"Ölülərin" yürüşü

Публицистика



Azərbaycanda xalq ölməyib. Sadəcə xalqla ölü kimi rəftar edirlər. Xalqın zorla boynuna qoyurlar ki, sən ölüsən! Ölü olduğuna görə də, ölü yerini bilməlisən...

Ölü danışmaz, ölü hərəkət etməz. Ölü dinləyə və cavab verə bilməz. Ölü danışa və hərəkət edə, dinləyə və cavab verə bilmədiyinə görə də, onu dinləməyin, onunla danışmağın da mənası yoxdur. 

Azərbaycanda on illərdir, bu siyasət həyata keçirilir: capcanlı insanlar ölü yerinə qoyulurlar. 

Tovuzda Ermənistanla sərhəddəki məlum hadisələrdən, generalın və hərbçilərin ölümlərindən sonra, sözünü demək üçün küçələrə çıxan onminlərlə insana hansı münasibət göstərildi? Hökumət yenə insanlarla ölü kimi rəftar etdi. Onları görməzdən gəldi, onlarla danışmaq, sözlərini dinləmək üçün qarşılarına bir rəsmi şəxs belə çıxarmadı. 

Camaat ölü olmadığını sübut etmək yürüş keçirdi, meydanda saatlarla qışqırdı, şüar dedi, amma sonda yenə də ölü yerinə qoyuldu... 

Ölü yerinə qoyulan insan nə etməlidir? Ölü olmadığını bir şəkildə sübut etməlidir də. Milli Məclisə daxil olmaq, hər nə qədər qınanılası hərəkət olsa da, həm də simvolik bir akt idi. O, Milli Məclisdə əslində, xalqın sözü danışılmalıdır, xalqın problemləri, dərdləri, arzu və ümidləri əks olunmalıdır. Amma o Milli Məclisdə xalqın seçmədiyi, "ölülərin" və ölü yerinə qoyulmuşların "seçdiyi" saxta deputatlar oturur. Xalqın mənafeyi naminə deyil, öz mənafeləri üçün çalışırlar. İstəyir təxribat olsun, istəyir olmasın, bu akt doğru-düzgün qiymətləndirilməlidir. 

Jurnalistlər, ekspertlər və digər ağıl dəryaları Milli Məclisə nə üçün girdiklərini belə başa düşməyən gəncləri qınamaqdansa, onların bu hərəkətinin səbəbini öyrənməyə çalışmalıdırlar. Nəyə görə, gənclər "Allahu Əkbər" deyə qışqırırdılar, nəyə görə, Milli Məclisə soxulmuşdular? Çünki bu insanlar özlərini doğru-düzgün ifadə edə bilmirlər, ona görə. Təcrübəsizdirlər, nə etdiklərini başa düşmürlər. Bugünədək onlara özlərini ifadə etmək üçün heç bir imkan yaradılmayıb, əksinə əllərindəki cüzi imkanlardan belə məhrum ediliblər. On illərlə ölü yerinə qoyulan insan, ağzını açmağa imkan verilməyən, ağzını açan kimi başına dubinka yeyən, sözü dinlənilməyən, danışmağa layiq bilinməyən, seçib-seçilməyinə imkan verilməyən insan əlbəttə ki, təntiməlidir, çaşmalıdır, özünü ifadə etməyə öyrəşmədiyindən, özünü ifadə etməli olanda, səhv sözlər deyib səhv davranışlar sərgiləməlidir. Onun belə hərəkət etməyinin başlıca günahı isə məhz illərlə ona özünü ifadə etməyə imkan verməyənlərdədir. 

İnsan özünü ifadə edə-edə inkişaf edir, adam yerinə qoyula-qoyula, dinlənilə-dinlənilə, dialoqda ola-ola takamül keçir, şəxsiyyət olur. 

Danışmasına imkan verilməyən, sözü dinlənilməyən, ömrü boyu ölü yerinə qoyulan insan elə hansısa bir məqamda "Allahu Əkbər" deyib Milli Məclisə soxulmalıydı da. Siz nə gözləyirdiz? Gözləyirdiz ki, xorla "Bella Ciao" oxuyub dinc şəkildə dağılışacaqlar? 

"Bella Ciao"nu insanların özlərini ifadə edə bildikləri, seçib seçildikləri, ümumən adam yerinə qoyulduqları cəmiyyətlərdə oxuyurlar. Bunu bilmək, ağıl dəryalarından çox da böyük ağıl tələb etmir axı...

Azərbaycanlılar dünyanın ən gənc millətlərindən biridir. Gənc nəsil əhalinin böyük qismini təşkil edir. Cavan, enerjili, capcanlı cəmiyyət var, amma onun zorla boynuna qoymağa çalışırlar ki, sən ölüsən. Niyə axı? Ölünü vecinə almadan, kefinin istədiyini eləmək asandır, ona görə? 

Nə vaxtacan insanlarla ölü kimi rəftar ediləcək? Nə vaxtacan onların özlərini ifadə etmələrinə, danışmalarına, dinlənilmələrinə, dialoqda olmalarına imkan yaradılmayacaq? Nə vaxtacan ediləcək hansısa səhvlər bəhanə göstəriləcək? Hökuməti başa düşdük, “Azərbaycanlılara özlərini ifadə etmək, seçib seçilmək hüququ vermək olmaz, verilsə, asdasfsvxcv...”- səfsətəsini danışan ağıl dəryaları, gedin arada tarixdən bir-iki təməl kitab oxuyun da. Onda görəcəksiniz ki, başlanğıcda səhvlər çox olur, hər yanda belə olub, kəsə yol yoxdur, bu keçilməli yeganə yoldur, bütün qabaqcıl cəmiyyətlər bu çətin yolu keçiblər, biz də keçməliyik, nəhayət ki, bu yola çıxmalıyıq... 

Müxtəlif bəhanələrlə on illərlə insanların özlərini ifadə etmələrinə yanaşmamaq, başa düşmürsünüz ki, gələcəkdə daha da ağır nəticələrə gətirib çıxara bilər. Anlamırsınız ki, sonra gec ola bilər? Artıq 2020-ci ildir, bu gün də yox, bəs nə vaxt? Artıq parlamentdə “Allahu Əkbər” sədaları da eşidildi... 

İnsanlara ölü münasibəti göstərilməyə davam ediləcəksə, bu münasibətə haqq qazandırılacaqsa, Qarabağın, ümumən ölkənin hansı gələcəyi ola bilər? İnsanları ölü yerinə qoy, sonra da onlarla gələcəkdən danış. Harda görülüb ki, ölülərlə gələcək qurulsun?

Cavid Ramazanov
Azlogos.eu



Kultura.az | Developed by Samir Yahyazade