post-title

Nodar Dumbadze: Ehsan

Yumoristik minyatürlərindən

Əgər, ehsan məclisinin vəfat edənin şərəfinə düz-qoş edilmiş yeyib-içmək hesab edirsinizsə yanılırsınız. Belə şey yoxdur.

Bilmirəm, böyük Saba (klassik gürcü şairi Sulxan Saba Orbeliani (1658-1725) nəzrdə tutulur - red) bu sözü necə izah edərdi, ancaq Quriyada bu yaman böyük mənası olan işdir.

Deyəsən, Əzrail özü də insanların ruhunu Tanrıya əksərən gecələr təslim etməsinə əmr verib. Bizim Aqati nənədə belə oldu.
Mən onda kənddəydim və dəfndə iştirak edirdim.

- Evimiz nə yıxdı Vikenti, qoca nədən canını tapşırdı?

- Heç nədən, yatdı durmadı.

- Deməli, əcəliylə ölüb eləmi?

- Yox əşşi, bir az da həkimlər kömək elədi.

Biz ayağımızı evin kandarına qoymamış dərhal adımızı Aqati ilə yanaşı çəkməyə başladılar.

- Oyyy, Aqati, yazıq Aqati, dur gör kim gəlib a yazıq!

Di gəl, bizim gəlişimiz Aqatini zərrəcə maraqlandırmırdı və ayağa qalxmağa da həvəsli görünmürdü. Ağıçı xoru darvazanın önündə düzülüşmüşdü.
- Ninoçka! Evin yıxılsın ay qız!... Başla dana, saçını yol, ağla! – kimsə böyürdən doldururdu. 

- Vay, vay! Allah bu nə gün idi göstərdin mənə! Gözümkor olaydı! Aqati-i-ii! İndi qapıma kim gələcək, məni kim yad edəcək: kim deyəcək ki, gözəlim Ninoçkanın kefi necədir!  Aaay, ay, inanmıram, inanmıram!

- Ay arvad, bir dayan! Yaşamağına inanmaya bilərsən, ölməyinə necə inanmayasan, - kənardan bir kişi Ninonun dirsəyindən çəkərək sözünü kəsdi.
Mən ehsan məclisinin qurulmasına tamaşa edirdim. Lobyalar iri-iri tiyanlarda pokkapok qaynayır, qarğıdalı aşının buxarı göyə qalxır, qaynar suda mal ətinin tikələri üzürdü. Üç yüz nəfərlik masada isə artıq pendir, badımcan ikrası, çapaq balığı, göy-göyərti, vineqret salatı, şoraba, ədviyyat, şərab, araq, bir sözlə toyda verilən hər şey düzülmüşdü. Mərasimə gələnlər artıq hüzur yeriədasıyla pıçıldaşırdılar.

- Bəs sonra nə oldu Beso?

- Sonra soruşuram ki: Aqati nənə, axır ki, sizin yaşınız neçədir? O da nə desə yaxşıdır, Uzunboyun Asalo qaçaq olub dağlara çıxanda mən ikinci dəfə ərə getmişəm.

- Uzunboyun onun metirkasıdırmı ki?

- Bunu deyəmmərəm, ancaq məncə nənəmiz haldan düşümüş qarğalarla yaşıddır.

- Bax hələ, canlı-qanlı çiçək kimi uzanıb... Eləbil yatır...

- Ürək xəstələrində belə olur...

- Hə, Allah ölümün də xeyirlisini versin...

Bu əsnada otaqda kimsə yenə Aqati nənənin qılığına girib yola gətirməyə çalışır: “Qalx, heç olmasa bir söz de, hələ vaxta var, dəfnə düz dörd saat qalıb”.

Mən söhbət edən başqa qrupun yanına üz tutdum.

- Bir sözlə, ölməyin xərci yaman çoxdur, Mixako...

- Bu pul, yemək-içmək onun sağlığında olaydı, bir il uzunu ağa kimi yaşayardı... Yazıq elə indi yada düşüb...

- Oğlu ki oxumuş oğlandır, belələri hamısı nankor olur.

- Yaxşı ki, vaxtında gəlib yetişdi ölünün üstünə.

Bir az sonra hamını stola dəvət etdilər və ehsan başladı.

Aqati nənə yerində səbrlə gözləyirdi.

Beşinci rumkada xatirələr dilə gəlməyə başladı:

- Bax şey yadınıza gəlirmi? Aqatinin çay paylamağı?

- Qaxıl yerinə Rajden, çaşıbsan...

Rajden yerinə oturdu.

- Belə deyilir ki, qarğalar üç yüz il yaşayır, - birdən yenə kimsə dilləndi.

- Kim deyib bunu sənə?

- Dayananın, o deyirdi ki, biz üç yüz il yaşayırıq, qarğanın burda nə işi?

- İndi biz səninçün qarğa olduq eləmi?

- Əşi, bunu kəndin həkimi demiş olar...

- Qoy əvvəlcə özünü sağaltsın bir!..

Aqati nənə isə hələ də gözləyirdi. Günəş onunçün son dəfə asta-asta yüksəlir. Həyətdə şərabdan azmış ruhlar gəzişirdi.

Sonra qarı kiminsə yadına düşdü. Tabutu həyətə qoydular. Teleqrammları oxumağa başladılar.

- Cənablar, Moskvadan, Odessadan, Volqoqraddan, Kiyevdən, Leninqraddan, Xarkovdan, Sevastopoldan ümumilikdə 1004 dənə teleqram gəlib.

- Qulaq as, bəs Tbilisidən heç kim yazmayıb?

- Bir dəqiqə, bir dəqiqə!...

- Unudulmaz Aqatinin faciəvi vəfatı ilə bağlı kədərlənirik, dərdinizə şərikik nöqtə sizinlə birgə ağlayırıq Makari Tariel Eprisine Vasasi Pedosi Abeli Filipe Ksenia Kirile Geronti Domenti Mixako İqorovka.

- Təbrik edirik, xoşb...

- Kül bizim başımıza, bu teleqramı hansı axmaq gətirib?!

- Sən Allah, “toyunuz mübarək, öpüşün” qışqırtıları səslənməmiş, o teleqramı oxumağı dayandır!..

Aqati toxtaq şəkildə yerində uzanmışdı. Günəş yavaş-yavaş qüruba endi. Rəsmən axşam düşdü.

- Kaço, nəyi gözləyirik, ölünün özü ayağıyla qəbirsanlığa gedəsi deyil ki!

- Nə qaça-qaçdır ki?! Qoy səhərə kimi doğma ocağında qalsın. Sabah basdırarıq...

- Sabah səni basdırarıq, dur gəl tabutun qırağından yapış! Götürə bildinizmi... Bir.. iki.. Ayaq tərəfinə, ayağın keçin... Ey, hara gedirsən, darvaza bu tərəfdədir!..

- Qarı yaman ağır imiş!..

Yolda tabut daşıyanlar bir neçə dəfə büdrədilər, bir-iki dəfə qarını tabutdan yerə saldılar və onu yerinə uzatmaq üçün əməllicə əlləşdilər. Axır ki, ayaqları bir-birilərinə dolaşa-dolaşa gəlib birtəhər qəbirsanlığa çatdılar.

Qəbirqazanlar tabutu iplə sarıyana qədər, dil deyib həşir tökənlərdən biri qəbirə yıxıldı.

- Aqati, indi yəqin səni istəmədiyimizi deyə bilməzsən. Görürsən, Rajden dalınca gəlməyə belə hazırdır, - nənəyə bu son müraciətlə də hər şey başa çatdı.

O gecə babamla birgə kaminin yanında oturub qabağımızda bir şüşə şərab asta-asta vururduq. 

- Ambako baba, sən bizim ehsan məclislərimizə necə baxırsan?

- Gərək ölüyə hörmət edəsən. Biz bunu bacarırıq. Düzdür, hər şey ölçüsündə yaxşıdır.

- Məgər, bu ehsanları və boş-boşuna pul israfını qurtarmağın vaxtı çatmayıbmı?

- Ay allahsaxlamış, biz hələ 1913-cü ildə bu haqda kənd yığıncaqlarında danışardıq, sonra bir Kutaisidə çıxan “Səhər” qəzetinə də yazıb iradımızı bildirmişdik, nə xeyri oldu ki...

- Bəs, qəzetdə nə yazdığınız yadındadırmı?

- Əlbəttə, yadımdadır da, hələ bir əzbərə deyərəmdə: - “Yığıncaqda, dünyasını dəyişən şəxsin yaxınlarının üzərinə düşən gərəksiz məsrəfləri müzakirə etdik və qərara aldıq ki, ancaq başqa quberniyadan gələnləri yedirdib içirtmək olar, yerli əhaliyə isə mərhumun evində nahar etmək qağadan edilir. Qadağanı pozanları 50 rubl həcmində cərimə cəzası gözləyir...”

- Bəs qadağanın axırı necə oldu?

- Ay qadasınaldığım, əgər qadağa qüvvədə qalsaydı indi təkcə Rajden milyon rubl cərimə ödəməliydi.

- Həəəə...

- Bax belə...

- Tanrı yazıq Aqatiniyə rəhmət eləsin! – Ambako baba sakitcə rəhmət oxudu və badəsini mənimkiylə toqquşdurdu.

- Rəhmət eləsin, - mən onunla razılaşıb badəni başıma çəkdim.

Hava işıqlanırdı. Aqatinin evindən pozuq bir xorla, məclis mahnısı “Uzun yay”ın sədaları gəlirdi.

Tərcümə: Namiq Hüseynli
Kultura.az
Yuxarı