Zamin Hacı: Qaranlıqda film çəkən

Публицистика

“Mənə çox maraqlıdır, görəsən onlar da qışda soba yandırır? Ancaq bu Güzgüyə necə baxsan da soba görünmür, yalnız bizim soba tüstüləyəndə orda da tüstü gözə dəyir. Əlbəttə, bunu qəsdən edirlər, istəyirlər biz onların da sobasının yandığını fikirləşək”
(Luis Kerrol, “Alisa Güzgü arxasında”)
 
Cansıxıcı, virus xəbərləri ilə dolub-daşan günlərdə yaradıcılığını olduqca bəyəndiyin bir rejissordan şəxsi filmini hədiyyə almaqdan gözəl nə olar? Mən bunu yaşadım. Elvin Adıgözəl şəxsən cəmi 1 dəfə, ötəri gördüyüm azərbaycanlı film rejissorudur. “Gənc”, “istedadlı”, “uğurlar vəd edən” kimi yarlıklar qoşmaq istəmirəm, Adıgözəlin belə şeyləri sevmədiyini təxmin edirəm. O cümlədən, “filmləri festivalları dolaşan” ifadəsinin yeri yoxdur. Adam, özünün bir intervüsündə dediyi kimi, “Goranboyda nənəsinin evində yaşayır”, olduqca kasad imkanlar, kasıb büdcə hesabına kinolar çəkir. Ancaq ruhdan düşmür, hələ arada hökumətə kinonu dirçəltmək üçün təkliflər verir. Eşidən olmasa da danışır. Baxan olmasa da çəkir. Sizif kimi bir adamdır. “BAZARdüzü” dağına kino aparatı dığırlayıb qaldırmağa çalışır.
 
Son filminə gəlsəm, “Qaranlıqdan reportaj” adlı bu film mənim üçün ikiqat maraqlı idi, çünki azərbaycanlı jurnalistin həyatından bəhs edirdi. Əgər sənin gözün qabağında kimisə döyürlərsə, əgər sən həqiqət əvəzinə yalan yazmağa məcbursansa, sabah buna görə öz vicdanın qarşısında nə edəcəksən? “Hamını tuturdular, bəs sən niyə azadlıqda qalmışdın” sualına “məni də öldürdülər” deyərək yayınmaq mümkündürmü? Bizdə jurnalistlərin həyatını göstərən filmə faktiki rast gəlinmir. Bu dəqiqə mən nə qədər fikirləşdimsə 1980-lərin axırlarında, yenidənqurma vaxtı çəkilən “Şeytan göz qabağında” filmindən başqasını xatırlamadım, o da ciddi sənət əsəri sayılmazdı, “davalı” kino idi. Ancaq dünya kinosunda, Qərbdə jurnalistika, söz azadlığı temalarında çoxlu sayda şedevr filmlər var, örnək üçün, “Vətəndaş Keyn” (rejissor Orson Uelles), “Oyuncaq” (1976-cı ilin fransız filmi), “Böyük gözəllik” (rejissor Paolo Sorrentino), “Şirin həyat” (Fellini), “Xalq Larri Flintə qarşı” (Miloş Forman), “İlim-ilim itmiş” (Kosta Qavras), “Teleşəbəkə” (Sidni Lümet), “Porsuq günü” və sairə. Nə qədər film var ki, orda epizodik də olsa jurnalist obrazı görürsən. Adicə, “Supermen”, “Venom” filmlərində baş qəhrəmanın jurnalist işləməyini yada salaq. Bizdə isə nə sovet vaxtı, nə müstəqillik dövründə jurnalistika film mövzusuna çevrilməyib. Çünki söz azadlığı olmayanda peşə də maraqsızlaşır, dramaturgiyası, sənətçilərə verəcəyi mövzular olmur. Belə bir vəziyyətdə Elvin Adıgözəl Azərbaycan jurnalistikasını kinoya gətirə bilibsə, min şükür. Hərçənd, filmdə, adından göründüyü kimi, zülmət bir mühit təsvir edilib. Nə qədər sakit, emosiyasız fonda çəkilsə də gərginlik, bu işlə məşğul olmaq istəyən adamın əzabları üzə vurur. Spoyler vermək istəmirəm, bəlkə haçansa kino prokatçılarımız, telekanallar, internet studiyaları haqqını ödəyib filmi geniş yayarlar. Azərbaycandakı həyatın xronikası belə filmlərdə qalır, Elvin Adıgözəl bizim sosial salnaməçimizdir. 100 il qabaq Bakı mədənlərinə kamera göndərib neftin fontanını çəkirdilər. İndi də rejissor kamerasını götürüb nəşriyyatın çap sexində defektə uğrayan, “əyri gedən” qəzet vərəqini çəkir.
 
Filmin nümayişindən söz düşmüşkən, keçən ilin dekabrında keçmiş həmkarımız, daha bir gözəl və yaradıcı insan Elmin Bədəlovun “ADO” teatrı “Qaranlıqdan reportaj” filmini özünün darısqal salonunda nümayiş etdirmişdi, yadımdan çıxıb nəyə görə, ancaq gedib baxa bilməmişdim, çox heyfslənmişdim. “ADO” bizim özəl, modern teatrımızdır, onun da maraqlı davaları olur. Misal üçün, iki ilə yaxındır Bakı şəhər icra hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə küçə tamaşaları göstərmək üstündə savaşırdılar. Çünki icra hakimiyyəti və nazirlik dünyanın hər yerində yayılmış bu tip tamaşalara icazə vermir, teatrı top kimi atıb-tuturlar. O deyir icazəni bu verir, bu deyir o verir... Beləcə, söhbət uzanır. Keçən aylarda Elmin Bədəlov bu mövzuda hansısa məhkəməyə başına qəfəs taxaraq getmişdi. İndi düşünürəm ki, həyat özü icra hakimiyyəti və nazirliyin tərəfindəymiş, yoxsa hamını küçədən yığışdırıb küçə tamaşaları temasını qapatmazdı. Bu da bir absurd və qroteskdir. Tamaşaya qoyulası mövzudur – maskalar yırtılandan sonra...
Kultura.az | Developed by Samir Yahyazade