post-title

John Galsworthy: Yırtıq başmaq (hekayə)

Con Golsuori 1867-ci ilin 14 avqust tarixində İngiltərənin Kinqston-appon-Tayms şəhərində, hüquqşünas ailəsində dünyaya göz açıb. Atası bir neçə iri şirkət sahibi olub. Müəllifin ilk kitabı 1897-ci ildə nəşr edilib. Onun “Gümüş qutu”, “Villa Rubeyn” və “Ədalət” pyesləri, “Jan-Kristof”, “Fariseyev adası”, “Forsaytın xilası” romanları müəllifə dünya şöhrəti qazandırıb. Con Golsuori ümumilikdə iyirmi romanın, iyirmi yeddi pyesin, yüzlərlə hekayənin və yeddi yüzdən artıq bədii məzmunlu məktubun müəllifidir. O, 1932-ci ildə ədəbiyyat üzrə “Nobel mükafatı”na layiq görülüb.

 

Truppanı şəhərin Şərq sahilinə getməyə vadar edən  “Hər tərəfi dolaşanlar”  pyesinin premyerasının ertəsi günü aktyor Hilbert Keyster – o pyesin son pərdəsində doktor Dominikan rolunu ifa edirdi – günorta vaxtı qastrol müddətində qaldığı pansiondan çıxıb gəzmək fikrinə düşdü. Yarım il idi ki, Keyster “bekar” qalmışdı. Həftədə dörd funt qazanmaqla varlanmayacağını bilsə də, truppaya qəbul olunandan sonra onun hərəktlərində və yerişində bir laqeydlik, nəhayət özünə iş tapan adamın özündənrazılığı  hiss olunurdu.

Keyster balıqçı köşkünün qarşısında ayaq saxladı, monoklu (1) gözünə taxıb yüngül təbəssümlə omarlara (2) tamaşa etdi. Bu canlılardan dadmadığı artıq əbədiyyət qədər olmuşdu. Yaxşı ki, xəyalən onların dadına baxmaq pul ilə deyildi. Lakin, bu ötəri həzz uzun sürmədi və Keyster yoluna davam etdi.

Dərzi köşkü qarşısından keçəndə yenə ayaq saxladı. Burada özünü vitrindən görünən bahalı parçadan tikilmiş kostyumda təsəvvür etdi və mühribədən bir il əvvəl tamaşaya qoyulan “Marmedük Mandevil” pyesidən qalan qəhvəyi rəngli, nimdaş kostyumda şüşədəki əksinə baxdı. Bu lənətə gəlmiş şəhərdə günəş çox parlaq idi və onun əynindəki nimdaş pencəyin sürtülmüş dirsəkləri, şalvarın yeyilmiş dizləri, bozarmış tikiş yerləri günəş işığı altında adamın gözünə girirdi.

Uzun müddət gündə yalnız bir dəfə yeməyə imkan tapan, monklu gözünə taxaraq 1912-ci ildə tamaşaya qoyulan “Saymonun tərbiyəsi” pyesindən qənimət qalan şlyapanı başına qoyub, dolaşan Keyster şüşədə əksi görünən bu boy-buxunlu kişiyə tamaşa edərəkən, daxilən qəribə, estetik zövq hiss etdi.

Pəncərə qarşısında dayanan Keyster şlyapasını çıxartdı, sanki bu baş geyimi ilə nəyi isə gizlədirdi. Keyster həmin o “nəyin” nə olduğundan xəbərsiz idi və ona necə reaksiya verəcəyini bilmədi – meche  blanche (3).  Bu nədir belə? Uğur nişanəsi, yoxsa sonun əvvəli? Ağ saçlar arxaya daranmışdı və onlar Hilbert Keysterin özünün də həmişə maraqla baxdığı əsmər sifətin üstünə töküən qara saçların arasında əməlli-başlı nəzərə çarpırdı. Deyilənlərə görə saçların ağarmağı insanın həyat qabiliyyətini itirməyini bildirir. Bu müharibənin təsirindən, ya da hüceyrələrin kifayət qədər qidalanmaması nəticəsində əsəb sisteminin pozulmasından irəli gələ bilir. Düzdür, ağ saçlar insanı nəcib göstərir… amma hər halda…

Keyster dərzi köşkü qarşısından çəkilib addımlamağa başldı və birdən, tanış bir simanın yanından ötdüb keçdiyini hiss etdi. Geri çevriləndə əyninə ala-bəzək paltar geymiş şən, qırmızı yanaqlı yumrusifət, mələksima bir adamın – bu görkəmdə olan adamlar adətən  həvəskar truppalara rəhbərik edirdilər – ona baxdığını gördü.

– Lənət şeytana, bu ki, Brays-Qrindir!

– Keyster? Əlbətdə ki, sizsiniz! Bizdən gedəndən sonra sizi görməmişəm. Bizim balağan (4) yadınızdadır? “Qoca deyingən”i tamaşaya qoyanda necə keflər gördük! Açığını deyim ki, sizi görməyə şad oldum! Tələsmirsiniz ki? Gedək, birlikdə qəhvəaltı edərik.

Brays-Qrin varlı adam idi, xeyriyyəçilklə də məşğul olurdu və bu sahilyanı kurort şəhərində yaşayan nufuzlu şəxslərdən biri hesab edilirdi.

– Böyük məmnuniyyətlə, – Keyster sakit və nəzərəçarpmaz laqeydliklə dedi. Lakin içindəki səs tələsik dilləndi: “Ehey, əzizim, deyəsən qarnını doyuracaqlar axı!”

Onlar yanaşı addımlyardılar; biri – əynindəki paltar çox nimdaş olsa da kübar, digəri isə – yumru və bər-bəzəkli  görünürdü.

– Bu yer sizə tanış gəlir? Gəlin burada oturaq! Fillis, bizə kokteyl, bir də kürü ilə buterbrod ver. Tanış ol, bu mənim dostum, cənab Keysterdir. O bura qastrola gəlib, tamaşada oynayır. Onu səhnədə görmək lazımdır, səhnədə…

Masaya kürü ilə kokteyl gətirən qız mavi gözlərini qaldırıb maraqla Keysterə baxdı. Ah, bu necə xoş anlar idi! Axı yarım il olardı ki, o heç bir tamaşada oynamırdı.

– Əşşi, o nə roldur ki?! – saymazlıqla sözünü uzatdı. – Sadəcə… qurdumu öldürmək üçün razılıq verdim.

 Jiletin altında döyünən ürəyi isə: “Bəli-bəli, mən də necə isə qurdumu öldürməyəm axı”, – deyirdi.

– Gəlin o biri otağa keçək, Keyster! Kokteylinizi götürün. Orada heç kəs bizə mane olmayacaq. Nə yeyəcəyik, omar?

– Omar yeməyə etiraz etməzdim,  – Keyster mızılandı.

– Elə mən də. Burada onu çox dadlı hazırlayırlar. Deyin görüm necə yaşayırsız? Doğrudan da sizi görməyə çox şad oldum! Siz bizim tamaşalarda oynayan yeganə istedadlı artist idiniz!

– Təşəkkür edirəm, hər şey yaxşıdır, – deyərək, cavab verən Keyster ürəyində fikirləşdi: “İslaholunmaz diletant, yaraşıqlı oğlan”.

– Gəlin elə burada da oturaq. Bizə dadlı, böyük bir omar verin, həm də salat… və… kartofla ət filesi. Kartofu elə qızardın ki, ağızda xırçıldasın, bir də mənim reynveynimdən (5) bir şüşə gətirin. Hə, bir də tapşırın ki, romda bişirilmiş omlet hazırlasınlar – deyin ki, çoxlu rom və şəkər qatsınlar. Etiraz etmirsiz ki?

“Yox bir etiraz da edəcəkdim!” – Keyster fikirləşdi.

Arxa otaqların birində üz-üzə oturdular.

– Uğurların şərəfinə, – Brays-Qrin dedi.

– Uğurların şərəfinə, – Keyster də onun dediklərini təkrarladı və ona elə gəldi ki, boğazında quruldayan kokteyl də: “Uğur?”, – deyib əks-səda verdi.

– Dram tamaşalarının bugünkü vəziyyəti barədə nə fikirləşirsiz?

O! Bu, Keysterin ürəyindın keçən sual idi. Gözündəki monoklu yerə salmamaq üçün dodağının ucu ilə gülümsəyən Keyster tələsmədən dilləndi:

– Bərbad vəziyyətdədir!

– H-əə! – Brays-Qrin səsini içinə çəkdi. – İstedadlı adamlarımız yoxdur, düz demirəm?

“Pul yoxdur”, – Keyster fikirləşdi.

– Deyin görüm son vaxtlar hansı rollarda çıxış etmisiniz? Maraqlı olub? Amma “Qoca deyingən”də möhtəşəm idiniz!

 – Deyim ki, maraqlı bir şey olmayıb. Bir az özümü boş buraxdım, e-ee, zəiflədim…

  Elə bil belinə boş olan şalvar da onu dedikərini təsdiqlədi: “Zəiflədi, zəiflədi”.

– Bu da omar! Qısqac (6) xoşlayırsız?

– Sağ olun, mən hər şey xoşlayıram!

İndi isə yemək, yemək, şalvar belə sıxılana qədər yemək lazımdır. Qonaqlıq! Çox gözəldir! Onun dili açılıb: tamaşalardan danışır, musiqidən, incəsənətdən dəm vurur, gah tərifləyir, gah tənqid atəşinə tutur, ona ziyafət verən adamın diqqətini özünə cəlb edir, onun rəğbətdən yumrulaşan gözlərini ovsunlayır.

– Lənət şeytana, Keyster, saçınız ağarıb! Necə olub ki, bunu əvvəl görməmişəm? Meches blanches! Ağ saçlar həmişə mənim xoşuma gəlib. Ədəbsizlik etdiyim üçün üzr istəyirəm, ancaq deyin görüm necə odu ki, birdən-birə saçlarınızı ağartdınız?

– Yox, birdən-birə olmadı.

– Bəs necə oldu?

“İmkan ver ağzımdakı tikəni udum da”, – sözlərini Keyster zorla saxladı və sakitcə cavab verdi:

– Düzünü deyim ki, heç özüm də bilmirəm.

– Amma bu çox gözəldir! Amlet çəkim? Bəzən özüm də aktyor sənətini seçmədiyim üçün təəssüflənirəm. Sizin kimi istedadlı bir aktyorun qibtə olunası həyatı olmalıdır.

“Qibtə olunası?!”

– Siqar istəyirsiz? Süfrəçi, bizə qəhvə və siqar gətirin! Bu axşam mütləq sizə tamaşa etməyə gələcəm. Yəqin hələ bir həftə buralarda olarsız?

Ah, nə gözəl həyat! Qəhqəhələr, alqışlar… “Cənab Keysterin ifasını tamaşaçılar böyük rəğbətlə qarşıladı”, “Gerçək sənət budur…”

Keyster həmsöhbətinin sükutunu havada oynayan tütün tüstüsünün halqası içindən seyr etdi. Brays-Qrin siqarı əlində tutaraq ağzını açıb hərəkətsiz oturmuşdu; onun çınqıl kimi yumru, parlaq gözləri aşağı, haradasa süfrənin kənarına tərəf zillənmişdi. Dodağını dişləməyinin səbəbi nə idi? Brays-Qrinin kiprikləri tərpəndi, baxışlarını qaldırıb Keysterə baxdı, dodaqlarını it kimi yalayaraq sözə başladı:

– Qulaq asın, dostum, ancaq inciməyin, nə olub sizə, niyə bu gündəsiz? Əgər sizə nəsə köməyim dəyə bilərsə, utanmayın, deyin. Biz ki, köhnə dostlarıq və hər halda…

O susaraq baxışlarını yenidən döşəməyə dikdi və Keyster də gözlərini onun baxdığı səmtə yönəltdi. Orada, xalça üstə öz başmaqlarını gördü. O ayağını oynatdıqca başmaq döşəmədən qalxıb enir və yırtıqları görünürdü… hətta başmaqların burun tərəfində və qaytan yerindəki yırtıqlar daha böyük idi. Elədir ki, var! Keyster o yırtıqları çoxdan görmüşdü. O başmaqlarla hələ müharibədən əvvəl “Sadəlövh” tamaşasında Berti Karstersi oynamışdı. Yaxşı başmaqlar idi. Doktor Dominikanın başmaqlarını hesaba almasa, demək olar ki, bu onun yeganə başmaqları idi. Keyster gözlərini Brays-Qrinin xeyirxah, qayğılı üzünə dikdi. Ürək ağrısı ilə gözündən axan bir damla yaş Keysterin monoklunun şüşəsini dumanlandırdı. Dodaqları acı təbəssümlə titrədi. Dedi:

– Təşkkür edirəm. Amma, mənim günümə nə olub? Vəziyyət heç də sizin fikiləşdiyiniz kimi deyil.

– Üzr istəyirəm. Sadəcə mənə elə gəldi ki…

Brays-Qrinin baxışları yenidən döşməyə dikildi, amma Keyster artıq ayağını çəkmişdi.

Brays-Qrin hesabı verib qalxdı:

– Təəssüf edirəm, dostum, saat üçün yarısında vacib bir görüşüm var. Sizinlə görüşdüyüm üçün son dərəcə məmnunam. Sağlıqla qalın!

– Sağlıqla qalın, – Keyster sakitcə dedi, – və sağ olun.

Keyster otaqda tək qaldı. Əli ilə çənəsinə dayaq verib monoklun arxasından boş fincana baxdı. Gələcəyi ilə, başmaqlar ilə baş-başa qalaraq xəyala daldı…

“Deyin görüm, son vaxtlar hansı rolları ifa etmisiniz, cənab Keyster?”

“Demək olar ki, maraqlı heçnə olmayıb. Amma, buna baxmayaraq, müxtəlif obrazlarda oynamışam”.

“Aydındır. Ünvanınızı verin, amma təəssüf, indi sizə konkret heç nə deyə bilmərəm .”

“Mən, e-ee, istəsəydiniz, sizin üçün bir şey oxuyardım. Bəlkə qulaq asasınız? ”

“Yox, təşəkkür edirəm, tələsməyin”.

“Nə deyim, bəlkə sonra sizə lazım olaram”.

Keysterə elə gəldi ki, qarşısındakı antreprenyordur (7). Aman, Tanrım, baxışlara bir bax!

“Qibtə olunası həyat ha!” İt həyatıdır bu! Bütün ömrü boyu axtar, axtar, iş dilən. Mənasız ümidlərlə keçən, kasıblığı, acından gəbərməyi gizlədərək yaşamağa məhkum olunan həyat.

Süfrəçi pəncələri üstündə “üzərək” masaya yaxınlaşdı: görünür süfrəni yığışdırmaq istəyirdi. Getmək lazım idi.

İki gənc qadın içəri girib qapı tərəfdəki masa arxasında əyləşdi. Keyster qadınların ona dikilən baxışlarını hiss etdi və aralarında baş verən pıçıltını eşitdi:

– Əlbətdə, odur… son pərdədəki… Məgər sən onun ağ saçlarını görmürsən?

– Ah, əlbətdə! Odur. Doğrudan odur…

Keyster sinəsini irəli verərək, gözündəki monoklu düzəltdi, sonra da dodağına yüngül bir təbəssüm əlavə etdi. O təbəssüm qadınlara doktor Domikanı xatırlatdı!

– İcazə verin süfrəni yığım, cənab?

– Əlbətdə, buyurun, elə mən də qalxırdım.

O, qalxdı. Gənc qadınlar hələ də gözlərini bu yaraşıqlı kişidən ayırmamışdı. Keyster yüngül təbəssümünə ara vermədən yırtıq başmaqlarını gizlətməyə çalışaraq, qadınların yanından ötüb keçdi.

 

[1] Monokl – təkgözlü eynək.

[2] Omar – onayaqalı iri dəniz xərçəngi.

[3] Meche blanshe – (fr.)ağ saçlar

[4] Balağan – küçə tamaşası

[5] Reynveyn – şərab növü.

[6] Qısqac – xərçəng ayağı

[7] Antreprenyor – şəxsi teatr və ya sirk sahibi.

 Mənbə: Ədəbiyyatqəzeti

Tərcümə :Əyyub Qiyas


Yuxarı