post-title

Həyat adamı məyus edir, elə deyil?


“… Yumurtalar qurumuş və həddən artıq çox bişmişdi, hətta yaxşıca duzlayıb-istiotlasan belə dadı düzəlməzdi. On iki millik gəzintidən sonra acından birtəhər olmuş Brik çəngəl dolusu yeməyi ard-arda ağzına aparır, rezinə dönmüş yumurtaları cidd-cəhdlə çeynəyir, üstündən tez-tez çay qurtumlayıb güclə udur. Çay da qızın dediyi kimi isti yox, ilıqdır. “Fərqi yoxdur”, – öz-özünə deyir. Cavabını aydınlaşdırmalı olduğu suallar qala-qala yeməyin keyfiyyətini düşünməsə də olar. Brik bir anlıq yumurtalarla mübarizəsinə fasilə verib, Mollini başdan – ayağa süzür. Molli hələ də piştaxtanın arxasındadır, əllərini sinəsində çarpazlayıb onu izləyir, bədəninin ağırlığını gah sol dizinə, gah da sağ dizinə salır, onun yaşıl gözləri bərq vurur, baxışlarından əyləndiyi hiss olunur.

– Gülməli bir şey var,- Brik soruşur.

– Heç nə, – qız çiyinlərini çəkib deyir. – Sadəcə, sən elə sürətlə yeyirsən ki, uşaq vaxtı saxladığımız iti yadıma saldım”.

Pol Osterin “Qaranlıqdakı adam” əsərindən

Pol Osterin “Nyu- York trilogiyası”nı oxuyanda başımda tam bir xaos hökm sürürdü. Müstəsna, sərhədsiz, hər bir yazıçının qibtə edə biləcəyi  təxəyyülə malik Pol Osterin qurub-quraşdırdığı, uydurduğu, ilk baxışdan bir-biriylə əlaqəsiz görünən, əslində isə bir-biriylə incə tellərlə əlaqəli əcaib-qəraib hadisələr başımın altını üstünə çevirmişdi. Təxminən belə bir halı serb yazıçısı Milorad Paviçin “Xəzər sözlüyü” əsərini oxuyarkən keçirmişdim.

Pol Osterin “Nyu-York trilogiyas”nı oxuyanda məndə qəribə təssürat yaranmışdı. Sanki olduqca asan bir krassvord doldururdum, amma nə qədər əlləşsəm də, nə qədər özümə əl qatsam da, nə qədər  intellektual tər töksəm də, lənətə gəlmiş bu asan krossvordu hec cürə doldurub başa çatdıra bilmirdim.

“Nyu-York trilogiyası”nı oxuduqdan sonra qəti olaraq qərara gəldim ki, bir daha Pol Osterin yaradıcılığına müraciət etməyəcəm. Bir daha onun əsərlərini oxumayacam. Onunla hər şey aydındı. Pol Osterinki Pol Osterdə, mənimki məndə. Bu qərarı asanlıqla verdim. Aydın məsələdi üçüncu sort ölkənin vətəndaşı olan bir oxucunu itirmək dünya şöhrətli, nəhəng tirajlı, əsərləri ən müxtəlif dillərə tərcümə olunmuş yazıçı üşün böyük faciə, ciddi itki sayılmaz.

Lakin özümə qarşı tətbiq etdiyim Pol Oster qadağasını, Pol Oster pəhrizini hardasa iki ay əvvəl pozaraq onun “Qaranlıqdakı adam” əsərini oxudum. Düşündüm adam qocalıb, baxma, nə qədər də olmasa yaş insana təsir eləməli, yaş insanı dəyişdirməlidi. Kitabın elə ilk səhifələrindəcə bu cürə fikirləşməkdə necə kobud səhvə yol verdiyimi başa düşdüm. Kitabın elə ilk səhifələrindəcə başa düşdüm ki, Pol Oster heç dəyişib eləməyib, elə həmin Pol Osterdi. Hələ bir az da üstünə qoyub.

Folkner müsahibələrindən birində belə demişdi: “Hər bir sənətkarın məqsədi ədəbi üslüblarla həyatı və hərəkəti dayandırmaqdan ibarətdir. Ancaq o formada ki, yüz ildən sonra kənar bir adam əsərə baxanda əsər yenidən canlansın, hərəkətə gəlsin. İnsanlar ölüb gedirlər və ölümsüzlüyün yeganə mümkün forması, səndən sonra daimi hərəkətdə olan və buna görə də ölümsüzlüyü haqq edən bir şey qoyub getməkdir”.

Əzrayıl axsaq ulaq kimidir, hər qapıda dayanır. Günlərin bir günü əlli-ayaqlı birdəfəlik yox olmaq  qorxusu insanları bu dünyada onlardan daha çox yaşayacaq bir şey qoymağa məcbur və vadar edir. İnsanları da qınamaq olmaz. Bu dünyada bir təsadüf olduğunu, illərlə yaşayıb, iməkləyib, yeriyib, sürünüb, uçub, ağlayıb, gülüb, yeyib, yatıb, sevinib, kədərlənib, atıb, atılıb, tərk edib, tərk edilib, qalib gəlib, məğlub olub, müxtəlif yaş dövrlərinə uyğun həyacan, qorxu, sevinc hissləri keçirib sonra da ölüb bir ovuc torpağa, külə çevrilməyi qəbul etmək, bununla razılaşmaq asan deyil. Oxuduğuma görə Franko öləndə belə deyib: “Bilməzdim belə çətin imiş”. Qorki isə deyirdi ki, ölüm lap köhnə şey olsa da, hər kəs üçün yenidi.

Səbrli, amansız, həm də müəyyən mənada ədalətli bir əjdaha kimi hər kəsi gözləyən labüd, qaçılmaz heçlik, boşluq qorxusu qarşısında insanlar (bəziləri bilərəkdən, bəziləri də bilməyərəkdən) hansısa bir formada, öz imkanlarına, səviyyələrinə, dərrakələrinə, təbiətlərinə, xasiyyətlərinə uyğun bir şəkildə əlbəttə əksər hallarda əbəs yerə bu dünyada özlərindən daha çox yaşayacaq bir şey qoymağa cəhdlər edirlər. Uşaq, ağac əkirlər, divar hörürlər, sərdabə, məqbərə tikirlər, ən pis halda (hər kəsin olanından) adlarını hansısa qayanın, daşın üstünə yazırlar… Həmçinin uşağa öz adını vermək də labüd, qaçılmaz heçlik, boşluq qorxusu qarşında bu dünyada özündən daha çox yaşayacaq bir şey qoyub getmək paketinə daxildir. Burda Drayzerin çox sevdiyim, dəfələrlə oxuduğum, oxumaqdan doymadığım bir xatirəsi yadıma düşür. Diqqətlə oxuyun. Ağır söhbətdir:

“Bir zamanlar mən qərbdə çap olunan, bölgədə məşhur və nüfuzlu sayılan bir qəzetlə əməkdaşlıq edirdim və günlərin bir günü redaktor istifadəyə verilməsi planlaşdırılan, milyonlarla büdcəsi olan bir layihəylə bağlı müsahibə almaq üçün məni istefaya çıxmış, varlı bir sənayeçinin yanına göndərdi.
Layihə yararlı olacaqmı? Şəhərin buna ehtiyacı varmı? Onun maliyyələşməsi asan və sərfəli olacaqmı? Redaktor nələri soruşacağımı mənə tapşıraraq, müsahibimin yaşlı və ya gənc olması haqqında heç bir məlumat vermədi, sadəcə bildirdi ki, o indi sənaye işindən kənarlaşıb və sən onu istənilən vaxt evdə tapa bilərsən.
O vaxtlar mən çox gənc idim, yaşım iyirmi ikidən çox olmazdı və həyat mənə öz ticari, iqtisadi tərəfləri ilə deyil, öz tapmacaları, sirləri ilə daha maraqlı gəlirdi. Lakin mənim verəcəyim suallar yadımda idi və keçmiş sənayeçidən onlara aydın cavab almağa hazırlaşırdım.
O çox məhşur bir sənayeçi, mən isə gənc və tanınmamış jurnalist olduğumdan, müsahibəmizi yol boyunca düşünürdüm, fikrimdə müsahibimin obrazını təsəvvür edirdim.
Onu orta yaşlı biri, dövlətli olduğu üçün özündən razı, iti baxışlı və bir azda reportyorlara qarşı biganə insan kimi təsəvvür edirdim. Mənsə öz növbəmdə bacardıqca rəsmi, ciddi olmalı, gəlişimin səbəbini qısa, konkret deməli, onun cavablarını aydın qavramalı, yadımda saxlayıb qeyd etməli idim.
Onun imarəti yeddi böyük evlə birlikdə hasara alınmış, iki tərəfdən hündür dəmir darvazası olan həyətdə yerləşirdi. İmarət böyüklüyü ilə məni heyrətləndirdi. Sarı daşdan hörülmüş, qırmızı-qəhvəyi rəngli kərpicli damı olan, fransız stilində bəzədilmiş, gözəl giriş qapılı ev, nüfüzlu sahibi haqqda təəssürat yaradırdı.
Evə yaxınlaşdıqca anlayırdım ki, yalnız dəyərli insanlar bu evin kandarından keçmə şərəfinə nail ola bilərlər. Mən üzərimə qoyulmuş ağır missiyanın öhdəsindən gəlmək üçün fikrimi toplayırdım. Qapıda məni ciddi görkəmli, əynində qısa şalvar olan, ağ manjetli, mis rəngdə parlaq düyməli göy pencək geyinmiş lakey qarşıladı. Mənim nəylə bağlı gəlməyimlə maraqlandı. Səbəbi söylədim. Məni içəriyə dəvət etmədən harasa getdi, lakin az keçməmiş geri döndü. Biz geniş pilləkənlə yuxarıya qalxdıq, pilləkənin qarşısındakı zalda gözəl pərdələr asılmış pəncərələr və üzəri əl işləməsi olan mebel var idi. Hər yer o qədər geniş idi ki, içimdə ölçüsüzlük, sonsuzluq hissi oyanırdı. Geniş qapıdan kitabxana görünürdi, üzəri naxışlı rəflər bahalı üzlüklər çəkilmiş kitablarla dolu idi.
Boyük kaminin qarşısında məni təccübləndirəcək dərəcədə kiçik və zəifləmiş bir qoca oturmuşdu. Onun çiyinləri balaca, saçları düm ağ, əlinin və üzünün dərisi isə inanılmaz dərəcədə şəffaf və qırışlı idi. Dərində yerləşən mavi gözlərini demək olar ki, qırpmırdı və bu onun baxışlarını daha iti edirdi.
-Mister İks? – dəqiqləşdirmək üçün sual verdim.
O başını yellədi.
Mən onun qocalığına və zəifliyinə təəccüblənərək öncədən hazırladığım nitqlə gəlişimin məqsədini izah etməyə başladım. O, əllərini dizinin üstünə saldığı qara yun adyalın üzərinə qoyaraq, sakit halda mənə qulaq asırdı. Hərdən barmaqlarını yumub açırdı.
-Bəli – deyərək mənim dediklərimi astadan, çətinliklə təsdiq edirdi – Bəli.
Mən nitqimi bitirdikdən sonra, o, gözlərini yavaşca aşağı salaraq “bəli, oğlum, mən sizin bütün suallarınıza cavab verəcəm, amma mənə indi bu söhbətlər çox maraqsızdır və mənə görə bu barədə danışmağın mənası yoxdur. Bilmirəm nəyə görə fikirlərim onlara bu qədər maraqlıdır?”.
Mən onun bu sözlərini eşitdikdə təəccübümdən donub qaldım. O, o qədər qoca, o qədər halsız idi ki, vaxtı ilə onu çox qabağa aparmış həyat adlı qüvvə, indi onu tərk eləmişdi.
Bu əzəmətli ev, böyük iş, onu hamıdan fərqli edən, şan-şöhrət gətirən içindəki alov, ehtiras sönərək heç nə ilə maraqlanmayan sönük bir qocaya çevirmişdi. Lakin bu insanın dövləti və nüfuzu çox böyük olduğundan onun adı hələ də çox əhəmiyyətli idi. Fiziki olaraq demək olar ki, artıq bu dünyaya məxsus olmasa da, kölgə kimi görünsə də onun dediyi sözlər hələ də yaşamasının sübutu idi. Verdiyim sualların hamısına aramla, çətinliklə, nazik barmaqlarını büküb aça-aça, arada öskürərək cavab veriridi.
O danışdıqca mən dəftərçəmdə qeyd edirdim və yazdıqca anlayırdım ki, müsahibənin mənə maraqlı olan hissəsi bu böyük layihənin reallaşması və gəlir gətirməsi yox (onun fikrincə layihə uğurlu idi və gəlir gətirəcəkdi), bir vaxtlar böyük gücə, nüfuza, hökmə malik olan insanın qocalığa bu cür zəifliklə uduzması idi.
Əlbətdə ki, həyat davam edəcək, layihə həyata keçəcək, gəlir gətirəcək, ondan minlər və milyonlar xeyir götürəcək. Amma nə vaxtsa gənc olmuş adam indi sönük bir qocaya çevrilib! Kimə lazımdı bu qədər var-dövlət? Necə də mənasızdır! İndi onun yığdıqlarının heç bir əhəmiyyəti yoxdur.
Qəzet üçün diqqətlə yazıdığım qeydlər deyil, məhz bu məqamlar məni o qədər təsirləndirmişdi ki, başqa heç nə haqqında düşünə bilmirdim.
Üzərindən bir müddət keçməsindən sonra belə mən onu çox düşündüm – nəyə görə bu görüş mənə belə təsir etdi, qəzetin maraqlandırdığı məsələ yox, tamam başqa bir məqam məni təsirləndirdi.
Belə başa düşdüm ki, bu insanın yaşı, yoxa çıxmaqda olan sağlamlığı, evinin möhtəşəmliyi, məni müsahibəyə göndərən redaktora zərrə qədər də maraqlı deyil və bu məni çox təəccübləndirdi. Öz-özümdən soruşurdum: “Nəyə görə məni təsirləndirən, maraqlandıran bir məqam qəzet redaksiyasını maraqlandırmır? Gördüyüm hadisəni necə istifadə eləyim?”.
Səbəbi özüm üçün etdiyim kiçik bir kəşfdə gördüm – jurnalistika, reportyorluq öz çılpaq faktlarıyla mənə maraqlı deyildi, mənə maraqlı olan jurnalistikanın açıqlamadıqları dərinliklər idi.
Hələ də nüfuzlu ada malik, bu gücsüz, heysiz bədən, gəncliyində çalışıb topladığı dövlətə baxmayaraq, indi ancaq öz nazik, qırışlı barmaqlarını büküb-açıb, başını aşağı salaraq “indi bu söhbətlər çox maraqsızdır, bu barədə danışmağın mənası yoxdur” söyləyir. Bu mənzərə həm insanlar, həm də tanrı üçün bir dərsdir.
Mənim ətrafımda şəhər həyatı qaynayırdı. Trolleybuslar məftillərlə sürüşür, tramvaylar relsləri taqqıldadırdı. Küçədə yüz minlərlə cavan, energetik, həyata ac, iddialı insanlar özlərinə yol açaraq kütlənin arasından keçib gedirlər. Nə vaxtsa bu prosesin bir hissəsi olmuş şəxs indi öz möhtəşəm imarətində, kaminin yanında unudlumuş şəkildə tək oturub.
Mən redaksiyaya tələsirdim.
“İks məsələylə bağlı nə dedi?” – redaktorum dərhal maraqlandı.
Mən ona dəftərcəmdə qeyd etdiyim cavabları oxudum.
– Əla! Gözəl!- redaktor sevindi – Bizə də elə bu lazım idi. Mənə dediyiniz hər şeyi yazın, suallar və cavablarla birlikdə. 
– Bəs onun necə qocaldığı haqqında nə yazım? – öz gördüklərimin təsirindən çıxmadığım üçün soruşdum – bilirsiniz, o çox qocadı, heysizdir. Çətinliklə danışır. Bu məqəmlar kədərli olsa da çox vacibdir.
-Yox. Yox və yenə də yox – başı qarışıq redaktor cavab verdi – Öz işinizlə məşğul olun. Ancaq cavablarını yazın. Onun yaşını unudun. Bizə lazım olanı almışıq. İşi pozmayın. Fikrinizi layihəyə və onun buna münasibətinə yönləndirin. Onun yaşı isə bizi maraqlandırmamalıdır.
Mən oturub qeydlərimi məqalə şəklinə salmağa başladım və çalışırdım ki, gördüklərim və hiss etdiklərim məqaləyə təsir etməsin. Sabahkı gün məqalə qəzetin ilk səhifəsində çap olundu və məqalədə energetik və həyat dolu bir insanın bu layihəyə hədsiz marağı yazıldı.
Şübhəsiz ki, oxucuların çoxu onu əvvəl tanıdıqları kimi təsəvvür edirdilər. Lakin illər keçsə də mən o möhtəşəm evdə, kaminin qarşısında gücsüz, halsız halda oturub barmaqlarını büküb-açan qocanı fikrimdən çıxara bilmirdim.
Şəhər qəzetinin redaktoru özünü maraqlandıran layihəylə bağlı demək olar ki, həyat əhəmiyyətli cavabları alandan sonra, mənim qarşımda həmişəlik bir sual qoydu: buna bənzər anoloji hadisələrlə,daha böyük problemlərlə, talelərlə, faciələrlə nə etməli?
Qəzetdə yazılması lazım bilinməyən bu cür faktları, situasiyaları necə diqqətdən kənar qoymaq olar?
Bir necə il sonra, nəhayət ki, mən bu suallara cavab tapdım.
Anladım ki, jurnalistika bunun üçün uyğun sahə deyil. Buna redaksiyasının tələb etdiyi dar çərçivədə deyil, fərqli yanaşma tərzi tələb olunur.
Bu tərz həyatın bütün rənglərinin təsvir olunduğu, hamıya tanış kontrastların göstərildiyi bir rəsm əsərinə bənzəməlidir.
Şəhər qəzetinin redaktorunu maraqlandıran dəqiq faktlar isə keçici idi, çox deyil, aid olduğu saat və gün üçün aktual olurdu.
İndi anladım ki, ədəbiyyat rəssamın gördüyünü çəkməsinə bənzəyir. Ədəbiyyat həyatı gördüyü kimi, riyakarlıq etmədən, həqiqəti gizlətmədən təsvir etmək, insanların arzularına, xəyallarına nüfuz etməkdir.
Mənim gördüyüm və haqqında düşündüyüm, təsirləndiyim və gündəlik qəzetlərin məhəl qoymadığı hadisələri yazmağa məhz ədəbiyyat imkan verirdi.
Məhz bu hadisə mənə jurnalistika ilə ədəbiyyatın fərqini aydın etməyə kömək etdi “.

***

Bir zamanlar, bir zamanlar deyəndə təxminən on il əvvəl tarixin müxtəlif dövrlərində yaşamış bir çox sənətkarların məhz güclü iradələri sayəsində ağır şərtlər altında yazıb-yaratmağa davam etdiklərini, məhz güclü iradələri sayəsində ağır şərtlərə tab gətirdiklərini düşünürdüm. Sonra fikrimdə dəyişiklik baş verdi. Başa düşdüm ki, iradə çətinliklər qarşısında dayanmaq, çətinliklər qarşısında tab gətirmək üçün nə qədər vacib bir zireh olsa da, bu zirehin qüdrətini çox şişirdiblər. Keçdim növbəti mərhələyə. Bu mərhələdə belə düşündüm ki, bir çox sənətkarları ağır şərtlər altında yazıb-yaratmağa vadar edən onlarda olan informasiyaları bədii şəkildə başqalarına ötürmək, onlarda olan informasiyaları bədii məhsul formasında ortaya qoymaq, şəxsi xatirələrini, hisslərini, təssürratlarını ümümiləşdirmək yanğısı olub. Əlbəttə hər kəsi  dayanmamağa, hərəkət etməyə, yazıb-yaratmağa vadar edən ayrı-ayrı səbəblər (birində biri az, birində biri çox), hərəkətverici quvvələr ola bilər. Nifrət, tənhalıq, iradə, qonorar, qisas, hətta şöhrətpərəstlik. Hər kəs özü bilir ayaqqabısı hardan sıxır. Məsələn, Hüqo deyirdi ki, Volter çox şöhrətpərəst adam idi, amma onun şöhrətpərəstliyindən fransız xalqı qazandı.

Lap yaxşı. Təki hər kəs Volter kimi şöhrətpərəst olaydı. Cəmiyyətə fayda gətirən şöhrətpərəstlik mübarək şöhrətpərəstlikdir…

Həqiqi nifrət, həqiqi tənhalıq, iradə, qonorar, qisas, şöhrətpərəstlik öz yerində. Bunların hamısı insanı hərəkət etməsi, yazıb-yaratması üşün vacib şərtlərdi. Sabah nə düşünəcəyimi bilmirəm, indi isə belə düşünürəm ki, bir çox sənətkarları ağır şərtlər altında yazıb-yaratmağa, dayanmamağa vadar edən əsas, başlıca səbəb başqadı. Onlar Folknerin nəzərdə tutduğu formada həyatı, hərəkəti dayandırdıqlarını hiss ediblər. Həyatı, hərəkəti dayandırdığını hiss edən adam çox güclü olur və qalan hər şey onun gözünə çox mənasız, əhəmiyyətsiz, keçici görünür. Əgər insan özündə həyatı, hərəkəti dayandırmaq potensialı görmürsə, onda zəhmət çəkib mütamadi olaraq zaman adlı amansız imtahandan keçmiş, hansısa bir dövrdə hərəkəti dayandırmış əsərlərlə tanış olsun. Bu məsələnin ümümi tərəfidi. 

Məsələnin sırf bizə, mövzumuza aid olduğu tərəfinə gəldikdə isə mənə elə gəlir dəyəsən Pol Oster hərəkəti dayandırmaqda lap yumşaq desəm çətinlik çəkir. Bəlkə də öz tərəfindən buna heç ehtiyac görmür. Bəlkə də onun hərəkəti, zamanı dayandırmaq adlı bir iddiası yerli-dibli yoxdur.

Pol Osterin təsvirlərini, obrazlarını təsəvvurümdə canlandırmaq bir oxucu kimi mənim üçün asan deyil. Pol Oster uydurduğu hekayələrini sırf həyatdan gəlmə, real müşahidələrlə zənginləşdirib, onlara legitimlik qazandırmağı bacarmır. Məsələn, Mario Vargas Llyosa bunu bacarır. Llyosa nə qədər əcaib əhvalatlar qurub- quraşdırsa da bu əhvalatlara həyatdan gəlmə müşahidələr əlavələr edib onları legitimləşdirir, onlara halallıq sertifikatı verir. Llyosanın təxəyyülü və həyat müşahidələri bir-birini tamamlayır. Pol Osterin quraşdırdığı əhvalatlar həyatdan gəlmə müşahidələrlə zanginləşdirilmədiyinə görə adama sadəcə virtuozluq təsiri bağışlayır.

Yazıçı dialoqlarda hər bir obrazı mənsub olduğu yaşa, məşğul olduğu sahəyə, məşğul olduğu sənətə uyğun danışdırmalıdı. Hər bir obraz yaşına, səviyyəsinə, xasiyyətinə, cinsinə uyğun danışanda dialoqlar canlı, şirəli, koloritli alınır. Əgər yazıçı həyat, ölüm, xoşbəxtlik, bədbəxtlik  barəsində fikirlərini yazmaq istəyirsə bunun üçün münasib obraz tapmalı, əsərdə bunun üçün münasib meydan, şərait, ab-hava yaratmalıdı. Hər yoldan ötənin yaxasından tutaraq əsərə soxub elə harda gəldi, necə gəldi onun dilindən həyat, ölüm, xoşbəxtlik, bədbəxtlik haqqında fikirlər üyütmək olmaz. Bu konkret diletantlıq, bir qədər də görməmişlikdir. Şərq kinosunda , şərq ədəbiyyatında bu hallara tez-tez rast gəlirik. Əsər başlamamış bir nəfər başlayır müdrük-müdrük həyatın mənasından danışmağa. Nə olub? Bu nə qaçhaqaçdı? Bu nə görməməşlikdir? Ümumiyyətlə, harda yazılıb ki, əsərdə mütləq həyat, ölüm, xoşbəxtlik, bədbəxtlik haqqında söhbətlər getməlidir. Mütləq kimsə uzaqlara baxaraq həyatın mənası haqqında zəvzəyərək camaatın baş-beynini aparmalıdı. Ən adi bir adamın ən adi bir gününü təsvir etməklə və həyat, ölüm, xoşbəxtlik, bədbəxtlik sözlərindən bircə dəfə də istifada etməməklə onun həyatının mənasını, həyat fəlsəfəsini göstərmək olar. Əslində əsl peşəkarlıq elə budur. Bunu elə-belə yeri gəldi yazdım.

Pol Oster yazdığı dialoqlarda hamının əvəzindən özü danışır. Buna görə də Osterin dialoqlarında şirə, canlılıq, kolorit çatmışmır. Pol Osterin dialoqları maraqlıdı. Məhz maraqlıdı, başqa heç nə. Maraqlı olan hər şey hər zaman heyranlıq hissi yaratmır.

Yuxarıda sadalanan iradlara baxmayaraq Pol Osterin “Qaranlıqdakı adam” əsərini oxumağıma peşman olmadım. Niyə?

Müğənnilər demişkən yaxından tanıyanlar çoxlu filmlərə baxdığımı bilirlər. Özü də ədəbiyyatda olduğu kimi kinoda da mövqeyim sərt və konkretdi. Səmimi hissləri ifadə etməyən, həyatdan qidalanmayan filmlərə (hansı mükafatı alırsa alsın) ciddi heyranlığım yoxdur.

Pol Oster “Qaranlıqdakı adam” əsərində çox sevdiyim filmlər haqqında da yazır. Ayrı-ayrı vaxtlarda bu filmlər haqqında yazılar yazmaq ürəyimdən keçsə də, bəzən yazmağa ərinmişəm, bəzən də necə yazmağın formasını tapa bilməmişəm. Ona görə də “Qaranlıqdakı adam” əsərində çox sevdiyim filmlər haqqında fikirlərə rast gəldikdə sevindim. Əgər sənin yazmaq istəyib hansısa bir səbəbdən yazmadığın fikirləri başqası yazıbsa niyə onlardan istifadə edib, öz tərəfindən tirajlamayasan?

Sual oluna bilər, bəs Pol Oster əsərdə filmlər haqqında yazmağa necə, hansı yolla şərait yaradıb. Çox asanlıqla. Heç nə, nəvə və baba oturub filmlərə baxırlar. Nəvə obrazı o qədər də diqqətə layiq obraz deyil. Baba haqqında isə bir-iki cümlə yazmaq olar. 72 yaşlı Avqust Bill avtomobil qəzasından sonra qızının Vermontdakı evində bərpa prosesi keçir. O, yuxusu qaçanda öz-özünə hekayələr danışaraq unutmaq istədiyi fikirləri özündən qovmağa çalışır. Təqaüdə çıxmış kitab tənqidçisi Avqust Bill paralel dünyalar haqqında hekayələr qurur. Onun hekayələrində Amerika İraqla yox, özü ilə mübarizə aparır. Bu hekayələrdə “Əkiz qüllələr” partlamayıb, 2000-ci ilin seçkilərinin nəticələri parçalanmaya səbəb olub, ştatlar arasında qanlı vətəndaş müharibəsi başlayıb. Baba həyatı, ailə tarixçəsi haqqında kitab yazmalıdı, amma bu kitabı yazmaqda məna görmür.

“… Bu dünyada 72 il yaşadıqdan sonra mənim həyatımın qələmə alınması kimin vecinə olacaqdı?  Mən cavanlıqda da yazıçılığa meyilli deyildim, heç vaxt kitab yazmaq kimi bir iddiam olmayıb. Mən kitabları oxumağı sevirdim, vəssalam. Kitabları oxumağı və sonra onlar haqqında yazmağı. Həmişə uzun yox, qısa məsafələri fəth etmişəm. 40 il ərzində son günə yazı çatdırmağa çalışan tazı, həftədə iki dəfə köşə yazısı, arabir jurnalın tapşırığına əsasən gah 700 kəlməlik, gah da 1500 kəlməlik məqalələri məharətlə, birnəfəsə yazan mütəxəssis idim. Kim bilir, kağızlara neçə min kəlmə qusmuşam. Qısaömürlü yazılar, yandırılan və yenidən kağıza çevrilən qəzet vərəqləri ilə keçən onilliklər. Yaxşı yazılarım olsa da , əksər həmkarlarımdan fərqli olaraq, heç vaxt onları toplayıb, ağlı başında olan heç bir adamın zəhmət şəkib oxumayacağı kitablar halında yenidən çap etdirmək həvəsim olmayıb. ”

Beləliklə, Pol Oster “Velosiped oğruları” haqqında :

“Təkcə bu gecə ard-arda üç xarici filmə baxmışıq. – “ Böyük illuziya”, “Velosiped oğruları” və “Apunun dünyası”. Katya kəskin və qəti şərhlər verərək orjinallığı və müdrikliyi ilə təsirləndirən film nəzəriyyəsini irəli sürdü.

-Cansız obyektlər,- Katya dedi.

-Onlara nə olub? – soruşdum.

-Cansız obyektlər insan emosiyalarının ifadə vasitəsi kimi. Film dili budur. Yalnız yaxşı rejissorlar bunu necə edəcəklərini bilirlər. Ən yaxşıları isə Renuar, De Sika və Reydir, elə deyil?

– Şübhəsiz.

-“Velosiped oğruları ”nın açılış səhnəsini düşün. Qəhraman iş tapır, amma o velosipedini girovdan götürməmiş işə başlaya bilməz. Arvadının ağlına belə bir fikir gəlir. Velosiped almaq üçün yataq dəstlərini girov qoya bilərlər. Qadının mətbəxdə vedrəni necə tapiklədiyini, siyirməni necə hiddətlə açdığını xatırla. Cansız əşyalar, insan emosiyaları. Sonra biz girov dükanına keçirik. Əslində, bu geniş məkan girov dükanı yox, bir növ istənməyən əşyalar anbarıdı. Qadın döşəkağlarını girov qoyur. Bundan sonra işçilərin ailənin kiçik bağlamasını girov qoyulan əşyaların yığıldığı rəflərə tərəf apardığını görürük. Hər bir rəf, rəflərin hər dəlmə-deşiyi işçinin bayaq ora qoyduğuna bənzəyən bağlamalarla doludur. Birdən adama elə gəlir ki, Romadakı bütün ailələr döşəkağlarını satıb. Sanki bütün şəhər qəhramanımız və onun arvadı kimi aciz vəziyyətdədir. Bir kadrla, baba. Biz bircə kadrla bütöv cəmiyyətin uçurumun kənarında yaşadığını görürük ” .

Pol Oster “Böyük illuziya” haqqında :

“ – “Böyük illuziya”dakı qab-qacağı xatırlayırsan?

– Qab-qacaq?

– Düz sona yaxın . Qabin alman qadına onu sevdiyini, müharibə bitəndə qadınla qızının arxasınca qayıdacağını deyir, amma hazırda qoşunlar yaxınlaşır və gec olmamış Dalio ilə birlikdə İsveçrə sərhədini keçməlidir. Dördü birlikdə son dəfə yemək yeyir və vidalaşmaq vaxtı çatır. Əlbəttə, bu səhnələr çox təsirlidir. Qabin və qadın kənarda dayanıblar, böyük ehtimalla bir daha bir-birlərini görməyəcəklər. Kişi gecənin qaranlığında yoxa çıxanda qadın göz yaşları axıdır. Sonra Renuar Qabinlə Dalionun meşədə qaçdığını göstərir və mərcə gəlirəm ki, onun yerinə başqa rejissor olsaydı , filmin sonunadək onların yanında qalardı. Amma Renuar fərqlənir. O, dahi idi. Dahi deyəndə ürəyin dərinliklərində gizlənən incəlikləri, mərhəmət duyğusunu nəzərdə tuturam. O, müharibədə ərini itirmiş və nə edəcəyini bilməyən gənc dul qadınla balaca qızın yanına qayıdır. Qadın evə keçməli, yemək masasının və indicə birlikdə yedikləri yeməkdən qalan bulaşıq qabların qabağında dik dayanmalıdır. Kişilər gedib və artıq bu qablar onların yoxluğunun, kişisi müharibəyə getmiş qadının tənhalığının və əzabının nişanəsinə çevrilib. Qadın bir söz demədən bir-bir qabları yığır və masanı təmizləyir. Səhnə nə qədər davam edir? On saniyə? On beş saniyə? Elə də çox vaxt deyil, ancaq adamın nəfəsini kəsir, düzdür? Bu, adamın içini parçalayır” .

Pol Oster “Apunun dünyası” haqqında :

“ – Bəs “Apu” da cansız əşyalar hardaydı?

– Düşün.

– Mən düşünmək istəmirəm . Bu sənin nəzəriyyəndir, odur ki, sən deməlisən.

– Pərdələr və saç sancağı. Bir həyatdan o birinə keçid, həyatın dönüş nöqtəsi. Apu dostunun qohumunun toyunda iştirak etmək üçün əyalətə yollanır. Evlilik ənənəvi qaydada təşkil edilib, amma bəy gəlib çıxanda məlum olur ki, o, səfehin, çərənçinin biriymiş. Toy pozulur, Apunun dostunun qohumları təşvişə düşürlər. Qorxurlar ki, qızları həmin gün ərə getməsə, ömürlük lənətlənəcək. Apu ağacların kölgəsində yuxuya gedib, dünya vecinə deyil, bir neçə günlük şəhərdən kənarlaşa bildiyi üçün xoşbəxtdir. Qızın ailəsi Apuya yaxınlaşır. Ona izah edirlər ki, buralardakı yeganə subay kişi odur, ailənin problemini ancaq o həll edə bilər. Apu əvvəlcə bu təklifdən dəhşətə gəlir, onların dəli, mövhumatçı və avam kəndlilər olduğunu düşünür, razılaşmır. Lakin bir qədər fikirləşdikdən sonra bu istəyi yerinə yetirmək qərarına gəlir. Bunu bir yaxşılıq kimi həyata keçirmək istəyir, amma qızı özü ilə Kəlküttəyə aparmaq barədə fikirləşmir. Toy mərasimi bitdikdən sonra təzəbəylə gəlin təkbətək qalırlar və Apu görür ki, bu ürkək gənc qadın, əslində, onun düşündüyündən daha möhkəm imiş. “Mən kasıbam, – Apu deyir, yazıçı olmaq istəyirəm, sənə heç bir şey verə bilməyəcəyəm”. “Bilirəm, – qız deyir, mənimçün fərqi yoxdur” . Arvadı onunla getməyə qərarlıdı. Apu bundan qıcıqlansa da, narahat olsa da, qızın qərarlılığından təsirlənir və istəksiz təslim olur. Şəhərə gedirlər. Araba Apunun yaşadığı xaraba binanın qarşısında dayanır və təzəgəlinlə bəy birlikdə arabadan enirlər. Apu qızı pillələrlə çardaqdakı yoxsul, balaca evinə apararkən bütün qonşular bu gözəl qıza baxmağa çıxır. Evə çatandan bir qədər sonra Apunu kimsə çölə çağırır və o çıxıb gedir. Kamera yad otaqda, yad şəhərdə, tanımadığı kişi ilə evlənmiş qızın üzərində qalır. Qız pərdə əvəzinə kirli çuvalla örtülmüş pəncərəyə yaxınlaşır. Çuvalda dəlik var, qız dəlikdən arxa həyətə baxır. Əynində bez olan bir körpə toz-torpaq içindı iməkləyir. Kameranın bucağı dəyişir və biz dəlikdən qızın gözünü görürük. Onun gözündən yaş süzülür. Axı kim bu qızı özünü gərgin, qorxmuş, çaşqın hiss etdiyinə görə günahlandıra bilər? Apu otağa qayıdıb nə baş verdiyini soruşur. Qız heç nə, heç bir şey deyib başını yelləyir. Sonra ekran qaralır, əsas sualla üz-üzə qalırıq. Bundan sonra nə olacaq? Bir-biri ilə təsadüfən evlənən tam fərqli cütlüyü nə gözləyir? Bir neçə məharətli və həlledici ştrixlə hər şey bir dəqiqə ərzində aydın olur. Ekran işıqlanır, sübh vaxtıdı və gördüyümüz ilk obyekt əvvəlki səhnədə qızın baxdığı pəncərədi. Artıq dəlikli çuval yoxdur, o, bir cüt damalı pərdə ilə əvəzlənib. Kamera bir qədər geriləyir. Pəncərə altlığında dibçəkdə çiçək var. Ümüd verən əlamətlərdir, lakin onların nə mənaya gəldiyini hələ anlamırıq. Evdarlıq, ailə ab-havası, qadın toxunuşu…Bütün bunlar evli qadınların diqqət yetirməli olduğu adi şeylərdir. Apunun arvadının da öz vəzifələrini yerinə yetirməsi hələ Apunun qeydinə qaldığı mənasına gəlmir. Kamera arxaya getməyə davam edir, onları eyni yataqda yatdığını görürük. Zəngli saat çalır, Apu zırıldayıb başını yastığa daha bərk sıxır, arvadı isə yataqdan qalxır. O, yataqdan qalxmaq istəyəndə yerindən tərpənə bilmir, çünki paltarı Apunun paltarına bağlanıb. Çox qəribədir. Bunu kim və niyə edib? Qızın üzündə həm hirsli, həm də əyləncəli ifadə görünür və anlayırıq ki, bu, Apunun işidi. Qız yatağa qayıdır, ehtiyatla oğlanın yanına vurur və düyünü açır. Bu an mənə nə deyir? Onlar yaxşıca sevişiblər, artıq aralarında mazaqlaşma olur, onlar, həqiqətən, evli cütlükdür. Bəs sevgi? Onlar bir-birlərinə bağlanıblar, lakin bir-birlərinə olan hissləri güclüdürmü? Qadin səhər yeməyi hazırlamaq üçün səhnəni tərk edir, kamera Apuya yaxınlaşır. Apu, nəhayət, güclə gözlərini açır, əsnəyib gərnəşir və yataqda fırlanır, iki yastığın arasında qalmış bir şey görür. Əlini uzadıb arvadının sac sancağını tapır. Bax, əsas məqam budur. O, sancağı əlində tutub nəzərdən keçiririr. Apunun gözlərinə baxanda, ondakı zərifliyi, məftunluğu görəndə şübhə yeri qalmır. Apu arvadını dəli kimi sevir. Bu onun həyatının qadınıdır və Rey bunu bir kəlmə dialoq olmadan göstərib ”.

Pol Oster “Tokio əhvalatı” haqqında:

“Qoca cütlük artıq böyümüş övladlarını ziyarət etmək üçün Tokioya səyahət edir. Öz ailəsi, arvadı və uşaqları olan işgüzar həkim , salon işlədən evli bərbər və müharibədə həlak olmuş oğullarının arvadı, ofisdə işləyən və tənha yaşayan gənc dul qadın. Əvvəlcədən məlum olur ki, oğul və qız qoca valideynlərinin gəlişini bir yük, narahatlıq kimi görür. Onlar öz işləri, ailələri ilə məşğuldurlar və valideynlərinin qayğısına qalmağa vaxtları yoxdur. Yalnız gəlinləri onlara qayğı göstərməyə can atır. Sonra valideynlər Tokionu tərk edib yaşadıqları yerə qayıdırlar. Deyesən, oranın adı filmdə qeyd olunmayıb, ya da diqqətimdən yayınıb. Bir neçə həftə sonra gözlənilmədən və heç bir xəstəlik keçirmədən ana ölür. Filmdəki hadisələr adsız şəhər və ya vilayətdəki evdə baş verir. Övladlar Tokiodan dəfnə gəlir, gəlinləri Noriko da  özünü çatdırır. Sonra məlum olur ki, onların daha bir oğlu və ata evində yaşayan sonbeşikləri, 20 yaşlarında qızları var. Qızları orta məktəb müəlliməsidir. Elə ilk baxışdan qızın Norikodan xoşlandığı, sevdiyi, həm də onu bacı-ardaşlarından üstün tutduğu məlum olur.

Dəfndən sonra ailə masa arxasında toplanıb nahar edir. Tokiodan gəlmiş oğul və qız çox, çox, çox məşğuldurlar, başları özlərinə elə qarışıb ki, atalarına təsəlli vermirlər. Tez-tez saatlarına baxırlar və gecə qatarı ilə Tokioya qayıtmaq qərarına gəlirlər. İkinci qardaş da getməyə hazırlaşır. Əslində, onların davranışında qəddarlıq yoxdur. Bu məqam xüsusi vurğulanır. Bu, Ozunun bizə çatdırmaq istədiyi əsas məsələdir. Onlar, sadəcə, öz həyatları, öz işləri ilə məşğuldurlar və öhdəliklərinə düşən məsuliyyətlər onları yadlaşdırıb. Yalnız nəzakətli Noriko yaslı qayınatasını tərk etmək istəmir. Əlbəttə, onun simasında qeyri-müəyyan, donuq ifadə var, ancaq kədərli olduğu bəllidir. O, ziyarət vaxtını bir qədər də uzadır. Qayıdacağı gün evin kiçik qızı ilə səhər yeməyi yeyirlər. Qız hələ də qardaşlarının və bacısının tələsik çıxıb getməsinə əsəbidi. Deyir ki, onlar egoistdirlər, atalarının yanında bir az da qala bilərdilər. Lakin Noriko özü heç vaxt belə bir şeyə yol verməsə də , onları müdafiə edir və fikrini belə izah edir ki, bütün uşaqlar əvvəl-axır valideynlərindən ayrılır, onların da şəxsi həyatları, problemləri var. Qız isə heç vaxt onlar kimi olmayacağını iddia edir. Deyir ki, əgər belə davranacaqsansa, onda ailə olmağın nə mənası var. Noriko əvvəlki fikrini təkrarlayıb qızı sakitləşdirməyə çalışır və deyir ki, bəzən həyat belə gətirir, bunun qarşısını almaq mümkün deyil. Uzun fasilədən sonra qız gəllinlərinə baxır və deyir : “ Həyat adamı məyus edir, elə deyil? ” Noriko da qıza baxıb fkirli-fikirli deyir : “ Hə, elədir.”

Müəllimə işə gedir, Noriko isə evə əl gəzdirməyə başlayır. Qoca kişi bağdan evə girir, Noriko ona günorta qatarla gedəcəyini deyir. Onlar oturub danışırlar. Qoca kişi söhbətə gəlininə hər şeyə görə təşəkkür etməklə başlayır, ancaq Noriko başını yelləyib heç bir şey etmədiyini deyir. Lakin qoca kişi öz fikrində qalır və deyir ki, gəlininin onlara çox böyük köməyi dəyib, arvadı həmişə onun necə qayğıkeş olduğundan danışıb. Noriko yenidən bu tərifə etiraz edir, etdiklərinin əhəmiyyətsiz, cüzi bir şey olduğunu deyir. Bu, qocanı fikrindən daşındırmır və o, arvadının Noriko ilə olduğu anları Tokioda keçirdiyi ən xoşbəxt vaxtlar hesab etdiyini xatırlayır. Kişi davam edir: “ O, sənin gələcəyinə görə elə narahat idi ki. Sən belə davam edə bilməzsən. Yenidən ailə qurmalısan. X- nı ( kiçinin oğlunu, qızın ərini) unut. O ölüb. ”

Noriko cavab verə bilməyəcək qədər kədərlidi. Amma qoca kişi təslim olmur və söhbətə davam edir. Yenidən arvadına istinad edərək deyir : “ O deyirdi ki, sən qarşılaşdığı ən gözəl qadınsan ”. Noriko hələ də öz dediyini deyir və qeyd edir ki, qayınanası onu həddindən artıq qiymətləndirib, kişi isə ona səhv düşündüyünü deyir. Noriko getdikcə daha çox kədərlənir. “Mən sizin fikirləşdiyiniz qədər yaxşı qadın deyiləm, – deyir, – həqiqətən, mən əslində, çox eqoistəm”. Sonra bunu belə izah edir : “ O artıq qoca kişinin oğlu barədə düşünmür, hətta günlər keçdikcə onu heç ağlına da gətirmir”. Qısa fasilədən sonra o nə qədər tənha olduğunu və gecələr yata bilmədiyini, yatağa uzanan kimi naməlum gələcəyini düşündüyünü etiraf edir : “ Dəyəsən, qəlbim nəyəsə ümid edir. Mən eqoistəm ”.

Qoca kişi : “ Yox, deyilsən”.

Noriko : “ Eləyəm”.

Qoca kişi : “Sən yaxşı qadınsan. Səmimi qadınsan”

Noriko : “Heç də elə deyil”

Bu zaman Noriko , nəhayət, təslim olub ağlamağa başlayır, əlləri ilə üzünü tutub hönkürür. Bu gənc qadın uzun müddət sükut içində əzab çəkib, bu yaxşı qadın yaxşı olduğuna şübhə edir, çünki yaxşı adamları yaxşı edən də məhz elə bu şübhədir. Pislər yaxşı olduqlarına inanırlar, yaxşılar isə heç nə bilmirlər. Onlar həyatlarını başqalarını bağışlayaraq keçirirlər, bircə özlərini bağışlamırlar.

Qoca kişi ayağa qalxır, bir neçə saniyə sonra əlində qoruyucu metal örtüyü olan köhnə saatla qayıdır. Bu onun arvadının idi, arvadı onu gəlininə vermək istəyirmiş. Kişi deyir : “Onun xətrinə bunu qəbul et. Əminəm ki, o şad olardı ”.

Bu jestdən təsirlənən Noriko yanaqlarından yaş süzülə-süzülə qayınatasına təşəkkür edir. Qoca kişi qadını nəzərdən keçirir. Ancaq həmin an onun fikrindən keçənlər bizim üçün əlçatmazdır, çünki kişinin emossiyaları donuq, neytral maska altında gizlənib. O, Norikonun ağlamasını seyr edir, sonra sadə bir fikir bildirir, sözlərini elə sadə, sentimentallıqdan uzaq tərzdə çatdırır ki, qız yenidən hönkürür, uzun-uzadı, acı-acı ağlayır, qızın əzabları elə dərin və ağrılıdır ki, sankı qəlbi parça-parça olub.

– Mən sənin xoşbəxt olmağını istəyirəm.

Bir qısa cümlə və Noriko darmadağın olur, öz həyat yükünün altında əzilir.

– Mən sənin xoşbəxt olmağını istəyirəm.

Qız ağlamağa davam edir, qaynatası isə səhnə bitmədən öncə son sözünü deyir, sanki dediklərinə özü də inanmır : “ Qəribədir, bizim öz uşaqlarımız var, ancaq həmişə bizdən ötrü əldən-ayaqdan gedən sən olmusan ”.

Məktəbə keçirik. Mahnı oxuyan uşaqların səsi gəlir, müəllimə qızın dərs keçdiyi sinif otağındayıq. Uzaqdan qatar səsi gəlir. Gənc qadın saatına baxıb pəncərəyə yaxınlaşır. Qatar uğultu ilə ötür, gündüz qatarı sevimli gəlinlərini Tokioya aparır. Qatara keçid, relslərə toxunan təkərlərin tıqqıltısı hər yeri bürüyüb. Biz irəli, gələcəyə doğru şığıyırıq.

Budur, bir neçə saniyə sonra vaqonlardan birinin içindəyik. Noriko tək oturub boşluğa baxır, fikri başqa yerdədir. Bir qədər keçir və sonra o, qaynanasının saatını dizinin üstündən götürür. Qoruyucu örtüyü açır, biz saniyə əqrəbinin tıqqıltısını eşidirik. Noriko saatı gözdən keçirir, onun siması həm kədərli, həm də işıqlıdır. Biz qızın ovcundakı saata baxanda qatar sürətləndikcə sürətlə irəlliləyən zamana, bizi həm gələcəyə, həm də keçmişə aparan zamana, ölmüş qaynananın keçmişinə, Norikonun keçmişinə, bu gün yaşayan keçmişə, özümüzlə gələcəyə apardığımız keçmişə baxdığımızı hiss edirik. Qulaqlarımızda qatar fitinin qiyyəsi, qəddar və dəlici səsi cingildəyir : “ Həyat adamı məyus edir, elə deyil? ”

P.S.

Pol Oster “Qaranlıqdakı adam” əsərində babanın  “Tokio əhvalatı” filmini ilk dəfə 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində gördüyünü yazır. Çox guman Pol Oster səhvə yol verib. “Tokio əhvalatı” filmi 70-ci illərin sonunda Amerikada populyarlaşıb.

Yazını yazmazdan əvvəl “Tokio əhvalatı” filminə bir daha baxdım. Mən filmdə “həyat adamı məyus edir, elə deyil?” cümləsinə rast gəlmədim. Noriko övladların böyüdükdən sonra valideynlərinə qarşı laqeydləşməsi, yadlaşması və bunun çox normal, adi hal olması haqqında danışdıqda evin sonbeşiyi, müəllimə qız belə cavab verir: “Bu dəhşətdir”. 

Seymur Baycan
Azlogos.eu
Yuxarı