Çezare Paveze - Pierinaya məktub

Литература

“Əziz Pierina,

İstəmədən sənə narahatlıq və başağrısı verdim, amma inan ki, əlimdən başqa bir şey gəlmirdi. Başlıca səbəb çarəsiz şəkildə arxanca qaçmağın verdiyi əzabdır. Çünki mən həmişə uduzan tərəf olaraq qalıram. Amma bunun tutarlı bir səbəbi var. Mən, necə deyərlər, şamın sonundayam. Pierina, hər şeydən öncə, sənin qardaşın olmaq istərdim – beləliklə, aramızdakı bağ boş və mənasız olmazdı və daha sonra sən mənə inamla qulaq asıb güvənə bilərdin. Mən sənə aşiq olmuşam. Necə deyim bilmirəm, təkcə ona görə yox ki, səni arzulayıram, çünki həm də sən mənimlə eyni ağıldasan. Sən elə davranırsan və danışırsan ki, yazmağı öyrənmək əvəzinə, əgər həyata tutunmağı öyrənməyə vaxtım olsaydı, bir kişi kimi mən də sənin kimi olmaq istərdim. Nəticədə, mənim yazdıqlarımda və sənin yaşadığın həyatda eyni zərafət və əminlik var. Ona görə də mən bilirəm kiminlə danışıram. 

Amma sən – hər nə qədər soyuq və hissiz olsan da, mənim kimi şamın sonunda deyilsən. Sən gəncsən, inanılmaz dərəcədə gənc. Sən mənim 28 yaşımdakı halımsan – bilmirəm hansısa ümidlisizliyə görə intihara qərarlı halım. Amma intihar etmədim – sabaha marağım var idi, özümə marağım var idi – həyat dəhşətli görünsə də, özümü hələ də maraqlı görürdüm. İndi isə hər şey tərsinədir: bilirəm ki, həyat möhtəşəmdir, amma mən bundan kənarda qalmışam. Tamamilə öz günahım ucbatımdan bu həyat siqaret çəkənlərin tutulduğu xərçəng xəstəliyi və ya diabet kimi anlamsız bir tragediyaya çevrilib. 

Sevgilim, sənə deyə bilərəm ki, mən heç vaxt yanımda qadınımla oyanmamışam, çünki kimi sevdimsə, heç vaxt məni ciddiyə almadı. Nə üçün mən qadının kişiyə bəxş etdiyi minnətdarlıq baxışından məhrumam? Xatırladım ki, çalışdığım işdən dolayı əsəblərim həmişə gərgin və fikirlərim qəti və dəqiq olub. Bəs başqalarının etibarını qazanmağın verdiyi zövq necə? 42 ildir mən bu dünyada nəyəm? Şamı hər iki tərəfindən yandırmaq mümkün deyil və mənim vəziyyətimdə isə mən şamı bir tərəfindən tamamilə yandırmışam və məndən geriyə qalan kül isə yazdığım kitablardır. 

Bütün bunları mənə yazığın gəlsin deyə yazmıram – bu cür vəziyyətlərdə şəfqətin nə demək olduğunu bilirəm – sadəcə vəziyyəti aydınlaşdırmaq üçün yazıram. Düşünmə ki, kefimdən ya da təkəbbürlü görünmək üçün qaşqabaqlı gəzirəm. Onsuz da, mən belə oyunlardan uzağam.

Sevgi Tanrının lütfü kimidir – məkrli oyunlara yer yoxdur. Mənə gəldikdə isə, səni çox istəyirəm, Pierina, səni hədsiz dərəcədə çox istəyirəm. Gəl bunu şamın sonuncu qığılcımı adlandıraq. Bilmirəm biz yenə görüşəcəyikmi ya yox. İstərdim görüşək – qəlbimin dərinliklərində ancaq bunu arzulayıram – lakin, özümdən tez-tez soruşuram, görəsən, qardaşın olsaydım, sənə nəyi məsləhət verərdim. Təəssüf ki, deyiləm, Sevgilim. ”

Çezare Paveze, Pierinaya məktub – avqust, 1950

Yazıçı 27 avqust 1950-ci il tarixində bu məktubu yazdıqdan bir neçə gün sonra Turin şəhərinin Karlo Feliçe meydanında yerləşən Roma mehmanxasında bir gün öncə kirayələdiyi otaqda həyatına son qoyub. 10-dan çox yuxu dərmanı qəbul edərək intihar edən yazıçının cəsədi yatağında uzanmış vəziyyətdə tapılmışdır.

İtalyancadan tərcümə etdi: Emil Məcidov 
Redaktə etdi: Gumru Aliyeva, Gulnar Malikova

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade