Azərbaycan adam

Публицистика

            40 dəqiqə olar ki, yol gedirik, amma bir kəlmə də kəsməmişik. İkimizin də diqqəti guya radiodan gələn melodiyada olsa da heç birimiz ona qulaq asmırıq. Hərə öz aləmindədir.Hamı qayğılıdır bu günlərdə. Son zamanlar üzü gülən adamlara da sanki az rast gəlirsən. Əksəriyyət bədbin, hüznlü görünür. Artıq ciddi-ciddi zəhlə tökməyə başlayan sərt karantin həyatı, iqtisadi çətinliklər və qeyri müəyyənliklər fonunda indi də cəbhədən gələn ağrılı xəbərlərin sarsıntısı insanları dondurub sanki. Emosiyalar yoxa çıxıb.

       Həkimliyimiz əməlli başlı işə yarayırmış. Sayəsində hər ikimizin ölkə ərazisində sərbəst hərəkət etmə izni var. Həyat yoldaşımın doğulub boya-başa çatdığı Vəndam kəndində balaca bir evimiz var. Dost, qardaş üzünə hər zaman qapıları taybatay açıqdır. Xüsusilə yay aylarında 3-4 günlük də olsa bir neçə ailə ilə ora yığışırıq. Daha doğrusunu desək, o acgöz çinli yarasanı yeyənə qədər yığışırdıq. O səbəbdən bu yola indiki kimi fikirli, qayğılı çıxmağım yadıma gəlmir. Əksinə, hər zaman  bir sinə dolusu fərahlıqla getmişəm bu yolu. Deyib gülərək, zarafatlaşaraq. Həm də adətən dalbadal düzülən bir neçə maşın karvanı ilə. Bu səfərsə fərqlidir. Yalnız ikimizik. Və heç evimizə də getmirik.

Axır ki, xanımım sükutu pozur.

-Dünən iki nəfər əslən bu zonadan olan tanınan jurnalistlərin sosial şəbəkədə paylaşımlarını oxudum. Polad haqqında. Yazıblar ki, Polad Qəbələmizin fəxridir, Qəbələ bax belə bir oğul yetişdirə bilərdi, filan. Hamıda şərhlərdə tökülüşüb yazıqların üzərinə ki, bəsdirin, bu nə yerlibazlıqdır, niyə Azərbaycanı bölgələrə bölürsünüz. İnsafən bunlar da uzatmadılar ki, söhbət böyüməsin. Yazıq canımız. Heç Şirvan camaatının yerlibazlığı var? Yazıqlar nə yazıblar ki. Yalan yazıblar məgər?

-Əlbəttə yalan yazmayıblar. Bəs sən özün necə düşünürsən? Məsələn sən necə yazardın?

- Bəs sən necə yazardın?

-Həssas mövzudur...Bilmirəm........

Şəhid general Polad Həşimovu həyatda görmək nəsibim olmayıb. Baxmayaraq ki, ailəni tanıyıram, xanımımla qohumluğu da var. Ancaq məhz özünü görməmişdim. Ancaq”  igidin adını eşit” kəlamı gerçək mənasında boyuna biçilən qəhrəmanın sorağını qohumlardan zaman zaman çox dinləmişəm. Xüsusən də peşəkar hərbçiliyi ilə yanaşı geniş qəlbli insan olması barədə eşitmişdim. Bilirdim ki, şəxsi puluna tibb məntəqəsinə dərmanlar alırmış, bilirdim ki, əlinə bel alıb ”Oğul balalar, haydı, gedirik səngər qazmağa” deyərək əsgəri ilə birlikdə səngər qazırmış, odun yarırmış. İndi şəhid General barədə bunları bilməyən yoxdur. Digər hamının eşitdiyi əhvalatları mən də elə indi, hamı ilə bir vaxtda eşitdim. Yeni ata olmuş əsgərinə məzuniyyət verərək, cibinə yol xərci də qoyub yola salmasını, şəhid ailəsinə özünə verilən mənzili bağışlamasını, maşınını satıb ön cəbhədə indi öz adını daşıdığı postu qurmasını, çadırda gecələyən əsgərlərin çətinliklərini görərək onlara qışlaq tikdirməsini, oruc tutan əsgərlərinə sayqıyla davranmasını və bir sıra mərd əməllərini ölümündən sonra bildik. Başqa cür olacağı da mümkün deyilmiş. Doğmaca ailəsi belə bir çox əhvalatı hamı ilə birgə duydu. Çünki pafosdan çox-çox uzaq biri idi səssiz qəhrəman General Həşimov. Əslində o öz işini yerinə yetirirdi və bunun qarşılığını gözləmədən, təmənna güdmədən edirdi. Qəlbində Vətən boyda bir ürək daşıyan bu adam onun hər döyüntüsünü ətrafındakılarla səmimi bölüşə bildiyi üçün də sevilirdi. Polad belə bərkiyirdi. Fərqli adam, fərqli general. İnsanları sarsıdan amil də məhz alışmadığımız bu xüsusiyyətlər, görmədiyimiz bu keyfiyyətlər idi.  Şəhidimizlə bağlı olanlara özümün görə bildiyim rakursdan baxarkən mən bunları gördüm.

Uca boylu ağaclar belə sıx meşənin içində ümumi mənzərəni tamamlayırlar. Çünki məhz ağac olduqlarını unutmadıqları  üçün ətrafdan seçilmirlər.

  Vəndamda generalın  kənd həyəti üçün kiçik sayıla biləcək bir həyəti, xudmanı bir evi var. Suvağı  yeni vurulmuş bu evdə şəhid generala bir gecə də olsun keçirmək qismət olmayıb. Məlumat üçün deyim ki, şəhidin nəşinin Vəndama gətiriləcəyi xəbərini eşidəndə insanlar dörd bir tərəfdən generalın evinə doğru axışaraq onun ziyarətinə gəlməklə sanki mərhuma olan borclarını ödəməyə çalışdılar. Minlərlə insan məhəllənin yerini təxmin edərək bura axışırmış. Gələnlər həyət qapısının önündəki hündür hasarlı yaraşıqlı  tikilinin qarşısında toplaşanda onlara deyiblər ki, şəhid sərkərdənin evi bu deyil, qarşıdakı kiçik həyətdir. Bizim insan buna alışıq deyil. Polad Həşimovsa bizdən biri idi.

Həyətdəki bəyaz  yas mağarı davamlı olaraq gələn insanların şəhid generalı anması üçün qurulsa da ölkə boyu tətbiq edilən karantin tədbirləri səbəbindən, mərhuma xüsusi bir yas mərasimi düzənlənməyib. Mağarda bizimlə birgə 6-7 adam var. Sosial məsafə şərtlərini saxlayaraq əyləşmişik. Məclis sahibi bizi tanış edir. Aprel döyüşlərində birgə döyüşdükləri əslən ağdamlı olan  xüsusi təyinatlı döyüşçü yoldaşları olduqlarını öyrənirəm. Döyüş xatirələrini danışırlar. Zirehli texnikanın önündə gedən tankın minaya düşərək bütün karvanın hərəkətini durdurduğu vaxt qəfildən bir tankın üzəində Həşimovun cinah xəttini yararaq yeni bir yol açmasını, bununla da zirehli texnikanın hərəkətini təmin etdiyini deyirlər.”Polad kimi komandirin bu vaxta qədər sağ qalması özü də təəccüblüdür.Adam nə güllədən qorxurdu, nə mərmidən çəkinirdi. Ətrafımızda dörd yüzdən çox mərmi partlamışdı. Gurultudan döyüşün sonunda başımız əsirdi, amma həvəslə vuruşurduq. Polad oralarda canını qoyub. O döyüşlərdə nələr etdiklərini gözümlə görmüşəm. Karantin səbəbindən insanlar gələ bilmir bura. Yoxsa vallah bütün Qarabağ axışıb gələrdi. Amma bir şey deyim sizə, daha Qəbələni hansısa oliqarxın adı ilə deyil, Polad Həşimovun adı ilə tanıyacaqlar.”

Döyüşçü yoldaşları baş sağlığı verib qalxırlar. Biz isə buradan heç ayrıla bilmirik. Yaşlı bir nəfərin söhbətini dinləyirəm. Qəbələlidir. ”O  vaxt  filankəsin oğlu rəhmətliyin əsgəri idi. Getdik yanına, bizi hörmətlə qarşıladı. Dedik ki, ay komandir, biz yerliyik, bu da filankəsdir, bütün nəsil nəcabətini tanıyırsan. Uşaq da ana quzusudur. Sən Allah kömək elə bunu yuxarıya postlara göndərmə, bir az rahat xidmət edə bilsin. Bizə dedi ki, bu əsgərləri görürsünüz, sizcə onların ata anaları yoxdur, sizin uşaqdan bir əskikliklərini necə, görürsünüz? Mən onu göndərməyim, bunu göndərməyim, bəs  bu torpağı kim qorusun? Elə söhbət dünyasında ola bilməz. Gedin, arxayın olun, burada hamımız bir birimizin dayağıyıq. Burda artıq əskik olan yoxdur. Sonra bir müddətdən sonra yenidən həmin hissəyə getmişdik ki, uşağa baş çəkək. Yay vaxtı idi. Rəhmətlik qısa qol köynəkdə idi. Qolları sıyrıq-sıyrıq olmuşdu. Uşağdan sakitcə soruşdum ki, a bala, bunun qolları niyə belə olub? Elə bil kol-kos didib dağıdıb. Dedi ki, komandir bütün günü bizimlə birlikdə postlarda olur. Hər gün özü də o cığırlarla qalxır o yüksəkliklərə .Murovda tanımadığı cığır yoxdur.”

    Oxşar hadisələri Tovuz-Qazax camaatı da danışırmış. Deyirmişlər ki, buraları bizdən yaxşı tanıyır. Onlar üçün generalın xətir hörməti həmişə əziz olub. Özlərinin dili ilə desək, Polad bizim üçün elədiyini heç Qəbələ üçün eləməyib.

Bax beləcə gələn gedən bir birinin davamını gətirən xatirələrini paylaşır, bir az oturub qalxırlar. Biz də sağollaşıb qalxırıq...

      Maşına oturanda biixtiyar telefonumda olan yeni məlumatlara baxıram. Şəhid general Polad Həşimovun Sumqayıtda oxuduğu məktəb illərindən sinif yoldaşı Vəfa xanım İbrahimin çox kövrək bir yazısı çıxır qarşıma. Yazı sinif yoldaşlarının xatirələrində qalan Polad barədədir. Gözləri gülən oğlan barədə. Onlar üçün Polad əsil Sumqayıt uşağıdır.

        Birdən mərhumun anasının müsahibəsini görürəm. ”Balaca vaxtı ona dovşanım deyirdim. Dovşanım, gəl yeməyini ye, dovşanım gəl dərslərini elə. Bir gün də 9-cu sinifdə oxuyurdu. Gəldi mənə dedi ki, ay ana, daha mənə dovşanım demə də. Uşaqlar gülür axı.” Demək ki, dovşan deyilən zamanı gələndə general da ola bilirmiş. Çox mətləbləri açdı bizə Polad Həşimiv. Çox tabuları sındırdı, çox sümükləşmiş qənaətləri alt-üst etdi. Bizi -dağılmış təsbeh muncuqları kimi səpələnmişləri bir yerə toplamağı bacardı. Təəssüf ki, ölümü ilə.

Xəbər lentini sürətlə keçirəm. Qəfildən gözüm həyat yoldaşımın paylaşımına sataşır.Şəhid general Polad Həşimovun gülümsünən şəklinin altında Nəsiminin

 

 “Səni bu hüsn camal ilə,kamal ilə görüb

Qorxdular həqq deməyə, döndülər insan dedilər” yazdığını görürəm. Üzünə baxıram. Gözlərinin yaşını silə-silə:

-Hə, mən də belə yazdım.-deyir.

Əlini sıxıram.

-Düz yazmısan.

Və birdən anlayıram ki, Poladı konkret hansısa bir bölgəyə aid etməklə onu cılızlaşdırmış olarıq. Bir şəxsi yalnız bir bölgənin camaatı özünküləşdirərək öyünürsə əslində sanki ona sahib çıxan yoxmuş kimi, yalnız onun kimlərəsə aid olduğunu vurğulamış kimi davranırlar. Bu həm o şəxsi cılızlaşdırır, həm unutdurur. Bunun misalını dəfələrlə görmüşəm. İnanın ki, bəzən insanlar o bütləşdirilmiş şəxsdən bezirlər də. Polad isə bambaşqadır. Şəhid general ölümünə belə qibtə etdiyimiz qəhrəmandır. Bu gün hər kəs onunla hansısa bir yerdən qohum, tanış, dost, yoldaş olduğu barədə yazır. Sanki hər kəs ordan nəsibini almaq istəyir. Vəndamda doğulub, Sumqayıtda böyüyüb, Qarabağda, Daşkəsəndə, Tovuzda, Qazaxda və ölkənin hər yerində sevilərək anılan biri  demək ki, hamımızındır. Polad hamıdan biridi, həm də elə hamıdır. Çünki təpədən dırnağa qədər doğmadır. Polad Azərbaycanın özünə çevrilib.

....Görüşənədək,Azərbaycan adam.

Rüfət Hüseynli

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade

Whoops, looks like something went wrong.