Seymur Baycan: İntellektual və akademik boşboğazlıqlar haqqında

Сеймур БАЙДЖАН

Bayquşun dalınca düşən xarabalığa gedib çıxar.

Atalar məsəli

Söhbətə bir az uzaqdan başlamalıyıq. Birincisi, hər şeydən əvvəl insan informasiyanın (geniş mənada) hansı növünü daha rahat, daha faydalı formada həzm etdiyini dəqiq müəyyənləşdirməlidir. Açıqlayım. Məsələn, mən informasiya növləri arasında ədəbiyyatı daha rahat, daha faydalı formada həzm edirəm. Özü də ədəbiyyatı yalnız bədii əsərlər oxumaqla, sırf ədəbiyyatın özündən öyrənirəm. İZM-lərə, cərəyanlara, modernizmə, postmodernizmə aid kitablar oxumuram. Başıma girmir. Həzm etmək, faydalanmaq əmsalı çox aşağı olur, ən əsası heç bir emosiya almıram. Ona görə də İZM-lərə, cərəyanlara aid kitablar oxumağı öz tərəfimdən vaxt və enerji itkisi hesab edirəm.

İkincisi, hesab edirəm ki, yazıçılığa iddia edən, yazı-pozu işiylə məşğul olan adam, yaxşı yazmağı öyrənməzdən əvvəl yaxşı oxumağı öyrənməlidir. Yaxşı oxumaq deyəndə, burada oxunan əsərlərin sayı nəzərdə tutulmur. Yaxşı oxumaq deyəndə, o nəzərdə tutulur ki, yazıçılığa iddia edən, yazı-pozuyla məşğul olan adam, saxta sənət nümunələrini, həqiqi sənət nümunələrindən kəskin ayırmağı, bu müstəvidə ortaya konkret mövqe qoymağı bacarmalıdır. Heç kimin tirajından, aldığı mükafatlardan qorxmamalıdır. Yazı–pozu adamlarının saxta sənət nümunələrini, həqiqi sənət nümunələrindən ayıra bilməmələri, əsərin tirajından, müəllifin aldığı mükafatlardan qorxmağı çox kədərləndici mənzərədir. Saxta sənət nümunələrini, həqiqi sənət nümunələrindən ayıra bilməyənləri görəndə, adam istər-istəməz kədərli düşüncələrə qərq olur və bir suala cavab tapmağa çalışır: bu hələ yaxşı oxumağı öyrənməyib, bəs görəsən yaxşı yazmağı nə vaxt öyrənəcək?

Əlbəttə, kiminsə tirajından, aldığı mükafatlardan, məhşurluğundan qorxmamağı da COOL görünmək xatirinə etmək olmaz. Hər şey səmimi surətdə içdən gəlməlidir. Əgər tutaq ki, Salman Rüşdinin məşhur “Gecəyarısı uşaqları” əsərin oxumusansa, həqiqətən də əsərdə ədəbiyyata aid heç nə görməmisənsə, Mirmehdi Ağaoğlu, Şərif Ağayar, Əli Novruzov, İlqar Əlfioğlu və bu qəbildən olan digər adamlar kimi əsərin tirajından, müəllifın aldığı mükafatlardan, məhşurluğundan qorxmamalısan, “bu əsərin ədəbiyyata yaxından və uzaqdan bir qram da aidiyyatı yoxdu” sözünü açıq, səmimi şəkildə deməyə özündə cəsarət tapmalısan. Əgər əsərin tirajı, müəllifin aldığı mükafatlar, məhşurluğu gözünü qorxutsa, əsər haqqında fikirlərini açıq, səmimi tərzdə ifadə etməkdən çəkinsən, yaxşı mətn yaratmağa doğru aparan yollar çox dolaşıq hal alacaq. Yazıçılığa, yazı-pozuya iddia edən adam həqiqi sənət nümunəsi ilə saxta sənət nümunəsini bir-birindən kəskin ayırmağı bacarmasa, dolaşıq hal almış yollarda azaraq, lazımsız, gərəksiz yerlərə gedib çıxa bilər. Dolaşıq yollarda əbəs yerə o başa, bu başa gedib tamam əldən, haldan düşmək ehtimalı da var.

Bu mövzuda danışmaq bendeyi-həqiriniz üçün heç də asan deyildir. Adama qayıdıb deyərlər ki, nədir, sən ağ qarğasan, hamıdan ağıllı çıxmısan. Zatən elə deyirlər də və belə deməkdə də ilk baxışdan xeyli haqlı görünürlər. Amma doğrudan da adamların həqiqi sənət əsərini saxta sənət əsərlərindən hansısa səbəblərə görəsə ayıra bilməməsi mənə çox qəribə gəlir. Saxta sənət əsrlərinin adamları aldatmasını heç cürə başa düşə bilmirəm.

Belə bir bənzətmə apara bilərik. Təsəvvür edin, bir adamın qarşısına təbii qızılgüllə süni qızılgül qoyursan və bu adam təbii qızlıgüllə süni qızlgülü bir-birindən ayıra bilmir. Bunun ikisinin də eyni şey olduğunu iddia edir. Fikirlərini də belə əsaslandırır ki, süni gızılgül çox gözəl düzəldilmişdir, bunu düzəldən adam çox məhşurdur, xeyli mükafatlar alıb, bu süni qızılgüldə filan əsərlərə, əfsanələrə göndərmələr, dil oyunları, işarələr, rəmzlər, struktur müxtəlifliyi, poetika var… Sünı qızılgüllə təbii qızılgülün eyni şey olması istiqamətində söylənilən “dil oyunları, rəmzlər, işarələr, metaforalar, poetika, struktur müxtəlifliyi…” kimi təmtaraqlı, gurultulu səslənən sözlər cəfəngiyyatdan başa bir şey deyil. Əslində isə süni gızılgül nə qədər ustacasına düzəldilsə də, düzəldən də nə qədər məhşur adam olsa da, həm süni qızılgülün özü, həm də müəllifi nə qədər mükafatlar alsa da, insan ikicə saniyənin içində qarşısına qoyulmuş təbii qızılgüllə süni qızılgülü bir-birindən ayırmağı bacarmalıdır. Bir süni qızılgül nə qədər gözəl, nə qədər mükəmməl düzəldilsə də, mən onu heç vaxt hətta solmaqda, ləçəkləri tökülməkdə olan təbii qızılgülə tay tutmaram. Yəni texniki cəhətdən açıq-aşkar axsayan həqiqi sənət əsərini, texnikası göz qamışdıran saxta sənət əsərinin ayağına vermərəm.

Fikrimiz daha da aydın olsun deyə başqa bir bənzətmə aparaq. Təsəvvür edin, bir adamın qarşısına doğruçu dovşanla oyuncaq dovşan qoyursan. Adam bunun ikisinin də eyni şey olduğunu söyləyir. Doğruçu dovşanla oyuncaq dovşanın eyni şey olduğunu sübut etmək üçün antik yunan mifologiyasından girib, modernizmdən çıxır. Lap bərk ayaqda da deyir ki, zövqlər müxtəlifdir, zövqlər müzakirə olunmur. Yaxşı başa düşürük, zövqlər müxtəlifdir, amma zövqlərin müxtəlif olmasının doğruçu dovşanla oyuncaq dovşanı bir-birindən ayıra bilməməyə nə dəxli var? Zövqlər müxtəlifdir, zövqlər müzakirə olunmur… Əcəb söz tapıblar. Zövqlərin müzakirəsi yalnız bir halda nisbətən ədalətli, maraqlı ola bilər: hər iki zövq yiyəsi həqiqi sənət əsərlərinə istinad edəndə. Oyuncaq dovşanı doğruçu dovşana tay tutub, sonra da zövqlər müzakirə olunmur demək, nə dərəcədə düzgün yanaşmadır? Sözümün canı ondan ibarətdir ki, qarşısına qoyulmuş doğruçu dovşanla oyuncaq dovşanın eyni şey olduğunu deyən adam sizlərə necə qəribə görünə bilərsə, həqiqi sənət nümunəsi ilə saxta sənət nümunələrini bir-birindən ayıra bilməyən adamlar da mənə elə qəribə görünürlər.

Sənət əsərində hisslərin səmimi, dərin olması, əsərdən aldığım emosiya mənim üçün çox vacib şərtdir. Orxan Pamuk, Con Kutze kimi mahir imitatorların əsərlərini bir qələm adamı kimi oxumaq borcumdur. Bəyənsəm də, bəyənməsəm də oxumalıyam. Lakin xüsusi bir məcburiyyət qarşısında qalmasam, min il də yaşasam Orxan Pamukun hansısa əsərini təkrar oxumaq ürəyimdən keçməz. Yəni Orxan Pamukun hansısa əsərini götürüb təkrar oxumağa məni vadar edən heç bir səbəb yoxdur.

Tomas Vulfun “Evinə bax mələk” əsərini isə sonuncu dəfə cəmi Iki il əvvəl oxumuşam, əsər haqqında da yekə bir yazı da yazmışam. Buna baxmayaraq son iki ayda əsəri təzədən oxumaq istəyi ürəyimdə baş qaldırmaqdadır. Niyə? Çünki o əsərdə dərin, səmimi hisslər var. Orxan Pamuk, Con Kutze, Borxes, Kortasar, Sartr, Ceyms Coys kimi yazıçılardan mini bir yerə yığışsa, arxalarıyla lap divara dırmaşsalar da, “Evinə bax mələk” əsərindəki qardaşın ölüm, ona tabut sifariş verilməsi səhnələrini yaza bilməzlər. Burada “zövqlər müxtəlifdir, zövqlər müzakirə olunmur” sözlərini heç kim əlində bayraq kimi tuta bilməz. Yuxarıda dediyimiz kimi, zövqlərin müzakirəsi yalnız bir halda nisbətən ədalətli, faydalı, maraqlı ola bilər: hər iki tərəf həqiqi sənətə istinad etdikdə. Yoxsa sən tirajına, müəllifinin məhşurluğuna görə ədəbiyyatla yaxından uzaqdan əlaqəsi olmayan əsərə bəy tərifi vur, sonra da o əsəri həqiqi sənət nümunələrinə tay tut, daha sonra da bərk ayaqda de ki, zövqlər müzakirə olunmur… Bu, düzgün söhbət deyil.

Üçüncüsü, bədii əsər haqqında yazı yazan adam bədii əsəri bütün hüceyrələrindən keçirərək, yazdığı yazıya özündən nələrsə əlavələr etməlidir. Bədii əsər haqqında yazan adamın özü, əsəri oxuyarkən keçirdiyi hisslər yazıda bu və ya digər formalarda görünməlidir. Məsələn , tutaq ki, bir azərbaycanlı yazıçı Tomas Mannın “Sehirli dağ” əsəri haqda yazı yazmaq istəyir. Adam götürüb kitabı haradan almasını, neçəyə almasını, kitabı haralarda oxumasını, oxuduğu zaman ətrafda hansı hadisələrin baş verməsini, nə yeməsini, nə içməsini, necə yatmasını, digər bu kimi məqamları yazsa, yazı maraqlı alına bilər. Yoxsa ki, bir azərbaycanlı yazıçı “Sehirli dağ” əsəri barədə akademik, intllektual tonda təzə və maraqlı nə deyə bilər ki? Heç nə. Elçin Əfəndiyev yüz ildir əsərlər haqqında yazılar yazır. Ta haqqında yazı yazmadığı əsər qalmayıb. Amma bir dəfə də olsun bu adamın hansısa yazısı məndə hansısa əsərə qarşı maraq yaratmayıb. Çünki, qalaq-qalaq kitablar yazmasına baxmayaraq Elçin Əfəndiyevdə bədii təfəkkür yoxdur. Atası İlyas Əfəndiyev başına-gözünə döyə-döyə bu istedadsız, bədii təfəkkürü olmayan adamdan zorla yazıçı düzəltmək istəyib. Bədii təfəkkürü olmayan adam bədii əsər haqqında necə maraqlı yazı yaza bilər? Heç cür. Elçin Əfəndiyevin əsərlər haqqında yazdığı yazılar, ümumiyyətlə onun bütün yaradıcılığı boşboğazlıqdan, saxtakarlıqdan, sünilikdən ibarətdir.

Bir çox başqa məsələlərdə olduğu kimi, əsərlər haqqında yazı yazmaq məsələsində də intellektual pafos yazı adamlarına çox mane olur. İntellektual pafosdan əziyyət çəkən adamların bədii əsərlər haqqında yazdıqları yazılar quru, darıxdırıcı, emosiyasız alınır. Yazıda şirinlik, kolorit, “müəlliflə oxucu arasında doğmalıq hissi yaradan cümlələr” olmur. Əsərlər haqqında yazılmış quru, darıxdırıcı, emosiyasız, koloritsiz yazılar, inanmıram kimdəsə hansısa əsərə qarşı maraq oyada bilsin.

Həqiqətən bu intellektual pafos çox axmaq şeydir. Gözümün qarşısında neçə-neçə adamı məhv edib. Bir gənc tanıyırdım. Yaşına görə yaxşı mütailəsi vardı. Başı da yerində idi. Amma nə olsun, adam sadə düşünməyi bacarmırdı. Pafos fontan vururdu. Nəinki sadə düşünməyi bacarmırdı, hətta sadə düşünməyi özü üçün bir növ təhqir hesab edirdi. Çəngəli göstərib sual verirdin: bu nədir?

Gedib çıxırdı antik yunan fəlsəfəsinə, oradan qayıdıb girirdi intibah dövrünə, sonra başlayırdı fransız maarifçilərindən danışmağa… Deyirdim, ay insan, əlimdə tutduğum bu çəngələ çəngəl deməyə axı sənə nə mane olur? Niyə canınla əlləşirsən? Bir kəlmə de ki, əlində tutduğun çəngəldir. Deyə bilmirdi. Fikirləşirdi ki, əlimdə çəngəl tutub “bu nədir?” sualı vermişəmsə, bu sualın mütləq dərin bir mənası olmalıdır və mütləq bu suala dərin, ağır cavab verilməlidir.

Az əvvəl yuxarıda qeyd etmişdik ki, əsəri oxuyan adam əsəri bütün hüceyrələrindən keçirərək ortaya özünə məxsus mövqe qoymalıdır. Nə demək istədiyim aydın olsun deyə misal gətirim. Dostlardan biri “Tatar düzü” əsərini oxuyandan sonra belə demişdi: “Kitabı oxumağın əzəzinə bir ovuc zəhər udsaydım daha yaxşı olardı”. Başqa bir dost “Tatar düzü”nü oxuyandan sonra əsər haqqında təssüratını daha konkret, daha sərt formada ifadə etmişdi: “O kitabı büküb dalıma soxsaydılar, məncə daha az əziyyət çəkərdim”. Bu cür konkret münasibətlər, bu cür təssüratlar Elçin Əfəndiyevin əsərlər haqqında yazdığı quru, pafoslu, akademik və intellektual boşboğazlıqlardan ibrarət yazılarından daha maraqlı, daha cəlbedicidir.

Əgər əsərlərdən yazı yazmaqdan söhbət gedirsə mənim üçün ən çətin iş Platonovun əsərləri haqqında yazı yazmaqdır. Səviyyəli, rəngli içkilər içən adamlara bu hiss yaxşı tanışdır. İçkinin təsirindən təxəyyül kəskin şəkildə qıcıqlanır, başda yaranan süjetləri ifadə etmək, reallaşdırmaq, həyata keçirmək insana əlçatan, mümkün görünür. İçkinin təsiri ötdükdə süjetlər uzaqlaşır. Reallığa qayıdırsan və dərk edirsən ki, bayaq yaranan süjetləri ifadə edə bilməyəcəksən. İfadə etsən də çox az bir hissəsini ifadə edə biləcəksən.

Platonovun əsərlərini oxuduğum zaman təxminən belə hisslər keçirirəm. Emosiyam aşıb-daşır, həyəcan az qala məni boğur. Deyirəm ki, əsəri oxuyub bitirən kimi yaxşı bir yazı yazacam. Əsəri bitirirəm, yazı yazmaq üçün masa arxasında otururam. Amma aşıb-daşan emosiyamı, məni boğan həyacanı, əsərdən aldığım təəssüratları sözə çevirə bilmirəm.  

Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade