post-title

Badımcan haqqında bədii-fəlsəfi esse

Təki keçinin ölümü palıd qabığından olsun.

Atalar məsəli

Rus yazıçısı Zaxar Prilepin müsahibələrindən birində mütaliə etməklə bağlı maraqlı sözlər demişdi: “…İnsan arxayın olur ki, informasiya əsrində yaşayır, guya hər gün yeni bir şey öyrənir, əslində isə savadlı adamların sayı şiddətlə azalır. Az vaxtda Vikipediyadan qısa arayış əldə etmək bizi intellektual etmir. Səbəb odur ki, biz informasiya əsrində deyil, xaos əsrində yaşayırıq. Heç kim Facebookda qırx min saat vaxt keçirməklə başqa adam olmayacaq. Amma rus klassiklərinin iyirmi cildliyini və ya fransız ədəbiyyatının iyirmi cildliyini oxuyan adam dəyişəcək.

…Kimsə məndən soruşsa ki, niyə dəbdə olan ən son amerikan serialına baxmamışam, yalandan deməyəcəm ki, vaxtım yoxdur. İstəsəydim vaxt tapardım. Deyəcəm ki, vaxtıma heyfim gəlir. Başqalarının da mütaliəyə vaxt ayırmağa heyfi gəlir. Qoy onda öz məşğuliyyətləri barədə yalan danışmasınlar…”.

Həqiqətən də kitab oxumaqdan, mütailədən  söhbət gedəndə “vaxtım yoxdur” sözünü deyən adamlar çox gülməli görünürlər. “Vaxtım yoxdur” bəhanəsi çox səydəş, düşük və səviyyəsiz bəhanədir. “Vaxtım yoxdur” bəhanəsi çox səydəş, düşük və səviyyəsiz bəhanədirsə, deməli, bu bəhanəni dilə gətirən adamlar da çox səydəş, düşük və səviyyəsiz adamlardır. Əgər insanın kitab oxumağa vaxtı yoxdursa, çox maraqlıdır, bəs görəsən o vaxtını nəyə, hansı axmaq və vacib işlərə sərf edir.

Şəxsən mən hər gün azı iki-üç saat kitab oxuyuram. Səhər evdən çıxıram. Gedirəm parka. İtlərimi yemləyirəm. Açıq havada oturub kitab oxuyuram. Sonra gedirəm kafeyə. Toqqanın altın bəzən yüngülvari, bəzən də möhkəm bərkidib oxumağa davam edirəm. Gecə yatmazdan əvvəl də oxuyuram. Yatmazdan əvvəl kitab oxumaq adama yaxşı yuxu gətirir. Bundan savayı hər gün ya bədii, ya da sənədli bir filmə baxıram. Belə də olmalıdır. Başqa cür özümü təsəvvür edə bilmirəm. Hansısa ciddi bir səbəb üzündən kitab oxuya bilmirəmsə, həmin günün əvəzini sabahısı günü çıxıram. Bunu etməsəm, belə olmasa özüm öz gözümdən düşərəm. Cidiliyimi itirərəm. Yazı yazmaq haqqını özümə tanımaram. Özü də sözün həqiqi mənasında əlimə nə keçdi oxuyuram. Burda fürsətdən istifadə edib yazı-pozu işiylə məşğul olan gənc və perspektivli, ümüdverici dostlara bir məsləhət vermək istəyirəm. Hər cür kitablar oxumaq lazımdı. Səviyyəli və səviyyəsiz, nazik və qalın, köhnə və təzə. Bir xətli mütailə o qədər də faydalı olmur. Ta bu barədə təffərrüata girmirəm. Hər halda məsləhətimə əməl etsəniz fayda görmüş olarsınız.

Boynuma alıram mənim çoxlu müxtəlif qorxularım var. Bu müxtəlif qorxulardan biri də budur; Çox maraqlı bir əsəri oxuduğum zaman qorxuram ki, qəfildən ölərəm və oxuduğum əsər yarımçıq qalar. Maraqlı əsər oxuduğum müddətdə obiri dünyaya heç getmək istəmirəm. Mövzu açılıb, ta utanmağın yeri yoxdur, bir məsələyə də toxunmaq pis olmaz. Folknerin “Avqust işığı” əsərindən möhkəm qorxuram. Nə vaxt o əsəri oxumağa başlayıramsa başıma axmaq bir iş gəlir. Başa düşürəm bu açıq-aşkar, futbol şərhçilərinin təbirincə desəm, tərtəmiz mövhumatdır. Lakin nə etmək olar, bəzən həyatda elə hadisələr baş verir ki, adamın müvazinəti pozulur.

***

Heç də demirəm ki, hamı, ucdantutma hər kəs hər gün iki-üç saat kitab oxumalıdır. Sadəcə onu vurğulamaq istəyirəm ki, bir insanın hər gün otuz, əlli səhifə kitab oxumasına heç nə mane ola bilməz. Bu dəqiqdir. Tağı Əhmədov demişkən burda, bu məsələdə, bu söhbətdə burcutmağın təbiri caizsə bir qram da yeri yoxdu. Başım çıxmır nəyə görə insanlar bu mövzuda səmimi ola bilmirlər. Niyə insanlar açıq şəkildə demirlər ki, oxumaq istəmirəm, kitab oxumağı faydasız hesab edirəm, mən anadan dahi doğulmuşam, mən elə oxumadan da öz boş başımla, tutquşu kimi ordan–burdan əzbərlədiyim üc-beş fikirlə hər mövzuya müdaxilə edib, hər mövzuya girib, hər mövzuda fikir bildirə bilərəm. Etiraf edək ki, zamanəmizdə bunun üçün hər cür şərait mövcuddur. Başı boş və boş başla iddiası aşıb-daşan, boş başla iddiası sərhəd tanımayan adamlar taun kimi hər tərəfi bürüyub…

İnsan orta həcmli bir kitabı iki həftəyə rahatlıqla oxuya bilər. Həqiqətən də bir müəllifin əzab-əziyyətlə yazdığı kitabı iki həftəyə oxumağın nə qəqər böyük lütf olduğunu adamlar başa düşmürlər. Bunu qiymətləndirmirlər. Hərçənd qiymətləndirmək lazımdır.

İldə əlli iki həftə var. Əlli ikini ikiyə böləndə eləyir iyirmi altı. Mənasız bəhanələri bir daha nəzərə alıb iyirmi altıdan altı çıxırıq. Bu da eləyir iyirmi. İnsan ildə iyirmi kitab oxusa xeyli inkişaf edər. Danışmağa, düşünməyə mövzu tapar. Ümümilikdə isə insanların ildə iyirmi kitab oxuması ətraf mühütin tərəqqisinə, təmizliyinə azdan-çoxdan şərait yaradar.  

***

Əvvəllər oxumuşam – bu sözü müxtəlif adamların dilindən çox eşitmişəm. Nə deməkdir bu? Bu o deməkdir ki, adam nə vaxtsa beş-altı kitab vərəqləyib, beş-altı kitab oxuyub və nə vaxtsa beş –altı kitab vərəqləməyinə, beş-altı kitab oxumağına indi əminliklə, yekəxanalıqla,borzu-borzu “əvvəllər oxuyurdum” adı qoyub.

Uşaqlıqda badımcana nifrət edirdim. Başa düşmürdüm badımcanı. Badımcanı qiymətləndirə bilmirdim. Təkcə şorabasını yeyə bilirdim. Evdə badımcan dolması bişirilirdisə, çəkinə-çəkinə deyirdim ki, mənə badımcan verməsinlər, pomidor və bibər versinlər. Hətta heç pomidoru, bibəri də yemirdim. Onların içindəki qıymanı yeyirdim. Badımcana qarşı nifrətim təxminən otuz yaşa qədər davam etdi. Sonra, necə oldusa məndə badımcana qarşı yavaş-yavaş tolerant münasibət yaranmağa başladı. Daha sonra isə bu tolerantlıq heç özümün də xəbərim olmadan qarşılıqsız sevgiyə çevrildi. Onu da deyim ki, əsl sevgi çox vaxt elə qarşılıqsız olur. İndi badımcanı çox sevirəm və inanın ki, bir zamanlar bu gözəl tərəvəzi qiymətləndirmədiyim üçün, bu gözəl tərəvəzə qarşı etdiyim nifrətə görə bir az da vicdan əzabı çəkirəm.

Onu demək istəyirəm ki, bəzən hətta badımcanı belə başa düşmək, hətta badımcanı belə qiymətləndirmək insandan həyat tərcübəsi, müdriklik tələb edir. Xülaseyi-kəlam, iyirmi yaşlardakı mütailə əlbəttə vacib mütailədir, umumiyyətlə insan hər yaş dövründə oxumalıdır, amma həqiqi mütailə, ciddi mütailə otuz beş, qırx yaşdan sonra başlayır. Məsələn, mən Tomas Manın “Sehrli dağ” əsərini çox yox, cəmisi beş il əvvəl oxusaydım ordakı söhbətlərin çoxunu tutmayacaqdım. Əgər qurbanolduğum ömür versə və beş ildən sonra “Sehrli dağ”ı təkrar oxusam, əminəm ki, yenə də ordan başqa, əvvəlki oxunuşda tutmadığım, daha doğrusu tuta bilmədiyim söhbətlər tutacam. Elə əsərlər var ki, orda mesajlar sonsuzdur, insanın diapozonu artıqca,əsərdən aldığı mesajların da sayı artır.

***

Heç kim təbiətin ona bəxş etdiyi istedada arxayın olmasın. Hətta təbiətin bəxş etdiyi ən vəhşi istedad belə daima kitabla, mütailə ilə qidalandırılmağa məhkumdur. Mən çox adamlar görmüşəm, seyid cəddinə arxayın olan kimi onlar da öz istedadlarına, beyinlərinin itiliyinə arxayın olublar. Tənbəllik ediblər. Yekabaşlıq ediblər. Özlərini inkişaf etdirməyiblər. Buna ehtiyac görməyiblər. Nəticədə əvvəlcə yerlərində saymağa başlayıblar, bir müddətdən sonra isə təlxəyə çevriliblər. İndi də duzsuz-duzsuz danışıb adamın olmayan ətini tökürlər. Öz üzərində daima işləməyən, öz istedadını daima cilalamayan adamın bir az tez, bir az gec təlxəyə çevrilməsi şəksizdir. Çalışın təlxək olmayın!

Seymur Baycan

Azlogos.eu

Yuxarı