post-title

Günel Mövludun yeni romanı nəşr edilib

Norveçdə yaşayan azərbaycanlı yazıçı Günel Mövludun avtobioqrafik “Düşərgə” romanı “Apostrof“ nəşriyyatında işıq üzü görüb.

“Düşərgə” romanı müəllifin işıq üzü gorən ilk nəsr əsəri olsa da, yazılma xronologiyasına görə ikinci romanıdır. Müəllifin bir il əvvəl qələmə aldığı “Qorxu” adlı romanı hazırda Norveç nəşriyyatlarının birinin sifarişi ilə norveç dilinə çevrilməkdədir və payızda dərc edilməsi planlaşdırılır.

Gunel Mövlud 1981-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub, ibtidai orta təhsili Rusiyada alıb. Qarabağ müharibəsi nəticəsində 1993-cü ildə köçkün düşdüyü üçün qalan orta təhsili 5 fərqli məktəblərdə almağa məcbur olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. “Kino+”, “Alma” kimi yaradıcı gənclik qəzetlərində müxbir kimi fəaliyyətə başlayıb, sonralar köşə yazarı və publisist kimi tanınıb. Azadlıq Radiosunda köşə yazarı, Meydan TV–də bloq redaktoru və publisist kimi fəaliyyət göstərib. BBC–nin Bakı ofisi üçün “Cənubi Qafqazın tabuları” adlı jurnalist layihəsini yaradıb.

2008-13 illər ərzində 3 şeir kitabı dərc edilib. Şeirləri rus, ingilis, alman, gürcü, erməni, ukrayna və norveç dilinə çevrilib.

2016-cı ildə ICORN beynəlxalq təşkilatının “Azad Şəhər” layihəsi çərçivəsində Norveçin Levanger şəhərinə qonaq yazıçı qismində dəvət edilib. Norveçdəki ədəbiyyat festivallarında, poeziya gecələrində, qadın haqları ilə bağlı tədbirlərdə uğurla iştirak edir və bu ölkənin mətbu orqanlarında yazılarla çıxış edir. Norveç PEN–inin üzvüdür.

Romandan parça:

“Su növbələrində ancaq qadınlar dayanırdı, çox vaxt onların arasında buna görə dava da düşürdü. Kasıblıq, şəraitsizlik, aclıq bir yana qalsın, allahın suyunu belə növbəylə əldə etmək qadınların hövsələsini daraldır, əsəblərini gərirdi. Elə ki dava düşdü, onlar inanılmaz qəddarlıqla bir-birinin saçlarını yolur, üzünü cırmaqlayır, əl-qolunu dişləyir, hətta paltarlarını cırıb əyinlərindən çıxarırdılar. Bütün bunları isə bir qayda olaraq, çoxmərtəbəli söyüşlər, vahiməli qarğışlar müşayiət edirdi.

Həmin vaxt cəmi on iki yaşım olsa da, mənim də əsəblərim korlanmışdı. Musluqdan həm özümüz, həm də nənəm üçün su götürməli olurdum. Nə vaxt lazımi qədər su götürə bilməsəm, nənəm məni yaxşıca danlayır, anam isə başıma bir-iki qapaz çəkib:

– Maymax köpəkqızı, xalxın qızlarını dəyirmana ölü salırsan, diri çıxır, – deyirdi.

Danlanmayım, döyülməyim deyə su götürərkən sərt olmalı, növbəmi kimsəyə verməməliydim. Bir dəfə növbə üstündə elə öz kəndimizdən olan bir qızla dalaşdım. O, məndən bir neçə yaş böyük olardı, düşərgədə həmin yaşda qızlara “ərrik qız” deyirdilər. Yaşca məndən böyük olmasına baxmayaraq, davada əli yoxmuş. Pişik cəldliyi ilə onun üz-gözünü cırıb saçlarını yola bilmişdim. Xalatının yaxasını cıranda qızın məməsi küpürü köhnəlmiş lifçiyindən çölə çıxdı. Yazıq, yaxasını tutub çadırlarına qaçdı. Həmin axşam qızının qolundan tutub çəkə-çəkə bizim məhəlləyə gətirən anası Eyzan xala nənəmə o ki var şikayətlənmişdi.

Nənəm qadının könlünü “uşaqdı, nə qanır o?” kimi sözlərlə alıb geri yollayandan sonra bizə sarı çevrilmiş və belə demişdi:

– Lap əcəb eləyib! Fağıra əppək yoxdu bu dünyada…

Bu cür davalardan cəmi bir neçə gün sonra bir-birini döyüb-söyən, qarğayan, az qala, qanına qəltan edən qadınlar barışır, heç nə olmamış kimi qonşuluqlarını davam etdirirdilər. Çünki düşərgədə hər gün o qədər əcaib hadisə baş verirdi ki, hər şey sürətlə unudulurdu…”

Kultura.az
Yuxarı