...Məktəbə
getməyə başladıqdan bir neçə ay sonra bütün gələcək həyatımı müəyyən edən əlamətdar
və həyəcanlı bir hadisə baş verdi. Atam mənə bir kitab gətirdi. O, məni biz
uşaqlar üçün yataq otağı kimi ayrılmış arxa otağa apararaq izah etməyə başladı.
Bu kitab uşaqlar üçün nəşr olunan "The arabian Nights" – "Min
bir gecə" idi. Kitabın üz qabığında rəngbərəng bir şəkil vardı, deyəsən, Ələddin
və sehrli çırağı idi. Atam mənə ruhlandırıcı sözlər deyir, ciddi tərzdə
danışır, kitab oxumağın böyük bir sevinc olduğunu söyləyirdi. O, kitabdan bir əhvalatı
ucadan oxuyub dedi ki, bu kitabdakı digər əhvalatlar da bu əhvalat qədər gözəldir.
Sonra əlavə etdi ki, oxuduqlarım barədə axşam ona danışım. Bu kitabı oxuyandan sonra
başqa bir kitab gətirəcəyini də söylədi. Xahişi təkrarlamağa ehtiyac qalmadı, oxumağı
yenicə öyrənməyimə baxmayaraq, bu ecazkar kitabı əlüstü oxumağa girişdim və artıq
axşamlar atama söyləyəcək nəsə var idi. O, öz vədinə əməl etdi – hər bitmiş
kitab dərhal yenisi ilə əvəz olunur, oxumaq bir gün də olsun kəsilmirdi.
O kitab
hamısı eyni cür, kvadratşəkilli formatda olan, uşaqlar üçün hazırlanmış
kitablar seriyasından idi. Bir-birindən yalnız üz qabığındakı rəngli şəkil ilə
fərqlənirdilər. Cildlərdəki şrift də eyniydi, elə bil bir kitabı oxuyurdun. Necə
də gözəl kitab seriyası idi! Sonralar heç vaxt daha belə bir şey görmədim.
Hamısının adı xatirimdədir. “Min Bir Gecə”dən sonra biri digərini əvəz etdi: “Qrimm
qardaşlarının nağılları”, “Robinzon Kruzo”, “Qulliverin Səyahəti”, “Tales from
Shakespeare”*, “Don Kixot”, Dante, “Vilhelm Tell”.
Danteni
uşaqlar üçün uyğunlaşdırmışdılar, bu, heyrətamiz idi. Hər kitabda çoxlu rəngli
şəkillər vardı, amma mən onları bəyənmirdim, mənim üçün hekayələr daha maraqlı
idi, o şəkilləri indi görsəm çətin tanıyaram. Sonralar məni formalaşdıran şeylərin
həyatımın yeddinci ilində atamın istəyi ilə oxuduğum kitablardan gəldiyini göstərmək
mənə asan oldu. Sonradan heç vaxt ayrılmadığım obrazlar arasında təkcə Odissey yox
idi.
Oxuduqdan
sonra atamla həmin kitab barəsində söhbət edirdim. Bəzən o qədər həyəcanlanırdım
ki, o, mənə təskinlik verməli olurdu. Lakin o, heç vaxt mənə, adətən böyüklərin
dediyi şeyi – nağılların yalan olduğunu
söyləmədi. Buna görə ona xüsusilə minnətdaram, mən indi də nağılları, bəlkə, həqiqət
kimi qəbul edirəm. Mən başa düşürdüm ki, Robinzon Kruzo dənizçi Sindbaddan
tamamilə fərqli insandır, ancaq bir hekayəni digərindən daha az əhəmiyyətli
hesab etmək heç vaxt ağlıma gəlməyib. Doğrudur, Dantenin cəhənnəmi yuxularıma
girir, məni qorxudurdu. Anam atama "Cek, bu kitabı ona gərək verməzdin,
onun üçün hələ tezdir" dediyini eşidəndə qorxuya düşmüşdüm ki, mənə daha
kitab verilməyəcək. Ona görə də yuxularımı sirr kimi saxlamağı öyrəndim. Ancaq
atam təslim olmadı və Dantedən sonra Vilhelm Tell ilə məşğul olduq. Bu kitab
haqda söhbətdə mən ilk dəfə "azadlıq" sözünü eşitdim. Atamın o zaman
dediklərini indi xatırlamıram, yalnız İngiltərə haqqında nəsə söylədiyi yadıma
gəlir: biz buraya köçmüşük, ona görə ki, burada azadıq. Onun İngiltərəni çox
sevdiyini bilirdim. Anam isə Vyanayla bağlı adam idi. Atam ingilis dilini
düzgün öyrənməyə çalışır, həftədə bir dəfə yanına müəllim gəlirdi. Gənclik illərindən
vərdiş etdiyi və daha çox anam ilə danışdığı alman dilindən fərqli olaraq ingilis
dilindəki ifadələri fərqli səsləndirdiyinə fikir verirdim. Bəzən bəzi ifadələri
bir neçə dəfə təkrarladığını eşidirdim. O, sözləri heyranlıq duyurmuş kimi yavaş-yavaş,
təkrar-təkrar tələffüz edərək onlardan zövq alırdı. O indi bizimlə, uşaqlarla
yalnız ingilis dilində danışırdı. İndiyə qədər ana dilim olan ispan dili arxa
plana keçmişdi və mən bu dili yalnız başqalarından, əsasən köhnə qohumlardan
eşitməli olurdum.
O istəyirdi
ki, oxuduğum kitablardan yalnız ingilis dilində ona bəhs edim. Düşünürəm ki, məhz
bu ruh yüksəkliyi ilə aparılmış oxu sayəsində çox qısa zamanda uğur qazana
bildim. O, fikrimi sərbəst şəkildə ifadə etməyi bacardığımı görəndə sevinirdi.
O, sözləri xüsusi bir məna ilə deyirdi: danışığında səhv etməmək üçün hər ifadəni,
hər cümləni düşünür, sanki ucadan oxuyurdu. O saatları indi təntənəli bir şey
kimi xatırlayıram, bu, onun mən uşaq ikən bizim üçün uydurduğu əyləncəli oyunlara
bənzəmirdi.
Onun mənə
gətirdiyi sonuncu kitab Napoleon haqqında
idi. İngilis mövqeyindən yazılmış kitabda Napoleon, bütün ölkələri, xüsusən də İngiltərəni
özünə
tabe etmək istəyən qorxunc tiran kimi təsvir edilmişdi. Mən bu kitabı oxuduğum
müddətdə atam vəfat etdi. O zamandan bəri Napoleona qarşı qarşısıalınmaz bir
antipatiya duyuram. Kitabı bir qədər oxuduqdan sonra kitab haqqında atamla söhbət
etməyə başladım. O, kitabı mənə “Vilhelm Tell”dən sonra vermişdi və azadlıq
haqqındakı söhbətdən sonra bu onun üçün kiçik bir eksperiment idi. Qısa vaxtdan
sonra mən Napoleon haqqında çox həyəcanla danışarkən o dedi: “Gözlə, hələ
danışmaq tezdir. Kitabın ardını oxu. O zaman hər şey tamamilə fərqli olacaq."
Yaxşı yadımdadır ki, o vaxt Napoleonun imperator olduğu hissəyə hələ
çatmamışdım. Bəlkə məni sınamaq istəyirdi, bəlkə də imperator əzəməti
qarşısında müqavimət göstərə bilib-bilməyəcəyimi görmək istəyirdi. Kitabı
oxumağı atamın ölümündən sonra bitirdim, sonralar, ondan aldığım bütün saysız-hesabsız
kitablar kimi o kitabı da təkrar oxudum. O zamanlar hakimiyyət haqqında məlumatım
az idi. Hakimiyyət haqqında ilk təəssüratım həmin kitabın sayəsində yaranıb və
hər dəfə Napoleonun adını eşidəndə bu şəxslə atamın qəfil ölümünü əlaqələndirirəm.
Napoleonun bütün qurbanları arasında mənim üçün ən böyük və ən dəhşətli qurban
atam idi.
1981
* Tales from Shakespeare - Şekspirdən nağıllar (1807, cild 1-2). - "London romantik"i Çarlz Lem
bacısı Meri En Lem (1764-1847) ilə birlikdə Şekspirin pyeslərini uşaqlar üçün
uyğunlaşdırdığı nağıllar kitabı
bir çox ölkədə geniş populyarlıq qazanmışdı.
Rus dilindən tərcümə etdi: Elçin
İmanov