post-title

Qırmızı çibinvuran

Yaxud şəkili Əziz dayının “pastayannı bileti”

Bu yaxınlarda daha üç şairə fəxri ad verildi,  indən belə “xalq şairi” oldular. Çox qəribə idi ki, məsələ ictimai müzakirələrə, sosial şəbəkələrin reaksiyasına səbəb oldu.

“Xalqın şairi necə olmalıdır?”, “O adlar hansı prinsiplərlə verilir?”, “Fəxri ad filankəsin nəyinə gərəkdir, axı onun hayhayı gedib, vayvayı qalıb?”, “Filankəs çoxdan xalqın şairi idi, axı niyə bunu özünə layiq bilib rejimdən filan şeyi alıb?” və s.

Artıq hər şeyin, bütün məsələlərin çox şəffaf, aydın olduğu bir dövrdə, bu tipli sualların səslənməsi müstəsna təəccüb doğrur. Qəribədir, bizim adamlar Azərbaycanda “ziyalı” adlanan bu zümrənin kim olduğunu indiyə qədər də anlamadı və 30 illik nəsil dəyişməsindən sonra da, bu cür suallar verilir.

Fəxri adlar haqda uzun illər öncə yazmışdım, bunların sovet anaxronizmi olduğunu demişdim, amma başa düşürəm ki, bizim cəmiyyətimizə belə tipli arqumentlər təsir etmir, gərəksizdir, işlək deyil.

Yadıma mənasız bir xatirə düşdü. 1989-cu il idi, 30 il bundan öncə. Bir dostumuzun böyük qardaşı evlənirdi, o da gəlin bacının cehizini daşımaq üçün bizdən, bir neçə tələbə yoldaşından xahiş etdi kömək edək. Səhərisi yollandıq qız evinə. Cehizi daşımağa bir “qurzovoy” QAZ-53 gətirmişdilər, biz də laçın oğlanlar, kiçik bir zaman içində az qala bütün evi daşıdıq ora. Daha nələr yox idi cehizin içində – mebeldən tutmuş paltaryuyan maşına kimi, xalçalardan tutmuş qabqacağa qədər – hamısını yığdıq maşının kuzovuna, özümüz də ora qalxıb tərpənmək istəyirdik ki, evdən bir qadın qaça-qaça gəldi (deyəsən gəlinin anası idi), əlində də qırmızı bir çibinvuran. Onu da uzatdı mənə, götürüb qoydum əşyaların arasına.

Hadisənin üstündən 30 ildən çox zaman keçsə də, nə o toydan karlı bir şey qalıb xatirimdə, nə də başqa bir şey, bircə o qırmızı çibinvuran. Mənasız olsa da, obrazlı, bomba bir detaldır.

Yenə də, hardasa təxminən 30 il bundan əvvəl, amma toy əhvalatından sonra, sovet bozluğunu rənglənirməyə çalışan, yağışdan sonra göbələklər kimi çoxalan qəzetlərin birində, milli buddamız Anarın müsahibəsi gözümə dəymişdi. Görkəmli ziyalı orada çox dəyərli fikirlərini bölüşürdü. Ədib, ürək yanğısı ilə qeyd edirdi ki, elə bir dövr gəlib ki, hamı siyasətdən danışır, siyasət sözü olmayan məclis görmür, hansı qəzeti açır, görür siyasət söhbəti edirlər, sanki həyatda daha başqa heç nə yoxdu.

Xatirinizə gətirin, bu sözlər elə bir dövrdə deyilir ki, o dövrdə sovetlərin başı üstündə dayanmadan, gumbultu ilə nağara çalırdılar, hər yer titrəyirdi, hələ milli faciəmizi, Qarabağı demirəm; qonşu Tiflisdə aprel qırğını olmuşdu, Moskvada Xalq deputatlarının birinci Qurultayı daha çox müharibəyə bənzəyirdi, nəinki yığıncağa; Baltik ölkələri rəsmən sovetdən çıxmaq qərarı vermişdilər. Hətta ənənəvi sakit Orta Asiya ölkələri də bir-birinə dəyişmişdi: Özbəkistanda milli münaqişə zəminində Ahıska türklərini qırırdılar, Tacikistanın da Əfqanıstanla sərhədləri titrəməyə başlamışdı, ölkəyə talibançılar keçib öz ideologiyalarını yayırdılar, sonra bu iş vətəndaş müharibəsi ilə bitdi.  

Dünya da o dövrdə geosiyasi fırtınalar burulğanında lərzəyə gəlməkdə idi: Çində Tiananmen meydanında minlərlə tələbə mitinqə qalxmışdı, o boyda imperiyanın taleyini bütün dünya zərrəbin altında izləyirdi. Avropada artıq soyuq müharibənin ən böyük rəmzini, Berlin Divarını uçurmuşdular, almanlar da birləşmə qərarı vermişdi, II Dünya Müharibəsinin yekunları yenidən nəzərdən keçirilirdi, Rumıniyada üsyan etmiş xalq diktator rejimini yıxmışdı, Çauşesku ilə arvadı edam edilmişdi. Çexoslovakiyada Gustav Husak, kompartiya sədrliyindən vaxtında, üzüsulu çıxıb getmişdi, Polşa gələcəkdə təhlükəsizliyini qorumaq üçün rəsmən NATO-ya üzv olmaq istəyini bəyan edirdi, Bolqarıstanda Todor Jivkov rejimi yıxılmışdı, Yuqoslaviya parçalanıb dağılmaqda idi və bütün sosialist düşərgəsi də artıq ölümə məhkum idi.

Amma bizim ziyalımız məhz həmin dövrdə, «siyasət» sözündən bezmişdi. Dünya dağılır, bu qardaş da deyir ki, «siyasətdən danışmasın heç kim». İnanın ki, o zamankı siyasi-ictimai proseslərdən, o qırmızı çibinvuran kimi ən çox yaddaşımda qalan, bu böyük ziyalının sözləri oldu.

Azərbaycanda ziyalı sayılanlar belə məsələləri neynəyir – onlar ucalarda, nirvanalarda, sufilər kimi kosmosla vəhdəti-vücud olub göylərlə əlləşib-vurnuxurlar, paralel olaraq ad almaq üçün də illərlə növbələrdə gözləyirlər. İşdi, kim bilmirsə — fəxri ad-filan almaq üçün ilk öncə təqdimat olunur, sənədlər yığılıb lazımi yerlərə göndərilir, illərlə orada qala bilər, lazımi adamlara ağız açmaq lazımdı ki, məsələ tərpənsin və s. Yəni boşundan olmur bu işlər, odur ki,  kimsə «əəə, heç xəvərim də olmuyuf əə, maa ad veriflər» deməsin.  

Çağdaş dünya elə sürətlə inkişaf edir ki, bütün bilgilərini hər gün yeniləməli, hər gün nəsə öyrənməlisən, əks halda insan həyatdan da, sənətindən də geridə qalır. Maraqlıdır ki, Azərbaycanda o mistik “ziyalı” sayılmaq üçün nəsə xüsusi bir şey etmək gərək deyil, buna hansısa bir savad-filan da gərək deyil, sadəcə rəsmi-ofisioz tanımalıdır səni, bir də hakimiyyətin sakral əli sənə fəxri ad-medal şəklində sığal çəkməlidir, vəssalam.

Bəziləri bu adın nə üçün gərək olduğunu hərdən tuta bilmir. Anlamaq gərəkdir ki, bu da həmin ziyalıların oynadığı-əlləşdiyi göylərin emanasiyasıdır, sakral işarənin öz üzərində ekranlaşmasıdır və bu fəxri adı alan ziyalı bunu həyatının sonuna kimi bir zamanlar mövcud olmuş “pastayannı bilet” kimi işlədir.

Yeri gəlmiş, o “pastayannı bilet” məsələsi hamının bildiyi kimi, sovet dönəmində idi, ondan sonra da bir müddət davam etdi, yaşlı adamlar dirəşib lap son zamanlara kimi işlədirdi, kimsə də üz vurmurdu.

Demək Şəkidə bir Əziz dayı varmış, o da belə bir “pastayannı bilet” işlədirmiş, şəhərdə və şəhəryanı bütün marşrutlarda köhnə, neçə qat sellofana bükülmüş, üstdən möhkəmcə skotçlanmış tozlu bir “pastayannı qnişka” göstərib düşürmüş, kimsə də üstünü vurmurmuş. Bir dəfə avtobusun sürücüsünü dəyişirlər, əvvəlki yaşlı adamı soveti görməmiş gənc bir şofer əvəz edir. Gənc sürücü də təbii ki, Əziz dayını tanımırmış, “pastayannıya” bir neçə dəfə rastladıqdan sonra əsəbiləşibmiş.

Dayanacaqların birində Əziz dayıya deyir ki, “verin baxım, görüm o nə pastayannıdır”. Əziz dayı vermək istəmir, sürücü təkid edir, sonda alır, bütün sellefonaları-skotçları açıb görür ki, kitabça, əslində nikah şəhadətnaməsi imiş. Əziz dayı ilə Səkinə xalanın uzaq keçmişdəki nikahını təsdiq edən sənəd. Sürücü deyir ki, “Ay Əziz dayı, səən cano yiyim, habı pastayannı Səkinə xalanı minməh üçündi, habı haftabusu minməh üçün dööli.”

Hərdən düşünürsən ki, bizim o fəxri adlı ziyalılara da bir təzə sürücü lazımdı ki, bu sözləri onlara desin.

P.S. Sonuncu xəbərlərdən biri də bu idi ki, iyunun 4-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək. İclas AKİ sədri Rüstəm İbrahimbəyovun sədrliyi ilə baş tutacaq. Necə deyərlər – çox gözəl, çox pakizə. Yoxsa gənc və perspektivli liderlərdən biri mənimlə şəxsi söhbətdə demişdi ki, onu çox haqsız yerə tənqid etmisiniz, səhv addımdır, yeganə vahid namizəd və ümid, Rüstəm ola bilər. Sonra da əlavə etmişdi ki, «Он – политический тяжеловес».

Söhbətin də ən maraqlı yeri bura kimi idi ki, ərz olundu.

Elmir Mirzəyev

Azlogos.eu

Yuxarı