Seymur Baycan: Peçat sözdən sonra qışqıranlar

Сеймур БАЙДЖАН

– Mən sоruşuram, һəqiqət һaradadır? Hətta filоsоflar da оnun nə оlduğunu bilmirlər. Kant dеyir ki, о filan şеydir, Hеgеl isə dеyir ki, yох, sən yalan dеyirsən, elə dеyil, bеlədir.

Rudin səsini ucaltmadan sоruşdu:

– Siz Hеgеlin һəqiqət barəsində nə dеdiyini bilirsinizmi?

– Mən təkrar edirəm ki, — dеyə qızışmış оlan Piqasоv davam etdi, — mən һəqiqətin nə оlduğunu başa düşə bilmirəm. Mənim fikrimcə, dünyada һеç yеrli-dibli һəqiqət yохdur, yəni һəqiqət sözü var, amma һəqiqət özü yохdur.

– Fi! Fi! — dеyə Darya Miхaylоvna səsləndi, — ay qоca günaһkar, bеlə sözlər söyləmək sizin üçün ayıb dеyilmi, һəqiqət yохdurmu? Bu оlmayandan sоnra daһa dünyada yaşamağın mənası nədir

– Darya Miхaylоvna, mənə bеlə gəlir ki, — dеyə Piqasоv acıqlı bir һalda cavab vеrdi: — һər һalda, sizin üçün dünyada һəqiqətsiz yaşamaq, aşpaz Stеpansız yaşamaqdan daһa asan оlardı, о aşpaz ki, ət suyu bişirməkdə bеlə ustadır! Bir də lütfən söyləyin, aхı һəqiqət sizin nəyinizə gərəkdir?

İ. S . Turgenev, “Rudin” əsərindən

 

2020-ci ilin Aprel ayında “Gənc publisistlər üçün məsləhətlər” adlı yazı yazmışdım. On dörd məsləhətdən ibarət yazıda altıncı məsləhət belə idi:

“Mövzuya birbaşa girin. O dərəcədə birbaşa girin ki, hətta oxucuda belə bir fikir yaransın: dəyəsən bu yazının ilk iki abzası itib”.

Bir az təcrübəli, qabında nəsə olan oxucular elə hesab etsinlər ki, bu yazının artıq tən yarısını oxuyublar. Belə olduğu halda həm oxucular, həm də müəllif üçün çox yaxşı olar. Axı bir-birimizi yormağın, bir-birimizin vaxtını almağın mənası nədir?

… Səviyyəsiz, zövqsüz adamların sayı səviyyəli, zövqlü adamların sayından bütün dövrlərdə qat-qat çox olub. Hətta sovet dövründə belə o qədər qadağalara, o qədər əngəllərə baxmayaraq adamlar müxtəlif vasitələrlə əldə etdikləri maqnitofon kasetlərində ara mahnılarına, qaxlılar demişkən: “aşağı kəndlərin mahnılarına” qulaq asmağa imkan tapırdılar. O vaxtlar qeyri-qanuni yollarla yazılmış maqnitofon kasetləri adlarla yox, nömrələrlə dövriyəyə buraxılırdı. Heç bilmirəm necə izah edim, məsələn, kasetin üstünə belə yazırdılar: Baloğlan – 8. Sədi -5. Şamo- 9. Səhv etmirəmsə Baloğlan müəllimin kasetlərinin sayı iyirmi beşə çatanda sovet hökuməti dağıldı. Bunu elə belə, sadəcə o dövrü görməyənlərdə müəyyən bir təsəvvür yaransın deyə yazdım. Amma o dövr haqqında təsəvvür yaratmaq asan məsələ deyil. Şəxsən mən bu mənada öz acizliyimi etiraf edirəm, əllərimi qaldırıram və yalnız onu demək istəyirəm ki, sərt qadağaların hökm sürdüyü sovet zamanında belə adamlar ara mahnılarına qulaq asırdılarsa, indi də adamların ara mahnılarına qulaq asmasını hardasa normal qəbul etmək lazımdı.

Bu yaxınlarda sırf yaddaşımı qıcıqlandırmaq naminə “Moskva göz yaşlarına inanmır” filminə baxdım. Filmin birinci hissəsində televiziyanın teatrı, kinonu, ədəbiyyatı, hər şeyi məvh edəcəyi, silib-süpürəcəyi barədə müzakirələr gedir. İndi bu müzakirələr adama gülməli görünsə də, doğrudan da o dövrdə belə qızğın müzakirələr olub. Özü də təkcə sovetlərdə yox, dünyanın bütün yerlərində. Televiziyanın teatrı, kinonu, ədəbiyyatı məhv edəcəyini düşünən, televiziyanın peyda olmasından qorxan, vahimələnən, dayanmadan həyacan təbili çalan o dövrün intellektualları, fikir, düşüncə adamları indi sosial şəbəkələrdə tüğyan edən həngaməni, məzhəkəni görsəydilər, görəsən hansı hissləri keçirərdilər?

Televizyanın hər şeyi məhv edəcəyindən qorxan intellektualları qoyaq kənara, AZTV demişkən, uzağa getməyək, elə götürək bəndənizin oxuduğu orta məktəbi. Bizim məktəbdə bir neçə qocaman müəllim vardı. Bu qocaman müəllimlər çox ağır şərtlər altında təhsil almışdılar və onlar geyimi-gecimi, kitabı-dəftəri, yeməyi-içməyi, oxumaq üçün hər bir şəraiti olan, məktəbin beş addımlığında yaşayan şagirdlərin niyə dərs oxumamasına heç cürə cavab tapa bilmirdilər. Doğrudan da onlara heç cür çatmırdı ki, oxumaq üçün hər bir şəraiti olduğu halda adam niyə dərsini oxumur, qarnının ağrısı nədi, niyə oxuyub adam olmaq istəmir. Axırda belə bir nəticəyə gəlməyə məcbur olurdular: hər şeyin günahkarı televizordur. Televizor imkan vermir uşaqlar dərs oxusun. Bu fikirlərə qəti şəkildə inanan ailə başçıları da vardı. Onlar uşaqların “televizora uyub” dərs oxumayacaqlarından betər qorxurdular. Ona görə də televizoru evə buraxmırdılar. Yəni almaq imkanları olduqları halda, televizor almırdılar. Elə ailə başçıları da var idi ki, uşaqlara yalnız günün müəyyən saatlarında televizora baxmağa icazə verirdilər. Əlbəttə, bütün bunlar mənasız qorxular və əsassız fikirlər, söhbətlər idi. Belə, bu kimi qadağaların hökm sürdüyü evlərdə böyüyən uşaqların halına acıyırdım. Onlar çox qorxaq, aciz, yazıq, bükülmüş, ruhsuz görünürdülər. Bizim evdə tam azadlıq hökm sürürdü. Zərrə qədər də belə qadağalar yox idi. İstədiyim vaxt televizora baxırdım və dərslərimi də oxuyurdum.

Xülaseyi-kəlam, sözümün canı ondan ibarətdir ki, zaman haqqında danışmaq, zaman haqqında hökm vermək çox böyük məsuliyyət tələb edir. Bu gün bizim keçirdiyimiz qorxuların, həyacanların günü sabah çox yersiz, gülməli görünmə ehtimalı böyükdür.

Lakin hər bir məsələdə incə nüans olduğu kimi, burada da bir incə nüans mövcuddur. Sovet zamanında ara mahnılarına qulaq asan adamlar cəmiyyət, ətraf mühit üçün təhlükə mənbəyi sayılmırdılar. Adam sadəcə zövqsüzlükdən əziyyət çəkirdi, vəssalam. Ara mahnısına qulaq assa da, sakitcə, başını aşağı salıb, işinə gedib, evinə gəlirdi. Fürsət yarananda, ya da yaşı artanda çoxunun da zövqündə yaxşı istiqamətə doğru dəyişiklik baş verirdi.

Bir daha təkrar edirəm bütün dövrlərdə zövqsüz adamların sayı zövqlü adamların sayından qat-qat çox olub. Bu müstəvidə hər hansı formada qadağadan da söhbət gedə bilməz. Əgər qadağaların hökm sürdüyü, qapalı sovet hökumətinin zamanında adamlar o dövrün məhdud imkanları ilə ara mahnılarına qulaq asa bilirdilərsə, indiki, bu qədər imkanların olduğu zamanda hər hansı qadağa çox mənasız, yersiz görünər. Bütün bunları, xüsusən hər dövrdə zövqsüz adamların sayının zövqlü adamlarla müqayisədə qat-qat çox olduğunu nəzərə almaqla bərabər, yenə də deyə bilərik ki, öz aramızdır, dəyəsən elə bil proporsiya pozulmuş kimi görünür. Nəsə elə bil apokaliptik sifətlər çox görsənir. Bu da heç… Ola bilsin mövqeyimdə yanılıram (çox istərdim belə olsun), amma mənə elə gəlir ki, bu gün zövqsüzlükdən kəskin əziyyət çəkən adamlar həm də cəmiyyət, ətraf mühit üçün ciddi təhlükə mənbəyidir.

Yutubda meyxana deyişmələrinə baxın. Peçat söz eşitdikdə adamların etdikləri hərəkətləri diqqətlə müşahidə edin. Yutubdakı meyxana deyişmələrinin baxış sayı, peçat söz eşitdikdə adamların çıxardıqları səslər, etdikləri hərəkətlər, kriminal məzmunlu, aqressiya yağan sifətlər Azərbaycanda təhsilin öldüyünün, zövqsüzlüyün, səviyyəsizliyin meydan sulamasının bariz şəkildə göstəricisidir. Bir gün bu adamlar küçələrə tökülüşüb qarşılarına çıxan hər şeyi darmadağın edəcəklər.

Hakimiyyətin isə başı müxalifətçi ovlamağa qarışıb. Hakimiyyətin özünün zövq, səviyyə, estetika problemi var. Halbuki həm hakimiyyət, həm də ümumiyyətlə cəmiyyət üçün ən təhlükəli qüvvə kənarda sürətlə artmaqdadır. Ola bilsin müxtəlif LOGİYA-lara aid ağır-ağır, adları təmtaraqlı səslənən kitabları oxuyan adamlar bu yazılanları cəfəngiyyat kimi qəbul etsin. Problem yoxdur. Mən də öz növbəmdə ağır-ağır, adları təmtaraqlı səslənən kitabları oxuyan, amma burnunun ucunda baş verən hadisələri, prosesləri görməyən adamları başa düşməkdə çətinlik çəkirəm.

Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade