Rüfət Hüseynli:Gecikdiyimiz batalyon

Альтернатива

       Havanın bu qədər rütubətli olmasıdır yəqin,əynimdəki xaki rəngli qalın mahud köynəyi gah sinəsindən,gah da kürəyindən tutaraq tez-tez bədənimdən ayırıram.Yapışqan tökülüb içinə sanki.Elə bil üstümdən daş asılıb.Topuqlarımdan yuxarı olan ağır əsgər çəkmələrinin içində barmaqlarımın bir birinə sıxılıb hansı eybəcər görkəmi aldığını  ayaqqabını çıxarmasam belə hiss edə bilirəm.Bu elə bir hissdir ki,sanki ayaqqabını çıxardıqdan sonra düyün düşmüş barmaqlarımı bir - bir əllərimlə ayırmalıyam.Bir də xoşa gəlməyən ilıq külək var.Zəifdir,amma zəhlətökənliyi adamı bezdirir.Sağ əlimi balaca əli ilə bərk-bərk sıxan qızım aşağıdan yuxarı intizar dolu nəzərlərini üzümdən çəkmir.Elə hey qolumu dartır, ” Ata,nə oldu,getmirik?Gedək də,ata?” deyir.O balacadır.Dörd beş yaşı ancaq olar.Bu yaşda bir körpəni odun alovun içinə niyə gətirdiyimi ha anlamaq istəyirəmsə də bir şey hasil olmur.Nə qədər axmağın biriyəm ki,məsuliyyətsiz şəkildə uşağı da dalımca sürüyüb buralara qədər gətirmişəm.

       Bir qədər irəlidə sağ təkərlərini piyada səkisinin üstünə dırmaşdırmış köhnə PAZ avtobusu dayanıb.İçərisindəki hərəkətin çoxluğundan və tez-tez hərbi geyimli,əli silahlıadamların gah avtobusa qalxması gah da enməsindən yaranan aramla yırğalanması köhnə maşına körpə nənnisi görüntüsü verir.Balacanı qucağıma alıb avtobusa tərəf yaxınlaşıram.Qapının ağzında beş altı nəfər hərbi geyimli var. Siqaret çəkirlər,nəsə maraqsız söhbət gedir aralarında.Biri məni görüb tanıyır.”Sizinkilər irəlidədirlər.Texnika dayanan yerə get.”Başımı tərpədib təşəkkürümü bildirirəm.Maraqlı gəlir mənə.Nə əcəb onlar qucağımdakı körpəni görüb təəccüblənmədilər?O dəqiqə də fikirləşirəm ki,əşşi,indi onları daha heç nə ilə təəccübləndirmək olmaz.Adamlarda hiss, duyğu qalıb ki? Heminqueyin üzü donuq döyüşçü obrazlarını xatırladırlar mənə.

       Dedikləri yerə çatıram.Dəqiq bilirəm ki,texnika burada dayanmışdı.Amma buralar bomboşdur.Heç bir texnika, heç bir minik maşını,avtobus yoxdur.Bizimkilərdən bircə adam belə görünmür.Nə bizimkilər,heç kim yoxdur ümumiyyətlə.Bilirəm ki,bu qədər texnikanı Akara yoluna təhlükəyə soxmayacaqlar.Yəni mənsiz gedə bilməyəcəklərini özüm üçün yəqinləşdirmək istəyirəm.Geri,gəldiyim yerə qayıtmaq lazımdır.Bəlkə o hərbçilər məni başlarından elədilər?Amma buna səbəb nədir axı?

       Qayıdıram.Amma bu gəldiyim yol deyil artıq.Məktəbin binasının tinində xeyli adam var.Kiminsə başına yığışıblar.Nəsə qızğın sorğu sual gedir.İndi hamı təşviş içindədir.Hamı yaxınını axtarır.Cəsədlərin içində doğmasını tapdığına görə,yaxınının dəqiq oldüyünə əmin olduğuna görə,indi heç olmazsa bir parça torpaq altında yatacağından arxayın olduğuna görə sevinən adamlar görmüşəm burada.Fəqət xəbərsizlikdən,məlumatsızlıqdan divanəyədönənlər də az deyil.Onların üzündə heç bir ifadə sezə bilmirəm.Bu donuqluğun özü də öldürücüdür.Xocalı camaatı olduqlarını bilirəm.Yaxınlarının öldü-qaldı xəbərlərini almaq üçün yeganə məntəqə Ağdamdır.O səbəbdən buradadırlar.

Komandir kürəyini məktəb divarına dayayıbonlarla təmkinlə danışır.Sıx ,çallaşmış saqqal komandiri aşırı məğrur,hətta bir qədər vahiməli göstərir. Bu komandir Allahverdi Bağırovdur.Suallar daona ünvanlanıb.Deyəsən məni qucağımdakı körpəyə görə bu qədər insanın arasından sezir.Əlini qaldırıb mənə tərəf səslənir.

“Sizinkilər çıxdılar Şuşaya”

Necə yəni çıxdılar.Mənsiz?Ola bilməz axı.

“Batalyon çıxdı,əsgər.Sən gec qaldın.”

 

...Tər su içində yuxudan ayılıram.

Rəhmətlik komandir Allahverdi Bağırovla görüşüm ilk və tək dəfə 1992-ci ilin mart ayının lap əvvəllərində olub -Ağdamda.Batalyonun qərargahında.O zaman Tibb Universitetinin (o vaxtlar hələ institut idi) ikinci kurs tələbəsi idim.Qrupda səkkiz oğlan,dörd qız idik.Xocalı hadisəsi heç bir həftə deyildi ki,baş vermişdi.Yerimizdə otura bilmirdik.Ara sıra başqa fakültələrdən olan bəzi tanıdıqlarımızın təhsilini yarımçıq qoyub cəbhəyə getmələri haqda xəbərlər gəlirdi.Qarabağ bölgəsindən bir tək Kərkicahanlı olan qrup yoldaşımız vardı. Allah saxlamış danışanda deyərdin ki, bəs oralarda bunun nəzarətindən kənar bir əməliyyat belə həyata keçirilə bilməz.Hər yeri və hamını kifayət qədər tanıdığını deyirdi.Cavan idik,başımızda havalar.Düşünürdük ki,Kərkicahanlı yoldaşımız bizim niyyətimizin baş tutması üçün koordinator rolunu oynaya bilər.Özü də belə düşünürdü.Bizə necə gedəcəyimizi,kimə müraciət etməli olacağımızı öz bildiyi qədəri ilə danışırdı.İndi fikirləşirəm ki,ondan yəqin çox şey umurduq o vaxt.Düşünürdük ki,hər halda yerli adamdır,vəziyyəti və mühiti bizdən daha yaxşı tanımalıdır.Sonradan bu fikrimizdə yanıldığımızı anlamışdıq.O da elə bizim qədər bilgiyə sahib idi,o da vəziyyəti bizim kimi sadəcə emosional qiymətləndirə bilirdi.Cavan idik,başımızda havalar,müharibə.Aramızda əsgərlik çəkmiş yalnız  iki nəfər vardı.Qərara almışdıq ki,birbaşa Ağdama,oradan isə adını məhz o ərəfələrdə eşitdiyim Akara yolu ilə Şuşaya  gedəcəyik.Artıq Şuşanın durumunun kritikliyi hiss edilirdi.Sadəcə bu kritikliyin fonunda şəhərin duruş gətirə biləcəyinə yüz faizlik bir əminlik də vardı.Axı hamı deyirdi ki,Şuşanı 10-15 əsgər daşla da olsa qoruya bilər.Ən azından ümumi ab hava bu idi.Mən heç vaxt Qarabağ bölgəsində olmamışdım.Dağlıq Qarabağı hələ də yarım əsrə çatmağa çalışan ömrümdə görmək nəsibim olmayıb. Bundan sonrasına,Ya Nəsib Allah.Aran Qarabağda da o vaxta qədər ilk gördüyüm məkan Ağdam oldu.Qatarla birbaşa Ağdama gəldik.Hamımız.Səkkizimiz də.Artıq stansiyada enəndə başa düşmüşdük ki,hara gedəcəyimiz,hansı qapıya müraciət edəcəyimiz barədə heç bir ortaq fikrimiz,qərarımız yoxdur.Kərkicahanlı tələbə  yoldaşımızın da bildiyi elə bizim hamımızın ayrı-ayrılıqda bildiyi qədər yeknəsək,alaçiy məlumatlar idi.Amma qərarsızlığımız çox sürmədi.Burada gedə biləcəyimiz ən tanınan yer Ağdam Xalq Cəbhəsinin batalyonunun qərargahı idi.Allahverdi bəyin batalyonunun qərargahı.

         Qərargahın həyətində adam əlindən yer yox idi.Açığı mənim yadımda ora bəlli bir əsgəri intizama tabe olan bir yer kimi qalmayıb.Əksinə,öyrəşmədiyim bir xaos,tör-töküntü var xatirimdə. Baxmayaraq ki,hamı ora-bura gedirdi,sanki hərəyə hansısa bir tapşırıq verilmişdi və hər kəs öz tapşırığını icra edirdi,bütün bunlara ramən qərargahın həyətindəki ab hava elə idi ki,sanki ortada bir şey yoxdur,elə boş qovdu qaçdıdır. Əslində bu heç də belə deyildi.Ortada çox şey vardı.Cəmi bir neçə gün əvvəl  Xocalı qətliamı baş vermişdi.İndiki həşr qiyamətin də əsl səbəbi məhz bu hadisə idi.Əsgəran tərəflərdən cəsədlə dolu yük maşını gəlmişdi.Bir başqa bölük isə yenicə Əsgəran istiqamətində yola düşməyə hazırlaşırdı.Bizə qəribə görünən bu hay küy,vurnuxma qərargahın bu günlərinin  rutini  idi. Arada görürdün ki, həyətdə mülki geyimlilərin sayı hərbi geyimlilərdən çoxdur. Onların da içində əli silahlılara rast gəlmək olurdu.

       Əlbəttə ki bizimlə bu hay həşirdə ilğilənən birisi yox idi.Odur ki,özümüz yarı hərbi,yarı mülki geyimli bir neçə döyüşçüyə yaxınlaşıb niyyətimizi dedik.Şuşaya getmə məsələsinin alınan bir şey olmadığını dedilər.Akara yolu daha əvvəlki deyildi.Ümid ancaq helikopterə idi.O da çətin bizi götürəcəkdi.Bu bizə verilən ilkin məlumatlar idi.Amma hər şeyi bəydən soruşmaq lazım olduğunu da dedilər.Komandir qərargahda yox idi.Hamı Allahverdi bəyin növbəti əməliyyatdan qayıtmasını gözləyirdi.Buna qədər isə bizi içəri aldılar,isti çay verdilər. Adama bir siqaret yandırıb qərargahın həyətini var gəl etdik.Maraqlı simalar vardı burada. Üzündə ifadə olmayan  adamlar - Heminqueyin döyüşçü obrazları. Sanki sərtləşmişdilər,bərkimişdilər.Məncə onları ilk dəfə orada görmüşəm. Gələcəkdə yuxumun  hafizəmdə silinməyən obrazlarını.

          Bir müddət sonra Allahverdi Bağırov gəldi. Kimlərsə ona nələrsə dedilər.Atüstü bəzi tapşırıqlarını  verdi və həmən rabitəylə atəş xətti ilə əlaqə saxladı.Rabitədən boğuq səslər gəlirdi.Bizi çaya qonaq edən əsgər bunların ermənilər olduğunu dedi.Yadımdadır,o qədər qəribə,təəccüblü gəlmişdi mənə erməninin səsini eşitmək. Sanki mən ilk dəfə idi erməni səsi eşidirdim.Sanki Bakıda böyüdüyüm məhəllənin yarısı erməni deyildi.Sanki heç birgə futbol,qaçdı tutdu oynadığımız olmamışdı.Məhəlləmizdəki uşaq bağçasının yaşıl otlu həyətində kim olduğumuzun fərqinə varmadan indiki dillə desək tolerant və multikultural heyətli komandalara bölüşüb güləşməmişdik,dava –dava oynamamışdıq sanki. O dava –dava ki,hələ dəoynayırıq.

       Beləcə Allahverdi bəy bir otağa keçdi.Bizim barəmizdə ona xəbər elədilər.Heç gözlətmədən dərhal içəri dəvət etdi.Sanki heç başqa bir işi yox imiş kimi.Mən bu obrazı çox sadə,qətiyyətli amma həlim bir adam kimi hafizəmə həkk etmişəm.Bizi səbrlə dinlədi.Baxmayaraq ki,yorğunluq üzündə açıq aşkar ifadə olunurdu.Bu ifadə də mənə Heminqueyin qəhrəmanını-amma tam başqa birisini xatırladırdı.O kəsi ki,”Yorulmuşam,ancaq buna haqqım yoxdur”deyirdi.Şuşaya getmək fikrimizin real olmadığını bir də komandirdən eşitdik. Yadımdadır, o bunu qəlbimizi qırmadan, əslində o durumda,orada gərəksiz biri olduğumuzu bizə hiss etdirmədən elə ustalıqla izah etmişdi ki.Biz döyüşmək istəyimizi bildirirdik və bunu qan qadanın içində olan peşəkar bir döyüşçüyə ağzı isti yerdə olan biriləri deyirdi.O isə  bizimlə qürur duyduğunu bildirdi.Dedi ki,axı siz həkimlərsiz,sizə bilirsiniz nə qədər ehtiyac var.Sizin ön cəbhəniz hospital olmalıdır.Hamı əlində silah döyüşməməlidir ki.Bizə Ağdamda yerləşən hərbi hospitala müraciət  etməyi  tövsiyyə  etdi.Ayağa qalxıb bizimlə əl tutuşdu,görüşdü.Nəyəsə ehtiyacımız olarsa  çəkinmədən birbaşa ona müraciət etməyimizi dedi.O bizi evinə gələn qonağıymışıq kimi qarşıladı,evinə gələn qonağıymışıq kimi də ehtiram göstərərək  yola saldı. Oradan ayrılıb hospitala gəldik.Burada da əməlli başlı qarışıqlıq vardı.Dövr belə idi.Rəhbərliyin olmamasını,növbəti gün yenidən gəlməyimizi dedilər.Elə də etdik.Amma bizə ehtiyac olmadığı bildirildi. Bizim iki günlük müharibəmiz beləcə Ağcabədi stansiyasından qatarla Bakıya geri dönüşümüz ilə tamamlandı.Biz Ağdamdan çıxdığımız günün gecəsi şəhəri bombaladılar……

 ...Sən elə bilirsən ki,Bizim üçün indi asandır?Boş söhbətlər idi, o vaxt danışırdıq da, guya ay ölən ölüb canını qurtarıb.İndi də belə əziyyət çəkirik.Burada elələri var ki,bağırları gündə 1000 dəfə çatlayır.Bilirsən niyə?Çünki umub girmişdilər bu yola.Fikirləşirdilər ki,bizə bir şey olanda əvəzi 10 qat artıq gələcək.Bizə də çatmasa balalarımıza çatacaq, əslində elə bizə də.Adamın adı yaşadıqca adam özü də yaşayır axı.Yaxşı ki,hamı bu yola umub girməyib.Hərçənd heç kim onları da qınaya bilməz.Haqq etdiklərini umublar əslində.Amma biz heç nə ummadan kəfənimizi boynumuza dolayıb çıxmışdıq.Mən nə umurdum ki, ölüm gözümün önündə idi.Hər gün nəfəsini üzümə üfürürdü.Odu ki,o sarıdan  rahatam heç olmazsa…..

Susuram.Mən nə danışım onunla.Deməyə sözüm var məgər.

…Bu danışdıqlarımın hamısı yadında qalmayacaq.Amma yadında qalanını yazarsan.Onlar mənə heç nə eləyə bilməyəcəklər.Mənə nə edə bildilər ki,daşıma da eləsinlər.Bir də ki,daşdır da.Qoy olsun,neynək.Qoy dağıtsınlar.Bəlkə kiminsə hasarına,tikilisinə yarayacaq nə zamansa.Tarixdə o qədər tikililər var ki,söküb,dağıdıblar, sonra kiminsə tövləsində daş kimi işlənib ….…

…Hə bir də bunu yadında saxla.Xatırlayırsan da,özünə də təəccüblü gəlirdi axı,niyə körpə uşaqla gəlmişdin batalyona.

Başımı tərpədirəm.

…Çünki  istəyin vardı,amma o gedən batalyona sən də gec qaldın,o körpələr də.Onların gec qalma səbəbi özün bilirsən kimdir.Siz gec qaldız deyə onlar da gecikdilər.Əziyyətimiz də bu üzdəndir burada ….…

Üzümdəki ifadəni oxuyur.

…Bilmirəm,bilmirəm çata biləcəklər ya yox.Onu məndən soruşma.Ya Nəsib,Ya Allah.Ya Allah.Ya Allah……

…Allahu Əkbər, Allahu Əkbər. Sübh Azanının səsinə gözlərimi açıram. Saat  03.38 dir.

         Bazar günləri çalışıram tezdən yerimdən qalxam.Heçbuna bir səy də göstərmirəm açığı.Bazar günləri istəsəm də çox yata bilmirəm.Əslində heç vaxt çox yatmaq kimi bir şakərim yoxdur.Sadəcə məhz iş günlərində narahat beynimin yaratdığı impulsiv bir həyəcan səbəbindən yataqdan qalxmalı olduğum zaman yalançı yuxu hissi yaranır ki,vaxtaşırı bununla mübarizə aparmalı oluram.Bu hiss günümün çətin keçəcəyini,işin daha ağır olacağını əminliklə bildiyim zamanlarda xüsusilə çox olur. Bu bazar da erkən qalxıb dənizkənarı parka gəldim. Günəşin istisi bezdirici olana qədər burada sahil boyu yürümək xoşdur.Son zamanlar yürüyüşə çıxanların sayı da xeyli artıb.Özü də sevindirici olan odur ki,bu insanlar arasında hər yaş dövründə olanları görürsən.Bu dəfəki yürüyüşə çıxan auditoriya da heç nəylə əvvəlkilərdən fərqlənmirdi.Bayraq meydanından (bilmirəm ,bayraq yığışdırılandan bəri ora hələ də elə adlanırmı?) əvvəlki Dəniz limanına qədər və geriyə olan marşrutum boyu yürüyüşümü tamamlamaq üzrə idim.Artıq addımlarımı yavaşıtmışdım.Odur ki,arxamca gələn insanların söhbətlərinə qeyri ixtiyari qulaq müsafiri olmuşdum.Bir neçə qadın şəhər əhlinə məxsus səlist rus dilində söhbət edirdilər.Üzlərini görmədiyimdən səslərindən xanımların gənc-uzağı orta yaşlı olduqları qənaətindəydim.

—Da net,znayeş,v etom qodu ne kto iz naşix ne xodil .Voobşe to qovoryat s kajdım qodom stanovitsya ne interesneye .

—Nu i şto şto naşı ne xodili.Zato sotni druqiyi bıli.İ ostalis dovolnımi.Uje tretiy qod provodyat.Da vsyo normalno.

—Nu znayeş,vsyo taki v etom qodu iz za Zarıı daa,po moyemu v etom …..

—Da radi boqa,sluşay, tı toje perestan rassujdat kak eti  daa.İm liş plakat.Ölürlər bizimkilər ağlamaqdan ötrü.Radovatsya ne moqut prosto.A şto,prazdnik daa,idi aslajdaysya daa….

    i8gtf87vcSöhbətin bu yerində artıq duruş gətirə bilmədim.Bir anlıq ayaq saxlayıb geri dönüb xanımlara diqqətlə baxdım.İnanmağım gəlmirdi.Arxamca dörd xanım gəlirdi.Gənc bildiklərimin azı 65-70 yaşları vardı.O an ağlıma gələn yalnız bu oldu ki,bizdən sonrakıların o batalyona gecikmə səbəbi biz olmamalıydıq.Yox.Bizim özümüzün o batalyona heç çatmaq şansımız olmayıbmış demək.Çünki o batalyona heç bizdən əvvəlkilər belə yetişməmişdilər.

İyun 2018  

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade