Olmayan iş otağı

Литература

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam. - Ə. Sabir


Onun psixi sağlamlıq problemləri diqqət iqtisadiyyatı ilə faciəvi şəkildə toqquşdu. - Nyu York Taymsda bir nekroloqdan


Şikayət Azərbaycanın çağdaş ədəbi mühitində dəyişməz motivdir. Seymurun təbiri ilə desək, bizim yerli təyinatlı ədəbiyyatımızın azsaylı oxucuları daim yazıçılardan şikayət edir, yazıçılar isə oxuculardan.


Biri yaxşı yazmır, yazsa da Dostoyevski kimi yazmır. O birisi yaxşı oxumur, oxusa da məni başa düşmür.


Qarşılıqlı ittihamların bu qapalı çevrəsində bəzən təəssübdən, bəzən də həmrəylikdən hamımız tərəf tuturuq, amma daha dərində, özümüzlə baş-baş qalanda oxucunun da müəyyən qədər haqlı olduğunu etiraf etməli oluruq. Ən yeni Azərbaycan ədəbiyyatının oxucusu bir qayda olaraq həm də o biri ölkələrin bədii ədəbiyyatını oxuyur, buna görə öz fikirlərini hətta ən tərbiyəsiz formada ifadə etsə də, fəhmi ilə bəzi şeyləri duyduğunu qəbul etməliyik.


Görəsən bizim ən yeni ədəbiyyat, bəzi aşkar istisnalarla, niyə oxucunu düşündürə, çaşdıra, həyəcanlandıra, ruhlandıra bilmir? Niyə oxucu dəhşətə gəlmir, nə də depressiyaya düşmür?

Məntiqlə çoxdan püxtələşməli olan müəlliflər də yerində sayır, hətta geriləyir, tükənir və solur?


Sahilə Yayanın sonuncu romanı Şeyx haqqında tənqidində Cavid Ramazanov bu vəziyyəti yığcam şəkildə belə təsvir edir:


Səmimi deyirəm, əgər mən “Şeyx”in müəllifin dördüncü kitabının olduğunu bilməsəydim, ümumiyyətlə, kitabın müəllifi barədə hissəni oxumasaydım, onu yazıçılıq romantikasına qapılan naiv bir məktəbli qızın qeyri-yetkin qələmindən çıxma bir mətn zənn edərdim.


Cavidin Şeyx haqqında tənqidini nöqtə-vergülünə toxunmadan Cavidanın eyni dövrdə və eyni nəşriyyatda çapdan çıxmış Məhsəti romanına da aid etmək olar. Yəni nə Şeyx, nə də Məhsəti istina deyil, ədəbiyyatımızı içəridən yeyən xərçəngin simptomlarıdır.


Bəs azərbaycanlı gənc müəllifləri niyə zaman da yetişkinləşdirə bilmir?


Gənc müəllifin püxtələşərək zamanla böyük yazıçıya çevrilməsi üçün iki təməl şərt vacibdir:


Birincisi, gənc müəllif çörək pulunu yazıdan çıxarmalı, maddi şəraitini təmin etmək üçün ikinci iş axtarmamalı, yəni öz qiymətli vaxtını yaradıcı proseslə əlaqəsi olmayan məşğuliyyətlərə sərf etmək məcburiyyətində qalmamalıdır.


İkincisi, gənc müəllifin özünü reallaşdırmaq üçün üz tutduğu vasitə (medium) onun yazı texnikasını və yazı bacarıqlarını artan xətt üzrə inkişaf etdirməlidir. Yəni gənc müəllifin müraciət etdiyi janr onun yaradıcı potensialını körükləyəcək xüsusiyyətlər daşımalıdır.


Bizdən uzaq coğrafiya olsa da, fikrimi aydın izah etmək üçün ABŞ təcrübəsindən misal çəkmək istəyirəm.


XX əsrin ortalarına kimi ABŞ-da qısa hekayələr üçün böyük bazar mövcud idi. Dövri mətbuat mütəmadi olaraq qısa hekayələr dərc edir və müəlliflərə normal qonorar ödəyirdi. Sonradan amerikan ədəbiyyatının böyük simalarına çevriləcək bir çox yazıçılar gənc yaşlarından dövri mətbuat üçün qısa hekayələr yazır, bu hekayələr hesabına öz maddi şəraitlərini də təmin edə bilirdilər. Amma qısa hekayə həm də çətin janrdır və davamlı olaraq hekayə yazanların yazı texnikasını və bacarıqlarını inkişaf etdirir. Müəllif hekayə yazdıqca püxtələşir, qələmi itiləşir, sözlər daha asan kağıza köçür. Hekayə yazmaqla inkişaf edən bacarıqlar sonradan asanlıqla roman və digər janrlarda yazıçının uğurlu mətnlər yaratmasına vəsilə olur.


Bu praktika təkcə Amerika ilə məhdudlaşan hal deyildi. Dünyada ən böyük hekayəçilərdən hesab edilən Çexov da dövri mətbuata yazdığı qısa hekayələr hesabına özünü inkişaf etdirib.


Çexovun əsərlərinin seçilmiş və ya tam külliyatını oxuyanlar yaxşı bilir. İlk iki cildi oxumaq cəhənnəm əzabından bədtərdir. Oxuduqca bu şitbayağısəviyyəsiz və primitiv hekayələri Çexovun yazdığına şübhə edirsən. Üstəlik mətbuat bu biabırçılığı necə axı dərc edə bilərdi? Bir-iki parlaq nümunə səni çaşdıranda isə kritik aparat dərhal xəbərdarlıq edir: sonrakı nəşrlərdə Çexov bu hekayəni az qala yenidən işləyib. Bir sözlə, əgər Çexov 1880-ci illərin əvvəllərində bu biabırçılığı az qala konveyer üsulu ilə istehsal etməsəydi, sonradan nə 6 nömrəli palata, nə də Albalı bağı kimi şedevrlər ərsəyə gəlməyəcəkdi.


XX əsrin ortalarından başlayaraq ABŞ-da qısa hekayə bazarı sıradan çıxır. Daha doğrusu, hələ də qısa hekayə dərc edən nəşrlər var, amma bazarın miqyası yazıçı olmaq istəyən gənclərə adekvat maddi imkanlar təklif edə bilmir. Buna görə də keçən əsrin 60-cı, 70-ci illərindən gənc müəlliflər məcburiyyətdən jurnalistikaya gedirlər. Amma onlar özləri ilə həm də yazıçı texnikasını, ədəbi priyomları gətirirlər və Azərbaycan dilinə tərcüməsi çətin olan non-fiction feature story janrını yaradırlar. Bu dəyişikliyin təzahürlərindən biri kimi 1979-cu ildə Pulitzer mükafatları çərçivəsində həmin janr üçün ayrıca kateqoriya təsis olunur.


Non-fiction feature story janrı qısa hekayə kimi çətin janrdır, öz məxsusi strukturu və tələbləri var. Bu janrda yazanlar da zamanla püxtələşir, qələmləri itilənir və sözlər kağıza – indi kompyuter ekranına daha asan köçür. Müəlliflər öz yazılarına görə həm yaxşı qonorar alır, həm də inkişaf etdirdikləri yazı bacarıqlarını sonradan roman və sair janrlarda uğurla tətbiq edə bilirlər. Yekun vursaq, Amerikada mənzərə dəyişsə də, gənc müəllifin püxtələşərək zamanla böyük yazıçıya çevrilməsi üçün iki təməl şərt hələ də öz yerində qalır.


İndi bütün yuxarıda deyilənlərin fonunda müasir Azərbaycan ədəbi mühitinə nəzər salaq.


Azərbaycanda yazıçı olmaq istəyən şəxsin çörək pulu qazanmaq üçün müraciət edə biləcəyi bəlkə də yeganə vasitə türk mətbuatından idxal etdiyimiz köşə yazılarıdır. 


Köşə yazılarının isə iki təməl problemi var.


Birincisi, köşə yazıları bazarı böyük deyil, bir necə media orqanı və bir neçə parlaq imza istisna qonorarlar gülünc səviyyədədir. Azərbaycanda ancaq köşə yazmaqla tək-tük insan öz məişətini təmin edə bilər, o da müəyyən həddə qədər. İndi qonorarların məbləğindən xəbərim yoxdur, amma yeni yazmağa başlayan müəllif üçün bir köşə yazısının qiyməti bir-iki il əvvələ kimi standart olaraq 20-30 manat idi. 20-30 manat mənim üç-dörd günlük siqaret pulumdur.


İkincisi, köşə yazısı janrların bəlkə də ən məkrlisidir. Nə qədər gözəl yazsan da, üslubda balet göstərsən də, köşə yazısı sənin yazı texnikan və bacarıqlarını inkişaf etdirməyin üçün heç bir tələb qoymur, çünki köşə yazısının aydın strukturu, texniki çətinlikləri yox səviyyəsindədir. 20 il köşə yazıb eyni elementar səhvləri buraxmaq olar və köşə yazısı bu səhvləri düzəltmək üçün müəllifi tətikləyəcək heç bir xüsusiyyət daşımır. Köşə yazısı nəinki müəllifi inkişafdan saxlayır, hətta bəlkə kütləşdirir də.


Köşə tələsi azmış kimi, gənc yazar bir də Facebook tələsinə düşür. Köşənin caynaqlarından qurtulmağa imkan tapan az-maz istedadını Facebook-da status yazmağa xərcləyir. Gənc yazar diqqət iqtisadiyyatının əmtəəsinə çevrilir, həyat ritmini like düyməsi və like sayı idarə edir. Bu prosesi Cavid daha ətraflı təsvir edibmənim təkrar yazmağıma ehtiyac qalmır.


Azərbaycanlı müəllifin fiziki mənada iş otağı ola bilər, amma metafiziki mənada iş otağı qayıbdır.


Bir yazıçı dostum danışır. Həyətdə özü üçün böyük çətinliklə iş otağı düzəldə bilib. Kitabxanası, yazı masası. Orada yazıb-pozurmuş. Bir müddət sonra köçüb başqa yerdə yaşamağa başlayır. Bir gün qayıdıb otağın qapısını açanda görür ki, evdəkilər yorğan-döşək sırımaq üçün aldıqları yunu gətirib onun iş otağına yığıblar. Otaq döşəmədən tavana kimi yunla doludur, içəri keçmək də mümkün deyil. Yəni bura artıq yazıçının iş otağı deyil, yun anbarıdır.


Bizim gənc müəlliflərin yazıları da bax beləcə yun anbarını xatırladır. Köşə yazısı yazmağa təhkim olunan müəllif özünü inkişaf etdirmək üçün bir yol aça bilmir, nəticədə cəridəsini doldurmaq üçün mətləbi uzadır. Sonra da Sabirin hələ də aktual olmasına heyrətlənib / təəssüflənib bu barədə Facebook-da emosional bir status paylaşır.


Əli Novruzov

Azlogos.eu

 

Kultura.az | Developed by Samir Yahyazade