post-title

Oxu vərdişlərimizi niyə dəyişməliyik?

Bir kitab oxudum, həyatım dəyişdi.

Klişedir, hərçənd bəlkə belə hallar baş verib, amma şəxsən inanmağım gəlmir. Üstəlik, cəmi bir kitab oxumaqla həyatı dəyişən adamlardan – əgər belələri varsa – bir az da qorxuram.

Əlbəttə, kitab oxumaq insanı dəyişir, amma bunun üçün kitablar oxumaq lazımdır. Kağızda və ya Kindle-da, bədii və ya elmi, yerli və ya xarici – fərqi yoxdur, zövqə və həyatda qarşısına qoyduğu məqsədə görə hər oxucunun öz siyahısı var. Ən azından, elementar savad və təhsil sahibi olmaq üçün insan gərək dərslikləri pis-yaxşı oxusun. Axı dərsliklər də kitabdır. Buna görə də Nərmin xanımın AzLogos-da getmiş yazısı, yumşaq desək, zərərlidir.

Bu yazıda məqsədim Nərmin xanımla polemika açmaq deyil, tamam ayrı bir problemə diqqət çəkməkdir.

Mən bədii ədəbiyyatın əhəmiyyətini, insanın həm də bədii ədəbiyyat oxumalı olduğunu qəbul edən dəstədənəm. Mənə görə bədii ədəbiyyat insanın təxəyyülünü inkişaf etdirir, üfiqlərini genişləndirir, dünyaya baxdığı pəncərəni böyüdür, emosional intellektini korşalmağa qoymur, sosial kommunikasiya bacarıqlarını itiləyir. Biz bədii mətnləri niyə oxumalıyıq? sualına ayrıca cavab verməyə ehtiyac yoxdur, bu sualın cavabı bədii mətnlərin cəmiyyət tərəfindən hələ də tələb olunması, pulla satın alınması və oxunmasında aşkardır.

Bizim problemimiz oxuduğumuz ədəbiyyatın coğrafiyasının hədsiz dar olmasındadır. Bizim hətta ən mütaliəli insanlarımızın da oxu coğrafiyası məhduddur. Xüsusilə bədii ədəbiyyat baxımından.

Doğrudur, əlimdə heç bir sosioloji tədqiqatın nəticələri yoxdur, amma bir xeyli tanışımdan soruşub maraqlanmışam, kitab dükanlarında alıcıları müşahidə edirəm, İnternetdə kitablar haqqında yazılan rəyləri və yazıları mümkün qədər izləyirəm. Məndə formalaşmış qənaət budur, bu qənaətimdən çıxış edirəm.

Bizim oxucuların bədii ədəbiyyat coğrafiyasına ötəri nəzər salsaq, onun təxminən klassik Avropa və ABŞ ilə məhdudlaşdığını görə bilərik. Ənənəvi olaraq Tolstoy-Dostoyevski cütlüyü (arada Pelevin-Sorokin); ingilis və amerikan ədəbiyyatları; fransız və alman ədəbiyyatları, qismən də italyan, o da ancaq Ekonun timsalında; təbii ki, türk ədəbiyyatı və nadirən bizim yerli ədəbiyyat.

Bu məhdud coğrafiyanın sərhədlərindən kənarda bir istina Murakami və İşiquronun Yaponiyasıdır ki, o da Murakami əslində amerikan, İşiquro isə ingilisdir. İkinci istisna Latın Amerikasının magik realizmidir – o zənginlikdə qitəni bizdə yalnız bir ədəbi cərəyan təmsil edir.

Üstəlik, bizim oxucuların müraciət etdiyi yazıçılar əksərən klassiklərdir, ağlardır və kişilərdir. Müasirimiz Erika Ceyms və klassik Aqata Kristi kimi qadın yazıçılar da əsasən yüngül ədəbiyyatı təmsil edirlər. Qaradərili və asiyalı yazıçılar isə yox dərəcəsindədir.

Bir sözlə, bizim üçün dünya ədəbiyyatı hələ də klassik Avropanın və onun mədəni təsirində formalaşmış bir neçə ölkənin ədəbiyyatıdır. Sovet tərcümə məktəbinin və kitabçılığının üstünlüklərindən biri onun beynəlmiləl təbiətə malik olmasında idi. Hətta uzaq Tibet və Nepaldan bədii ədəbiyyat nümunələri Sovet İttifaqında nəşr olunurdu. Amma ədəbiyyata beynəlmiləl nəzərlərlə baxan Sovet kitabçılığı artıq mövcud deyil, kitab bazarında da tərəzinin gözləri əyilib.

Bu gün ədəbi kanon barədə Qərb universitetlərində amansız mübahisələr gedir. Nobel komitəsində baş vermiş təbəddülat ilk baxışdan cinsi qısnama skandallarının rikoşeti olsa da, həm də bədii ədəbiyyata dünyanın baxışında yaşanan daha geniş bir böhranın təzahürüdür. Bu kontekstdə bizim ədəbi meyarlarımızın hələ də Tolstoy-Dostoyevski dixotomiyası ilə müəyyən olunması bizim özümüz üçün yolverilməz olmalıdır.

Bu yazını əslində iki il əvvəl yazmaq istəyirdim, lakin açığı, Molla Nəsrəddin və ancaq xurma yeyən uşaq haqqında lətifədəki vəziyyətə düşməmək üçün xeyli gözləməli oldum. Mənim bədii ədəbiyyat coğrafiyam bəlkə əksər tanışlarımın oxu coğrafiyasından da dar idi. Yadıma düşəndə hətta utanıram, elə mən özüm etinasızlıqla deyirdim: Ədəbiyyat ancaq Kontinentdədir, bir az da Adalarda.

İnsanın öz şüurunda oturuşmuş yanlış təsəvvürləri düzəltməsi uzun vaxt aparan məşğuliyyətdir. Mən düz iki il əziyyət çəkmişəm. Culian Barnsın (Julian Barnes), ya da Herman Koxun (Herman Koch) növbəti kitabına başlamaq əvəzinə Litva və Latviyadan qadın yazıçıların əsərlərini oxumaq üçün kiçik də olsa, müəyyən iradə göstərməlisən. Yox, söhbət heç də yüksək ədəbiyyat yerinə özünü alçaq ədəbiyyat oxumağa məcbur etməkdən getmir. Məsələ bizim oxu vərdişlərimizin nə qədər qərəzli və mühakiməli olmağındadır. Bizə mane olan şey, məsələn, hələ ilk səhifəsini açmadan bu latviyalı qadın yazıçının Culian Barns kimi yaza bilməməsi haqda formalaşdırdığımız qənaətdir.

Biz oxu vərdişlərimizi zövqlərimizin müəyyən etdiyini düşünürük, amma əslində mühakimələrimiz bizim seçimlərimizə bəlkə daha böyük dərəcədə təsir göstərir.

İnklüziv oxu strategiyası

Çıxış yolu inklüziv oxu strategiyasını rəhbər tutmaqdır. Xüsusən də bədii qiraətə vaxtı olan oxucular kitab seçən zaman onlar üçün qeyri-ənənəvi, yeni ölkələrə və heç vaxt oxumadıqları yazıçılara üstünlük verə bilərlər. Hər fərqli ölkə fərqli dünyagörüşü deməkdir, onların yazarları isə bizə tamamilə yeni perspektivlər aça bilər. Dünya çoxsəslidir, əsas olan da bu səslərin mümkün qədər daha geniş spektrinə qulaq asa bilməkdir.

Öncədən plan tutmaq da olar, işləri öz axarına buraxmaq da olar. Məsələn, bir ildə eyni ölkədən iki yazıçıdan artıq oxumamaq, eyni yazıçıdan ən çoxu iki roman oxumaq. Kişi yazıçıdan sonra qadın yazıçı, Latın Amerikasından sonra Afrika qitəsi. Ağır əsərdən sonra yüngül əsər, klassik romandan sonra eksperimental roman.

Nəticəni sözlə təsvir edə bilməyəcəm, amma olduqca gözəl təcrübədir. Son iki ildə mən özüm belə bir inklüziv oxu strategiyası tətbiq edirəm və nəticəsi mənim gözləntilərimi də ötüb keçib.

Ədəbi zövq onsuz da subyektiv anlayışdır, bir də məhdud oxu dairəsi olan oxucunun ədəbi zövqlərini düşünün. Yalnız dar bir coğrafiyanı oxuyan ən mütaliəli oxucunun da ədəbiyyat barədə təsəvvürləri qədim buddist pritçasında fili təsvir etməyə çalışan qarışqaların əqli nəticələri səviyyəsinə düşür.

Qarlı-şaxtalı Tolstoy-Dostoyevski zirvəsindən dünya ədəbiyyatını seyr etməklə onun barəsində adekvat qənaətə gəlmək mümkün deyil. Gərək aşağıda dumanla örtülmüş vadilərə enəsən, orada isə sıx meşələr, yaşıl çəmənlər, suyu göz yaşı kimi duru bulaqlar və gur şəlalələr heç də az deyil.

Ədəbiyyat təsvir etməyə çalışdığı dünya qədər rəngarəngdir, bu müxtəlifliyi və rəngarəngliyi gözdən qaçıran oxucu isə əlbəttə çox şey itirir.

İnklüziv oxu strategiyasının daha böyük bir əhəmiyyəti də var.

Bədii ədəbiyyat (fiction) və hekayəçilik (storytelling) təməl insan ehtiyaclarındandır, köhnə ədiblərin təbiri ilə desək, onlar ruhun qidasıdır. Amma bədii ədəbiyyat (literature) həm də ideologiyadır, bəlkə hətta ideologiyanın lap özüdür. Hakim siniflər öz cəmiyyətlərində bərqərar etmək istədikləri dəyərləri həm də bədii ədəbiyyat vasitəsilə insanların ruhuna hopdurmağa çalışırlar. Bu gün Homer, Şekspir və ya Nizami ona görə dərsliklərdə deyil ki, insanlar onları sevə-sevə oxuyurlar. Onların dərsliklərdə olmasının əsas səbəbi əsərlərində tərənnüm etdikləri dəyərlərin hələ də lazımlı hesab edilməsidir.

Bir ölkənin ədəbiyyatı obyektiv qanunların təzahürü deyil, məktəb və dərsliklərin, ədəbi mükafatlar və nəşriyyatların, siyasətin və bazarın konsensusudur. Dünya ədəbiyyatı da bu prosesin qlobal səviyyədə təkrarlanmasından başqa bir şey deyil. Ona görə də dünya ədəbiyyatında Qərbin yazıçılarının hegemoniyası təəccüblü görünməməlidir.

Bəs təməl ehtiyaclarını qarşılamaq üçün oxuyan, amma özü də istəmədən ideologiyanın toruna düşən bir insan bu buxovlardan qurtulması üçün nə etməlidir? Bədii qiraəti ideoloji alət olmaqdan çıxarıb yenidən öz ilkin təbiətinə qaytarmaq üçün sıravi oxucunun yetəri qədər gücü varmı?

Əlbəttə, biz Homeri, Şekspiri və ya Nizamini ədəbi pyedestaldan endirmək qabiliyyətində deyilik, amma inklüziv oxu vərdişləri ilə biz bu ideologiyanın təsirindən ən azı özümüzü azad edə bilərik.

Oxuduğumuz bədii ədəbiyyatın çevrəsi nə qədər dar olursa, bir o qədər də ideologiyanın təsirinə qapılırıq. İnklüziv oxu bu qapalı çevrəni yarıb ideologiyanın təsirindən qurtulmaq üçün sıravi oxucunun əlində olan ən effektiv silahdır. Bu silahdan isə mütləq istifadə etmək lazımdır.

Əli Novruzov
Azlogos.eu
Yuxarı