Seymur Baycan: Gizli nişan mərasimi

Сеймур БАЙДЖАН

“Əsrlər arasında olan fərq xalqlar arasında da mövcuddur.”
Prosper Merime
Bu gun səhər yeməyindən sonra ilk baxışdan bir çoxlarına yəqin ki, adidən də adi təsir bağışlayan, bir çoxlarına adidən də adi görünən, məzmunu heç nə deməyən, bir çoxlarının rahatlıqla üstündən keçə biləcəyi, hətta görməyəcəyi, amma mənə görə olduqca maraqlı, tərkibində, daxilində həm də azərbaycansayağı xeyli həqiqətlər daşıyan xəbər oxudum. Xəbərin məzmunu bundan ibarət idi, deməli, N. şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində gizli nişan mərasimi keçirilməsi barədə ərazi üzrə polis bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək gizli nişan mərasimini dayandırıblar, mərasim iştirakçılarını saxlayaraq ərazi üzrə polis bölməsinə gətiriblər.
Gizli nişan mərasimi keçirən şəxslər, məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşları gizli nişan mərasimi keçirən şəxslərlə profilaktiki söhbət apararaq, onlara karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə ediblər və üstəlik bildiriblər ki, bütün bu tələblər, tədbirlər, tövsiyələr, söhbətlər hər şeydən əvvəl vətəndaşların sağlamlığının qorunması üçündür.
İndi xeyli vətəndaşlarımız çox güman belə düşünəcəklər: hə, nə olub, nə var bu xəbərdə, niyə yenə qaşınmayan yerdən qan çıxarmağa çalışırsan. Fövqəladə, əlahiddə heç nə baş verməyib. Adi hadisədir. Adamlar mövcud vəziyyəti nəzərə alaraq gizli nişan mərasimi keçirmək istəyiblər, polis bundan xəbər tutub, gəlib mərasimi dayandırıblar, mərasim iştirakçılarını bölməyə aparıb cərimə yazıblar. Nişanlanmaq, barmağında nişan üzüyü gəzdirmək hamının haqqıdır. Hər bir valideyn övladının nişanlanmasını arzu edir, hər bir valideyn övladının nişanlanmasını görmək istəyir-zad…
Əlbəttə, bütün bunlar hardasa haqlı iradlar kimi görünə bilər. Amma əfsuslar olsun, məsələ o qədər də sadə deyil. Mənim diqqətimi səhər yeməyindən sonra oxuduğum xəbərdə daha çox “gizli nişan mərasimi” sözləri çəkdi. Bu sözləri oxuyanda babat kef elədim. Yalan olmasın, azı yarım saat öz-özümə gülmüşəm. “Gizli nişan mərasimi” sözləri mənə o qədər ləzzət elədi ki, durduğum yerdə təzədən acdım və yenidən süfrə açmağa, ikinci dəfə səhər yeməyi yeməyə məcbur oldum.
Əvvəla, ona görə ki, həyat (sağ olsun) gözlənilməz detallarla yenə də adamı azdan-çoxdan təəccübləndirməyi bacarır. Sənə elə gəlir ki, həyatla bağlı hər şey aydındır, artıq görəcəyin təzə heç nə qalmayıb, bundan sonra nə görsən, hansı hissi keçirsən, yenə də aşağı-yuxarı təkrarçılıq olacaq. Həyatın ümumi, standart, nimdaş, bayağı süjeti sənə çoxdan bəllidir. Doğuluruq, sevilirik, sevilmirik, görüşürük, ayrılırıq, xoşbəxt, bədbəxt olub, sonra da ölürük. Bu ümumi süjetə bir az məna qatan dövrümüzün bəxş etdiyi, sırf bizə, dövrün övladlarına aid olan spesifik detallardır. Məhz bu spesifik hallar, detallar ədəbiyyata, kinoya, incəsənətin digər sahələrinə dayanmadan mövzu verir. Yoxsa yalnız həyatın ümumi süjetinə istinad etsəydi, yalnız həyatın ümumi süjetindən qidalansaydı, sənət çoxdan quruyardı, ən yaxşı halda dəhşətli dərəcədə maraqsızlaşardı. Kim, hansı sənətkar həyatın ümumi süjetinin içində dövrün bəxş etdiyi detalları gözəl işləyirsə, hansı sənətkar dövrün bəxş etdiyi detalları həyatın ümumi süjetinin içində ön plana çıxarmağı bacarırsa, o da şəksiz qazanır. Məhz bu mənada “şeytan detallarda gizlənib” sözləri əbəs yerə deyilməyib.
Cəmisi bircə il bundan əvvəl adamların gizli nişan mərasimi keçirməsi, gizli nişan mərasimi keçirənlərin saxlanılması, polis bölməsinə aparılması, cərimə olunması heç kimin, təxəyyülü aşıb-daşan adamın belə ağlına gəlməzdi. Məsələn, bir yazıçı cəmisi bir il əvvəl bu məzmunda bir hekayə yazsaydı, bu hekayə çox absurd görünərdi, bir az da oxuculara şit təsir bağışlayardı. Amma budur, adamlar doğrudan da gizli nişan mərasimi keçirirlər, mərasim yarımçıq saxlanılır, yemək-içmək, xonçalar adamda şirin, zərərsiz kədər oyadaraq ortada qalır (şəkillərdə gördüm), üstəlik mərasim iştirakçılarını polis bölməsinə aparıb cərimə də edirlər.
Cəmisi bir il bundan əvvəl nişan mərasimi olsa-olsa ancaq bu halda gizli keçirilə bilərdi: Oğlan qızı, qız da oğlanı sevir, lakin valideynlər onların qovuşmasının hər hansı səbəbə görəsə əleyhinədirlər, ona görə də gənclər gizlində özləri üçün nişanlanmaq, rəsmi formada əhd-peyman bağlamaq qərarına gəlirlər. Bu formada gizli nişan mərasimi keçirməyin özü belə Azərbaycan reallığında o qədər də asan məsələ deyil. İndiki, hal-hazırkı vəziyyət isə tamam başqadır. Valideynlər gənclərin nişanlanmağını şiddətlə arzulayırlar, amma virus, epidemiya, karantin, qadağalar açıq şəkildə nişan mərasimi keçirməyə icazə vermir. Bu məsələnin sənət-mənət tərəfidir.
İndi keçək məsələnin digər, daha əhəmiyyətli, daha praktik, əllə tutulan, gözlə görülən tərəfinə. Sual oluna bilər, axı bu vurhavurda, qorxu-hürkü altında gizli nişan mərasimi keçirməyin mənası nədir? Bu nə zülmdür? Niyə bu adamlar səbir edə bilmirlər? Bu nişan mərasimini üç aydan, beş aydan, lap bir ildən sonra keçirmək olmazmı? Adamda belə bir təəssürat yaranır kı, sanki dünyanın taleyi bu nişan mərasiminin keçirilməsindən asılıdır və bu nişan mərasimi keçirilməsə dünya dağılacaq, yerin üstü altına çevriləcək, daşı daş üstə qalmayacaq, hər şey, bütün gözə görünən nə varsa külə dönüb göyə sovrulacaq…
Yadıma təxminən yeddi-səkkiz il əvvəl baş vermiş, həcmcə kiçik, məzmunca böyük bir hadisə düşür. Küçədə gəzirdim. Yanımdan üç-dörd qız keçdi. Düz yanımdan keçdikdə qızlardan biri o birilərinə həyacanla bütün bədənini əsdirə-əsdirə, yanğı ilə dedi: “Toy istəyirəm e, toy toy toy… toy istəyirəm…” O qız doğrudan da şiddətlə toy istəyirdi. ALLAH haqqı o qızın toy istədiyi şiddətlə mən dünya əhəmiyyətli hansısa prestijli ədəbiyyat mükafatını almaq istəsəydim, çoxdan buna nail olardım. Həyatımda kiminsə nəyisə o dərəcədə şiddətlə istəməsini çox nadir hallarda görmüşəm.
Məsələ ondadır ki, toy və yas mərasimləri azərbaycanlıların həyatının yeganə mənasıdır. Bu adamlar kitab oxumurlar, kitab, bir balaca ciddi yazı görəndə elə bil qutuda ilan görürlər, hər cür zir-zibilə, hər cür mənasız şeylərə asanlıqla pul xərclədikləri halda on manat verib kitab almağa, bir mədəni-sosial layihəyə ianə verməyə canları çıxar; kitab almamaq, oxumamaq üçün min bir bəhanə uydururlar, ciddi kinolara baxmırlar, hobbiləri, danışmağa, söhbət eləməyə ictimai-siyasi-mədəni məzmunlu mövzuları yoxdu, siyasətlə, mədəniyyətlə, incəsənətlə maraqlanmırlar, puldan savayı heç nəyə inanmırlar, nəticədə bu “ölü canlar”ın arasında lağlağı, vecsizlik, avaraçılıq, savadsızlıq, zırramalıq, cəhalət, nadanlıq tuğyan edir, meydan sulayır.
Ümümiyyətlə bu tayfa, tabor, qəbilə yığnağının mövcudluğu dünyanın, həyatın ictimai əxlaqına kökündən ziddir. Azərbaycanlıların toyların çoxluğundan şikayətlənməsi xalis riyakarlıqdan başqa bir şey deyil. Onlar toyda balığın suda özünü rahat hiss etməsindən beş qat artıq rahatlıq hiss edirlər. Onlar toyda yeyirlər, içirlər, oynayırlar, paltarlarını, pullarını, qızıllarını, maşınlarını göstərirlər, subay oğlanlara qız seçirlər, dalaşırlar, kəllə, təpik atırlar, bıçaqlaşırlar, tər, qan tökürlər, yüz hoqqadan çıxırlar, uşaqların əyninə iyrənc kostyumlar, paltarlar geyindirib onları “gələcək həyata” hazırlayırlar, xeyli müddət müzakirə etmək üçün mövzular toplayırlar, bir sözlə, özlərini tam şəkildə bir çox cəhətlərdən ifadə edirlər. Ən əsası, onlar toyda ölmədiklərini, yaşadıqlarını əbəs yerə bir-birlərinə sübut eləməyə çalışırlar. Razılaşaq ki, bütün bu əməllərin bir məkanda, musiqinin, rəqsin müşayiəti ilə həyata keçirilməsi çox heyrətamiz haldır. Bu mənada şadlıq evi azərbaycanlılar üçün təkcə şadlıq evi deyil, musiqinin, rəqsin müşayiəti ilə müxtəlif ayinlərin həyata keçirildiyi müqəddəs məkan, qızıl məbəddir.
İndi bu virus, epidemiya, karantin dövründə azərbaycanlılar həyatlarının yeganə mənasından, toy və yas mərasimlərindən məhrum olublar, həyatlarının yeganə mənasını itiriblər. Məhz bu səbəbdən evdə oturmaq onlar üçün dəhşətli dərəcədə çətindir. Karantin rejimi, toy, yas mərasimləri qadağası bir az da davam etsə, hakimiyyət üçün çox ciddi problemlər yaranacaq. Bakı küçələrinə adamları Azərbaycan-Ermənistan sərhədi ətrafında baş verən hadisələr, ordudakı itkilər, torpaq azad etmək, müharibəyə başlamaq, səfərbərlik arzusu çıxarmamışdı. Adamlar ona görə küçələrə tökülüşmüşdülər ki, toydan ötrü darıxırlar, oynamaq, paltarlarını göstərmək, dava salmaq, kəllə-təpik atmaq, bıçaqlaşmaq, uşaqlara iyrənc paltarlar, kostyumlar geyindirib onları “gələcək həyata” hazırlamaq istəyirlər. Təsəvvür edin, görün nə qədər müddətdir uşaqlar toy üzü görmür. Bəs bu uşaqlar azərbaycanlı olmağı, azərbaycanlı kimi yaşamağı harda öyrənəcəklər, gələcəkdə Azərbaycanda necə yaşayacaqlar, gələcəkdə Azərbaycandan necə baş çıxaracaqlar?
Məktəblər bağlanıb, cəhənnəmə bağlansın. Elə bağlansın ki, heç bir də qapıları açılmasın. Əsas şadlıq evləridir. Şadlıq evlərinin qapılarını açın, qoy insanlar rahatlıq tapsınlar, özlərini ifadə etsinlər. Bakı küçələrinə tökülüşmüş adamlar “Qarabağ bizimdir, bizim olacaq”, “Ali baş komandan, silah ver bizə”, “Rus, fars, erməni, bunlar türkün düşməni”, “Nəcməddin, istefa” kimi şüarlar səsləndirəndə, əslində “biz toy, nişan, xınayaxdı tələb edirik” demək istəyirdilər. Qarabağ mövzusu ətrafında səsləndirilən şüarlar sadəcə şəffaf şirma idi. Yəni bunu başa düşmək bu qədər çətindir?
Köhnə nəslin yaxşı yadında olar, səksəninci illərin sonlarında adamlar təzə-təzə meydanlara çıxanda əllərində Leninin, Marksın, Engelsin, sovet rəhbərlərinin portretləri ilə çıxırdılar. Sonra val birdən-birə dəyişdi, aləm qarışdı. Əllərində Leninin, Marksın, Engelsin, sovet rəhbərlərinin portretini tutaraq meydanlara çıxan adamlar sovet hökumətini dağıtdılar. Ən azı sovet hökumətinin dağılma prosesini xeyli sürətləndirdilər. Yəni, sözümün canı ondan ibarətdir ki, tarixdə prosesin əvvəlində bir şüarı səsləndirib, ürəkdə tamam başqa şeyi istəmək, bir şüarı səsləndirib, tamam başqa arzularda olmaq nümunələri kifayət qədərdir.
Hakimiyyət təcili olaraq hansısa bir formada toy və yas mərasimlərinin keçirilməsinə icazə verməli, bu məsələyə bir əncam çəkməlidir. Görün vəziyyət hansı həddə çatıb ki, adamlar gizli şəkildə nişan mərasimi keçirirlər. İlin-günün bu vaxtında cərimə olunmaqlarını da veclərinə almırlar. Polis bölməsinə aparılaraq cərimə, tənbeh olunan, danlanan, divara söykənmiş, ya da söykədilmiş adamların şəkillərinə diqqətlə baxdım. Onlar heç də cərimə olunan, qayda-qanunu pozduğunu dərk edən, peşmançılıq hissi keçirən adamlara oxşamırdılar. Tam tərsinə, çox vüqarla, əzmlə dayanmışdılar, xeyli də nikbin görünürdülər. Deməli, cərimə, polisin tənbehi, tövsiyələri bu adamlara bir qram da təsir etməyib. Bu adamlar kamera qarşısında elə əzmlə, elə vüqarla, elə nikbincəsinə dayanmışdılar ki, sanki həyatlarını təhlükə altında qoyaraq ölkə, vətən, xalq, ümumən insanlıq, bəşəriyyət naminə əhəmiyyətli bir əməliyyatı gizli şəkildə yerinə yetiriblər və həyatlarını təhlükə altına ataraq ölkə, vətən, xalq, ümumən insanlıq, bəşəriyyət naminə gizli şəkildə əməliyyat keçirdiklərinə görə belə əzmlə, vüqarla, alnıaçıq formada, nikbinliklə kamera qarşısında dayanmağa tam mənəvi haqları çatır.
Nişan mərasimini gizli keçirən bu adamlara güc verən həqiqətin, ideyanın adı nədir? Onlar bu gücü hansı mənbədən alırlar, hardan qidalanırlar? O adamların şəkillərinə baxanda yadıma vətəndaş müharibəsindən bəhs edən sovet filmlərində kommunistlərin, matrosların, qızıl əsgərlərin, fəhlələrin ağqvardiyaçılar tərəfindən güllələnməsi səhnələri düşdü. Həmin güllələnmə səhnələrində də kommunistlər, matroslar, qızıl əsgərlər, fəhlələr bizim bu nişan mərasimini gizli şəkildə həyata keçirən adamlar kimi ölümün gözünün içinə dik baxırdılar, heç nəyi veclərinə almırdılar. Düzdür, aralarında bəzən bir az, cıqqılıca qorxanlar olurdu, amma daha təcrübəlilər, bərkdən-boşdan çıxmışlar, dəfələrlə ölümlə üz-üzə gələnlər, onları sakitləşdirirdilər, başa salırdılar ki, elə bir qorxulu şey yoxdur, hər şey bir anda baş verir, əsas odur biz gələcək nəsillərin xoşbəxt yaşaması üçün mübarizə aparırıq, özümüzü gələcək nəsillərin xoşbəxt yaşaması üçün qurban veririk, bu müqəddəs davadır, alnımız açıqdır, hər kəsə belə ölüm qismət olmur, diz üstə sürünməkdənsə, ayaq üstə ölmək yaxşıdır…
Yəni deməyim odur ki, gizli şəkildə nişan mərasimi keçirən, cərimələnən, danlanan, tənbeh olunan adamlar baxdığım şəkillərdə bu dərəcədə idealist, iradəli görünürdülər. Belə başa düşürəm ki, karantin rejimi, toy, yas mərasimlərinin qadağan olunması davam etsə gizli şəkildə keçirilən nişan, toy mərasimləri geniş hal alacaq. Bu isə öz növbəsində kütləvi vətəndaş itaətsizliyinə şərait yaradacaq. Ona görə də yuxarıda yazdığım təklifi bir daha təkrarlamaq məcburiyyətindəyəm.
Hökumət hansısa bir formada toy, nişan, xınayaxdı, yas mərasimlərinin keçirilməsinə icazə verməlidir. Əks halda həyatlarının yeganə mənasını itirmiş qəzəbli azərbaycanlıların ipini-sapını yığmaq çox müşkül məsələ olacaq.

Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade