post-title

Tolstoy son günlərini necə keçirib?

82-yaşlı Lev Tolstoy ölümündən 10 gün əvvəl evdən qaçaraq həyat yoldaşından gizlənib. Görəsən, həmin 10 gün ərzində onun başına nə gəlib və rus xalqı onun ölümünə necə reaksiya verib?

1910-cu il noyabrın 20-də Rusiyanın ən parlaq yazıçısı Lev Tolstoy gecə ilə özünün Yasnaya Polyanadakı malikanəsini tərk edərək bütün ölkəni şoka salıb.

Tolstoy həyatı boyu ailə dəyərlərini təbliğ edən yazıçı və nümunəvi ailə başçısı kimi tanınıb. O hesab edirdi ki, sevgi, evlilik, ailə və uşaqlar davamlı mənəvi kamilləşmə ilə birlikdə həyatın mənasını təşkil edir. Ancaq 1880-ci illərdə, 50 yaşı tamam olandan sonra yazıçı güclü daxili transformasiya keçirir. O, həm pravoslav kilsəsi, həm də kişi ilə qadının müqəddəs ittifaqı olan evliliklə bağlı məyusluq hiss etməyə başlayır.

Müəlliflik hüquqlarından imtina etmək istəyir

Tolstoyun şəxsi mülkiyyətə münasibəti də dəyişir. O öz sərvətini yüngülləşdirir, kəndli köynəyi geyinib tarlada işləməyə başlayır.

O, hətta əsərlərinin müəlliflik hüquqlarından da imtina etmək qərarına gəlir. Ailəsi bundan çox böyük narahatlıq keçirir. On illərlə Tolstoyun hər şıltaqlığına dözən həyat yoldaşı Sofiya Andreyevna onun bu qərarına etiraz edir. Çünki bu, ailəni mirasdan məhrum edə bilərdi. Özü də Tolstoyların 13 övladı var idi!

Tolstoyun pərəstişkarı və şəxsi köməkçisi Vladimir Çertkov ona ailəsini tərk etməyi təklif edir. Bundan sonra Sofiya Çertkovu görəndə çox qıcıqlanırdı. Ailədə atmosfer xoşagəlməz, toksik vəziyyətə düşür.

Tolstoyun ədəbiyyat sahəsində Nobel mükafatına namizəd göstərilməsi yalnız şayiə olsa da, o, mükafatdan imtina etdiyini açıqlamışdı. Daha sonra, 1908-ci ildə özünün 80 illiyi şərəfinə keçirilən mərasimdən boyun qaçırmaq üçün əlindən gələni etmişdi.

Cənnətdən qaçış

 

Evi çoxdan tərk etmək istəyən Tolstoy, nəhayət, 1910-cu ilin noyabrında özü ilə çox az əşya götürərək şəxsi həkimi Makovitskinin müşayiəti ilə Yasnaya Polyanadan çıxır. Gecənin bir aləmi yuxudan oyadılmış Makovitski Tolstoyun əsl məqsədini anlamamışdı. Səhər ailə üzvləri yazıçının qoyub getdiyi məktubu tapıb oxumuşdular.

Sofiya dəhşətə gəlmişdi. Çünki Tolstoy artıq bayılmalardan, yaddaş pozğunluğu və ürək xəstəliyindən əziyyət çəkirdi. Uzun yol getmək onu daha da üzə bilərdi.

Tolstoyla həkimi qatarla yaxınlıqdakı Tula şəhərinə getmək qərarına gəlirlər. (Pavel Basinski özünün "Lev Tolstoy: cənnətdən qaçış" adlı kitabında həmin günlərdə baş verənləri detallı qələmə alıb).

Tezliklə mətbuat bundan xəbər tutur və Tulada müxbirlər yazıçının hər addımını izləməyə başlayırlar.

"Məni bağışla"

Bir neçə qatar dəyişən Tolstoy bacısının yaşadığı Şamordino uyezdinə gəlir və buradan cənuba, Bolqarıstana getmək istəyir. Ancaq yolda soyuqlayıb sətəlcəm olur. Qızdırması 40 dərəcəyə qalxır. Həkimi növbəti stansiyada onu düşürmək qərarına gəlir. Astapovo stansiyası onun getdiyi sonuncu məkan olur.

Onu ilk ziyarət edən adam köməkçisi Çertkov olur. Arvadına gəlincə, Tolstoy qətiyyətlə onu görmək istəmədiyini, hətta onun gəlişindən qorxduğunu deyir.

Basinski yazır ki, Sofiya ziyarətə gəlsə də, həkimlər və övladları birlikdə qərara gəlirlər ki, onu Tolstoyun yanına buraxmasınlar. Onlar Tolstoya onun gəlişi haqda xəbər vermirlər. Ona ərini görməyə imkan verəndə isə Tolstoy artıq ölüm ayağında idi. Oğulları Sergey Sofiyanın Tolstoyun alnından öpüb "Məni bağışla" deməsini xatırlayırmış.

Böyük yazıçı ilə vidalaşmaq üçün böyük insan kütləsi Yasnaya Polyana malikanəsinə axışıb.

Tolstoyun özünün vəsiyyətinə uyğun olaraq, dəfn mərasimi pravoslav ayinləri ilə deyil, dünyəvi qaydada keçirilib. Onun qəbri üzərində hər hansı xaç, yaxud abidə yoxdur. Tolstoy adi torpaq təpəciyinin altında dəfn edilib. Həm Yasnaya Polyana malikanəsi, həm də yazıçının qəbri ziyarətçilərə açıqdır.

 

Azadlıq.org

Yuxarı