post-title

Harvarda necə qəbul olmaq olar?

ABŞ-da universitetlər hər il payızın sonlarına doğru növbəti akademik il üçün bakalavr pilləsinə qəbul olunan tələbələri müəyyən etməyə başlayırlar. Keçən dekabr ayı bu baxımdan əvvəlki illərdəkindən fərqli keçdi. Demək olar ki, bütün əsas media orqanları Florida ştatının Parkland şəhərindən olan bir gəncin növbəti akademik ildə tələbə həyatına başlayacağından danışırdı. Mövzu ətrafındakı müzakirələr bir xətli deyildi. Bəziləri gənci təbrik edir, uğurlarının davam etməsini arzu edirdilər. Bəziləri isə onun qəbul olunduğu universitetə layiq olmadığını yazırdılar. 

Söhbət gənc-aktivist David Hogg və onun Harvard Universitetinə qəbul olunmağından gedir. Kimdir David Hogg? Amerika David Hogg-u bir il öncə Parkland şəhərindəki məktəbə hücumla tanıdı. “Marjory Stoneman Douglas” məktəbinin keçmiş tələbəsi Nikolas Kruz çantasında gətirdiyi silahla qəfildən atəş açmağa başlamış və əksəriyyəti şagird olan 17 nəfəri qətlə yetirmişdi. Bu hadisədən sonra Amerikada silah lobbisinə qarşı daha bir ictimai kompaniya başladı. Bu yeni kompaniya əvvəlkilərdən fərqli olaraq silah hücumu qurbanlarının yaxın dostlarının iştirakı ilə yadda qaldı. Silahlı hücuma məruz qalmış məktəbin son sinif şagirdlərindən David Hogg bu prosesdə olduqca böyük nüfuz qazandı. Hogg CNN kimi kanallara dəvət almaqla yanaşı, ölkənin bir çox məktəbində və ictimai tədbirlərdə silah gəzdirmə qanunlarını tənqid etdən çıxışlar etdi və uzun müddət medianın diqqət mərkəzində qala bildi.

Fəqət 2018-ci ilin baharı Hogg üçün akademik cəhətdən böyük bir hüsrana çevrildi. Belə ki, Hogg-un qiymətləri aşağı olduğundan çox zəif universistetlərdən belə qəbul ala bilməmişdi. O, növbəti ayları aktivist fəaliyyətini davam etdirməklə keçirdi və payızda yenidən universitetlərə sənəd göndərməyi qərara aldı. Hogg-un adı yavaş-yavaş medianın maraq dairəsindən çıxırdı ki, bir anda onun Harvard Universitetinə qəbul olunması xəbəri yayıldı.

Çoxlarını bir əsas sual maraqlandırırdı. David Hogg kimi akademik göstəriciləri orta səviyyənin çox altında olan biri hansı məntiqlə Amerikanın ən nüfuzlu özəl universitetinə qəbul olunmuşdu. Hogg bəlkə də Harvarddan başqa bir universitetə qəbul olunsa idi, bu məsələ bu qədər müzakirə olunmayacaqdı. Harvard Amerikada istedadlı gənclərin əsas hədəfi olsa da, hər il ona sənəd göndərən 40 min abituriyentin yalnız 6%-i tələbə adı qazana bilir. Bu universitet ölkənin ən istedadlı və akademik göstəriciləri qüsursuz olan abituriyentləri arasında seçim edir. Ancaq heç kim Harvardın hansı kriteriyalara görə qəbul apardığını bilmir. Çünki universitet özəldir və ictimaiyyət qarşısında qəbul prosesinin şəffaflığı ilə bağlı heç bir öhdəlik daşımır.

Bununla belə, Amerikadakı ayriseçkilik əleyhinə olan qanunlar çox sərtdir və özəl universitet olmaq bu qanunlara immunitet qazandıra bilmir. David Hogg-un Harvard macərası universitet haqqında on illərdir dilləndirilən irqçilik ittihamlarını da alovlandırmış oldu. Elə keçən ilin oktyabr ayında tarixdə ilk dəfə Harvard universitetinin qəbul prosesi ilə bağlı məhkəmə prosesi başladı. Ədalətli Qəbul Naminə Tələbələr Birliyi Harvardı Asiyalı tələbələrə qarşı ayriseçkilikdə ittiham edirdi. Asiyalı tələbələr akademik göstəricilərinə görə digər qruplardan yaxşı mənada seçilsə də onların Harvardda təmsil olunma faizi bu fərqlə ayaqlaşmır. Məhkəmə prosesi Harvardı seçim kriteriyalarını açıq şəkildə sıralamağa məcbur etdi. Prosesin gedişində məlum oldu ki, Asiyalı tələblər test nəticələrinə görə yüksək ballar əldə etsələr də Harvard qəbul komissiyası onlara  bir qayda olaraq şəxsi keyfiyyətlərinə görə aşağı ballar verir. Yekun nəticədə, bu ümümi balda Asiyalıların geri qalmasına səbəb olur. Bəs bu şəxsi keyfiyyətlər necə ölçülür? Harvardın açıqladığı məlumatlara əsaslansaq bu kriteriya liderlik, ictimai fəliyyətlər və digər qeyri-akademik sahələrdəki bacarıqları əhatı edir. Siz əgər tamamilə dərsləri düşünüb ictimai işlərdən uzaq durursunuzsa, böyük ehtimalla Harvard üçün uyğun profilə sahib deyilsiniz. Amma Harvard təkcə ictimai fəlaiyyətlə deyil abituriyentlərin gəldiyi ailə ilə də maraqlanır. Əgər sizin ailənizdə keçmiş Harvard məzunu varsa, bu sizin Harvarda qəbul olunmaq şansınızı artırır. Çoxları bu sistemin bir qayda olaraq Harvarddan məzun olan elit və varlı şəxslərin övladlarının universitetə qəbul olunmasını asanlaşdırmaq üçün saxlanıldığını iddia edir. Onu qeyd edim ki, bu sistem təkcə Harvardda deyil Cornell və Yale kimi universitetlərdə də mövcuddur. 

Ümumiyyətlə, Amerikada ali təhsilə qəbul prosesi özünün tarixdəki ən böyük böhranını yaşayır. İctimaiyyət təkcə Harvardı deyil bütün özəl universitetləri sistemli ayrı seçkiliklə ittiham edir. Elitlər universitetlərə böyük məbləğli ianələr bağışlayaraq övladlarına qəbul prosesində köməklik göstərirlər. Bu da özlüyündə qəbul prosesinin nə qədər meritokratik əsaslara söykənməsini sual altında qoyur. Bu problem keçən həftə Federal Tədqiqatlar Bürosunun (FTB) Kaliforniyadakı 50 civarında elit ailəyə qarşı qaldırdığı cinayət işi ilə bir daha qızğın müzakirə predmeti oldu. FTB pres-relizində aralarında bir neçə Hollivud ulduzu və biznes taykununun olduğu geniş korrupsiya şəbəkəsini ortaya çıxardığını bildirdi. Bu şəbəkə qəbul imtahan nəticələrinin rüşvətlə dəyişdirilməsindən tutmuş abituriyentlərə saxta ictimai fəaliyyət profili yaratmağa qədər geniş səpkidə qanunu pozaraq varlı ailələrin uşaqlarını elit özəl universitetlərə qəbul etdirməyə nail olub. 

Çoxlarının dediyi kimi Amerikada ayrı-seçkilik institutsionaldır və kökləri çox dərinə gedir. Elit universitetlərdə oxumaq təkcə akademik bir status deyil eyni zamanda elitadaxili status siqnalı rolunu oynayır. Bunun əsrdən çox tarixi var və bu sistem yeni-yeni ictimai qınaq obyektinə çevrilir.

Bəs niyə məhz indi? Bu sualın cavabını Amrikanın dəyişən demoqrafiyasında axtarmaq lazımdır. Artıq 30 ildir ki, Kaliforniya mərkəzli texnologiya və innovasiya elitası formalaşıb və bu elita sənayə elitasından fərqli olaraq sadəcə ağdərili Amerikalılardan ibarət deyil. Oturuşmuş və getdikcə köhnə təsiri bağışlayan sistem həm siyasətdə həm də toplumun digər sahələrində tənqidlə üzləşir. Hindistan, Asiya və Latın Amerika mənşəli yeni elitalar güc ierarxiyasında yavaş-yavaş yüksəlir. Bu da özlüyündə oyun qaydalarına yenidən baxmağı labüd edir.

Bu kontekstdən Azərbaycana baxdıqda pessimizm və nikbinlik eyni anda təzahür edir. Amerikadan fərqli olaraq bizdəki elita hələ ki özəl universitetlərə maraq göstərmir. Bunun da kökündə biznes və bürokratik elitanın ölkəmizdə hələ də tam ayrılmaması dayanır. Bu iki elita bir-birinin yedəyində fəaliyyət göstərdiyi üçün hələ ki fərqli akademik çevrələrə ehtiyac duymurlar. Bu da ali təhsilə özəl kapital axınını ləngidir. 

İstər Amerikada olsun istərsə də Avropada, elmin inkişafı hakim elitaların sifarişi və yaxından dəstəyi ilə mümkün olub. Bu elitalar ilkin mərhələdə elm adamlarını öz içlərindən yetişdiriblər – Nyuton kimi. Amma proses sürətlə elitaların sərhədlərini aşıb. Sənaye və sonrakı texnoloji inqilab elit çevrələrdə elmi araşdırmanın kütlələrə ötürülməsini stimullaşdırıb. Bizdəki neft elitası 100 il əvvəl olduğu kimi bu prosesə xaricə tələbə göndərməklə başladı. Məncə artıq bu mərhələ sona çatıb. Prosesin ikinci mərhələsi daha mürəkkəb və daha çətindir. Təhsilimizin gələcəyi daha çox biznes elitasının hansı yöndə inkişaf edəcəyindən asılıdır. İnnovasiya əsaslı biznesin inkişafı elitləri ali təhsildə adekvat sahələrin inkişafına vəsait yatırmağa stimullaşdıracaq. Qısacası təhsilimizin inkişaf oxu biznes strukturlarının bazarın hansı seqmentinə yönələcəkləri ilə müəyyənləşəcək. 

Samir Hüseynov

Kultura.az



Yuxarı