Zamin Hacı: Həftədə üç dəfə qızıl balıq

Публицистика

“Səni samosval bu kökə salıb, ay yazıq. Səhər-səhər bal ye, qaymaq ye, nehrə yağı ye”

(İsi Məlikzadə, “Qatarda” hekayəsindən)

Deyir iyulun 1-dən qadınların pensiya yaşı artacaqdır. 62 yaş imiş, olacaqdır 62 yarım. Belə qanun vardır ki, hər il bunu 6 ay artırıb kişilərin pensiya yaşına çatdırmalıyıq. Yəni 65 yaşa. Mən hökumətin yerinə olsam heç 65-də dayanmazdım. Artıra-artıra getməliyik. Məsələn, qoy zənənlər 120 yaşında pensiya hüququ əldə eləsin. Nəyi pisdir? Ölkəmiz inkişaf içində yanır. Qadınlar kişilərdən ənənəvi olaraq çox yaşayır. (Deyilənə görə, kişilərin başını yeyirlər, ona görə. Kişi başından kəlləpaça milli mətbəximizin ecazkar xörəklərindən sayılır. Nəsə, temadan uzaqlaşmayaq, yoxsa bizim özümüzü də tutub bozartma eləyərlər).

Lənkəranda yaşayan Tamam xala 1890-cı ildə doğulmuşdur. 131 yaşı var. Gördüyümüz kimi, ona atası o cür gözəl, qız uşaqlarına layiq ad qoyubdur, lakin adını doğrultmaq istəməyib. İndi hesablayaq, görək Tamam xanım neçə ildir xımır-xımır pensiya yeyir? 60 ildir! Dövlət büdcəmizin axırına çıxıbdır. Bəlkə bu üzdən dövlət ciddi araşdırmalara başladı, ortaya çıxarıldı ki, əslində Tamam xanımın doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsində saxtakarlıq var, onun real yaşı 95 ildir və hazırda ən yaşlı sakinimiz 103 yaşlı Mirzadə xanımdır.

Biz indi kimə inanaq? Azərbaycanda sənəd saxtakarlığı mümkün deyil. Ən azı seçkilərdə hər dəfə bunun şahidi oluruq. Görünür, Tamam xanımın yaşını azaltmaqda pensiya idarəsinin nəsə çirkin, qaranlıq məqsədi vardır. Axı bayaq yazdığım kimi, pensiya yaşı 95-ə qalxandan sonra Tamam xanımı benefisiarlar (sözü təzə öyrənmişəm, ona görə istifadə eləyirəm, mənasını bilməyən varsa efirimizlə əlaqə saxlasın) siyahısından çıxaracaqlar.

Ümumiyyətlə, dünyada bu pensiya işinin cürbəcür praktikaları vardır. Örnək üçün, Çində heç pensiya verilmir. Yəqin əmək haqqından pensiya fonduna tutmaq da yoxdur. Başa düşmək olar hardasa: camaatın sayı 1 milyardı keçəndən sonra buna pul çatdırmaq yəqin çox çətindir. Eyni zamanda çinlilərin yaşadığı Sinqapur dövlətində pensiya fonduna toplanan vəsaitin it-bat olmaq imkanı yoxdur. Adam pensiyaya çıxmadan ölərsə, onun fonddakı pulları uşaqlarına, həyat yoldaşına verilir. Bizdə bu baxımdan çox ədalətsiz sistemdir. Sən 40 il eşşək kimi işləyib pensiya fonduna ödəmələr edərsən və tutaq ki, 65 yaşa çatmamış yıxılıb ölərsən, vəssalam, pensiya fondu da səninlə birgə, necə deyərlər, gorbagor olar.

Hazırkı vətəndaş-dövlət ödəmə sistemlərimiz olduqca mürəkkəb, xaotik, məsuliyyətsizdir. Əmək müqavilələri, işçilərin hüquqlarını qoruyan müstəvilər yox dərəcəsindədir. Vergiləri və sosial ödəmələri adamların əvəzindən işlədikləri obyektlər “verir” (dırnaq işarəsini qara mühasibatlıq ənənələrimizə görə qoydum), nəticədə dövlətin işində iştirakımızın dərəcəsi bizə məlum olmur. Vergi ödəyicisi “olmadığımıza” görə də, dövlət vəsaitlərinin taleyi ilə heç maraqlanmırıq - anasından aldığı pulun ocağa atılmasına sakitcə tamaşa edən uşaq haqda o qədim pritçadakı kimi. 

Qayıdaq idarənin “altı aylıq” açıqlamasına. Bunun özü də maraqlıdır ki, qadınların pensiya yaşı yayda qalxacaqsa idarə niyə fevralda uca millətimizdən muştuluq alır? Xəbəri saxlayıb elə iyulda demək olmazdımı? Yox. Bəs zəhmətkeşləri nə cür dümsükləyəsən? Adamlarımızın çoxu yuxarıdan vaxtaşırı pis xəbər gəlməyəndə arxayınlaşır, piylənir, şirin yuxuya gedirlər. Ona görə də xəbər lentinə tez-tez “Pensiya yaşı artır”, “Metroda gediş haqqı qalxacaqmı”, “Bəs işığın qiyməti necə oldu”, “A kişi, qazı yaddan çıxarmışıq” tipində başlıqlar atmalıyıq.

Əlbəttə, əhalinin maddi rifahı hərtərəfli diqqət mərkəzindədir. Bu yaxında hansısa saytımızda yazmışdılar ki, uzun yaşamaq üçün həftədə azı 3 dəfə qızıl balıq yeməliyik. Ancaq bəzi pensiyaçılarımız cəmi 2 dəfə qızıl balıq yeyir, sonra şikayət eləyirlər, deyirlər, pensiyaya çıxmadan öləcəyik.

Musavat.com

Kultura.az | Developed by Samir Yahyazade