İdeal insan axtarışında

Публицистика



Bizim cəmiyyətimizdə bir ideal insan obrazı, bir də bunun tam əksi olan pis insan obrazı var. Ənənəvi dini-əxlaqi doqmalardan irəli gələn bu yanaşmaya görə, bir insan ya yaxşıdır, ya da pis, ortası ola bilməz, ortası yoxdur. Bir insanın yaxşılığını görənlər onu ideallaşdırıb göylərə qaldırır, pisliyini görənlər isə onu yerin dibinə soxub murdar elan edirlər. Bu yanaşma tərzini xüsusilə tanınmış şəxslərə - siyasətçilərə, müğənnilərə, ictimai, mədəni xadimlərə və başqalarına münasibətdə daha qabarıq şəkildə görmək mümkündür. 

Ədəbiyyatı basmaqəlib tərzdə cəmiyyətin güzgüsü adlandırsaq, Azərbaycanın klassik və müasir ədəbiyyatındakı qəhrəmanların da cəmiyyətin gözləntilərinə uyğun şəkildə yaradıldığını (və yaxud yerli sənətkarın cəmiyyətin klişe yanaşmalarından kənara çıxa bilmədiyini) görə bilərsiniz. Yerli ədəbiyyatdakı qəhrəmanlar konveyerdən  çıxmışcasına bir-birlərinə bənzəyirlər: onlar ya çox yaxşı və pak, ya da çox pis və əclafdırlar. Bizim ədəbiyyatçıların hekayələrində ideal qəhrəman daxilən qüsursuz və sadəlövh insan olduğundan, tez-tez  bədxahların tələsinə düşür, amma sonda onu qəlbindəki ucalıq xilas edir və o, maddi və ya mənəvi formada bədxahlara qalib gəlir. Doza müəyyən dərəcədə fərqli ola bilər, amma hələ də əksər hekayələrimizdə qəhrəman və mövzu seçimi oxşardır. Bu cür sadəlövh yanaşmalara görə də, Azərbaycanda yazılı ədəbi nümunələr roman, hekayə və film kimi Avropai qəliblərdə ifadə edilsələr də, mahiyyət etibarilə daha çox folklor təsiri bağışlayırlar, onlarda modern sənətkarlığın elementlərini görmək çətindir. 

İnsana təkcə ideal və bədxah gözüylə baxmaqla təbii ki, onu heç vaxt tanıya bilməzsən, insanın ziddiyyətli varlıq olduğunu, yaxşı və pisləriylə birlikdə vəhdət tapdığını dərk edə bilməzsən. Avropa cəmiyyətlərinin digər cəmiyyətlərdən irəlidə olmasının əsas səbəblərindən biri də avropalıların “roman uşaqları” olmasından qaynaqlanır. İnsanın yaxşı və pis tərəfləriylə, bütün ziddiyyətləriylə birgə qələmə alındığı romanların sayəsində oxucu yetkinləşərək dərk edib ki, insanı təkcə ikiqütblü görmək, onun insaniyyətini inkar etmək deməkdir. Avropa romançılığının atalarından biri Qustav Floberin əxlaqsız adlandırılan qəhrəmanı Madam Bovarini məhkəmədə müdafiə etmək üçün “Madam Bovari mənəm!” deməsini xatırlayın.    

Şərqlinin insana dar pəncərədən baxmasının qüsurlu nəticələrə gətirib çıxarmasının aktuallığındandır ki, modern şərq sənətkarları bu məsələyə tez-tez toxunurlar. İran kinorejissoru Əsgər Fərhadinin filmlərində məsələn, tamaşaçı filmin qəhrəmanları barədə dəfələrlə fikir dəyişdirir, film boyunca qəhrəmanlar onun gözünə gah ideal, gah da rəzil görünürlər, tamaşaçının başda müsbət hesab etdiyi qəhrəmanın filmin sonunda bir də görürsən, mənfi qəhrəman olduğu üzə çıxır. Türk kinorejissoru Nuri Bilge Ceylanın filmlərində isə qəhrəmanlar bütün ziddiyyətləriylə birgə boy göstərirlər, bir obrazın həm ideal tərəfləri, həm də rəzil tərəfləri ola bilir, Ceylanın bütün filmləri insan xarakterindəki ziddiyyətlərin toqquşmasının təsvirindən ibarətdir.  

Orhan Pamuk bir essesində Türkiyədə (şərqdə) bioqrafiya janrının niyə özünə yer tapa bilməməsini sorğulayır və buna əsas səbəb kimi insana ikiqütbli münasibət kimi dar baxış bucağının  mövcudluğunu göstərir:

“Biz insanları qəhrəman və müqəddəs, yaxud da tamam əksi, alçaq və əclaf olduqları üçün maraqlı hesab edirik. Halbuki bioqrafiya qəhrəmanlar və müqəddəslər, alçaqlar və əclaflar insandırlar deyə, maraqlı olduqları üçün yazılır. Bizim sevdiyimiz mənaqibnamələrdə (kimisə müqəddəsləşdirərək, ancaq yaxşı tərəflərdən təqdim etmə-C.R.) müqəddəslərin, ruhanilərin  ucalıqlarından, müdrikliklərindən, cəsarət və hikmətlərindən bəhs edilir, onlar əlçatmaz bir dünyada ömür sürərkən isə, bioqrafiya daha demokrat, daha əlçatan bir insan obrazını təsvir edir. 

Modern bioqrafiya Kleopatranın əslində qonşu qızı kimi bir şey olduğunu, modern ədəbiyyat isə qonşu qızın gizli bir Kleopatra olduğunu isbatlamağa çalışır. Bizlər isə Kleopatranın əlçatmaz Kleopatra olduğunu oxuyub onunla sehrlənmək istəyirik. Bizim üçün müqəddəs olan insan deyil, miflərimizdir. Bioqrafiya yaza bilmərik, dastan yazarıq. Modern ədəbiyyatda isə, məsələn, Coys sıravi bir insanın həyatının bir gününü 700 səhifəlik bir dastan kimi görür: Uliss”.

Eyni problemlər Azərbaycanda da çox yayğındır: bizdə insan bircə yaxşı əməliylə bu gün qəhrəman, bircə pis əməliylə isə o biri gün düşmən elan edilə bilər. Biz siyasətçiləri, sənətçiləri, ümumiyyətlə hər kəsi ideal, pak və qüsursuz görmək istəyirik, istəklərimiz doğrulmayanda isə, əsəbləşib özümüzdən çıxır, ittiham edir, lənətləyir, hətta söyüş söyürük. Səhnədə olanlar həmişə bunun fərqindədirlər, buna görə, istər-istəməz çoxlu yalan danışmaq, özlərini olduğu kimi göstərməmək, sünilik və “artistlik” etmək məcburiyyətində qalırlar. İnsanı tanımaq meyarları olmayan bir çoxları da bu yalanları asanlıqla yeyir, səmimiyyəti isə səhv başa düşürlər. Nəticədə zəhərli və saxta bir mühit ortaya çıxır. 

İnsanı tanımadan, ona obyektiv qiymət verməyi bacarmadan, gözəl, demokratik, bərabərçi bir mühitin yaradılacağını zənn etmək, bizim cəmiyyətin sadəlövh inanclarından biridir. 

Cavid Ramazanov
Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade