Yuval Noah Harari - Koronavirusdan sonrakı dünya

Альтернатива

Bəşəriyyət hazırda qlobal böhranla üz-üzədir. Bu böhranı dövrümüzün ehtimal ki, ən böyük böhranıdır. İrəlidəki bir neçə həftə ərzində insanların və hökumətlərin qəbul edəcəyi qərarlar, yəqin ki, gələcək illər üçün dünyanı formalaşdıracaqdır. Onlar yalnız səhiyyə sistemlərini deyil, həm də iqtisadiyyatımızı, siyasətimizi və mədəniyyətimizi formalaşdıracaqdır. Biz cəld və qəti addım atmalıyıq. Biz, həmçinin atacağımız addımların uzunmüddətli nəticələrini də nəzərə almalıyıq. Seçimlər arasında qaldığımız zaman biz özümüzə yalnız hazırki təhlükəyə qalib gəlmək barədə deyil, həm də bu tufan keçdikdən sonra necə bir dünyada yaşayacağımız barədə sual verməliyik. Bəli, tufan keçəcək, bəşəriyyət qalib gələcək, çoxumuz sağ qalacağıq - lakin fərqli bir dünyanın sakinləri olacağıq. 
 
Bir sıra qısamüddətli fövqəladə tədbirlər həyatın ayrılmaz bir parçasına çevriləcəkdir. Bu, fövqəladə halların təbiətidir. Onlar tarixi prosesləri sürətləndirirlər. Normal zamanda qəbul edilməsi illər alan qərarlar fövqəladə hallarda saatlar içərisində qəbul edilir. Təkmil olmayan, hətta təhükəli texnologiyalar istismara yönləndirilir, çünki heç nə etməmək riskləri çox böyükdür. Bütöv dövlətlər gemişmiqyaslı sosial təcrübələrdə təcrübə dovşanları rolunu oynayır. Hər kəs evdə qalaraq işlədikdə və bir-birilə məsafədən ünsiyyət saxladıqda, nə baş verər? Bütöv məktəblər və universitetlər onlayn təhsilə keçdikdə nə baş verər? Normal vaxtlarda hökumətlər, iş dünyası və təhsil müəssisələri belə təcrübələrin aparılmasına heç vaxt razı olmazdılar. Lakin indi normal vaxtlar deyil. 
 
Bu böhran zamanında biz iki xüsusilə mühüm seçim qarşısındayıq. Birincisi, totalitar nəzarət və vətəndaşların hüquqların genişləndirilməsinin arasında, ikincisi isə milli izolyasiya (təcridolunma) və qlobal həmrəylik arasındadır.
 
DƏRİALTI NƏZARƏT

Epidemiyanı dayandırmaq üçün əhalinin bütöv qrupları müəyyən qaydalara tabe olmalıdırlar. Buna nail olmanın iki yolu vardır: birinci metod hökumətin əhaliyə nəzarət etməsi və qaydanı pozanları cəzalandırmasından ibarətdir. Hazırda insanlıq tarixində ilk dəfə olaraq, texnologiya hər bir kəsi istənilən zaman izləmək imkanı yaradır. 50 il öncə, KQB 240 milyonluq Sovet vətəndaşlarını 24 saat ərzində izləyə bilmirdi, həmçinin əldə olunmuş bütün məlumatları effektiv şəkildə işləmək imkanına malik deyildi. KQB canlı agentlərə və analistlərə etibar edirdi və hər bir vətəndaşı izləmək üçün bir canlı agent təyin edə  bilməzdi. Lakin indi hökumətlər candan və qandan ibarət kabusların əvəzinə, hər yerdə mövcud olan sensorlara və güclü alqoritmlərə güvənə bilər. 
 
Koronavirus epidemiyasına qarşı mübarizəsində bir sıra hökumətlər yeni nəzarət alətlərini tətbiq etməyə başlamışlar. Ən diqqətəlayiq hal Çindir. İnsanların smartfonlarını diqqətlə yoxlamaqla, yüz milyonlarla üz-tanıyan kameralardan istifadə etməklə və insanları öz bədən hərarətlərini və tibbi vəziyyətlərini yoxlamağa və məruzə etməyə məcbur etməklə, Çin hökuməti yalnız şübhəli koronavirus daşıyıcılarını müəyyənləşdirmədi, həm də onların hərəkətl istiqamətlərini izlədi və təmasda olduqları şəxsləri müəyyən etdi. Xeyli sayda mobil tətbiqlər vətəndaşları onların yoluxmuş pasiyentlərə yaxınlığı barədə xəbərdarlıq edir. 
 
EQİDA

Fotoşəkillər barədə: Bu məqaləni müşayiət edən təsvirlər İtaliyanın boşalmış küçələrini müşahidə edən vebkameralardan alınmışdır - hansı ki, karantində yaşayan fotoqraf Qraziano Panfili tərəfindən tapılmış və saxlanmışdır. Belə bir texnologiya Asiya üçün məhdud deyildir. İsrailin Baş Naziri Benyamin Netanyahu İsrail Təhlükəsizlik Agentliyinə koronavirus pasiyentlərini izləmək üçün normal halda terrorçularla mübarizə üçün nəzərdə tutulmuş nəzarət texnologiyalarının tətibq edilməsi səlahiyyətini vermişdir. Müvafiq parlament alt komitəsi belə bir səlahiyyətin verilməsindən imtina etdikdə, Netanyahu "fövqəladə fərman" vasitəsilə bunu qəbul etdirdi. 
 
Deyə bilərsiniz ki, burada yeni bir şey yoxdur. Son illərdə həm hökumətlər, həm də korporasiyalar insanları izləmək, yoxlamaq və idarə etmək üçün həmişə bundan da artıq mürəkkəb texnologiyalardan istifadə etmişlər. Lakin əgər biz ehtiyatlı olmasaq, epidemiya kamera nəzarəti tarixində çox mühüm bir suayırıcı rolunu oynaya bilər. Təkcə ona görə yox ki, bu, kamera nəzarətindən imtina edən dövlətlərdə kütləvi nəzarət alətlərinin tətbiqini normallaşdıracaq, daha çox ona görə ki, bu, "dəriüstü" nəzarətdən "dərialtı" nəzarətə dramatik keçidin olması demək olacaqdır. 
 
İndiyə qədər barmağınız smartfonun ekranına toxunduqda və linkin üzərindən kliklədikdə, hökumət sizin barmağınızın məhz nəyin üzərindən kliklədiyini bilmək istəyirdi. Lakin koronavirus halında internetin fokuslandığı nöqtə dəyişir. İndi hökumət barmağınızın hərarətini və onun dərisinin altındakı qan təzyiqini bilmək istəyir. 
 

FÖVQƏLADƏ SIYIQ

Nəzarət olunma ilə bağlı məsələlərlə bağlı üzləşdiyimiz problemlərdən biri odur ki, heç birimiz necə müşahidə olunduğumuzu və gələcək illərin nə gətirəcəyini dəqiq bilmirik. Müşahidə-nəzarət texnologiyası başdöndürücü bir sürətlə inkişaf edir və on il öncə elmi fantastika olan şeylər bu gün köhnəlmiş xəbərlərdir. Düşüncə təcrübəsi olaraq, fərz edin ki, bir hökumət hər bir vətəndaşından günün 24 saatı bədən hərarətini və ürək döyüntülərinin tezliyini ölçən biometrik bilərzik taxmağı tələb edir. Nəticədə əldə olunan məlumatlar hökumət alqoritmləri ilə toplanır və analiz olunur. Alqoritmlərin hətta sizdən öncə sizin xəstə olduğunuzu, həmçinin sizin harada olduğunuzu və kiminlə görüşdüyünüzü biləcək. Yoluxma zənciri mütləq şəkildə azalacaq, hətta tamam kökü kəsiləcək. Məhz belə bir sistem epidemiyanı bir neçə gün ərzində dayandıra bilər. Gözəl səslənir, deyilmi?
 
Bunun əks tərəfi, əlbəttə ki, yeni qorxulu bir müşahidə-nəzarət sisteminin legitimləşdirilməsindən ibarət olacaqdır. Əgər siz mənim CNN News deyil, Fox News-a kliklədiyimi (daxil olduğumu) bilsəniz, bu, sizə mənim siyasi baxışlarım, hətta mənim şəxsiyyətim barədə nələrsə deyə bilər. Lakin əgər siz mənim bədən hərarətimlə, qan təzyiqilə və ürək döyüntülərimlə nə baş verdiyini yoxlaya bilirsinizsə, siz həm də nəyin məni güldürdüyünü, nəyin ağlatdığını və nəyin, həqiqətən də, acıqlandırdığını müəyyənləşdirə bilərsiniz. 
 
Xatırlamaq çox vacibdir ki, qəzəb, sevinc, cansıxıcılıq və məhəbbət hərarət və öskürək kimi bioloji fenomenlərdir. Öskürəyi müəyyənləşdirən texnologiya eynilə gülüşü də müəyyən edə bilər. Əgər korporasiyalar və hökumətlər bizim biometrik məlumatlarımızı kütləvi şəkildə toplamağa başlasalar, onlar bizi  özümüzdən də yaxşı tanıya biləcək və artıq hisslərimizi yalnız proqnozlaşdırmayacaq, həm də idarə edəcək və istədiklərini - bu, istər əmtəə, istər siyasətçi olsun - bizə sata biləcəklər. Biometrik monitorinq Kembric Analitikanın məlumatları sındırmaq taktikalarını Daş Dövründə qalmış bir şey çevirəcək. Şimali Koreyanı 2030-cu ildə hər bir vətəndaşın günün 24 saatı ərzində biometrik bilərzik taxmalı olduğu şəkildə təsəvvür edin. Əgər siz Böyük Liderin nitqini dinləyirsiniz və bilərzik sizin qəzəb hisslərinizi ötürürsə, sizin işiniz bitmişdir. 
 
Əlbəttə, siz biometrik nəzarəti fövqəladə hal müddətində müvəqqəti tədbir olduğunu, fövqəladə hal bitdikdən sonra bunların sona çatacağını hesab edə bilərsiniz. Lakin müvəqqəti tədbirlərin uzunmüddətli hallara keçmək kimi bir vərdişi vardır, xüsusən də, üfüqdə daim yeni bir fövqəladə hal görünür. Mənim vətənim İsrail, məsələn, 1948-ci il Azadlıq müharibəsi dövründə fövqəladə hal elan etmişdi, hansı ki, mətbuat senzurasından və torpaq müsadirəsindən tutmuş, sıyıq hazırlamaq üçün (mən zarafat etmirəm) xüsusi qaydalara qədər bir sıra müvəqqəti tədbirləri müəyyən edirdi. Azadlıq müharibəsi çoxdan qalibiyyətlə başa çatsa da, lakin İsrail fövqəladə halın bitdiyini elan etmədi və bir çox 1948-ci il "müvəqqəti" tədbirlərini ləğv edə bilmədi (fövqəladə sıyıq fərmanı, xoşbəxtlikdən, 2011-ci ildə ləğv edildi).
 
Koronavirusa yoluxma halı sıfıra endikdə belə, bəzi məlumat hərisi olan hökumətlər iddia edəcəklər ki, koronavirusun ikinci dalğasından qorxduqları üçün, yaxud Mərkəzi Afrikada yeni Ebola növü meydana çıxdığı üçün, yaxud... - siz nə demək istədiyimi anladınız - biometrik nəzarət sistemlərini olduğu kimi saxlamaq lazımdır. Bizim məxfiliyimiz haqqında son illərdə qızğın şəkildə böyük bir mübarizə gedir. Koronavirus böhranı bu mübarizənin əyilmə nöqtəsinə çevrilə bilər. Çünki insanlara sağlamlığı və məxfiliyi arasında seçim imkanı verildiyi zaman, onlar, adətən, sağlamlığı seçirlər. 
 
SABUN SİYASƏTİ

İnsanları onların məxfilikləri və sağlamlıqları arasında seçim qarşısında qoymaq, əslində, problemin kökünü təşkil edir. Çünki bu, yanlış seçimdir. Biz həm sağlamlıq, həm də məxfilik hüququndan istifadə edə bilərik və etməliyik. Biz sağlamlığımızın qorunmasını və koronavirus epidemiyasının dayandırılmasını seçə bilərik, yalnız totalitar nəzarət rejiminin tətbiqi ilə deyil, vətəndaşların hüquqlarının genişləndirilməsi yolu ilə. Son həftələrdə koronavirus epidemiyasının qarşısının alınması üzrə uğurlu cəhdlər Cənubi Koreya, Tayvan və Sinqapor kimi ölkələrdə həyata keçirilir. Belə ölkələr izləmə tətbiqlərindən müəyyən qədər istifadə edir, daha geniş testlərə və yaxşı maariflənmiş ictimaiyyətin könüllü əməkdaşlığına əsaslanırlar. 
 
Mərkəzləşmiş nəzarət və sərt cəzalar insanları zəruri qaydalara tabe etmənin yeganə yolu deyildir. İnsanlara elmi faktlar söyləndikdə və insanlar bu faktları söyləyən səlahiyyətli qurumlara etibar etdikdə, vətəndaşlar Böyük Qardaşın onlar üzərində nəzarəti olmadan belə düzgün olanı edə bilərlər. Özünü motivasiya etmi və yaxşı  maariflənmiş əhali, əsasən, məlumatsız əhalidən daha güclü və effektiv olur. Məsələn, təsəvvür edin ki, əllərinizi sabunla yuyursunuz. Bu, insan gigiyenasında ən böyük irəliləyişlərdən biridir. Bu sadə hərəkət hər il milyonlarla həyatı xilas edir. Bu, bizə nə qədər adi görünsə də, yalnız 19-cu əsrdə alimlər əllərin sabunla yuyulmasının əhəmiyyətini ortaya çıxarmışlar. Bundan əvvəl, hətta həkim və tibb bacıları belə əllərini yumadan bir cərrahi əməliyyatdan digərinə keçirdilər. Bu gün milyardlarla insan hər gün əllərini yuyur, ona görə yox ki, onlar sabun siyasətindən qorxurlar, əksinə, ona görə ki, onlar faktları olduğu kimi dərk edirlər. Mən əllərimi sabunla yuyuram, çünki virus və bakteriyalar barədə eşitmişəm və başa düşürəm ki, bu kiçik orqanizmlər xəstəliklər törədə bilirlər və bilirəm ki, sabun onları yox edə bilər. 
 
 Lakin belə bir əməkdaşlıq və tabeçilik səviyyəsinə nail olmaq üçün siz etibar etməlisiniz. İnsanlar elmə etibar etməlidir, dövlət idarəçilərinə etibar etmılidir və mətbuata etibar etməlidir. Keçən bir neçə il ərzində məsuliyyətsiz siyasətçilər elmə, dövlət idarəçilərinə və mətbuata olan etibarı sartsıtmışlar. İndi həmin o məsuliyyətsiz siyasətçilər avtoritarlığa doğru yüksələrək iddia edə bilərlər ki, əhalinin düzgün hərəkəti edəcəyinə bel bağlamaq olmaz. Normal halda illərlə sarsılan etibarı bir gecədə yenidən qurmaq mümkün deyil. Lakin indi normal vaxt deyil. Böhran zamanında düşüncələr də tez dəyişə bilər. Bacı-qardaşlarınızla illərlə davam edən dava-dalaşlarınız ola bilər, lakin bir fövqəladə hal baş verdikdə, siz qəfildən gizli etibar və qayğı qalığını aşkar edir və bir-birinizin köməyinə qaçırsınız. Nəzarət rejimini qurmaq əvəzinə, insanların elmə, dövlət idarəetməsinə və mətbuata etibarını yenidən qurmaq gec deyil. Biz, mütləq ki, yeni texnologiyalardan istifadə etməliyik, lakin bu texnologiyalar vətəndaşların hüquqlarını genişləndirməlidir.
 
Mən bütünlüklə bədən temperaturumun və qan təzyiqimin yoxlanmasının lehinəyəm, lakin bu məlumat qüdrətli hökumətin yuaradılması üçün istifadə edilməyəcək. Daha doğrusu, həmin məlumatlar məni daha məlumatlı şəkildə şəxsi seçimlər etməyə və hökumətləri öz qərarlarına görə məsuliyyət daşımağa məcbur edəcəkdir. Əgər mən günün 24 saatı öz sağlamlıq vəziyyətimi izləyə bilsəm, mən yalnız başqa insanların sağlamlığına hər hansı təhlükəni törətdiyimi deyil, həm də öz sağlamlığıma yaxşı təsir edən vərdişlər barədə məlumat ala bilərəm. Əgər mən, üstəlik koronavirusun yayılması ilə bağlı etibarlı statistikaya daxil ola və analiz edə bilsəm, mən hökumətin mənə həqiqəti deyib-demədiyini və epidemiya ilə mübarizədə düzgün siyasəti seşib-seçmədiyini müəyyənləşdirə bilərəm. İnsanlar nəzarət haqqında danışarkən, unutmayın ki, eyni nəzarət texnologiyası yalnız hökumətlər tərəfindən fərdlərə nəzarət etmək üçün deyil, həm də fərdlər 
tərəfindən hökumətlərə nəzrət etmək üçün istifadə oluna bilər.
 
Beləliklə, koronavirus vətəndaşlığın əsas yoxlanışı ola bilər. Qarşıdakı günlərdə hər birimiz əsassız konspirasiya nəzəriyyələri və özündən başqasını düşünməyən siyasətçilərin əvəzinə, elmi məlumatlara və tibb mütəxəssislərinə etibar etməyi seçməliyik. Doğru seçimi edə bilməsək, öz sağlamlığımızın qorunması üçün bunun yeganə yol olduğunu düşünərək, özümüzün ən qiymətli azadlıqlarından əl çəkmiş olarıq. 
 
QLOBAL PLANA EHTİYACIMIZ VAR

Qarşılaşdığımız ikinici mühüm seçim milli təcridolunma və qlobal həmrəylik arasında edilməlidir. Həm epidemiyanın özü, həm də onun nəticəsində ortaya çıxan iqtisadi böhran qlobal problemlərdir. Onlar yalnız qlobal əməkdaşlıq vasitəsilə effektiv şəkildə həll oluna bilər. Birincisi və ən əsası, virusu məğlub etmək üçün biz informasiyanı qlobal şəkildə yaymalıyıq. Bu, insanların viruslar üzərində mühüm üstünlüyüdür. Çindəki koronavirus və ABŞ-dakı koronavirus insanlara necə yoluxma barədə bir-birilə məsləhət mübadiləsi apara bilməz. Lakin Çin Amerikaya koronavirusla və onun öhdəsindən necə gəlməklə bağlı çox qiymətli dərslər keçə bilər. İtaliyalı həkimin bir səhər Milanda aşkar etdiyi bir yenilik həmin axşam Tehranda həyatları xilas edə bilər. Britaniya hökuməti bir neçə siyasət arasında tərəddüd edərkən, bir ay bundan əvvəl eyni dilemma qarşısında qalan Koreyadan müəyyən tövsiyə ala bilər. Lakin bunun baş verməsi üçün bizim qlobal əməkdaşlıq və etibar ruhuna ehtiyacımız vardır. 
 
 Dövlətlər informasiyaları açıq şəkildə paylaşmaq və təvazökarcasına məsləhət almaqda maraqlı olmalı və aldıqları məlumatlara və proqnozlara inanmalıdırlar. Biz tibbi avadanlıqların, xüsusilə test dəstləri və nəfəs aparatlarının istehsalı və paylanması üçün də qlobal səylərə ehtiyacımız vardır. Hər bir dövlətin bunu lokal olaraq etməsi və əlinə keçən avadanlığı  yığıb saxlaması əvəzinə, birgə qlobal səylər istehsalı sürətləndiməyə və həyatları xilas edən avadanlıqların ədalətli şəkildə paylanmasını mümkün edəcəkdir. Müharibə vaxtı dövlətlər əsas sənaye sahələrini milliləşdirdiyi kimi, koronavirusa qarşı insanlığın müharibəsində də həlledici istehsal sahələri "humanitarlaş"malıdır. Az sayda koronavirusun olduğu zəngin bir ölkə daha çox sayda virusun olduğu kasıb ölkələrə qiymətli avadanlıqlar göndərməyə həvəsli olmalı və əmin olmalıdır ki, onun da köməyə ehtiyacı olduğu zaman digər ölkələr də onun yardımına yetişəcəklər. 
 
Oxşar qlobal səylər tibbi heyətin birləşdirilməsi üzrə də aparıla bilər. Daha az yoluxmuş ölkələr tibbi heyətlərini dünyanın daha çox zərərçəkmiş regionlarına göndərə bilər, bununla həm ehtiyacı olanlara yardım etmiş, həm də qiymıtli təcrübə qazanmış ola bilər. Əgər sonradan epidemiyanın fokusu dəyişərsə, yardım və dəstək əks istiqamətdə axmağa başlayacaqdır. Qlobal əməkdaşlıq iqtisadi sahədə də zəruridir. İqtisadiyyatın və təchizat zəncirinin qlobal təbiətini nəzərə alaraq, hər bir hökumət digərlərindən asılı olmadan öz işini görsə, nətucə xaosdan və dərinləşən böhrandan ibarət olacaqdır. Bizim qlobal hərəkət planına ehtuyacımız var, özü də tez bir zamanda. 
 
Qlobal razılaşmaya nail olma zərurəti səyahət sahəsində də mövcuddur. Aylarla bütün beynəlxalq səyahətləri dayandırmaq ciddi çətinliklərə yol açacaq və koronavirusla mübarizədə əngəllər yaradacaqdır. Dövlətlər, heç olmasa, lazımli səyahətçilər axınının: alimlərin, həkimlərin, jurnalistlərin, siyasətçilərin, iş adamlarının sərhədləri keçmək imkanına yol vermək üçün də əməkdaşlıq etməlidirlər. Bu, səyahətçilərin öz dövlətləri tərəfindən əvvəlcədən seçilməsi üzrə
ümumi razılaşmaya nail olmaları vasitəsilə edilə bilər. Əgər siz təyyarədə diqqətlə seçilmiş səyahətçinin olduğunu bilsəniz, onu öz ölkənizdə qəbul etməyə razı olacaqsınız. 
 
Təəsüf ki, hazırda heç bir dövlət bu deyilənləri həyata keçirmir. Kollektiv bir iflic vıziyyəti beynəlxalq ictimaiyyəti yaxalamışdır. Sanki otaqda heç bir yetkin adam yoxdur. Hələ bir neçə həftə əvvəl qlobal liderlərin ümumi tədbirlər planı hazırlamaq üçün fövqəladə toplantı edəcəyini düşünmək olardı. Böyük yeddilərin liderləri yalnız bu həftə bir videokonfrans təşkil etməyə nail oldular, o da heç bir planla nəticələnmədi. Əvvəlki qlobal böhranlarda - məsələn, 2008-ci il maliyyə böhranı və 2014-cü il Ebola epidemiyası kimi - ABŞ qlobal lider rolunu oynayırdı. Lakin hazırki ABŞ administrasiyası lider rolundan imtina edir. O, çox açıq şəkildə bəyan etmişdir ki, nəinki bəşəriyyətin gələcəyi üçün, daha çox Amerikanın qüdrəti üçün çalışır. 
 
Bu administrasiya, hətta ən yaxın mütəffiqlərini belə tərk etmişdir. O, Avropa İttifaqı ilə sərhədləri bağladığı zaman, bu ciddi tədbirlə bağlı məsləhətləşmə bir kənara qalsın, zəhmət çəkib, bu barədə Aİ-yə əvvəlcədən xəbərdarlıq da etmədi. O, Almaniyanı guya alman farmasevtik şirkətinə 1 milyard dollar təklif edərək, yeni Covid-19 virusuna qarşı peyvəndin inhisarçı hüquqlarını almaq niyyətind günahlandıraraq, qalmaqal yaratdı. Əgər hazırki administrasiya öz gedişini dəyişsə və qlobal tədbirlər planı irəli sürsə belə, çox az dövlət heç bir məsuliyyət daşımayan, səhvlərini qəbul etməyən, başqalarını günahlandırmaqla, yaxşılıqların yalnız özünə aid olduğunu bildirən bir liderin arxasınca gedər.  ABŞ tərəfindən tərk edilən və boş qalan bu yer başqa dövlətlər tərəfindən doldurulmasa, yalnız epidemiyanı dayandırmaq çətinləşməyəcək, həm də bu miras gələcək illərdə beynəlxalq əlaqələri zəhərləməkdə davam edəcəkdir. Lakin hər bir böhran bir imkandır. Biz ümid etməliyik ki, hazırki epidemiya qlobal şəkildə biur-birindən ayrı düşmənin yaratdığı ciddi təhlükəni görməkdə bəşəriyyətə kömək edəcəkdir.
 
Bəşəriyyət seçim etməlidir. Getdikcə bir-birimizdən daha çox ayrı düşməli, yoxsa qlobal həmrəylik yolunu seçməli? Ayrılığı seçsək, yalnız böhranın müddətini uzatmayacaq, gələcəkdə daha ciddi fəlakətlərə səbəb olacaqdır. Qlobal həmrəyliyi seçsək, yalnız koronavirusa qarşı deyil, həm 21-ci əsrdə bəşəriyyətin məruz qala biləcəyi bütün gələcək epidemiyalara və böhranlara qarşı qələbə demək olacaqdır.

Mənbə: Yasilelm.com
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade