Vətəndaş olmadan vətənpərvər olmaq

Публицистика

Əslində xeyli komik situasiyadır: bizdə “patriotizm əclafların son sığınacağıdır” ifadəsini hərə özünə sərf edən kontekstdə işlədir; necə deyərlər, “qaçan da allahı çağırır, qovan da”. Büdcədən çırpışdıran da “vətən” kəlməsinin arxasında gizlənir, büdcədən çırpışdıranı “topa tutub” ancaq özü cəmiyyətin ümidindən, inamından çırpışdıran da… Hüquq və azadlıqları boğan da “vətən” bağırır, hüquq və azadlıqları əlində şüar edib ancaq ən kiçik tənqidə görə adamın yeddi arxa dönənini yerin yeddi qatına soxan da…

 

Yeri gəlmişkən, bizdə bir çoxları “patriotizm əclafların son sığınacağıdır” aforizmini nədənsə Tolstoya aid edir. Halbuki həmin sözlərin müəllifi XVII yüzil ingilis şair və dramaturqu Samuel Consondur.

Bu həmin Consondur ki, eyni zamanda “Böhtan qorxaqların intiqamıdır” aforizminin müəllifidir.

İlk baxışda yuxarıdakı iki fikir arasında heç bir əlaqə yoxdur. Əslində isə həmin aforizmlər dərindən düşündükdə mahiyyət etibarilə bir-birlərini tamamlayırlar. Necə? Çox sadə.

 

Avtoritar rejimlərin ən sevimli vərdişlərindən biri – “xalq düşməni” axtarışıdır. Bu cür rejimlərin fikrincə, fərqli düşünən, tənqid edən hər kəs “vətən xainidir”, kim ayağını öncədən cızılmış dairədən qırağa qoyursa, lap sovet çağlarında olduğu kimi, “icazəsiz cəsarət” nümayiş etdirirsə, deməli, mütləq “kənar qüvvələrin dəyirmanına su tökür”.

 

Bir sözlə, vətənpərvərlik sadəcə əclaflar üçün son sığınacaq deyil, eyni zamanda ona sığınmaq, ondan mədət ummaq istəməyənləri damğalamaq üçün əla böhtan vasitəsidir. Belələrini istənilən cür şərləyə, asanlıqla “xain” çıxara bilərsən.

 

Azərbaycanda ən rahat olan da məhz bu mənada vətənpərvər olmaqdır. Bütün həyatı özünə və övladlarına müxtəlif imtiyazlar qazanmaqda keçən istənilən mənasız şair belə bir-iki Şuşa, üç-dörd Təbriz şeiri yazmaqla camaatın gözünə girə, hamının sevimlisinə çevrilə bilər. Həmin şeirlərin bədii keyfiyyəti, poetik səviyyəsi bir məna ifadə etmir, əsas odur ki, “Təbrizdən, Səlmasdan, Gəncə tərəfdən, gəlib şerimizi dinləyir Vətən” kimi geydirmə misralar qırıldatmağı bacarsın.

 

Azərbaycan elə bir ölkədir ki, istənilən şəxs boğazı yırtılanadək vətən qışqırmaqda sərbəstdir: yalançı da, yaltaq da, rüşvətxor da, korrupsioner də! Heç kim də dönüb özünə sual vermir: bu qədər sevəni olan bir vətən niyə bu kökdədir?!

 

Mikrofonu Ziya Məmmədova, Tağı Əhmədova, Hacıbala Abutalıbova uzatsan vətən sevgisi haqqında elə bəzəkli, elə bəlağətli cümlələr deyəcəklər, mat-məəttəl qalacaqsan. Fikirləşəcəksən ki, bir insan öz ölkəsini sevməyi məhz bu adamlardan öyrənməlidir. Lakin soruşan yoxdur: hətta korrupsioneri belə bunca vətənpərvər olan ölkənin niyə 20 faizi işğal altındadır, ya da 70 faiz sakini nə üçün çörəyini daşdan çıxarır, ələ baxır, bir qarın çörək üçün min dona girir?!

 

Əslində Ziyaların, Tağıların, Hacıbalaların gözü ilə baxdıqda Azərbaycan həqiqətən dünyanın ən sevilməli ölkəsidir: dünyanın başqa harasında iki eşşəyin arpasını bölə bilməyən adamlar bu qədər asanlıqla yüksək karyera qura, az qala yatsalar yuxularına da girməyəcək vəzifələrin sahibi ola bilərlər?!

Normal mədəni səviyyəyə, bədii zövqə, intellektual göstəriciyə malik ölkədə Anar Rzayev, Fikrət Qoca, Elçin Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Yusif Həsənbəy, canım sizə desin, Vüqar Əhməd, Yusif Nəğməkar kimi adamların qabağına iki qoyun qatmazlar ki, axırda birini mütləq canavara yedirəcəklər. Bizdə isə belələrindən “ziyalı” düzəldirlər: nə var, nə var, dillərindən “vətən”, “millət” kəlməsi düşmür! Hansı ki, hamısı bu kəlmələrin arxasında gizlənib özlərinə və övladlarına karyera qayırmaqdan başqa bir işlə məşğul deyillər. Ömrü boyu dillərindən sistem əleyhinə bir söz çıxarmazlar. “Yuxarılar” istəmədikcə qatığın hansı rəngdə olduğunu söyləməzlər.

 

Bax elə ona görə də indi adam “vətən” deməyə, “millət” deməyə utanır. Bu kəlmələri dilə gətirməyə xəcalət çəkir ki, birdən elə bilərlər sənin də hansısa umacağın var, özünə orden-medal, vəzifə, balalarına yaxşı gün-güzəran, babat iş yeri-zad istəyirsən.

Bu ölkədə “vətən” sözünü ən yavaş səslə dilləndirən yazıçı – Sabir Əhmədli oğlunu müharibədə qurban verdi.

 

Bu ölkədə “millət” sözünü ən təmənnasız işlədən şair – Xəlil Rza oğlunu müharibədə qurban verdi.

Və elə həmin ölkədə “vətən”, “millət” sözlərini dilindən düşürməyən, vətənpərvərliyini addımbaşı adamın gözünə soxan adamların oğul-uşaqları, məsələn, allahın sayt müxbirliyindən səfir vəzifəsinə yüksəldilər.

 

İndi Azərbaycanda hərə əlinə bir tərəzi alıb kimin nə qədər vətənpərvər olduğunu ölçməklə məşğuldur. Mirşahinsənsə – vətəni sevirsən. Şahvələd Çobanoğlusansa – xalq düşmənisən.

 

Nə qədər yüksək səslə və təyinatsız şəkildə “vətən” bağırırsansa, bir o qədər vətənpərvərsən.

 

Nə qədər yüksək səslə yanlışları sorğulayırsansa, bir o qədər vətən xainisən.

 

Budur günümüzün acı reallığı!

 

Halbuki həqiqət əslində çox sadədir: tənqidçi, sorğulayıcı, araşdırıcı fərd, bir sözlə, gerçək mənada vətəndaş olmayıb ancaq poetik ədabazlıqlarla-filan vətənpərvər görünməyə çalışanlar gülməli vəziyyətə düşməyə məhkumdurlar. Məsələn, büdcə pullarının hara, necə xərcləndiyini soruşmadıqdan sonra istədiyin qədər “Şuşanı vur” bağır, kimsə qoz qoymur. Ya da bu gün seçki qutusuna topa bülleten atmağı özünə sığışdıran adam sabah Qarabağın taleyi haqqında soruşanda yumşaq yerinə də almırlar.

 

Qısası, vətəndaş olmadan vətənpərvər olmağın sonu fiksiyadır, farsdır, filfilodur.

 

Elnur Astanbəyli

Azlogos.eu

 

Kultura.az | Developed by Samir Yahyazade