Kiçik ölkə insanının böyük dərdləri olur. Kiçik ölkə
olmaq, kiçik məsələ deyil. Əgər kiçik ölkəyə dair böyük ümidlərin varsa, bir
gün yaşayacağın ümidsizliyin miqyası da o dərəcədə böyük ola bilər. Müasir
gürcü yazıçısı Laşa Buğadzenin böyükhəcmli “Kiçik ölkə” romanı elə bu təzadın hekayətidir.
Roman keçən il Gürcüstan Milli Kitab Mərkəzinin dəstəyilə “Qanun” nəşriyyatında
oxucunu əsəbləşdirəcək qədər korrektə və tərcümə xətalarıyla Azərbaycan dilində
nəşr olunub.
Gürcüstanla Azərbaycanın müqayisəsinə cəhd edəndə,
“vaxsey” deyib başlarını tutanları təsəvvürə gətirmək çətin olmasa da, neyləmək
olar, bəzi mövzular əbədidir, üstəlik öyrənməyin təməlində təkrarçılığın
dayandığı da faktdır. Bu mənada “Kiçik ölkə” romanını burnumuzun dibindəki fəal,
təlatümlü və dirəşkən cəmiyyətin bizdən sapıb ayrıca çıxdığı təhlükəli yolda
başına nələrin gəldiyini görmək, öyrənmək üçün qiymətli mənbə hesab etmək olar.
Romanda bəhs edilən Sovet keçmişindən asılılıq,
kiçik ölkəyə xas komplekslərdən və qeyri-ciddilikdən qurtula bilməmək, odioz
siyasət, köhnəpərəstlik, banallıq, dinin dominantlığının güclənməsi, inqilabi
mübarizə, modernləşmə çabalarına mühafizəkarların müqaviməti kimi mövzulara əvvəldə
qeyd edildiyi kimi, biz artıq müəyyən qədər bələdik. Yetərincə məlumatlı
olmadığımız məsələ isə, elə məhz “Kiçik ölkə” romanının əsas sujet xəttini təşkil
edən mövzudur, ki bu mövzu Azərbaycan və Gürcü intellektualının köhnəpərəstliklə,
doqmatizmlə, daha konkret desək, dinlə mübarizədə necə bir yol keçdiyini gözlər
önünə sərir. Sən demə, bizdə Rafiq Tağının başına gələn hadisələr Gürcüstanda
Laşa Buğadzenin də başına gəlibmiş.
2002-ci ildə Laşa Buğadze 23 yaşında olarkən Gürcü
kilsəsinin və gürcülərin müqəddəs saydığı gürcü kraliçası Böyük Tamara haqqında
açıq-saçıq, satirik bir hekayə yazır. Hekayədə bir neçə məqam ciddi narazılığa
səbəb olur: gənc müəllif bir yerdə 12-13-cü əsrlərdə yaşamış Böyük Tamaranın
dalının “bütün gürcülərinki kimi yastı olduğunu” yazır, digər yerdə isə Böyük
Tamaranın yenicə evləndiyi rus əri Yuri Boqolyubskinin onunla yatağa girməkdən
imtina edərək, gözləri önündə kürt toyuğa təcavüz etməsi səhnəsini təsvir edir:
“Yuri çuxasını taxtın üstünə atdı, mütəkkəni
yerinə qoydu və diz üstdə durdu, qanadlarını çırpan kürt toyuq isə... Və bütün
bunlar şahlar-şahı Tamaranın gözü önündə baş verirdi...
Tamara gözlərini əlləri ilə örtdü və sonra baş verənləri
görmədi, sadəcə hiss etdi.
Onun yaxınlığında isti nəfəs, sonra isə bədənində
soyumuş, titrəyən barmaqlar gəzdi...
Və ölümlə onun arasında bircə an qaldığını
düşündüyü anda rus taxtın üstünə səvərdi, ayıb yerini çuxanın ətəyi ilə örtdü və
elə yaş axıtdı, görən elə bilərdi, kiminsə yasını tuturdu...
Tamaranın çatılmış qaşlarının arasında qəzəbdən
yaranan ilk qırış zərif iz salmışdı.”
Gənc yazıçının hekayəsi böyük mərəkəyə səbəb olur,
parlamentdə məsələ qaldırılır, kilsə işə qarışır, televiziya kanalları bütün
ölkəyə car çəkir. Beləcə, Buğadze Gürcüstanda haqqında ən çox danışılan və nifrət
bəslənilən şəxsə çevrilir. Mühafizəkarlar, dindarlar onu qisasla təhdid edirlər,
kilsə nümayişkəranə şəkildə üzr istəməsini tələb edir, siyasətçilər, jurnalistlər
onu söyüb təhqir edirlər. Amma bizdə Rafiq Tağıdan fərqli olaraq, Laşa Buğadze tamamilə
tək buraxılmır, onu xeyli adam müdafiə edir. Sonda Buğadze tragikomedik şəkildə
olsa da, hədəfdən yayınır, hücumlar səngiyir və çox keçməmiş Qızılgül İnqilabı
baş verir.
Hazırda Laşa Buğadze Gürcüstanda ən çox oxunan müəlliflərdəndir,
dövlətin dəstəyilə əsərləri ingilis və fransızca daxil olmaqla, bir çox dillərə
tərcümə olunub. 2007-ci ildə “BBC”-nin beynəlxalq ədəbiyyat mükafatına da layiq
görülən müəllif hazırda ölkəsinin nüfuzlu telekanallarından birində ədəbiyyat verilişinin
aparıcısıdır.
Bizdə isə, məlumunuz, oxşar presedent tragediya ilə
nəticələndi. Rafiq Tağı 2006-cı ildə “Sənət Qəzeti”ndə yazdığı “Avropa və biz”
məqaləsinə görə, əvvəlcə həbs olundu (onunla birgə qəzetin baş redaktoru Samir
Sədaqətoğlu da həbs olunmuşdu), sonradan isə qətlə yetirildi. Samir Sədaqətoğlu
isə ölkədən mühacirət etməyə məcbur oldu.
Laşa Buğadzenin romanını oxuduğum günlərdə Avropa İnsan
Hüquqları Məhkəməsinin Rafiq Tağı və Samir Sədaqətoğlunun şikayəti əsasında Azərbaycan
hökumətinə qarşı çıxardığı qərar əlimə keçdi.
Avropa Məhkəməsi hakimlərinin rəyinə görə, Rafiq
Tağının yazdığı "Avropa və biz" məqaləsi məhdud şəkildə dərk
olunmamalıdır: “”Avropa və biz" məqaləsində İslam və onun sosial, fəlsəfi
məqsədləri ilə bağlı bir neçə irad olsa da, mətni bütövlükdə oxuyanda aydın
olur ki, məqalə əsasən Qərb və Şərq dəyərlərinin müqayisəsi ilə əlaqədardır, müəllifin
bu dəyərlərin formalaşmasında dinin rolu, habelə həmin dəyərlərin dünyada və Azərbaycanda
insan hüquqları və inkişafı kontekstində təsiri barədəki fikirlərini ifadə
edir. Buna görə məqalə yalnız dini etiqadla əlaqəli bir məsələ kontekstində
deyil, eyni zamanda ictimai maraq kəsb edən bir məsələ, yəni bir dinin cəmiyyətdəki
və onun inkişafındakı rolunda mübahisə doğuran məsələ konstekstində analiz
edilməlidir."
Avropa Məhkəməsinin qərarına görə, Azərbaycanda
daxili məhkəmələr adıçəkilən məqalədəki konteksti düzgün tuta bilməyiblər və məsələni
müfəssəl araşdırmaqda müvəffəqiyyətsizliyə
uğrayıblar. Avropalı hakimlər Rafiq Tağıya və Samir Sədaqətoğluna bir neçə
illik həbs cəzasının verilməsini həm ölkədəki demokratik, intellektual dəyərlərə,
həm də dini tolerantlığa kəskin zərbə vurduğu və özündən sonra pis presedentlərə
gətirib çıxarmaq üçün münbit şərait yaratdığı qənaətinə gəliblər: "məhkəmə təkrar edir ki, digər
müdaxilə və təkzib vasitələri olduğu təqdirdə, cinayət məhkumiyyəti çox ağır
sanksiyadır... Məhkəmə cari məsələdəki şərtlərin bu cür sərt cəzalar verilməsinə
haqq qazandıra biləcəyini hesab etmir, ki bunlar həmçinin Azərbaycandakı ifadə
azadlıqları təcrübəsinə xələlgətirici təsir göstərə və mətbuatın dinlə əlaqədar
mövzulardan və dinin cəmiyyətdəki və ictimai maraq kəsb edən digər məsələlərdəki
roluna dair mövzulardan yayınmasına gətirib çıxara bilər".
Biz artıq bilirik ki, Avropa Məhkəməsinin qərarında
toxunulan və ehtiyat edilən məsələlər artıq reallaşıb. Rafiq Tağının "Avropa
və Biz" presedentindən sonra Azərbaycanda onsuz da tənəzzüldə olan fikir və
ifadə azadlığı biraz da tənəzzülə uğradı, intellektual mühitə isə ölümcül zərbə
dəydi.
Halbuki bu cür çıxışları kəskin cəzalandırmamaqla,
din daxil olmaqla, ictimai-siyasi əhəmiyyətli mövzuların müzakirəyə çıxarılması
və mübahisələndirilməsiylə Azərbaycan bir müsəlman ölkəsi kimi fərqli bir yol
tuta, fərqli bir imicə sahib ola bilərdi. Ən azından İran qaragüruhçuluğuna qarşı
tutarlı bir cavab verilə bilərdi. Bu baş vermədi. Rafiq Tağı tək buraxıldı, sonda
qətlə yetirildi və indiyəcən də qatilləri azadlıqda gəzir.
Gürcüstanda isə Laşa Buğadzenin timsalında əvvəldə
tragikomedik gərginlik olsa da, sonda hadisələr faciəvi miqyas almadı. Ən əsası
və əhəmiyyətlisi, Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadze söz və
ifadə azadlığını əsas göstərməklə, müəllifi dəstəkləyibmiş:
“İndi atam iştirak etdiyi görüşdə Şevardnadze söz
azadlığını müdafiə edib, deyib ki, söz azadlığı insan hüquqlarının ən ümdə tərəflərindəndir.
Həm də əlavə edib ki, bundan belə hamının borcudur ki, patriarxa hörmətlə
yanaşsın. Tədbirdəki ziyalılardan biri, bir növ onunla razılaşmayaraq deyib ki,
hər halda nəzərə almalıyıq ki, hər şeyi yazmaq olmaz. Onun cavabında, həmişə
hazırcavablığı ilə seçilən prezident deyib: necə olmaz?! Yazana qadağa qoya
bilməzsən, olar, hər şeyi yazmaq olar, amma sənə hər şeyi oxumaq olmaz...”
“Kiçik ölkə”ni oxuyarkən, əsasən bir şeyi başa düşürsən:
bəzi kiçik ölkələrin dərdləri böyükdürsə, bəzilərininki lap böyükdür. Əgər Gürcüstan
tragikomediyadırsa, onda Azərbaycan tragediyadır, absurd tragediya...
Cavid Ramazanov
Azlogos.eu