post-title

Seymur Baycan: Toy adlı soyqırım

Yaxud blokun məcburi qaydada təmizlənməsi

Bir həftə əvvəl bloku təmiz görüb barmağımı dişlədim. Bildim ki, ya nişan olacaq, ya da toy. Bir dəfə də belə hal baş vermişdi. Bloku arvadlar növbəylə süpürürdülər. Növbədə qarışıqlıq yaranmışdı. O deyirdi sənin, bu deyirdi sənin növbəndir. Zibil dizə qədər dirənmişdi. Heç cürə dil tapa bilmirdilər. Nəhayət, bir qıza elçi gəldi. Həmin ailə qarğış edə-edə, lənət oxuya-oxuya bloku zir-zibildən təmizlədi. Hətta öz qapılarının ağzını yudular, divarlarını rənglədilər...

Çox vaxt deyirlər ki, filankəs yaxşı oğlan, filankəs yaxşı qız idi, toydan sonra dəyişdi. Xeyr. Elə deyil. O, sadəcə rol oynayırdı. Əgər xəsisdirsə bir az özünü səxavətli göstərirdi. Əgər pintidirsə bir az səliqəli geyinməlidir. Əsl faciə odur ki, bir adam rola girmir. Bütöv ailə, nəsil rola girib aktyorluq edirdilər. Toydan sonra isə adamların əsl sifəti ortaya çıxır. Boşanmaq isə əsl faciədir. Sən toya çağırdığın 300-500 adamın hər birinə ayrı-ayrılıqda niyə, nə səbəbə boşandığının izahını verməlisən. Halbuki, Baron Münhauzen deyirdi: “Boşanmaq bəşəriyyətin ən böyük tapıntılarından biridir”.

Toy azərbaycanlılar üçün hər şeydir. Restoran, kafe, diskoteka, təzə aldığın paltarları göstərmək üçün məkan... Qadınlar var, yalnız toydan-toya evdən bayıra çıxırlar. Toydan-toya gözəllik salonuna gedib saçına, qaşına, başına əl gəzdirib özünə maya qoyur, özünü qaydaya salır. Elə adam var yalnız toydan-toya taksidən istifadə edir. Ayrı vaxt öldürsən də taksiyə minməz. Oğlanlar var, adi günlər “West” siqareti çəkir, toya gedəndə isə qara filterli, ətirli siqaret alıb qoyur cibinə. Elələri var ki, toy kassetinə baxıb özünə arvad seçir. Elələri var ki, toyda çox oynamaqla diqqət cəlb etmək istəyir.

Müəyyən aylarda, toylar olmayanda ölkədə həyat ölür. Çünki böyük ofisiant ordusu, musiqiçilər, aşbazlar işsiz qalır. Gözəllik salonlarının müştəriləri kəskin azalır. Taksiyə minənlərin sayı aşağı düşür.

Qeyd etdiyim kimi, toy azərbaycanlıların ən ciddi ritualıdır. Ona görə də bir çox adamlar toydakı səs-küydən, israfçılıqdan şikayət etsələr də, toya getməyə məcburdular. Hətta toya getmək üçün borca pul belə alırlar. “Toy tutmaq” bizim toy-biznesin əsas qayəsi, toy-biznesin ortasından keçən qırmızı xətdir. Məhz “toy tutmaq” üçün müğənnilər klip çəkdirir, pul verib əyləncəli verilişlərə çıxırlar.

Müğənnilərimizin əsas gəliri konsertlərdən deyil, toydan gəlir. Məhz bu səbəbdən bizim müğənnilərin kliplərindən, mahnılarından şadlıq evlərinin iyi gəlir. Başqa cürə mümkün deyil. Toyxana ab-havasından azad olan çox az sayda müğənni var. Həmin müğənnilərin arxasında isə ciddi sponsorlar dayanır. Belə ki, bir çox yerlərdə olduğu kimi, bizim ölkədə də pullu kişilər qadının özü, fiziki göstəriciləri ilə deyil, adı, populyarlığı ilə cinsi əlaqəyə girməyi üstün tuturlar...

Toy həm də imtahandır. Adamlar tanıyıram mentaliteti, toyları lağa qoyurdular, amma sonralar özləri də toy adlı imtahandan kəsildilər. Bütün rituallara ən kiçik detallarınadək əməl etməyə məcbur oldular.

                                                  XXX

Etiraf edək ki, bir çox adamlar üçün toy qadın əldə etmək üçün yeganə vasitədir. Ona görə adamlar rola girməyə, aktyorluq etməyə məcburdular. Ehtiras qısa müddətdə sönür və tərəflər öz adi vəziyyətlərinə qayıdırlar. Onlar uşaq sahibi olmaq, birgə yaşamaq, ailə qurmaq üçün deyil, cinsi əlaqəyə girmək üçün evlənirlər. Əgər toydan əvvəl onlar bir-birinin “dadına” baxa bilsəydilər, çoxu heç heç evlənməzdi. Ehtiras onların gözünü tutur. Heç nə görmürlər. Üstəlik nəzərə almaq lazımdır ki, qapalı ölkədə yaşayırıq. Tərəflər bir-birlərini tanıya bilmir. Bunun üçün şərait demək olar ki, yox dərəcəsindədir. Nə qədər ki, bakirəlik institutu dağılmayıb, nə qədər ki, ölkədə seksual inqilab baş verməyib, adamların böyük əksəriyyəti ailə qurmaq, uşaq sahibi olmaq, birgə yaşamaq üçün deyil, sadəcə öz ehtiraslarını söndürmək, yataq əldə etmək üçün evlənəcəklər...

  

19.04. 2012
Yuxarı