SSRİ-də Nizami Gəncəvinin tədqiqat tarixindən: ildönümü ətrafında – E.E. Bertels, J.V. Stalin və başqaları

Литература

Aleksandr Otaroviç Tamazşvilli (Alexander Otarovich Tamazshvilli) Sankt-Peterburqdakı Rusiya Oriental Tədqiqatlar İnstitutunda çalışıb. O, Nizaminin, Azərbaycanın milli kimlik atributu kimi SSRİ miqyasında, siyasiləşdirilməsi və 800 illik yubleyi ilə bağlı iki ciddi məqalə müəllifidir. Həmin məqalələrdən biri “SSRİ-də Nizami Gəncəvinin tədqiqat tarixindən: ildönümü ətrafında – E.E. Bertels, J.V. Stalin və başqaları” adlanır. Aşağıdakı yazı həmin məqalənin ingilis dilindən tərcümə edilmiş variantıdır.

1940-cı ilin payızında Sovetlər Birliyində keçiriləcək ən əlamətdar və diqqətəlayiq mədəni və ictimai-siyasi hadisələrdən biri mütəfəkkir və şair Nizami Gəncəvinin 800 illik yubleyi olmalı idi. Lakin qeydetmələr müharibə səbəbindən altı il, 1947-ci ilin payızına qədər yubandı.

Bir çox elm adamının  – şərqşünaslar, ədəbiyyatçılar və siyasətçilərin – iştirak etdiyi  bu uzun yubiley kampaniyası (1937-ci ildən 1947-ci ilədək) yaxşı nəticələr verdi. Kampaniyanın fəal iştirakçısı E.E. Bertels, 1930 ilə 1940-cı illərin kəsişməsində, “Nizaminin xalis elmi tədqiqi yalnız bizim zəmanəmizdə aparıla bilər” – demişdi.

O özü belə bir nəticəyə gəlmişdi ki, “hələ iyirmi il əvvəl Nizami ilə bağlı olan bütün rus dilli ədəbiyyat əsasən biblioqrafik xarakterli az sayda məqaləyə əsaslanırdı. Vətənimizin hər güşəsində böyük azərbaycanlı mütəfəkkir və şairin 800 illik yubileyinin keçirilməsi bu vəziyyəti fundamental şəkildə dəyişdirdi”.

Bizim yerli akademik tədqiqatımız üçün bu kampaniyanın əsas, inqilabi nəticəsi o oldu ki, Nizamini Azərbaycan şairi və onun əsərlərini Azərbaycan ədəbiyyatının nailiyyətləri kimi görməyə başladı, halbuki dünya Oriental Tədqiqatlar sahəsində (və bundan öncə Sovetlər Birliyində də) Nizami fars ədəbiyyatının təmsilçisi hesab edilirdi…

Sovet Nizami tədqiqatlarının siyasi məzmunundan, E.E. Bertelsin bioqrafları da daxil olmaqla, akademik tədqiqatla məşğul olan yerli tarixçilər yan keçiblər. Üstəlik, Nizaminin milli mənsubiyyəti və onun əsərləri məsələsi elmi aspektlərdən əlavə, aydın siyasi aspektə malik idi; və bu məsələyə dair elmi əsaslı cavab Azərbaycan SSR-in yaradılmasına əsaslanan mühüm siyasi məzmun deməkdir. (Təbii ki, yeni və suveren bir dövlət üçün tarixində belə böyük bir şəxsiyyətin olması şərəfli və qürurvericidir). Buna görə də Nizaminin 800 illik yubiley kampaniyasının əvvəlindən sonuna qədər elm və siyasət bir-birini dəstəkləyərək və istiqamətləndirərək əl-ələ getdi; lakin görünür ki, siyasət daha əhəmiyyətli rol oynadı. Bu, bir sıra obyektiv və subyektiv səbəblərlə şərtlənirdi.

Nizami akademik tədqiqat üçün səmərəsi aşkar olan bir yubileyə istənilən halda layiq idi. Bunun üçün president də vardı –1934-cü ildə SSRİ miqyasında klassik fars şairi Firdovsinin 1000 illik yubleyi keçirilmişdi. Bununla belə, Nizamini eyni məziyyətlərlə təqdim edərək yubiley keçirmək obyektiv olaraq məqsədəuyğun olmazdı.

1930-cu illərin ikinci yarısı milli ədəbi ildönümlər dövrünə çevrildi. 1937-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” adlı poemasının 750 illiyi, 1938-ci ildə “İqorun yürüyüşü haqqında nağıl”ın 750 illiyi, 1939-cu ildə erməni dastanı “Sasunlu David”in 1000 illiyi keçirildi.

Bu ildönümlər Azərbaycan SSR-də də qeyd edilirdi. Əgər Azərbaycan həm xronoloji, həm də mədəni perspektivdən bənzər bir yubiley təklif etməsəydi, bu, farslar, gürcülər və ermənilərlə müqayisədə azərbaycanlıların və onların milli mədəniyyətinin geriliyi barədə tarixən rəsmiləşmiş inanclar nəfinə arqument olardı. Bunu, yubiley kampaniyası ərzində Nizami və onun əsərlərinə isnadlar və12-ci əsrdə Azərbaycanın inkişaf səviyyəsinə dair mübahisələr də təsdiqləyirdi.

Həmin dövrdə “Bakı fəhləsi” qəzetində çıxan “Yoldaş Stalinə” başlıqlı bir yazıda belə qeyd edilirdi: “Nizaminin anadan olmasının 800 illik yubileyini qeyd etmək xalqımızın mədəni quruculuq sahəsində böyük nailiyyətidir”.

Orta əsr Azərbaycan şairinin səs-küylü yubleyi mövcud vəziyyətdə Sovet höküməti və ÜİKP (Ümumittifaq Kommunist (bolşevik) Partiyası) tərəfindən həyata keçirilən Cənubi Qafqazda beynəlxalq münasibətləri ahənglaşdırmaq siyasətinin mənafeləri üçün də həyati əhəmiyyətli idi.

Həmin illərdə Azərbaycan SSR K(b)P MK-nın (Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi) birinci katibi M. Bağırovun çox güclü anti-İran hissləri vardı və şübhəsiz ki, o, vətənpərvər bir adamdı... Bunu demək kifayətdir ki, Azərbaycan SSR K(b)P-nın 14-cü qurultayı tərəfindən Bağırovun çıxışına əsasən qəbul edilmiş qərarda “Azərbaycan dilinin ərəbizm, farsizm və osmanlı sözlərindən təmizlənərək tədrisində əsaslı təkmilləşdirmələr” tələb edilirdi.

Bağırov Qafqaz və Cənubi Qafqaz xalqlarının tarix və mədəniyyətinin öyrənilməsini diqqətlə izləməyə çalışır, yanlış və ideoloji cəhətdən səhv inanca əsaslanan hesab etdiyi vəziyyətlərə qarşı fəal şəkildə mübarizə aparırdı. Belə vəziyyətlərdən biri də, əlbəttə, Nizaminin fars şairi olduğu bəyanı idi. Məhz Bağırovun səyinin nəticəsi idi ki, Nizaminin yubileyi çox uğurlu keçdi.

Qəbul edilməlidir ki, Azərbaycan üçün ədəbi yubiley məsələsi meydana çıxdıqda Bağırov çətin vəziyyətdə qaldı. 1930-cu illərdə qaldırılan Nizami məsələsi sadəcə Respublika ilə əlaqədar yaxud Respublika səviyyəsində bir məsələ deyildi. Bu barədə qərar vermək Azərbaycan SSRİ rəhbərliyinin səlahiyyətindən kənar idi. Nizaminin miliyyəti və əsərlərinin Azərbaycanın maraqları baxımından yenidən nəzərdən keçirilməsi cəhdinə rəsmi Moskva millətçilik meyillərinin nümayişi – Azərbaycan xalqının keçmişini “daha da yaxşılaşdırmaq”, Respublikanın nüfuzunu gücləndirmək təşəbbüsü kimi baxa bilərdi. SSRİ siyasi rəhbərliyinin millətçilik, eləcə də millətçiliyin əlamətləri ilə necə qəti və sərt şəkildə mübarizə apardığı çox yaxşı məlum idi.

Alimlərdən, əsasən də Sovet ədəbi Orientalizm tendensiyasını yaradan Leninqrad mütəxəssislərindən etirazlar gözlənilən idi. Buna baxmayaraq, baş tutdu; Nizaminin Azərbaycan şairi kimi “transferi” çox yaxşı düşünülmüş şəkildə, sürətli, israrlı, lazımi qaydada və hər şeydən öncə zərif bir tərzdə həyata keçirildi. Lakin hər şey skandalla başladı.

1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti Ongünlüyünün keçirilməsi planlaşdırılırdı. Respublika qərar vermişdi ki, bu məqsədlə rus dilində “Azərbaycan poeziyasının antologiyası” hazırlansın. “Ən böyük sənətkarlar –Azərbaycan poeziyasının yaradıcıları”nı təqdim etməyi nəzərdə tutan antologiyanın ilk versiyasına Nizami poeziyasının daxil edilməsi nəzərdə tutulmamışdı. Söhbət 1937-ci ilin may ayından gedir.

Lakin 1 avqust tarixində mətbuat xəbər verdi ki, Antologiya üçün şeirlərin tərcüməsi üzrə iki illik iş başa çatıb və rus oxucusu Nizaminin monumental poeziyası ilə tanış ola bilər. “Müəyyən məqamda xalq düşmənlərinin çirkli əlləri Antologiyaya müdaxilə etdi ... Onlar daha cılız və qüsurlu Antologiya üçün əllərindən gələn hər şeyi etdilər” – “Bakı fəhləsi” qəzeti bildirirdi.

Bununla belə, Nizami poeziyasının Antologiyaya daxil edilməsi qərarının tamamilə siyasi məzmunda olduğunu iddia etmək üçün əldə kifayət qədər əsas yoxdur. Bu qərarın arqumenti Sovet Şərqşünası Yu.N.Marrın Nizami haqqında mülahizəsi ola bilərdi. Marr əsərlərinin birində qeyd edir ki, elə ki Rustaveli, Xəqani və Nizamini və onların dövrlərini tədqiq etməyə başladı, “dövr və müəlliflərin rüsvayçı şəkildə gözardı edilmiş vəziyyətdə” olduğuna dərhal əmin oldu. 1929-cu ildə Marr iddia edirdi ki, Nizami Qafqaz üçün, xüsusən də ədəbiyyatında fars ənənəsini son vaxtlara qədər saxlayan etnik qrup, gəncəli şairin İrandan daha çox hörmət edildiyi Azərbaycan üçün özünəməxsusdur.

Əlbəttə, Marrın “Azərbaycan üçün özünəməxsusluq” qeydini “azərbaycanlı” ilə eyniləşdirmək olmaz, lakin 1937-ci ilin ortalarında iki il əvvəl ölmüş Maar öz tədqiqatı ilə Nizaminin Azərbaycan şairi olduğu mülahizəsini dəstəkləyən yeganə sovet orientalisti idi. Uğurun bütövlükdə onların leyhinə olduğu qeyd edilməlidir, xüsusilə ona görə ki, Nizamidən danışan Yuriy Marr idi. Ölkənin siyasi rəhbərliyinin gözündə onun akademik etibarı müəyyən şəkildə atasının,  N.Ya. Marrın reputasiyası ilə əlaqəli olmalı idi. Həmin illərdə N.Ya. Marrın adı həm Sovet akademik tədqiqatında, həm də Partiya dairələrində çox möhtəbər idi. Atanın məşhurluğunun ziyası oğulun da üstünə düşmüşdü.

N.Ya.Marrın adını Azərbaycanda Nizami tədqiqatlarına bağlamaq üçün çətinlik çəkilmədi; “Nizaminin elmi anlayışının təftişində xüsusi haqq Azərbaycan alimlərinə, akademik N.Ya. Marr, professor Yu.N. Marr və başqalarına məxsusdur. Onlar azərbaycanlı şairin obrazını təhrif edən Burjuaziya Oriental Tədqiqatın nəzərdən keçirilmə haqqını öz əllərində saxlayırdılar...” (M.Rəfili, “Nizami Gəncəvi və onun yaradıcılığı”, Bakı, 1947).

Marra bu istinad daha çox siyasi səbəblərdən ortaya çıxdı, çünki o, Nizaminin Azərbaycan şairi olduğunu birbaşa bəyan etməmişdi.

SSRİ Elmlər Akademiyasının Azərbaycan şöbəsinin Tarix, Dil və Ədəbiyyat İnstitutu 1937-ci ildən etibarən arxayınlıqla Azərbaycan ədəbiyyatının böyük klassiki kimi anılan Nizami Gəncəvinin əsərlərinin tədqiqi və hazırlanmasına dair işlərə başladı.

1937-ci ilin ikinci yarısında Azərbaycanda nəşr olunan materiallarda Nizami xatırlanakən, onun adı və əsərləri adətən Şota Rustavelinin adı və əsərlərinə sıx şəkildə bağlanırdı. Azərbaycanlı ədəbiyyatçının “Pələng dərisi geymiş pəhləvan” poemasının 750 illik yubileyi münasibətiylə Bakı Bələdiyyə Sovetinin İşçi Deputatlarının təntənəli plenumunda etdiyi çıxış buna yaxşı nümunədir; “Yoldaş Mirzə İbrahimov Rustaveli dövründə yaşayıb-yaratmış,  Şota tərəfindən dahiliklə tərənnüm edilmiş eyni yüksək ideal və istəklər uğrunda mübarizə aparmış və yalnız Stalin dövründə başa düşülmüş Azərbaycan ədəbiyyatı klassiklərini – Nizami və Xaqani – xatırlamışdır”.  (“Bakı fəhləsi”, 31.12.1937, №304).

Burada Rustaveli adı Nizaminin əsərləri və ideyalarının Stalin dövrünün ideyaları ilə daha eyhamlı formada ahənginə və dolayısı ilə Stalinin bəzi şəxsi fikirləriylə ahənginə dair fundamental fikir verməyə yardım edirdi. Nizami məsələsinə dair Azərbaycanın qərarı üçün Moskvanın dəstəyi son dərəcə vacib idi.

1938-ci ildən sonrakı il SSRİ-də Nizami “laqeydliyi”nə birdəfəlik son qoyulduğu ildir. Azərbaycan İncəsənəti Ongünlüyü 1938-ci ilin 5-15 aprel tarixlərində Moskvada müvəffəqiyyətlə baş tutdu. Bakıda “Azərnəşr” Nizami Gəncəvinin Konstantin Simonov tərəfindən tərcümə edilmiş şeirləri olan “Azərbaycan poeziya antologiyası”nın 700 xatirə nüsxəsini çap etdi. Antologiyanın redaktoru yalnız bir nəfər  – V. Luqovskiy idi. Digər iki nəfərin – Səməd Vurğun və Ş.Şamilov – 1937-ci ildə işə yaramadıqları üçün çıxarıldığı nəticəsinə gəlmək məntiqlidir, lakin fərz edilir ki, səbəb yalnız bu deyildi. Bəzi mənbələrə görə Antologiyanın ikinci redaktoru da var idi; artıq Azərbaycan SSR Xalq Komitəsi (Nazirliyi) yanında İncəsənət Məsələləri Şöbəsinin rəhbəri olan Mirzə İbrahimov. Lakin onun adı da kitaba daxil edilməmişdi. Yüksək rütbəli rəsmilərin adının Antologiya redaktorları siyahısında olmamasının səbəbi, ehtimal ki, işin sadəcə Azərbaycan və Rusiyanın yaradıcı intelligensiyasının təşəbbüs və əməyinin nəticəsi hesab edilməsi idi. Bundan əlavə, yalnız qeyri-azərbaycanlı şairlər tərəfindən (yalnız səthi) görülən işləri Nizamiyə millətçi yanaşma hesab etmək daha çətin idi. Antologiyanın anonim önsözündə deyilirdi ki, “12-ci əsrin azərbaycanlı şairləri arasında Nizami çox yüksək qiymətləndirilir” , lakin bu iddia nəyləsə dəstəklənmirdi.

Bu Antologiyanın nəşri Nizaminin vəziyyətinə dair qərar vermək üçün məkrli taktiki hərəkət idi. Şübhəsiz ki, bu kitab SSRİ hökumət üzvlərinə və Azərbaycan İncəsənəti Ongünlüyünə canlı maraq göstərən AK(b)P rəhbərliyinə təqdim edilmişdi. Onların arasında Stalin də vardı.

Əgər “Azərbaycan şeir antologiyası”nın məzmununda hansısa bir məqam (məsələn, Nizaminin milli mənsubiyyətinə dair iddia) etiraz və siyasiləşdirilmiş tənqidə səbəb olardısa, xətalı kitabın nəşrinin günahı Azərbaycan SSRİ rəhbərliyində qalacaqdı; ancaq onların Nizami haqqında fikirlərinin kitabda əks olunduğuna dair hansısa sübut yox idi... Bununla belə, bəlli oldu ki, Antologiyanın məzmununa dair hansısa sual və ya etiraz yoxdur.

İstənilən halda “Azərbaycan şeir antologiyası”nın ilk nəşri qəribə tale yaşadı. Ədəbiyyat adamları və alimlərin Antologiyadan praktik olaraq xəbərdar olmaması mümkün deyildi; lakin bəzi səbəblərdən dolayı insanlar bu barədə çox danışmadılar. Kitabda önsözün bir hissəsi olan “Nizami Gəncəvi” adlı qısa esse Rüstəm Əliyevin “Nizami: Qısa Biblioqrafik Arayış” (Bakı, 1982) adlı əsərində də qeyd edilmir.

Ongünlüyün ilk günü Pravda qəzetində “Azərbaycan xalqının incəsənəti” adlı baş məqalə dərc olundu. Məqalədə yazılırdı: “Hələ feodal qanunsuzluğu dövründə Azərbaycan xalqı ən böyük sənətkarlara həyat verdi. Nizami, Xəqani, bağdadlı Füzulinin adları fars şairləri Sədi və Hafiz ilə eyni səviyyədə dayanır. Nizami, Xaqani və Füzuli öz xalqının alovlu vətənpərvərləri idilər və yalnız təzyiq altında yadellilərə xidmət göstəriblər”.

Məqalənin mənasının Nizaminin Azərbaycana “geri qaytarılması” üçün şişirdilməsi çox çətindir. Bu, Azərbaycan SSR-in Nizami barədə verdiyi qərarla rəsmi Moskvanın razılaşdığını sübut edirdi.

Ertəsi gün, 6 aprel 1938-ci ildə “Bakı Fəhləsi” Pravdanın məqaləsini təkrarən dərc etdi (bununla onun mənasını respublika üçün gücləndirirdi). Bu andan etibarən rəsmi Bakı hər dəfə təşəbbüsü Moskvaya ötürdüyünü nümayiş etdirəcək və Nizaminin 800 illik yubileyi Moskvadan başlayacaqdı.

18 aprel 1938-ci ildə Pravda “Azərbaycan incəsənətinin triumfu” ilə yola çıxdı. “Lakin bütün qadağalara və təqiblərə baxmayaraq, ədalətsizliklərə qarşı qəhrəman Azərbaycan xalqı öz üsyançı, cəsarətli və qəzəbli ruhunu ifadə edənləri ərsəyə gətirdi. Feodal qanunsuzluğu dövründə Azərbaycan xalqı Nizami, Xaqani, Füzuli kimi böyük sənətkarlara həyat verdi. Onlar öz xalqının alovlu vətənpərvərləri, ölkələrinin azadlıq və müstəqilliyinin mübarizləri idilər”. “Pravda” burada Nizamini daha yaxşı xarakteristika edirdi. Göründüyü kimi, şair artıq yadellilərə xidmət etmirdi.

Güman ki, Azərbaycan tərəfi bu materialın hazırlanması işində Moskvadakı İncəsənət Ongünlüyünə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində olan Bağırov və İbrahimovun rəhbərliyi ilə iştirak etmişdi. Yalnız Bağırov bu məqalələrin nəşrini müxtəlif hallarda koordinasiya edə bilərdi.

Lakin kim tərəfindən yazılmasından asılı olmayaraq, bu, AK(b)P Mərkəzi Komitəsinin rəsmi mövqeyini əks etdirirdi; “Pravda”nın yazılarının mənası bu idi. Yalnız seçilmiş bir neçə Orientalist həmin fikirləri poza bilərdi, lakin onlar bunu etmədilər, bəlkə ona görə ki, Nizami məsələsi “Pravda”nın nəşrindən əvvəl də olduqca mübahisə doğururdu. Burada biz Yu.N.Marr və A.N. Boldyrevin şərhlərinə istinad edə bilərik.

1940-cı illərin sonunda Bertels irəli sürürdü ki, “1938-ci ildə mənə aydın oldu ki, bütün böyük, nəhəng fars ədəbiyyatını dəlilsiz-sübutsuz İrana aid etmək sadəcə yanlış deyil, ən böyük səhvdir. Fars dili bir çox xalq tərəfindən istifadə edilirdi, hansı ki tamamilə fərqli bir sistemin ana dili idi”. Tamamilə mümkündür ki, Bertelsin 1935-1936-cı illərdə fars şairi hesab etdiyi Nizami ilə bağlı keçmiş fikirlərini nəzərdən keçirməsinin səbəbi “Pravda”nın dərci olub.

Elmi ədəbiyyatda belə bir fikir var: “E.E. Bertels Nizaminin Azərbaycan şairi olduğunu hər kəsdən əvvəl açıqlayıb”. Lakin məsələnin daha dərin tədqiqatı göstərir ki, Nizaminin Azərbaycan şairi olduğu qənaətinə Azərbaycan alimləri, ədəbiyyatçıları və siyasətçiləri (rusiyalı həmkarlarının fikirlərindən çox da narahat olmadan) E.E. Bertelsdən əvvəl gəlmişdilər.

9 may 1938-ci ildə – yenə də V. Luqovskiy və Səməd Vurğunun redaktorluğu ilə –Moskva Dövlət Bədii Ədəbiyyat Nəşriyyat Evinə yeni “Azərbaycan şeir antologiyası” təqdim edildi. Antologiyada müəllifləri azərbaycanlı ədəbiyyatşünas və alimlər – H.Araslı, M. Arif və M.Rəfili – göstərilən “Azərbaycan xalqının poeziyası” adlı önsöz vardı. Göründüyü kimi, Moskvadakı Azərbaycan İncəsənəti Ongünlüyündən əvvəl bundan bəhs edilirdi – “Antologiyanın kütləvi nəşri Moskvada həyata keçirilir” (“Bakı fəhləsi”, 23.03.1938, №67). (Maraqlı bir fakt — 1937-ci ildə Mikayıl Rəfili Azərbaycan Yazıçılar Birliyindən çıxarılıb. Çıxarılma səbəblərindən biri də onun krımlı (karaim) yazıçını azərbaycanlı kimi göstərməsi olub).  

Nizaminin milli mənsubiyyətinin nəzərdən keçirilməsinin təşəbbüskarı yaxşı və pis şansın hər ikisinə hazır idi.

Biri Bakıda, digəri isə Moskvada çap olunan iki “Azərbaycan şeir antologiyası”nın tekstual yaxınlığı göstərir ki, yazıçılar qrupu eyni və ya demək olar ki, eyni idi. Lakin Antologiyanın Moskva versiyası bir il iki gün geri – 7 may 1937-ci il – tarixə imzalanıb və bunun səbəbi bilinmir. 

Nizaminin 800 illik yubileyi kampaniyasının təşəbbüskarı uzun müddət gözlədi ki, Leninqrad və Moskva elmi dairələri şairə dair dəqiq bir şərhin versinlər.

Tərcümə: Misir Məmmədli

Kultura.az 

Kultura.az | Developed by Samir Yahyazade