“Tarix və Tale” haqqında

Литература

Şair Aqşin Yenisey mənim erkən gəncliyimin qəhrəmanlarındandır. 2006-cı ildə, 18 yaşımda “Sizin eradan əvvəl” şeirlər kitabını oxuyarkən, sarsılmışdım. Həmin illərdə şairin başqa kitabını da axtarıb tapmış, internetdə çıxan hər yeni şeirini ayrıca qovluqda toplayıb saxlamışdım. Şair Aqşin Yeniseyin adı fikrimcə, artıq çoxdan Azərbaycanın ən yaxşı şairlərinin adları arasındadır. Zənnimcə, bunu müzakirəsiz əksəriyyət qəbul edir. Amma bu yazıda biz şair Aqşindən deyil, nasir Aqşindən bəhs edəcəyik. Nasir Aqşin şair Aqşin qədər güclü və parlaq müəllifdirmi? Bu sualı onun sonuncu romanının tənqidiylə aydınlaşdırmağa çalışacağıq.

Aqşin Yeniseyin “Tarix və Tale” romanı 2019-cu ildə “Teas Press” nəşriyyatında çap edilib. Kitabın üz qabığında yer alan “HEÇ KİM HƏMİŞƏLİK ÖLƏ BİLMƏYƏCƏK”, “BƏDBƏXT ADAMLAR HAMIDAN SONRA ÖLÜRLƏR, HƏTTA ÖZ CƏLLADLARINDA DA...” kimi ifadələri oxuduqdan sonra, barmağını dişləyirsən, yəni doğrudanmı müəllif ilin-günün bu vaxtında bu tərzdə kitab yazıb? Yanılmırsan, kitabın içində belə ifadələrdən onlarla, yüzlərlə, minlərlədir.

Tarix və tale - Aqşin Yenisey - Romanlar - Bütün nəşrlər - TEAS ...

Kitabın üz qabığında şahid olduğun dramatizm əslində, səni şirnikləndirməkdən ziyadə, “BU KİTABI OXUMA!!!” deyir, amma onu sadəcə olaraq bir keyfiyyətinə görə oxumağa dəyər. Sahilə Yayanın “Şeyx” kitabı barədəki məqaləmdə də qeyd etdiyim kimi, əksər azərbaycanlı müəlliflərin nəsr nümunələri sırf “necə yazmamaq lazımdır” nöqteyi-nəzərindən faydalıdırlar. “Tarix və Tale” kitabı da əfsus ki, bu mənada istisna deyil. O da sırf “necə yazmamaq lazımdır” nöqteyi-nəzərindən oxumaq və haqqında danışmaq üçün faydalı bir kitab hesab edilə bilər.

Kitaba adı verilən “Tarix və Tale” konsepsiyasını açmağa çalışmayacam, çünki sözün doğrusu, necə açacağımı bilmirəm. Mətndəki fikir cəngəlliyinin içində nə qədər vurnuxdumsa da, tarix və talenin bütövlükdə nə mənaya gəldiyini tapa bilmədim. Bu barədə nəsə yazsam, səhv edərəm deyə qorxuram, ona görə də gəlin ad məsələsinə toxunmayaq və birbaşa mətnə keçək.  

“Tarix və Tale” iki hissədən ibarətdir. Birinci hissə birinci şəxsin dilindən, ikinci hissə üçüncü şəxsin dilindən nəql olunur. Birinci hissədə bir gənc oğlan özünün, ata və anasının timsalında ailə-məişət mövzularından danışırsa, ikinci hissədə isə İsa və Musa kimi Meydan Hərəkatı qəhrəmanlarının timsalında daha çox sosioloji-ideoloji-siyasi məsələlərə toxunulur. Amma bölgü o qədər də konkret deyil, çünki hər iki hissədə elə bir mövzu yoxdur ki, müəllif ona toxunmamış olsun.

Aqşin Yenisey necə bir nəsr yazmaq arzusunda olduğunu əslində, kitabın əvvəlində  qeyd edib: “Hadisələrin bolluğuna, təsvirin parıltısına və əxlaqi didaktikaya ağzı sulanan oxucu zövqünə hesablanmış ənənəvi romandan fərqli olaraq, baş vermiş hadisələri öyrədilmiş cümlələrlə danışmaq yerinə, özümüz vərdiş olunmamış dillə hadisə yaratmalıyıq. Oxucunun sevmədiyi mürəkkəb mənalara çatmaq üçün qrammatikanın cazibəsini dəf edib dilin kosmosuna, kəşf olunmamış, yaxud itkin düşmüş məna və sözlərin xaosuna açılmalıyıq. Bir sözlə, yuxarıların yanında hörmətə layiq görülən ortabablıqdan qaçmalıyıq, mənanın özünü deyil, onu yaradan səbəbləri aşkara çıxarmalıyıq.”

İddialı bəyanatdır. Müasir dövrdə aktuallıq baxımından, hadisələrin bolluğu (Dostoyesvki), təsvirin parıltısı (Prust) və əxlaqi didaktika (Dikkenz) seçimləri arasında qalsaq, bir əxlaqi-didaktikanı kənara qoya bilərik (qoymağı bacarsaq). Dostoyevski və Prusta qaldıqda isə, məlum olduğu kimi onların nəsrinə hazırlıqlı oxucuların, böyük yazıçıların, tənqidçilərin hələ də ağzı sulanmaqdadır. Bəs bunları bəyənməyən müəllif nə yaratmaq fikrindədir ki, bizi təəccübləndirə bilsin? O, bilərəkdən, ya bilməyərəkdən romanın təməl prinsiplərindən sayılan  “demə, göstər” (don’t tell, show) texnikasında hadisə və təsvirin parıltısı hissəsini bəyənmir, bəs əvəzində nə təklif edir?

Müəllifin ixtira və təkliflərini “Tarix və Tale”ni oxuduqca görürsən. Oxuduqca başa düşürsən ki, o, “baş vermiş hadisələri öyrədilmiş cümlələrlə danışmaq yerinə” desə də, elə danışmaqla məşğul olur. Danışıq əsasən intellektual-fəlsəfi fikir yürütmək üzərində qurulur. Sadəcə olaraq, müəllif danışdığı fikirləri metaforalarla bəzəyərək, metaforalarla əzələ nümayişinə çıxaraq, təcrübəsiz oxucunu vərdiş olunmamış dil yaratdığına, dilin kosmosuna çıxdığına, itkin düşmüş məna və sözlərin xaosuna açıldığına inandırmağa çalışır. Bundan əlavə, müəllif parlaqlığı nə qədər ittiham etsə də, əslində özü də parlaq metaforalarıyla, metaforalarla bəzədilmiş bəlağətli fikirləriylə gözbağlayıcılıq etmək, hazırlıqsız oxucunu hokus-pokusuna inandırmaq istəyir. Beləcə, o, həm hazırlıqsız nasir kimi özünə, həm də mətni qiymətləndirmək iqtidarında olmayan hazırlıqsız oxucuya nəsə əlahiddə bir sehrbazlıq etdiyini təlqin etməyə çalışır.

Aqşin Yenisey kitabını qəhrəmanına yazdırmış kimi görünsə də, bu bizi çaşdırmamalıdır. Çünki mətndəki qəhrəmanlar müəllif üçün öz fikirlərini çatdırmaq üçün sadəcə bir vasitədirlər. Romanda müəllifin ən böyük qüsurlarından biri odur ki, o, qəhrəmanlarına özlərini ifadə etmək azadlığı vermir. Qəhrəmanların hamısı eyni tərzdə (psevdo-fəlsəfi), eyni tonda və eyni cür danışırlar. Qəhrəmanların bir görünüşü var, amma obrazdan daha çox marionet kukla işinə yarayırlar. Kitabda dialoq çox azdır, daha çox monoloqdur. Bir qəhrəman monoloq deməyə başlayan kimi isə, başa düşürsən ki, danışan əslində o deyil, müəllifdir. Bu qəhrəmanlar həyat, ölüm, azadlıq, xoşbəxtlik, sənət, elm, qadın, kişi, cinsiyyət, sivilizasiya, ailə, cəmiyyət, allah, din, İslam, Xristianlıq, cənnət, cəhənnəm, tale, günah və s. kimi cahanşümul mövzularda bir ucdan intellektual fikirlər üyüdüb tökürlər.  

Müəllifin cəsarətinə heyran qalırsan. Bunlar ən dahi yazıçıların belə rahatlıqla baş vurmayacağı mövzulardır. Nə deyə bilərsən axı? Nə desən, psevdo səslənə bilər, özün isə qeyri-yetkin müəllif təsiri bağışlaya bilərsən. Həqiqətən də bu tip mövzular bir qayda olaraq, yeni başlayanların, yetişməmiş yazıçıların monopoliyasındadır. Yeni başlayanlar bu cür cahanşümul mövzular seçməklə və bu mövzularda pafoslu, psevdo fikirlər səsləndirməklə, nəsə ciddi bir şey deyirmiş kimi görünməyə və diqqət cəlb etməyə çalışırlar. “Tarix və Tale” kitabında məni ən çox təəccübləndirən məqamlardan biri nasir Aqşin Yeniseyin hələ də psevdo-intellektualizmin təsirindən çıxa bilməməsi oldu.

400 səhifəlik “Tarix və Tale”kitabının hekayə hissəsini 100 səhifəyə sığdırmaq olar, qalanı epizodik moizələrdir. Kitabı oxuyub qurtardıqdan sonra oxucuda müəllif barəsində belə bir təəssürat yaranır, sanki Aqşin Yenisey belə demək istəyib: “MƏN HƏR ŞEYİ BİLİRƏM!!! HƏR ŞEYƏ DAİR CAVABIM VAR!!!” Ona görə ki, o, kitabında insanın ağlına gələ biləcək və bilməyəcək istənilən məsələyə dair öz cavabını vermək istəyib. Roman janrının məqsədi budurmu? Axı cavabları elm, fəlsəfə verir. Sənət nə zamankı elmin, fəlsəfənin əvəzinə cavab verməyə çalışır, özü də deməklə, psevdoya yuvarlanması qaçılmaz olur. 

Bizim yazarların fəlsəfi roman deyilərkən, qarışdırdıqları bir nüans var. Elə zənn edirlər ki, fəlsəfi roman dayanmadan fəlsəfə üyüdüb tökməkdir. Əslində belədirmi? Əlbəttə ki, xeyr. Kimsə fransız fəlsəfi roman ənənəsində deyək ki, Kamyunun, Uelbekin qəhrəmanlarının fəlsəfə üyütdüyünə şahid olubmu? Əsla. Bu romanlar sadəcə hekayət formatında hansısa bir fəlsəfi dünyagörüşün təzahürü kimi yadda qalıblar. Yazıçı ölüm, həyat, azadlıq, xoşbəxtlik, allah, din, tale, günah və s. mövzuların birini və ya bir neçəsini götürür, onun hekayəsini yazmaqla, göstərməklə suallar qoyur. Cavabları tapmaq isə oxucunun, tənqidçinin işidir, öz dünyagörüşünə uyğun olaraq, hərə istədiyi cavabı verə bilər.

Romandan hekayə üçün deyil, fikir yürütmək, öyrətmək, demək üçün istifadə etsən, fərqi yoxdur, metaforayla, ya metaforasız, vaizlik qaçılmaz olacaq. Amma Aqşin bunu ya bilmədiyindən, ya da bilməyi rədd etdiyindən, kitabında elm adamlarının, teoloqların, filosofların, sosioloqların, digər sahə mütəxəssislərinin əvəzinə, hər şey barədə cavablar verib. Beləliklə, başdan ayağa fraqmental cavablardan, izahlardan, şərhlərdən ibarət bir mətn ortaya çıxıb. Mən bu fikirlərin, metaforaların, müşahidələrin bəzilərinin maraqlı, parlaq, düşündürücü olduğunu inkar etmirəm, amma bütün bu yaxşı şeylər belə fikir cəngəlliyində itib-batıblar.

“Tarix və Tale” kitabında müəllifin əsas üstünlüyü kimi onun metaforalarını qeyd etmək olardı. Aqşin şair kimi metaforalarla düşünür və özünü metaforalarla ifadə edir. Amma iş burasındadır ki, əgər metafora şeir üçün hər şey deməkdirsə, nəsrdə bu işin sadəcə bir qismidir. Elə böyük yazıçılar var ki, metaforalarsız keçiniblər. Aqşin metaforalarını hekayə yazmaq üçün istifadə etsəydi, demək yox, göstərmək üçün yararlansaydı, bəlkə mənzərə tamam fərqli olardı, amma o, metaforlarından fikirlərini bəzəyib-düzəmək üçün istifadə edib. Yəni bu kitabında o, ən üstün cəhətindən belə effektiv yararlana bilməyib.

Hekayə qurmaqdan daha çox, metaforalarla bəzədilmiş fəlsəfi fikir üyütməyə aludə olması, gənc yazarların monopoliyasını əllərindən almağa çalışması, qəhrəman yarada bilməməsi, qəhrəmanlarına danışmaq azadlığı verməməsi, mətnindən hiss olunduğu qədəriylə roman janrını dərindən bilməməsi, Aqşini zəif nasir edir.

“Tarix və Tale”ni oxuyanda, məncə, təcrübəli oxucunun ilk təəssüratı Aqşin Yeniseyin bir romançı kimi hələ püxtələşmədiyi düşüncəsi ola bilər. Özünə olan ifrat arxayınçılığı belə görünür, Aqşinə nasir kimi inkişaf etməyə imkan vermir. Onu arxayınlaşdıran səbəblərdən biri oxucu səviyyəsinin, tənqidçi rəyinin qənaətbəxş səviyyədə olmamasıdırsa, digər səbəbi göründüyü qədəriylə, az mütaliəli olmasından irəli gəlir. Nə qədər az bilirsənsə, bir o qədər çox bildiyini zənn edirsən. Yalnız qulaqdan dolma fikirlər, səthi mütaliə insana cahanşümul mövzularda hökmlər çıxarmağa, hazır cavablar verməyə həvəsləndirə bilər. Parlaq metaforalarla bəlağətli fikirlər səsləndirmək, hələ böyük düşüncə sahibi olmaq mənasına gəlmir. Aqşinin fikirləri metaforlarla bəzədildiyindən təsirli görünürlər, amma o, fikirlərdən metaforaları çıxsaq, ortada psevdo-fəlsəfi nonsensdən başqa bir şey qalmayacaq.

Aqşin Yeniseyi bir nasir kimi tamamilə çıxdaş etmək istəməzdim. “Tarix və Tale”nin hekayələrindəki bəzi detallar, Azərbaycan məişətini, insanlarını yaxşı tanıması, bəzi parlaq müşahidələri və dil bacarıqları onu yaxşı nasir edə bilər. Amma Aqşin nədənsə hekayə yaratmağa deyil, fikir yürütməyə aludə olub, halbuki hekayələr fikirlərdən qat-qat əhəmiyyətlidirlər. Dövrümüzün fikir atalarından biri Nassim Nikolas Talebin təbirincə desəm, “fikirlər müvəqqətidir, hekayələr yaşayır.”

“Tarix və Tale” kitabı haqqında və müəllifi haqqında sonda düşüncələrimizi  ümumiləşdirsək, belə deyə bilərik ki, bu kitab metaforlarla bəzədilmiş fikir cəngəlliyindən başqa bir şey deyil, Aqşin Yenisey isə nə qədər güclü şair olsa da, bir o qədər zəif nasirdir. Hələ ki.

Cavid Ramazanov

Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade

Whoops, looks like something went wrong.