çox dərin tərəddüd keçirmişdi. 

Baxmayaraq ki, hələ 2 avqustda alman-osmanlı hökümətləri arasında gizli bir antlaşma imzalanmış və eyni gündə də bütün imperiyada mobilizasiya əmri verilmişdi, yenə də tam əsasla osmnalı iqtidarı müharibəyə daxil olmaqda qərarsız idi. Bu səbəbdən savaşın avqustda başlanmasından sonra 3 aya kimi gözləmiş, yalnız sonda, 30 oktyabrda almanların təhriki ilə daxil olmuşdu. (2) Sonrakı hadisələr tarixdən hamıya məlumdur — Osmanlı üçün bu müharibə necə faciəli başlanmışdısa, eləcə də davam etmişdi. Yeganə uğur Çanakkale savaşında İstanbula can atan düşmənin qarşısını müvəffəqiyyətlə almaq olan imperiya, indi Qafqazda revanş almaq istəyirdi.   

Qafqazda isə vəziyyət çox ağır idi. 1917-ci ilin dekabrında, Rusiyadakı inqilablardan sonra burada baş vermiş hakimiyyət boşluğunu doldurmaq məqsədilə yerli icmaların (gürcü, erməni və müsəlman deputatların) təşkil etdiyi Qafqaz Seymi yaradılır. Brest sülhündən sonra, 1918-in 22 aprelində Seym Respublika elan edilir, lakin bundan cəmi bir ay sonra, Seymdəki erməni və müsəlman deputatlarının onlardan bunu etməməsi xahişləinə rəğmən, gürcülər, almanların dəstəyi ilə 26 mayda özlərinin müstəqil dövlətini elan edirlər. 

Almanlar Osmanlının müttəfiqi idi, lakin hətta öz vədlərinə rəğmən, Qafqazın tamamilə onun nəzarətinə keçməsinə heç cür razı ola bilməzdilər. Bu səbəbdən Osmanlının qarşısına qoyulacaq müstəqil Gürcüstan, almanlara himayə ediləcək "xristian dövləti" kimi çox gərək idi. 

Nəhayət gürcülərin müstəqillik bəyanatından iki gün sonra, 28 may günü, məlum olduğu kimi ilk öncə ermənilər, sonra isə biz Respublika elan etdik. Əslində isə, almanların təhriki ilə gürcülərin Seymdən ayrılması burada müsəlmanlarla tənha qalmış  erməniləri bunu etməyə sövq etdi. Beləcə, çox çətin bir şəraitdə, dağıdıcı ziddiyyətlər və təbəddülatlar burulğanında, hətta elan ediləcək ölkənin adının belə çox dərin mübahisələr yaratdığı bir atmosferdə bizim ölkəmiz — Azərbaycan — yarandı.   

Bəyanatda yenicə yaranmış ölkənin perspektivləri çox dumanlı görünürdü, paytaxtı elan edilmiş Bakı isə faktiki əlçatmaz idi. Zatən Bakı XIX əsrin sonundan meqapolisə çevriləndən bəri heç bir zaman bizim — yəni azərbaycanlıların deyildi. Bunu bilmək və anlamaq gərəkdir. Bakıda müsəlman əhalisi çoxluqda deyildi, müsəlman neftxudaların da Bakının istiqadi həyatında iştirak payı kifayət qədər kiçik idi.(2)  

Bundan başqa təşkilatlanma və hərbi hazırlıq baxımından o dövrdə bizi ermənilərlə müqaisə etmək olmazdı — zatən hərbi qulluqdan 100 ilə yaxın kənar qoyulmuş toplumdan daha çoxunu tələb etmək də mümkünsüz idi.  Nəhayətdə, 1905 və 1918-ci ildəki qırğınlar zamanı bu faktorlar özünü bariz və faciəli surətdə göstərdi. Və bizim üçün bu faciəli şərtləri yeni yaradılmış dövlətin təklikdə düzənləyə biləcəyinə ümid etmək ən azından sadəlöhvlük idi.     

Amma biz çox-çox bəxtli bir xalqıq — bu haqda dəfələrlə yazmışam. Qouşularımızdan bir çox məsələlərdə geri olmağımıza rəğmən, məhz həmin o faciəli dövrdə, yeni yaradılmış dövlətimizin Osmanlı imperiyası ilə maraqlarının üst-üstə düşməsi müstəsna bir tale ulduzu idi. 

Nuri paşanın Qafqaz İslam Ordusu məhz bu dövrdə hərəkətə gəlir. İmperiyanın Şərq Orduları Qrupuna daxil olan bu hərbi hissəyə yeni yaradılmış dövlətin könüllüləri də qoşulur və Bakı üzərinə yeriyir. Bu dörvdə bizim maraqlar üst-üstə düşürdü. Azərbaycan yenicə elan edilmişdi, özünü təsdiq etmək və paytaxtına dönmək üçün ona qüdrətli bir müttəfiq gərək idi və bu Osmanlının timsalında reallaşdı. İmperiyaya da biz gərək idik — yerlərdə təşkilatlanmış müsəlman-türk toplumu onların işini asanlaşdırmağa xidmət edirdi, amma onlar üçün AXC rəhbərliyi maksimum yerli inzibati idarəetmə səviyyəsində idi, daha dövlət yox, zatən ölkənin bayrağı belə Osmanlı protektaratı olduğuna işarə idi. Əgər Mərkəzi Dövlətlər bu müharibədə Antantaı yenə bilsəydi, o zaman biz hökmən Osmanlının tərkibində olacaqdıq, müstəqil dövlət kimi yox, bunu da anlamağımız gərəkdir.

Lakin sentyabrda Bakının alınmasından bir ay keçməmiş, ağır məğlubiyyətə düçar olmuş Osmanlı İmperiyası faktiki çökür və Bakını tərk etməli olur. Bir qədər sonra qalib dövlətlərin təmsilçisi General Tomson  ordusu ilə Bakıya daxil oldu, "osmanlı" bayrağını görcək haman onun aşağı salınmasını  tələb edir. Lakin son nəticədə Qurucu Atalarımız bu təhlükəni də dəf edir, yeni tərəfdaşlarla danışığa gəlir və tezliklə, dekbarın 9-da yeni - bu dəfə üçrəngli bayrağımız Bakı meriyasının üstündə ucaldılır, parlamentin iclasının açılışı olur. Nəticədə Cümhuriyyət uğurla varlığını davam edir və daha il yarım yaşayır, Bakı onun paytaxtına çevrilir, faktiki dünya tərəfindən tanınır və bizim üçün çox vacib tarixi presedent beləcə yaranır. 

Bütün bunlar sonrakı tarix üçün çox vacib idi, çünki hətta 1920-ci ilin bolşevik işğalından sonra da bu şərtlər öz müstəsna rolunu oynadı. O zamankı bolşevik hakimiyyətinin millətlər işi üzrə komissarı Stalin və demək olar ki, bütün kommunist elitası Bakını Azərbaycandan fərqli bir şəhər sayır (4) və hesab edirdi ki, onu bu ölkədən ayırıb, birbaşa Rusiyaya birləşdirmək, yaxud ona başqa bir status vermək gərəkdir. Bütün bunlar bölgələrə, yəni Naxçıvana və Qarabağa da aid idi. Bunlar sonda bizim üçün geri dönməyəcək faciəli nəticələrə gətirə bilərdi. 

Lakin tarixi presedent çox-çox vacib məsələdir. Bu presedent Cümhuriyyət dövrü artıq baş vermişdi və ondan hətta Azərbaycan kommunistləri belə ölkənin ərazi bütövlüyünü dəstəklədilər. Nəticədə bütün mübahisələrə rəğmən Azərbaycan Bakı (eyni zamanda Naxçıvan və Qarabağ) ilə bərarər müttəfiq respublika qismində SSRİ tərkibində mümkün olan ən böyük statusu qazanır ki, bu da sonda müstəqil dövlətin yaranmasına gətirib çıxardı. 

İndi üstündən 100 il keçmiş bu hadisələri biz rahatca "olmalı olan" kimi qiymətləndiririk, lakin bunlar Qurucu Atalarımızın müstəsna uğuru idi. Mümkünsüz şərtlər altında buna əsla hazır olmayan toplumda dövlət yarada biləcək qüvvələr tapıldı və mürəkkəb tarixi şəraitdə onlar müxtəlif böyük güclərlə dil tapa bildilər. 

Bu nailiyyətləri zamanın indiki yüksəkliyindən yalnız möcüzə kimi qiymətləndirmək olar. Əgər Rusiyanın Qafqaza gəlməsi tarixindən geniş nəzərlə baxsaq, Cümhuriyyətin yaranmasını öncədən görmək mümkünsüz idi və müstəqil dövlətimizin olacağını əsla qanunauyğunluq adlandırmaq olmaz. Bu şübhəsiz ki, tarixin dolanbaclarından çıxmış təsadüf və bəxt məsələsi idi. Bu tarixi şansı reallaşdıra bilən Qurucu Atalarımıza əbədi borcluyuq. 

Lakin çağdaş Azərbaycanı, onun sekulyal mədəniyyətini ilk öncə təfəkkürdə, xəyallarda və çox böyük zaman aparacaq maarif prosesində yaratmaq gərək idi, bunsuz müsəlman şərqində ilk Cümhuriyyət əsla qurula bilməzdi. Çağdaş-sekulyar Azərbaycan təfəkkürünün memarı isə şübhəsiz ki, bizim ilk modern mütəfəkkirimiz, ölümündən düz 140 il keçmiş M.F.Axundov, onun davamçıları da XIX əsrin sonu - XX əsrin əvvəlində yaşayıb fəaliyyət göstərmiş parlaq ziyalılarımızın kaqortası idi. Məhz onların fəaliyyəti sonda bu parlaq nəticə ilə yekunlaşdı. Bu anlamda bəxmizə gəlmiş tarixi şansın itirilməməsi, çağdaş dövlətin yaradılması və tarixi vərəsəlik hüququ onların bizlərə ən böyük töhfəsi və əvəzsiz mirasıdır.   

Elmir Mirzəyev

1) Maraqlıdır ki, 1910-cu ildə İstanbulun Avropa şəhərinə çevrilməsi üçün Fransadan bir urbanizasiya üzrə alimi çağırırlar və o ilk öncə burdakı bütün itlərin şəhərdən yığılmasını məsləhət görür, nəticədə şəhər itlərini küçələrdən ordu yığır və sonra heyvanları gəmilərlə İstanbul yaxınlığındakı boş adalara yollayırmış. Avropa tipli modernizasiya naminə Jön Türkler iqtidarı ən kəskin addımlara gedə biləcəiyini bu misalla da sübut edir.  

2) Bu hadisədən bir gün öncə, 29 oktyabrda Osmanlının almanlardan alınmış "Yavuz" və "Midilli" (əslində isə "Goeben" və "Breslau") hərbi kreyserləri Qara dəniz sahillərindəki rus şəhərlərini - Odessa, Sevastopol, Feodosiya, və Novorossiyski bombardıman etmişdilər.  

3) Doğrudur, H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev və yaxud M.Muxtarov kimi neftxudaların ismi hər kəsin dilindədir, lakin faiz etibarı ilə onlar ermənilərə nisbətdə çoxluqda deyildi. İctimai həyatın başqa sahələrində də vəziyyət eyni idi. 

4) İ.Stalin, "Marksizm və milli məsələ" məqaləsi (1913-14); I.Stalin, "Rusiya Kommunist (boşeviklər) Partiyasının X qurultayında partiyanın növbəti hədəfləri və milli məsələ ilə bağlı hesabatına yekun söz", 10 mart 1921.

azlogos.eu

Yuxarı